525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış (davamı)


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış <b style="color:red">(davamı)</b>

İdris ABBASOV 

Klark məktəbinə qarşı çıxan ənənənin ən məşhur təmsilçisi Amerikanın görkəmli psixoloqu kimi tanınan Vilyam Ceymsdir. Fəlsəfədə praqmatizm məktəbində yeri olan, həm də elmi psixologiyanın prinsipləri üzərində də çalışan Ceyms din psixologiyasının klassikləri arasında sayılan 1902-ci ildə qələmə aldığı "Dini təcrübənin dəyişmələri" adlı əsərinin başlanğıcında Henri Leybanın da iştirak etdiyi tibbi materializmə cavab olaraq dini fenomenin psixofizioloji durumlarla eyni tutulmasının mümkün olmaması fikrini müdafiə etdi. Ceymsə görə bütün əqli durumlar xarici təsirlərə yox, fiziki durumlara istinad edir; bir fikir, yaxud təcrübənin inkişafı sadəcə fərdin həyatındakı səmərələrinin işığında nəzərdən keçirilə bilər. Ceyms dini olan və dini olmayan durumları birlikdə nəzərdən keçirərək bu durumları bir-birindən ayıran cəhətin nə olduğunu, bunlar üzərində təcrübə aparan kimsələrin həyatındakı əhəmiyyətini anlamağa çalışırdı. Onun əsərində konkret açıqlama metodu istifadə olunmuş və dinin sosiallıqdan daha çox fərdi bir hadisə olduğu fikri irəli sürülmüşdür. Dinin ilk və önəmli qaynağının duyğu olduğunu irəli sürən Ceyms dini dindar bir insanın daxili yaşantısı kimi xarakterizə etmiş, dinin subyektiv yönünü, fərdin ruhundakı əkslərini öyrənməyə çalışmışdır. Ceymsin bu çalışmaları din psixologiyasının sərhədlərini müəyyən etmək və onu dinin xarici təzahürləri ilə məşğul olan elm sahələrindən ayırmaq baxımından əhəmiyyətlidir. Ceymsin tələbəsi sayılan B.Prat (ö.1944) dini təzahürləri xarakterizəedici bir metodla tədqiq etmişdir. Xüsusilə dini şüur üzərində dayanan Prata görə din fərd və cəmiyyətlərin taleyini əlində cəmləşdirmiş güc, yaxud güclərə qarşı sosial bir davranışdır. Prat daha sonra geniş şəkildə qəbul edilən müxtəlif dinlərdən material almanın zəruri olduğu fikrinin qabaqcıllarındandır. Amma 1930-cu illərdən başlayaraq Amerikada bu elm sahəsi geriləməyə başlamışdır. Bu zaman Avropada cərəyan edən Freydin görüşləri dini kitab və məqalələrə də yol tapdı. 1950-ci ildə dinin müsbət cəhətləri üzərində dayanan din psixologiyasına aid çalışmalar yenidən canlanmağa başladı. Gordon Alportun şəxsiyyət - din münasibətlərinə önəm verən "Fərd və onun dini" (1950) adlı əsəri həm ilahiyyatçıların, həm də psixoloqların diqqətini cəlb etdi. Din psixologiyasının Amerikada yenidən canlanmasının səbəblərindən biri dinin həm akademik dairələrdə, həm də xalq içərisində geniş maraq doğurmağa başlamasıdır. Digər tərəfdən biheyvoristlərin davranışların kökü baxımından insanın daxili aləmini araşdırmalarının da din psixologiyasının inkişafına təsir etdiyi fikri irəli sürülmüşdür. Bütün bu inkişafın nəticəsində din psixologiyası teoloji məktəblərdə, daha çox dinlər tarixi proqramları içərisində, yaxud psixologiya bölmələrində tədris olunmağa başladı. Din psixologiyası Amerikada psixoloqların səyi ilə inkişaf etdiyi halda, Almaniyada filosoflar və ilahiyyatçılar tərəfindən formalaşdırılırdı. V. Ceyms və E.D.Starbakdan başlayaraq amerikalıların bu sahədəki əsərlərinin tərcüməsi Almaniyada din psixologiyasına qarşı artan marağa yeni bir ruh vermişdir. Bu yeni sahəyə psixoloq V.Vund başçılıq edirdi. Vund dil, mif və din kimi mədəni təzahürlərin predmetləşdiyi yüksək əqli irəliləmələrin xalq psixologiyası vasitəsilə anlaşıldığını irəli sürdü. Ona görə fərdlərin dindarlığı adətlər, dil, sənət, əxlaq kimi ictimai mədəniyyət elementlərinin əmələ gətirdiyi dairədən qaynaqlanır. Bununla yanaşı mifin tədrici inkişafından yaranan din bəşər mücadiləsinin ən yüksək qayəsinin gerçəkləşdiyi, təbiətüstü aləmin bir parçası olan dünyamızla bağlı üstün bir duyğudur. Vundun tələbəsi və Vörzburq məktəbinin rəhbəri Osvald Külp (ö.1915) fərdin dini yaşantısının nəzarət altında daxili müşahidə yolu ilə qavrandığını irəli sürürdü. Onun bu metodunu şagirdlərindən bir protestant teoloqu və Dorpat məktəbinin qurucusu olan Karl Girqenson (ö.1925) sistemləşdirmişdir.

