525.Az

Bir ömrə sığmayan Mirzə Cəlil sevdalısı - Ərəstü Həbibbəylinin yazısı


 

Bir ömrə sığmayan Mirzə Cəlil sevdalısı - <b style="color:red">Ərəstü Həbibbəylinin yazısı </b>

Hər bir yaradıcı insanın fəaliyyəti onun yaşadığı zamanın müəyyən dövrlərində yaradıcılığının əhatə dairəsində olan qələm sahibləri tərəfindən yada salınır. Bəlkə də əlamətdar günlərdə geriyə dönüb arxaya baxmaq, keçmiş zamana xəyalən dönmək üçün bu, bir fürsətdir. Çünki illərin bir-birini qovaraq yaşın üstə yaş gətirdiyini ancaq onda hiss etmək mümkündür.

Azərbaycan elmi mühitində özünəməxsus yeri olan İsa Həbibbəyli yaradıcılığı da bu mənada digərlərindən fərqli deyil. Mən, İsa Həbibbəylinin elmi yaradıcılığına dəyərli elm adamlarımız, yaratdığı elmi məktəbin davamçıları, tələbələri, təsirində olduğu ictimai mühitin qələm sahiblərinin yazdıqlarının ahəngində nəsə söz demək fikrindən uzağam. Əsla, bu, qələm əhlinin işidir və bu meydanda kifayət qədər sanballı fikirlərin fonunda dəyərli nəsə ortaya qoymaq olduqca çətindir. Sadəcə ömrünün yeddiyə çatan onilliklərindən dördünün şahidi kimi bir övlad olaraq bəlkə də tədqiqatçılarının görmək imkanı olmadığı bəzi məqamları bölüşmək niyyətindəyəm. İnanıram ki, bu bölüşdüklərim İsa Həbibbəylinin daxili dünyasına boylanmaq üçün əlavə bir imkan olacaq.

İlk növbədə niyə 70 illik ömrün məhz Mirzə Cəlillə bağlılığına toxunmaq istədim. Bu məsələyə aydınlıq gətirməzdən əvvəl İsa Həbibbəylinin ədəbi tənqid, nəzəriyyə, yaxud ədəbiyyat tarixinin hansının təmsilçisi olmasından başlamaq lazımdır. Əslində, onun yaradıcılığına baxdıqda hərtərəfli alim kimi hər üç istiqamətdə çoxsaylı araşdırmaları olduğu və hər birində də fərqli baxışın izləri görünür. Hətta özünəməxsus şeiriyyəti də var. Doğrudur, özü şeiri ancaq həvəs sayır, amma şeirlərində belə hər sözün hikməti onun dərinliyində olur.  Zənnimcə, onun çoxcəhətli fəaliyyətində "Romantik lirikanın imkanları" ilə başlayan nəzəri baxış hər zaman dominant olmuşdur. Bu mənada 1984-cü ildə işıq üzü görən eyni adlı kitabdan lap bu yaxınlarda 2019-cu ildə ərsəyə gələn "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası arasında keçən yol nəzəri baxışların fundamental konsepsiyaya çevrilməsi istiqamətində bir təkamül trayektoriyasıdır. İsa Həbibbəyli realizm dövrünün tədqiqatçısı kimi daha çox görünsə də, romantizm heç vaxt onun yaradıcılığından kənar qalmamışdır. Bu mənada onun tədqiqatlarında ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixi daim yanaşı olublar. Çünki satiradan tutmuş, yeni ədəbi növlərin təsnifləşdirilməsinə kimi bir çox ədəbi proseslər onun yaradıcılığında nəzəri süzgəcdən keçirilməklə yanaşı, ayrı-ayrı görkəmli şəxslər və ədəbi proseslər daim tədqiqatlarının hədəfində olmuşdur. Tənqidi realizmə həsr olunan tədqiqatlar çox böyük ehtimal kimi say etibarilə üstünlük təşkil edir. Əsas hədəf isə heç bir zaman dəyişməmişdir: Azərbaycançılıq, yenilik, klassik dəyərlərə dəyər verməklə novatorluq və dərinlik. Ümumilikdə İsa Həbibbəylini ədəbiyyat nəzəriyyəsi məktəbinin nümayəndəsi hesab etmək daha doğru olar. Onun yaradıcılığında nəzəri baxış ədəbi tənqidi də, ədəbiyyat tarixini də hər zaman üstələyib. Bu, mənim fikrimdir və yəqin ki, özünün də.

