525.Az

Ceyhun Bayramov Türkiyənin təhsil naziri ilə görüşüb


 

Ceyhun Bayramov Türkiyənin təhsil naziri ilə görüşüb<b style="color:red"></b>

Oktyabrın 11-də Təhsil naziri Ceyhun Bayramov Türkiyənin Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ceyhun Bayramov bu görüşün iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm addım olduğunu bildirib.
 
Nazir 31 oktyabr 2017-ci il tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində müntəzəm olaraq fəaliyyətin davam etdirildiyini, Saziş çərçivəsində Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə sıx əməkdaşlıq əlaqələrinin həyata keçirildiyini vurğulayıb. Həmçinin, Ceyhun Bayramov iki ölkənin ali təhsil müəssisələri arasında sıx əlaqələrin olduğunu və geniş tələbə mübadiləsinin aparıldığını qeyd edib.

Öz növbəsində Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. O, həmçinin, yüksək səviyyədə təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etməkdən məmnun olduğunu və bu sərginin təhsil sahəsində yeniliklərin mübadiləsində mühüm rol oynadığını vurğulayıb.

Görüşdə təhsil sahəsinə dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində, o cümlədən, peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edilib.

Sevinc QARAYEV

 





13.10.2019    çap et  çap et