525.Az

ABŞ beynəlxalq qurumlara niyə təzyiq edir?


 

ABŞ beynəlxalq qurumlara niyə təzyiq edir?<b style="color:red"></b>

Ölkəmizdə keçirilən prezident seçkisində dövlət başçısı İlham Əliyev səslərin 84,54 faizini qazanaraq növbəti 5 ilə Azərbaycan Prezidenti seçildi. Əgər desək ki, İ.Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi əslində seçicilərin ötən 10 ildə həyata keçirilən siyasi kursa və İ.Əliyevin rəhbərliyi ilə qazanılan uğurlara münasibətinin ifadəsidir, heç də yanılmarıq. Bir çox üstünlükləri ilə yadda qalan bu seçkidə seçicilərin yüksək fəallığı demək olar ki, bütün müşahidəçilər tərəfindən vurğulanan müsbət məqamlardan oldu. Şübhə yox ki, yüksək seçici fəallığı Azərbaycan xalqının bu böyük əhəmiyyət kəsb edən kampaniyaya münasibətinin göstəricisidir. Azərbaycan dövlətinin isə öz növbəsində seçkiləri şəffaf, ədalətli keçirməsi və xalqımızın iradəsini tam əks etdirməsi üçün gördüyü tədbirlər seçkilərin yüksək səviyyədə təşkilinə şərait yaratmaqla ölkəmizin demokratik dəyərlərə sadiqliyini ortaya qoydu. Nüfuzlu beynəlxalq təşkilatların, çoxsaylı xarici müşahidə missiyalarının, ekspertlərin, yerli və xarici QHT-lərin prezident seçkilərini müsbət qiymətləndirməsi seçkinin ədalətli keçirildiyini bir daha sübut edir. Eyni zamanda Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, o cümlədən, xarici dövlətlərdən olan 1400-dən artıq müşahidəçinin vahid rəyinin seçkilərin demokratik, şəffaf, ədalətli və obyektiv keçirilməsindən ibarət olması da seçkinin hansı meyarlar əsasında keçirilməsinin nümayişidir.

Lakin bütün bu çoxsaylı müsbət mövqelərlə yanaşı bir qrup ATƏT-in uzunmüddətli müşahidəçiləri Azərbaycana qarşı müəyyən maraqlı dairələrin mövqeyini ifadə edən qərəzli "hesabatla" çıxış etdilər. Bunun həmən ardınca ABŞ Dövlət Departamenti qeyri-obyektiv mövqe nümayiş etdirərək Azərbaycandakı seçkilərin guya beynəlxalq standartlara cavab vermədiyi barədə bəyanat verdi. Halbuki ABŞ-dan olan onlarla nüfuzlu siyasətçi, bu ölkədə fəaliyyət göstərən təşkilatların nümayəndələri də seçkiləri müşahidə etmiş və bu proseslərlə bağlı müsbət rəy bildirmişdilər. Eyni zamanda, necə oldu ki, cəmi bir il öncə ABŞ-da keçirilən prezident seçkilərində obyektivliyə şübhə ilə yanaşıldığından və etimad göstərilmədiyindən bəzi ştatlarda seçki məntəqələrinə buraxılmayan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun müşahidəçiləri Dövlət Departamenti üçün birdən-birə ədalət tərəzisinə çevrildi? Həqiqətən bu çox maraqlı və diqqətçəkici məqamdır.

Əgər desək ki, seçkiləri gözdən salmaq, onun guya beynəlxalq standartlara cavab vermədiyi haqqında dünyada rəy formalaşdırmaq müəyyən xarici qüvvələrin maraq dairəsinə daxildir, heç də yanılmarıq. Bu bir faktdır ki, Milli Şura adlanan qondarma qurumun simasında Azərbaycan müxalifəti və erməni lobbisi ilə sıx əlaqədə olan bu dairələr beynəlxalq aləm tərəfindən seçkilərə verilən yüksək qiyməti həzm edə bilmir və indi də Avropa Parlamenti, Avropa Şurası, ATƏT Parlament Assambleyasına təzyiq göstərir, onların rəyini dəyişdirməyə çalışırlar. Çünki bu qüvvələr hər zaman olduğu kimi, yenə də Azərbaycandakı seçkilərə verilən qiymətdən ciddi narahatlıq keçirir və bunu heç cür həzm edə bilmirlər. Sözügedən qüvvələr hamının bir səsdən Azərbaycanı hədəf götürərək ölkəmizi tənqid hədəfinə çevirəcəklərini gözləyirdilər, amma bu, baş vermədi. Əksinə, bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə təşkilini, aşkarlıq və şəffaflıq şəraitində keçdiyini, seçkinin xalqımızın iradəsini tam əks etdiyini söylədilər. Yalnız seçkidən bir neçə gün sonra həmin maraqlı dairələr qəflət yuxusundan ayılıb artıq "qatarın getdiyinin" şahidi oldular. Nəticədə Avropanın birgə müşahidə missiyasının rəyi kəskin şəkildə haçalandı. AŞPA və Avropa Parlamentinin simasında iki nüfuzlu Avropa qurumu ayrıca tədbir keçirərək pozitiv bəyanat yayaraq, ATƏT PA və bu qurumun qısamüddətli müşahidə missiyası ATƏT DTİHB-nin rəyi ilə razılaşmadıqlarını bildirdilər. Məhz elə əsl məzhəkə də bundan sonra cərəyan etməyə başladı.