Bir həkim-psixiatr kimi Freydin dinlə bağlı "Totem və tabu" (1913), "Bir illüziyanın gələcəyi" (1927), "Hz. Musa və monoteist din" (1939) kimi kitablarında irəli sürdüyü fikirlər uzun mübahisələrə yol açmışdır. Freydin psixoanalitik cəhətdən dini açıqlaması, dini inanc və tətbiqatların uşaqlıqdakı qorxu və istəklərdən, xüsusilə Edip kompleksindən (uşağın anasına münasibəti) qaynaqlandığı şəklindədir. Freydə görə, din uşaqlıqdan başlayan günahkarlıq duyğularını sakitləşdirmək yoludur. Tanrı inancı isə uşaqlıq dövründə sevilən, həm də qorxulan şəfqətli, mərhəmətli "ata" təsəvvürünə söykənir. Dini düşüncələri əhatə edən müqəddəslik günahkarlıq duyğularının bəşəri qaynaqlarını örtülü saxlamaq üçün bir qındır. Bu isə dinin əqli olmadığını göstərir. Freyd təhtəlşüura enərək daxili həyatın sirlərini öyrənmək istəmişdir. Onun ardıcılları psixoanaliz vasitəsilə dini fenomenləri anlamağa çalışmışdırlar. Dinin psixoanalizçi metodla öyrənilməsi din fenomenini uşaqlıq dövrünə, yaxud nevrotik təmayüllərə bağlamışdır. Freydin şagirdi Karl Yung dinə qarşı çox həssas bir şəxs idi. Yung öz ustadının ifrat fərdiyyətçilik yolu ilə getməmişdi. Onun irəli sürdüyü müddəaya görə, dini formaların altında gizlənən şüurxarici güclər daha çox müsbət xarakterə sahibdir. Dinin fərd üçün əvəzsiz psixoloji bir vəzifə olduğu qənaətinə gələn Yung Freydin ümumbəşəri şüurxarici dediyi şeyi qəbul etsə də, onun altında insanlıq aləminin dini ənənələrini əmələ gətirən şeylərin kollektiv şüur xaricinin (ictimai vicdan) mövcudluğunu irəli sürürdü. Cəmiyyətlərin keçmişdə qazandığı adət və simvolların nəsillərdən nəsillərə keçdiyinə inanan Yunqa görə insan ruhunun təməl fəaliyyətinin dinamikası dini ənənələri anlamasıdır. Karl Yunq analitik nöqteyi-nəzərdən geniş bir din psixologiyası tədqiqatçısı kimi bir çox avropalı və amerikalı din alimlərinə təsir etmişdir. Rudolf Otto "Das Heilige" (1917) adlı əsərində müqəddəs və müqəddəslik təcrübəsi üzərində dayanmışdır. Fridrix Heylerin "Das Gebet" (1918) adlı əsəri də klassik əsərlər arasında özünə yer tutmuşdur. Heyler ibtidai qəbilə mənsublarının qeyri-ixtiyari, atəşli bir şəkildə tanrıya sığınıb yalvarmalarından yüksək mistik vəcd içindəki yalvarış və niyazlara qədər duanın çox fərqli tipologiyasını vermişdir. Heyler din psixologiyası tədqiqatçıları üçün mistisizmin əhəmiyyəti üzərində ciddi şəkildə dayanan ilk psixoloqdur. Fransız ənənəsi də digər iki din psixologiyası ənənəsində olduğu kimi XIX əsrdəki bəzi alim və filosofların zəmin hazırlaması ilə əmələ gəldi. Bunlar arasında diqqəti cəlb edənlər filosof Men