Əlbəttə ki, İsa Həbibbəyli yaradıcılığında ədəbiyyat tarixi, daha dəqiq desək, ədəbi şəxsiyyət özünü daha qabarıq göstərir. Yəqin ki, ədəbiyyat tarixinin elə bir dövrü yoxdur ki, həmin dövrün təmsilçiləri ilə bağlı onun tədqiqatları olmasın. Dahi Nizami Gəncəvidən başlayaraq müasir dövrün nümayəndələrinə Rəşad Məcidə, Asim Yadigara qədər çoxsaylı şəxslərin yaradıcılığına həsr olunmuş kitablarını və məqalələrini sadalamaq mümkündür. Ən əsası isə hər birinin yaradıcılığında adi gözlə görünməyən, ancaq duyula bilən məqamları üzə çıxarmasıdır. Bu mənada İsa Həbibbəylini ədəbi mühitdə bütün zamanlarda özünü göstərmiş xəlvətizmin də davamçısı hesab etmək olar.

Bir anlıq fikirləşirəm, görəsən, onun yaradıcılığında kimlər yoxdur? Əslində, sualın özündədir cavab: kimlər var yox, kimlər yoxdur. Yəqin ki, bu cür çoxprofilli tədqiqat yanaşması səbəbsiz deyil. Bu mənada onun "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusundakı doktorluq dissertasiyası üzərində işlədiyi dövrlərindən uşaqlıq xatirəmdə qalanları yada salmaq istərdim. Həmin dissertasiya işində Mirzə Cəlillə yaxından-uzaqdan əlaqəsi olan, hətta bəlkə yazışmada adı keçən, ancaq ədəbi mühitdə heç bir xüsusi izi qalmayan bütün şəxsləri nəinki tədqiq edir, hətta həmin şəxslərin Naxçıvanda və digər ölkələrdə yaşayan nəslinin nümayəndələrini də axtarıb tapırdı. Eləcə də, Mirzə Cəlil haqqında tədqiqatları olan digər müəlliflərin nəslinin davamçılarına münasibətdə də belə idi. Bəlkə də buna görədir ki, bizə həmişə belə gəlmişdir ki, Əziz Şərifin, Məmməd Cəfər Cəfərovun, Abbas Zamanovun, Kamran Məmmədovun, Hüseyn İbrahimovun və digərlərinin qohumları elə bizim öz qohumlarımızdır. Hətta bununla bağlı uşaqlıq illərinin hafizəsində indi təbəssümlə xatırladığımız bir hadisə də bu hissimizin nə qədər təbii olduğunu göstərir. Qardaşım birinci sinifə Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə başlamışdı. Həmin dövr Bakıdan məktəbə hansısa komissiya gəlir və suallardan biri həmin dövrə respublika rəhbərlik edənin kim olması olur. Komissiya üzvünün "Kamran Bağırov kimdir" sualına qardaşımın "Atamın dostu" cavabı uzun müddət yaddan çıxmadı. Əslində, o, Kamran Bağırovu yox, ədəbiyyatşünas  Kamran Məmmədovu nəzərdə tuturdu. Çünki bizim gözümüzdə Cəlil Məmmədquluzadənin tədqiqatçısı da, yaxud İsa Həbibbəylinin Mirzə Cəlil sevdası ilə axtarışlar apardığı zaman evimizdə adları çəkilən alimlər də elə ən böyük adamlardan sayılırdı.

İkinci bir suala cavab verməyə çalışıram: Görəsən, onun yaradıcılığında ən böyük yer kimə məxsusdur? Əslində, adlarını belə sadalamaqda çətinlik çəkdiyim çoxsaylı ədəbi şəxsiyyətləri sıralamaq mümkün deyil və həm də bunu yalnız özü edə bilər. Mən sadəcə öz duyduğumu dilə gətirə bilərəm, bəlkə də yanılıram. Əgər ilk üçlüyü qeyd etməliyəmsə: Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtılı və Məmməd Araz. Niyə sualına cavab isə birmənalıdır: Azərbaycançılıq. Cəlil Məmmədquluzadə "vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur" deməsi, XX əsrin əvvəllərinin ilk anadilli mətbuat orqanının naşiri olan Məhəmməd ağa Şahtaxtılının siyasi mübarizəsi və ədəbi-publisist  yaradıcılığında azərbaycançılığın inikası, vətənimiz Azərbaycanın hər bir nöqtəsinin vurğunu olan Məmməd Arazın "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" fəlsəfəsi İsa Həbibbəylinin fəlsəfi baxışı və idealıdır.

