525.Az

Bakıdan görünən böyük və doğma Türkiyə


 

Bakıdan görünən böyük və doğma Türkiyə<b style="color:red"></b>

Namiq Əhmədov
Əməkdar Jurnalist    

Hələ uzun illər Azərbaycan Sovetlər Birliyinin tərkibində olarkən də Türkiyənin adı gələndə içimizdən geçən bir giziltini nə qədər istəsək də gizlədə bilməmişik, radio dalğalarında eşitdiyimiz amma əlimiz-ünümüz yetməyən xəfif səsləri od-alov tutub yanan ruhumuza “çiləmişik”. Amma uzanan əllərimizdən tutan olmayıb!-belə söyləyib babam da, atam da! Şükürlər olsun ki, bu gün biz bunları söyləmirik.

Amma 90-cı illərdə Azərbaycana qədəm basan bir türk oğlunun  söylədiyi canlı xatirə də heç də fikrimdən çıxmır: “Bir çox ölkələrdə çalışsam da, Azərbaycan mənim üçün çox doğma  bir məmləkət olub, bu diyarı özümə ikinci Vətən bilmişəm. Maraqlıdır ki, mənim  ilk xarici səfərim də Azərbaycana olub. 1990-cı il Azərbaycanın ən sıxıntılı illəri, həm də Sovet rejiminin son illəri idi. Qarabağdan hər gün onlarca şəhid xəbərinin gəldiyi bu günlər təkcə azərbaycanlıların yox, həm də biz türklərin ən faciəli günləri idi. Belə bir zamanda Ankaradan 75 nəfərlik heyət ilə Azərbaycana gəldik. Gəncədə, Bakıda qucaqlaşb, bir-birimizə sarılıb görüşdüyümüz qardaşlarımızın ağrı-acıları, bir-birinə qarışan göz yaşlarımız indi də yadımdan çıxmayıb. Bu, uzun illər boyu bir-birinin yolunu gözləyən həsrətli qardaşların görüşü idi!  Onda İstanbul Universitetini yenicə bitirib,  Mədəniyyət Nazirliyində təzəcə işə başlamışdım və belə ağır günlərdə tale mənə Azərbaycana gəlmək şansı vermişdi”.

Bu sözləri söyləyən Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan bu hadisədən düz 20 il sonra Azərbaycana diplomatik missiya ilə  gəldiyini və indi gördüklərini  riqqətlə dilə gətirir:

- Azərbaycanın bu günkü uğurları məni çox fərəhləndirir,  xoşbəxt edir. Güclü, tərəqqi etmiş Azərbaycanın o günləri ilə indisini müqayisə etdikcə çox böyük bir qürur duyuram. Ümummilli lider Heydər Əliyevin “biz bir millət-iki dövlətik” kəlamı iki ölkənin münasibətləri haqqında söylənilən ən böyük bir deyimdir. Azərbaycan və Türkiyə haqqında nə qədər yazılıb söylənilsə bu deyimdən yuxarısı yoxdur. Əslində böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi də ulu öndərin bu məşhur ifadəsi ilə tam üst-üstə düşür. Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi uzaqgörən dahi olmağın böyüklüyü də məhz budur!

Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr indi hər birimizin həyatında  xoşbəxt bir tale yazısı kimi dəyərləndirilir.  Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını artıq sübut  etmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun  Azərbaycana gəlişi və qanlı müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycanın tarixinin təkcə şanlı səhifəsi yox, həm də həyatda və tarixdə yaşamaq uğurunun təsdiqi idi. Çox sonralar bu tarixi faktı dəyərləndirən Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Şübhəsiz ki, Azərbaycan xalqı da  tarixin ən keşməkeşli dönəmlərində türk qardaşlarından əməli köməklərini əsirgəmədilər. Türkiyədə Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan  milli mücadilə tarixində  azərbaycanlıların  maddi və mənəvi yardımı qardaşlıq dəyəri kimi qiymətləndirilir .