dö Bran və protestant ilahiyyatçı Avqust Sabatyedir. Bran insan bilgisinin iradəyə istinad edən daxili təcrübədən doğduğunu irəli sürmüşdü. Branın daxili müşahidə və təcrübəyə dayanan görüşləri dini subyektivliyin psixologiyasına gedən yolu hazırladı. Sabatye isə dini fərdi bir dindarlıq, tanrının insana təqdim etdiyi daxili bir ilham və ilahi vergi kimi qəbul edirdi. Fransız din psixologiyasının inkişafında Branın mühüm rolu vardır. Əqli xəstəliklərlə məşğul olan fransız həkimlər müxtəlif dini idefikslər (başdan çıxmayan fikir), sayıqlamalar və ifratçılıqlarla maraqlanmağa başladılar, dini təcrübənin müstəsna şəkillərini əmələ gətirən mistik durumlar onların gözlərindən yayınmadı. Parisdə məşhur bir nevroloji klinikada çalışan və Freydin müəllimi olan Jan Martin Şarko cins zəhlətökənliliyinin dəliliyin bir forması olduğu fikrini irəli sürdü. Şarkonun digər bir tələbəsi Pyer Jane müstəsna dini durumlar üzərində diqqəti cəlb edən işlər görmüşdür. O, Madlen adlı bir xəstəsini on dörd il ərzində müşahidə etmişdir. Madlen mistik bir vəcdə gələrək tanrı ilə birlikdə olduğunu zənn edib çarmıxa çəkilmiş kimi saatlarla qımıldanmadan qolları açıq şəkildə qalır, tanrıdan ayrıldığını hiss etdikdə isə işgəncəyə məruz qalmış şəkildə qıvrılır, il ərzində vücudunun çarmıxa çəkilmiş yerlərində yaralar əmələ gəlirdi. Janenin müəllimi Teodul Riboya görə, dini duyğu iki şəraitdə patoloji vəziyyətə yol açır: suçluluq və qorxu duyğularına məruz qalan melanxolik və depressiyalarda, bir də şiddətli eşqdə. İsveçrəli alim Ernest Murizye də patoloji metoddan istifadə edənlərdəndir. Ernestə görə dini duyğulardan qaynaqlanan xəstəliklər dindəki fərdi və sosial elementlərdən irəli gəlir. İsveçrə əsilli psixoloq Teodor Flurnoy Cenevrə Universitetində mediumlarla (guya ruhlarla insanlar arasında vasitəçilik edən adam) bağlı parapsixoloji çalışmalarında şüuraltı təzahürlər üzərində dayanırdı. Bu ənənənin Flurnoydan sonra ən önəmli siması olan Corc Berqer din psixologiyası baxımından İsa Məsihi digərlərindən ayıran xüsusiyyətləri araşdırmaqla məşğul olmuşdur. Pyer Boveyə görə, tanrıya qarşı sevgi ata-ananın uşaq tərəfindən tanrı kimi qəbul edilməsi ilə başlayır. Jan Pyaje tanrı haqqında iki yol üzərində dayanırdı. Bunlardan birincisi eşqin tanrıya aparan səbəblər zənciri olaraq bizim xaricimizdə ikən, digəri içimizdə mövcud olub bizi tanrıya çatdıran yoldur. Ancaq Pyaje klassik teologiyanın eşq tanrısının bir simvolu, günah və kəffarə əxlaqının isə sosial məhdudiyyətin bir məhsulu olduğunu iddia edirdi.

(Ardı var)

 





29.10.2013    çap et  çap et