525.Az

E-ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək


 

E-ticarət vahid sənəd çərçivəsində inkişaf etdiriləcək<b style="color:red"></b>

Azərbaycanda elektron ticarət (e-ticarət) vahid sənəd çərçivəsində inkişaf etdiriləcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, artıq bunun böyük zərurəti var və məqamı çatıb.

"Hazırda e-ticarətin inkişafı ilə bağlı ayrı-ayrı istiqamətlər üzrə ölkədə qəbul olunan strateji yol xəritələrində əks olunub və müxtəlif qurumlar bu istiqamətlərə cavabdehdir. Bakı Elektron Ticarət Forumunda aparılacaq müzakirələr bizə imkan verəcək ki, bu barədə qərar verək. Ötən dəfə bu tövsiyə xarakterli bir bəyannamə idi və bu bəyannamə sonradan müvafiq instansiyalara təqdim olundu. Artıq sözügedən sənədin layihəsi ətrafında işlər aparılır. Ümid edirik, 2-ci Bakı Elektron Ticarət Forumu bu prosesi daha da sürətləndirəcək",- deyə R. Əzizov qeyd edib.

O həmçinin əlavə edib ki, ümumilikdə ölkədə e-ticarətin inkişafının əsas meyarları ən vacib və gündəmdə olan məsələlərdəndir.

"Məsələ ondadır ki, əhali daha çox xarici platformalardan istifadə edir. Amma fikrimizcə, yerli platformaların inkişafı hazırda dövlət qurumları üçün bir prioritet olmalıdır. Bu istiqamətdə aparılan işlər və layihələr bu məqsədə yönəlməlidir. Bu barədə geniş diskussiya builki Bakı Elektron Ticarət Forumunun əsas mövzusu olacaq", - deyə R. Əzizov bildirib.

 





14.10.2019    çap et  çap et