İsa Həbibbəylinin Mirzə Cəlilin Azərbaycançılıq konsepsiyasına baxışını ən yaxşısı onun öz sözləri ilə ifadə etməkdir: "Anamın kitabı" dramı azərbaycançılığın ədəbi manifestidir. Bu dahiyanə əsər Azərbaycanın tale kitabıdır. 1917-ci ildə yazılmış "Azərbaycan" məqaləsində Mirzə Cəlil vaxtilə Şah İsmayıl Xətainin qılıncı ilə çəkdiyi Azərbaycan xəritəsini böyük məharətlə qələmi ilə cızmışdır. "Azərbaycan" məqaləsi Cəlil Məmmədquluzadənin azərbaycançılıq konsepsiyasının bəyannaməsidir".

Beləliklə, heç şübhəsiz, Mirzə Cəlil Məmmədquluzadənin şəxsiyyəti və yaradıcılığı İsa Həbibbəylinin tədqiqatının tam mərkəzində dayanır və buna görə də bu onluqların yeddincisinə yaxınlaşdıqda onun bu sevdasının geniş ictimaiyyət üçün açıq olmayan yalnız evimizdən görünən və duyulan bir neçə məqamını paylaşmaq istədim.

Bu yaxınlarda Abid Tahirli "Ədəbiyyat qəzeti"ndə "Mirzə Cəlil nəslinin davamçılarının sorağında" adlı yazısında İsa Həbbibbəylinin fəaliyyətinə işıq salmışdı. Həmin hadisə 1992-ci ilin yanvar ayında olmuşdu. İndi həmin hadisənin, hansı ki, mənim yaddaşımda özünəməxsus izi qalıb, görünməyən və ya ancaq evimizdən görünən tərəfinə toxunmaq istərdim. Məlumdur ki, 90-cı illərin əvvəllərində Naxçıvan blokada dövrünün ən çətin vaxtlarını yaşayırdı. Nə təbii qaz, nə işıq, nə normal su təchizatı. Tərslikdən təbiətin də yazığı gəlmirdi. Həmin dövrün qarı, şaxtası da sanki indikindən dəfələrlə çox idi. Bununla belə, İsa Həbibbəyli İranla sərhədlər açılan ilk gündən Mirzə Cəlilin İrandakı fəaliyyətinə və onun oradakı qohumlarının axtarışlarına elə coşqu ilə başlamışdı ki, sadaladığım problemlər belə onun gözünə görünmürdü. Bu barədə bəhs etdiyim məqalədə ətraflı yazılıb. Bizim uşaq yaddaşımıza isə həmin səfər zamanı atamın evdə yaratdığı nigarançılıq iz qoyub. Həmin dövrdə İrana sərhədyanı bölgələrə səfər etmək yadımda qaldığı qədər həftədə cəmi 2 dəfə mümkün idi: Bazar ertəsi və Cümə axşamı. "Atam Cümə axşamı qayıtmalı idi. Həmin gün də çovğunlu, qarlı bir gün idi. Həmin gün axşama qədər soyuq evdə ailə üzvləri nə qədər gözləsək də gəlib çıxmadı. O dövrdə mobil telefon və ya hər hansı başqa rabitə olmadığından nigarançılıq sabahısı gün artıq öz evimizdən əvvəl qonşulara, daha sonra kəndimizdəki baba ocağına qədər yayılmışdı. "Allaha təvəkkül" deyib, artıq növbəti Bazar ertəsini gözləməkdən başqa əlac yox idi. Ancaq bu 3-4 gün bizim gözümüzdə sanki 3-4 il kimi keçdi. Bazar ertəsi atam qayıdanda məsələ aydın oldu: Əslində nəzərdə tutulan gün o, ümidsiz halda Naxçıvana qayıdırmış. Çünki atamın mobil telefonunu əldə etdiyi şəxs Mirzə Cəlilin qohumu olduğunu boynuna almırmış. Təbrizdən və Zəncandan Tehrandakı ünvana edilən zənglər cavabsız qalıbmış. Nəhayət, 2-3 gün aparılan telefon danışığından sonra Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadədən olan nəvəsi İrena Cavaşirinin həyat yoldaşı Əmir Hüseyn Süleymanidən müəyyən ümidverici vəd aldığından qar-çovğunlu bir qış günündə heç nə düşünmədən uzun müddətdir ki, axtarışında olduğu nigarançılığına son qoymaq üçün bizə xəbər vermədən yenidən geriyə qayıdaraq, onların yaşadığı Tehran şəhərinə yola  düşüb. Nəhayət, axtardıqlarını tapıb, danışıqlar aparıb, şəkillər çəkdirib və geri qayıdıb. Uşaq vaxtı bu mənim üçün olduqca çətin bir dilemma idi. Görəsən, o tapılanlar kim idi, o son qoyulan nigarançılıq nə qədər mühüm idi? Görəsən, bizim həmin 3-4 gündə çəkdiyimiz o nigarançılığa dəyərdimi? Sonralar anladım ki, dəyərmiş.