Azərbaycan 1991-ci ildə özünün ikinci müstəqilliyini bərpa edəndən sonra onun səsinə səs verib dəstəkləyən ilk dövlət də məhz Türkiyə oldu. 1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanı müstəqil bir dövlət kimi tanıdığını bəyan etdi. Az sonra, təxminən iki ay sonra 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Məhz həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm və geniş perspektivlər açdı. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının bütün səylərini dəstəklədi, bütün sahələrdə  əlaqələrin inkişafına göstərilən  yardımlarını əsirgəmədi.

Türkiyə nəinki Azərbaycanın, əslində bütün Qafqazın taleyində önəmli rol oynayan bir  region dövlətidir. Tarixin çox müxtəlif dönəmlərində  bu ölkə  Qafqaz siyasətinə çox ciddi önəm verib və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi sayəsində önəmli yerini birmənalı olaraq qoruya bilib. Azərbaycan isə öz növbəsində  Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün əvəzsiz və etibarlı bir körpu kimi özünü təsdiq edib.  Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra  Azərbaycan xalqına müraciətində deyirdi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir”. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərdə Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi ümummilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin nə qədər zəruri və mühüm olduğunu bir daha sübut edir.

Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəfin  qarşılıqlı  maraqlarının üstünlük təşkil etməsi çox önəmli məqamdır. Hər şeydən əvvəl Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə ən etibarlı müttəfiqdir. Amma Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırmasına təkan verən amildir. Ona görə də bu gün qloballaşan dünya siyasətində iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı  nəinki vacibdir, bu hətta tarixi bir zərurətdir.

Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı münasibətlərin xarakterini  dəyərləndirərək deyirdi: “Türkiyə ilə Azərbaycan arasında  münasibətlərin memarlarından biri olan böyük lider, hörmətli Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan eyni millətin iki ayrı dövlətidir. Mərhum prezidentin iki ölkə arasında əlaqələrin ideal qiymətini ifadə etmək üçün istifadə etdiyi bu şüar real həyatda əksini tapıb. Sevincdə də, kədərdə də bir olan Türkiyə və Azərbaycana bütün dünya qibtə ilə baxır.”

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb və iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.” Ötən dövr ərzində Prezident İlham Əliyevin Türkiyəyə onlarca rəsmi və işgüzar səfərləri olub. İki ölkə arasında münasibətlərin xarakterindən danışarkən bir məsələyə də diqqət yetirmək lazımdır. Türkiyənin dövlət və hökumət başçılarının xaricə ilk rəsmi səfərlərinə Azərbaycandan başlamaları artıq ənənəyə çevrilib. Azərbaycanda 9 oktyabr 2013-cü il seçkilərindən sonra növbəti müddətə prezident seçilmiş İlham Əliyevin ilk rəsmi xarici səfəri barədə  Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunun məlumatı da maraq doğurdu: “Ənənəyə uyğun olaraq Prezident İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək və səfər zamanı iki ölkə arasında siyasi və iqtisadi sahədə bir sıra mühüm məsələlər müzakirə olunacaq”.

Bu həm də o deməkdir ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir və nə yaxşı ki, belədir!

Və sonda  ərəb tarixçilərindən birinin vaxtilə türklər haqqında söylədiyi bir deyimi xatırladım: “Bütün millətlərin içərisində türklərdən daha irəlidə olan və böyük məqsədlərə çatmaq üçün daha irəli gedən bir millət yoxdur”. Məhz 29 ekim (oktyabr) 1923-cu il bu böyük məqsədlərdən birinin qazanıldığı tarixi bir gün idi. Həmin gün Böyük Atatürk “Respublika” (“Cümhuriyyət”) bəyannaməsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim etdi və  bəyannamə qəbul olundu. Atatürk qurulan Türkiyə Cümhuriyətinin ilk cumhurbaşkanı oldu. Cümhuriyətin elanı yurdda böyük sevinc və coşqu ilə qarşılandı. İndi düz 90 ildir ki, “qoca” Türkiyə bu qarmaqarışıq dünyadan sülh-barış, ədalət  tələb etməkdədir!...

Cümhuriyyət Bayramın mübarək, Böyük və Doğma Türkiyə!

 





29.10.2013    çap et  çap et