525.Az

Moskvanın Paşinyana növbəti xəbərdarlığı


 

Moskvanın Paşinyana növbəti xəbərdarlığı <b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan öz reytinqini, hakimiyyət dayaqlarını surətlə itirməkdədir. Paşinyanın vəziyyəti günü-gündən pisləşir. Buna səbəb onun uğursuz daxili və xarici siyasəti, öz xalqına verdiyi vədləri yerinə yetirə bilməməsidir.
 
Bu gün Paşinyan bölgədə, MDB məkanında ən zəif, qeyri-peşəkar dövlət rəhbəri hesab olunur. Onun reytinq toplamaq naminə atdığı hər bir addımı əks effekt verir və əleyhinə işləyir. Eyni zamanda, naşı siyasətçi, idarəçi olduğunu sübuta yetirir. Paşinyanın avqust ayında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfəri və Xankəndi şəhərində "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini işlətməsi həmsədr dövlətlər, ümumiyyətlə beynəlxalq aləm tərəfindən olduqca mənfi qarşılandı və indiyədək aparılmış sülh prosesinə zərbə kimi qiymətləndirildi. Azərbaycanın dövlət başçısı tərəfindən "Valday" beynəlxalq klubunun iclasında Paşinyan layiqli cavabını aldı. Özü də bu cavab yüksək bir platformadan verildi. Avrasiya İqtisadi İttifaqının Yerevandakı uğursuz iclasının ardınca Azərbaycan liderinin "Qarabağ Azərbaycandır və nida" cavabı Paşinyana növbəti tutarlı bir zərbə, onun iflası oldu.  

Erməni baş nazir daha bir zərbəni Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan aldı. Rusiya xarici siyasət idarəsinin rəhbəri ilk dəfə olaraq rəsmi Yerevanın davranışlarının, Paşinyanın qeyd edilən sərsəm açıqlamasının sülh prosesinə xələl gətirdiyini və belə açıqlamalardan çəkinməli olduğunu bəyan etdi. Bir sözlə, Paşinyan bütün cəbhələrdə uduzmuş vəziyyətdədir.

Erməni mətbuatı yazır ki, baş nazir öz məğlubiyyətinin səbəbini xarici işlər naziri Zöhrab Mnatsakanyanın fəaliyyətində görür. Xüsusən, Mnatsakanyanın Qarabağ məsələsində və Rusiya tərəfi ilə işindən narazıdır: "Baş nazir Nikol Paşinyan Lavrovun "Valday" klubunun iclasındakı gözlənilməz və sərt açıqlamasına görə əsəbləşib. Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini xatırladan rusiyalı nazir praktiki olaraq erməni tərəfini günahlandırıb və bu, ilk dəfə idi. Paşinyan hesab edir ki, Mnatsakanyan işini lazımi səviyyədə yerinə yetirmir. Belə ki, XİN rəhbəri Rusiya tərəfinə onun bəyanatının əhəmiyyətini izah etməyib, Ermənistanın mövqeyini təqdim etməyib".

"Past" nəşrinin məlumatına görə, artıq baş nazir bir neçə dəfə Mnatsakanyanın istefası ehtimalını səsləndirib.

Həm xarici, həm yerli ekspertlər də artıq Paşinyan hakimiyyətinin uğursuzluğunu bəyan etməkdən çəkinmirlər. Xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsi üzrə rusiyalı ekspert Qriqori Trofimçuk hesab edir ki, Rusiya nəhayət ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa dair açıqlamaları ilə bağlı ilk siqnalı verdi. "Valday" klubunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan tərəfinə yönəlik tənqidlərini şərh edən ekspert bildirib ki, Moskvanın Qarabağ münaqişəsinin həlli ilə bağlı bu cür bəyanatları münaqişə zonasında gərginliyə səbəb olmur.

Onun fikrincə, bu, Nikol Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uzunmüddətli danışıqlar prosesini pozmağın yolverilməz olduğuna dair növbəti xəbərdarlıq idi:

"Rusiya tərəfi uzun müddət susdu və Nikol Paşinyanın Qarabağla bağlı verdiyi bütün açıqlamaları yekunlaşdıraraq ona ilk siqnalını verdi. Bir ekspert kimi mən də belə bir siqnal gözləyirdim. Başqa sözlə, Moskva bu münaqişənin baş nazir Paşinyan tərəfindən irəli sürülən tezislərə görə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olmasına imkan verməz".

Digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın genişləndiyini vurğulayan ekspert, Paşinyanın Qarabağa dair "inqilabi" açıqlamaları fonunda bunun tamamilə təbii göründüyünü qeyd edib:

"Başqa bir şey gözləmək ən azı qəribə olardı. Paşinyanın rəhbərliyi ilə Ermənistanın anlaşılmaz mövqeyi fonunda Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqına qoşulmadan Rusiyanın strateji tərəfdaşına çevrilməsi normal bir hadisədir. Deməli, Rusiya tərəfi burada heç bir balansı pozmur. Keçən ilin yazından bəri Ermənistanın yeni hakimiyyəti tarazlığı pozur və görünür, bu, heç də pozuntuların hamısı deyil. Yeniləri yoldadır".

Trofimçik onu da əlavə edib ki, Vladimir Putinlə çoxsaylı görüşlərdən sonra Paşinyan heç bir siqnala reaksiya vermədən inadla xəttini davam etdirir.

Qeyd etdiyimiz kimi, Paşinyan təkcə beynəlxalq aləmdə pat vəziyyətində deyil, daxili məsələlərdə də iflasa uğramış durumdadır. Baş nazir kreslosuna yiyələnəndən bəri heç bir uğurlu addım ata bilməyib, əhalinin ağır sosial durumdan çıxarılması üçün hər hansı islahata nail olmayıb. Ölkədə demək olar ki, hər gün sosial tələblərlə etiraz aksiyaları keçirilir. Həlak olmuş hərbçilərin anaları və yaxınları da etiraz aksiyalarını bərpa ediblər.

"Əsgər" ictimai təşkilatının koordinasiya şurasının sədri Marqarita Xaçatryan öz mübarizələrində qətiyyətli olduqlarını deyib: "Baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl xarici səfərindən sonra ölən hərbçilərin analarını qəbul edəcəyinə vəd vermişdi, amma bu günə qədər görüş baş tutmayıb. Biz Paşinyana xatırlatmaq istəyirik ki, baş nazir, əgər maddi vəsaitiniz varsa, amma onu hara sərf edəcəyinizi bilmirsinizsə, bu analar ümidlə sizi gözləyir. Biz baş nazirlə görüş gözləyirik, amma yanvarın 5-dən bəri hər hansı bir açıqlamamıza cavab yoxdur. Əgər problemimiz müsbət həll olunmasa, ölüm şəhadətnamələrini hökumətə verib, övladlarımızın geri qaytarılmasını tələb edirik. Əgər hökumət küçə mübarizəsinin iştirakçılarının məsələsini həll edə bilibsə, onda həlak olmuş əsgərlərin analarının problemini də həll etsin", - deyə Xaçatryan əlavə edib.

Xatırladaq ki, "Əsgər" ictimai təşkilatının koordinasiya şurası həlak olmuş hərbi qulluqçuların ailələrinə və əlil olan hərbçilərə hökumətin müəyyən etdiyi yeni standartlara uyğun olaraq, 30 milyon dram məbləğində birdəfəlik yardım göstərməyi tələb edir.

PƏRVANƏ

 





13.10.2019    çap et  çap et