Bizim nigarançılığımız bitsə belə, İsa Həbibbəylinin bu sevdası heç zaman bitmədi. Bir neçə il əvvəl Azərbaycanın İrana yenicə təyin olunmuş səfiri Bünyad Hüseynovla təyinatdan sonra ilk görüşündə "Mirzə Cəlilin qohumlarından muğayat ol. Bir müddətdir ki, onlardan xəbər yoxdur" deməsi mənim uşaqlıq xatirələrimi canlandırdı. Bünyad müəllim bir müddət deyilən ünvanı tapmaqda çətinlik çəkdikdə (çünki ünvan dəyişmişdi) İsa Həbibbəyli yenə də 1992-ci ildə olduğu kimi həyəcanlı idi. Yaxud da Cəlil Məmmədquluzadənin Polşadakı nəslinin davamçıları ilə həmin vaxt orda Azərbaycanın səfiri olan professor Vilayət Quliyevlə söhbətləri də yadımdan çıxmır. Özü də Mirzə Cəlil dövrünün tədqiqatçılarından olan Vilayət müəllim Polşada yaşayan nəslin davamçıları ilə əlaqə saxlamış, onlar isə bu münasibətə biganə yanaşmışdılar. Vilayət müəllimin bu biganəliyə yanaşması "insanın əsas kim olması deyil, özünü kim hesab etməsi" olmuşdur. Özü-özlüyündə təkzibedilməz bir arqument olsa belə, İsa Həbibbəyli bununla barışmır və hətta biganə olanları belə Mirzə Cəlilin vətəninə dəvət etməkdə davam edir. Bunun adına Azərbaycançılıq sevdası deməsək, başqa nə demək olar?

Yeri gəlmişkən bu "Nigarançılıq" hələ də evimizdədir. 2016-cı ildə Vilnusda çap olunmuş İsa Həbibbəylinin ön sözünün müəllifi olduğu və Azərbaycanın Litvadakı Səfirliyinin dəstəyi ilə Cəlil Məmmədquluzadənin Litva dilinə tərcümə edilmiş seçilmiş əsərlərindən ibarət "Nigarançılıq" adlı kitabı evdə kitab rəfimizdədir.  Yenə də xatirəmizi təzələyirik. Həmin vaxt Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə İsa Həbibbəyli ilə bərabər kitabı gözəl tərtibatda nəşr etdirdikdən sonra akademikin iştirakı ilə bir təqdimat keçirmək istəyirdi. Bir neçə dəfə vaxt müəyyənləşdirilsə də, İsa Həbibbəylinin gərgin iş qrafikində özündən asılı olmayan səbəblərdən planlar dəyişmişdi. Nəhayət, səfirlik artıq tədbirin 2017-ci ilin mart ayında dəvətnamələrini payladığı üçün dəyişmək imkanının mümkün olmadığını bildirdi. Sonuncu gün yenə də dəyişiklik və İsa Həbibbəyli bu qədər zəhməti olduğu Cəlil Məmmədquluzadə irsinin dünyada tanıdılması ilə bağlı tədbirə gedə bilmədi. Tədbir isə Vilnusda baş tutdu. Lakin orda olduğumuz 2 gündə akademik Teymur Kərimli, Həsən Məmmədzadə, kitabın tərcüməçilərindən biri Litvada yaşayan Mahir Həmzəyev, hətta Litvanın keçmiş səfiri  Halina Kobetskaite də bu nigarançılığı daim xoş xatirələrlə yad etdik.