Bu qüvvələrin fövqündə dayanan ABŞ isə açıq şəkildə nüfuzlu Avropa təsisatlarına, ayrı-ayrı ölkələrə basqı etmək yolunu tutdu. Nəticədə Avropa Parlamentində şou təşkil olundu və AP özü-özünü təkzib edəcək səviyyədə qeyri-səmimilik, qeyri-obyektivlik nümayiş etdirdi. Avropa Parlamentinin plenar sessiyasında "lazımi" qətnamə qəbul etdirdikdən sonra indi də Avropa Şurası ilə müvafiq "iş" aparılır. ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyinin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar Avropa Şurasının baş katibi Torbörn Yaqlanda müraciət ünvanlayıb və AŞPA müşahidə missiyasının rəyindən narahatlığını ifadə edərək ona bir daha bu məsələdə ABŞ-ın mövqeyini xatırlatdığı heç də təsadüfi deyil. Məlumata görə, AŞPA Daimi Komitəsinin noyabrın 22-də Vyanada keçiriləcək iclasında Azərbaycandakı seçkilərin müzakirəyə çıxarılacağı gözlənilir. Hədəfdə Avropanın və dünyanın bir sıra nüfuzlu siyasətçilərinin olduğu da bildirilir. Bütün bunlarla yanaşı Azərbaycanda seçkiləri müşahidə edən 1000-dən artıq xarici ekspertə qarşı qarayaxma kampaniyasına başlanılıb. Onların ofisləri, evləri qarşısında etiraz aksiyaları təşkil olunur, elektron poçt ünvanlarına tənqid və təhqir dolu məktublar göndərilir, haqlarında mənfi rəy formalaşdırılır. Üstəlik, Azərbaycan Prezidentini inamlı qələbəsi münasibətilə təbrik edən bəzi nüfuzlu şəxslər də bu qüvvələrin hədəfinə çevrilir. Guya Fransada yaşayan bir qrup azərbaycanlı mühacir tərəfindən Kann şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Bernard Broşana, Şabil şəhərinin meri, Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti Patrik Gendrauda, həmin vilayətin Ali Şurasının prezidenti Andre Vilyeyə ünvanlanmış təzyiq xarakterli məktubu da bu qəbildəndir.

Artıq ikili standartlar yox, birbaşa təzyiq yolu tutulub. Hadisələrin gedişini nəzərə alaraq ATƏT-in, Avropa Parlamentinin birbaşa ABŞ-ın təsiri altında olduğunu və onların Vaşinqtondan gələn sifarişləri icra etdiklərini söyləyə bilərik. ABŞ-ın bu istəyi ilə razılaşmayanlar isə hədəfə götürülür və müxtəlif yollarla ləkələnirlər. Bütün bunlar bir daha təsdiq edir ki, müxtəlif ölkələrdə demokratiyanın səviyyəsi müəyyən qüvvələrin maraqları prizmasından qiymətləndirilir. Daha dəqiq desək yüksək sürətlə inkişaf edən və regionun lider ölkəsi olan Azərbaycana qarşı belə təzyiqlərin arxasında sadəcə şəxsi maraqlar dayanır. Bu qüvvələr müxtəlif yollarla ölkəmizə təsir etməyə və burada öz maraqlarını həyata keçirməyə səy göstərirlər. Heç şübhə yox ki, anti-Azərbaycan qüvvələr kimlərinsə rəyini, mövqeyini dəyişə, habelə onlara öz iradəsini qəbul etdirə bilərlər. Amma bu bir faktdır ki, onlar heç zaman Azərbaycan xalqının iradəsinə təsir edə bilməzlər. Çünki Azərbaycan xalqı artıq ağı qaradan seçməyi bacarır. Tam əminliklə söyləmək olar ki, xalqımız heç zaman öz Vətənini anti-Azərbaycan qüvvələrinə "yem" etməz. 

AQİL

 





29.10.2013    çap et  çap et