İsa Həbibbəyli üçün böyük demokrat yazıçının əsərlərinin dünyada tərcümə olunaraq yayılması özünün qarşısına qoyduğu hədəf və ən böyük arzularından biridir. İndiyədək onun müqəddiməsi ilə Cəlil Məmmədquluzadənin əsərləri Rusiyada (1999), Pakistanda (2004), Misirdə (2007), Ukraynada (2010), Macarıstanda (2011), Gürcüstanda (2016), Litvada (2017), Özbəkistanda (2018), Tacikistanda (2019), Bolqarıstanda (2019) kitab halında müxtəlif dillərdə nəşr edilib. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin 2004-cü ildə latın qrafikası ilə Bakıda çap edilmiş dördcildlik "Seçilmiş əsərləri"nin müqəddiməsini və izahlarını yazmışdır. Bu nəşrə ilk dəfə olaraq İsa Həbibbəylinin tapıb aşkar etdiyi çoxlu sayda dram əsərləri, məqalələr və məktublar daxil edilib.

Mirzə Cəlil sevdası ilə bağlı paylaşmaq istədiyim ikinci bir xatirə isə yenə də qış ayına təsadüf edir. "Həmin vaxt mən yenicə Bakıya gəlmişdim və universitetdə təhsil alırdım, qardaşım isə Naxçıvanda atamla yaşasa da, bir neçə günlüyə Bakıya gəlmişdi. Bir sözlə, atam evdə tək qalmışdı. Yanvar ayı yenə də qar-çovğun, digər tərəfdən də işıq hələ də fasilələrlə verilir, evə gələn su boruları don olurdu. Bizim Naxçıvanda yaşadığımız ev universitet müəllimlərinin yaşadığı inzibati bina idi və qonşularımızın da hamısı valideynlərimizlə iş yoldaşları idi. İsa müəllimin evdə tək olduğunu bilən qonşulardan biri hər ehtimala onu - universitetin rektorunu yoluxmağa gəlir. Hava qaranlıq, işıqlar yanmır, lampa işığında İsa Həbibbəyli öz həmişəki ampulasındadır - nəsə yazır, araşdırır. Qonşumuz qapını döyür, evə girir və soruşur ki, İsa müəllim evdə təksən? Gəlmişəm səni yoluxmağa. Cavab belə olur ki, tək deyiləm, Cəlillə mənəm, sən də gəl. Qonşu daxil olur, bir az oturub söhbətləşirlər, amma evdə əlavə kimsə gözünə dəymir. Axırda soruşur ki, bəs, İsa müəllim, qonağınız Cəlil hardadır, niyə gəlib bizimlə oturmur. Cavab belə olur ki, qonşu, Mirzə Cəlil mənim həyatımdadır, gecə də, gündüz də fikrimdədir. Evdə heç kəs olmayanda da Cəlil Məmmədquluzadə mənim yanımda, qəlbimdə, yaradıcılığımdadır. Qonşularımızın çoxu bu söhbəti bilir. Bu isə bir həqiqətdir ki, İsa Həbibbəylinin dünyasında dahi şəxsiyyətlər çoxdur, Mirzə Cəlil isə daimi sakindir.

Mirzə Cəlil hər zaman İsa Həbibbəylinin gözündə işığın carçısı olmuşdur. Bu mənada görkəmli ədibə qarşı bəzən cəmiyyətdə haqsız deyilən hər bir söz onu incitmişdir. Bu mənada bir neçə il bundan əvvəl televiziyaların birində "Dahilərin divanı" adlı veriliş efirə gedəndə İsa Həbbibbəylinin həyacanını, təşvişini hər an yaşayırdıq. Hər bir xalqın zamanın müxtəlif mərhələlərində yetişdirdiyi dahilərin heç də hər zaman birmənalı qəbul edilməməsi kimi hallar məlumdur. Lakin xalqın bütün dahilərinin hər verilişdə divana çəkilməsi onu çox darıxdırır, olduqca narahat edirdi. İstər Mirzə Fətəli Axundzadə, istər Xətai və ya digər hər hansı bir dahiyə televiziya ekranında qurulmuş divan həmin dövr onun bütün həyat nəbzini dəyişmişdi. Nəhayət, divanda növbə Mirzə Cəlilə çatanda İsa Həbibbəyli artıq dözmədi. Bir neçə gün sonra "Azərbaycan" qəzetində "Dahilik divana çəkilməz" adlı məqalə ilə əsassız mülahizələrə tutarlı elmi cavab verdi. Mirzə Cəlilin realist ədəbiyyatın, xalqın milli-mənəvi özünüdərkində xidmətini, milli istiqlal, demokratiya hərəkatındakı rolunu ədibin əsərlərinə, ictimai-siyasi görüşlərinə istinadən işıqlandıran İsa Həbibbəyli öz sevdasına olan vəfasını bir daha göstərdi. ANS televiziyasının az qala toxunulmaz olduğu vaxtda çap olunmuş bu məqalədən sonra İsa Həbibbəylini dəstəkləyən bir çox məktublar aldıq, çoxsaylı telefon zəngləri eşitdik.

Əslində, Mirzə Cəlil Həbibbəylilər ailəsinin hər bir hadisəsində olduğu üçün bu xatirələri sonsuz sayda paylaşmaq olar. Lakin oxucunun zaman ölçüsünü nəzərə alaraq, 2 məqamı da qeyd edib yekunlaşdırmaq istəyirəm. Birincisi, 17 yanvar 2019-cu il. Həmin gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalanmışdır. Bizim evimizdə sanki toy-bayram idi. Hamı bir-birini təbrik edirdi. İsa Həbibbəylinin isə telefonu bir neçə gün ölkədən və xaricdən çoxsaylı təbrik zənglərinə cavab verməklə məşğul oldu. Böyük ədibin xatirəsinin dünya və ölkə səviyyəsində qeyd edilməsi eyni zamanda, İsa Həbibbəylinin özünü də yeni yaradıcılıq axtarışlarına səfərbər etmişdir. Tacikistanda, Bolqarıstanda Cəlil Məmmədquluzadənin əsərlərinin 2019-cu ildə nəşr olunduğu kitablarla yanaşı, İsa Həbibbəylinin ideya rəhbərliyi və yaxından iştirakı ilə Mirzə Cəlilə həsr edilmiş say-seçmə tədqiqatların sanballı toplusu da bu günlərdə işıq üzü görmüşdür.

Ən nəhayət, bu günlərdə İsa Həbibbəylinin 65 illiyində nəşr olunan "Yaddaşın işıqları" adlı fotoalbomdakı bir şəkil diqqətimi cəlb elədi. Necə olmuşdusa, bu beş ildə diqqətimdən yayınmışdı. Şəkil təxminən 11 il bundan əvvəl Naxçıvanda Cəlil Məmmədquluzadənin heykəlinin qarşısında çəkilib. Şəkildə İsa Həbibbəyli və onun adını daşıyan, həmin vaxt təzəcə yeriməyə başlayan 1 yaşlı nəvəsi əl-ələ dayanıb. Şəklin altında isə ikicə söz yazılıb: "Əbədi ehtiram".

Ürəyim nə qədər dolu olsa da, fikirlərimi burda bitirirəm. İstəyim isə bu əbədi ehtiramın əbədiyyət qədər davamlı olmasındadır. Çox istərdim ki, İsa Həbibbəylinin tədqiq etdiyi qəhrəmanı olan Mirzə Cəlil sevdası zamanın gələn axarında İsa Həbibbəyli irsini tədqiq edən araşdırmaçılarda olsun. İnanıram ki, mənim arzularım xəyal deyil. Çünki o, öz yolunun davamçılarına, tələbələrinə təkcə bilik və bacarığını deyil, həm də öz böyük sevgisini ötürüb.

 





14.10.2019    çap et  çap et