525.Az

Kinooperator Nəriman Şıxəliyevin 85 illik yubileyi qeyd olundu - Foto


 

Kinooperator Nəriman Şıxəliyevin 85 illik yubileyi qeyd olundu - <b style="color:red">Foto </b>

Azərbaycan Televiziyasında qocaman sənətkarın - Əməkdar mədəniyyət işçisi Nəriman Şıxəliyevin 85 illik yubileyi qeyd olunub. Nəriman müəllim adını televiziya tarixinə çoxdan yazıb – unikal kadrları, maraqlı rakursları, peşəkar çəkilişləri ilə. Onun çəkdiyi filmlər bugün operator sənətkarlığı nümunəsi sayılır, auditoriyalarda təhsil alan gənclərə nümunə, örnək kimi öyrədilir. 

1956-cı ildə Azərbaycan Televiziyası yarananda Nəriman Şıxəliyev burada ilk kinooperator kimi fəaliyyətə başlayıb. 1959-cu ildə “Telefilm” Yaradıcılıq Birliyinin yaradılmasında yaxından iştirak edib. Uzun illər baş kinooperator vəzifəsində çalışıb. 1964-cü ildən SSRİ Kinematoqrafiya İttifaqına üzv olub. 140-dan çox sənədli, bədii, televiziya filmlərinin operatoru və rejissoru olub. Nəriman müəllimin imzasıyla ekrana çıxan   “Mikayıl Müşfiq”, “Bizi dağlarda axtarın”, “Üzeyir Hacıbəyov”, “Heykəltaraş Fuad Əbdürrəhmanov” kimi onlarla film televiziyamızın fondunda qorunmaqdadır.

“Azərbaycantelefilm” tarixində ilk dəfə olaraq ağ-qara çəkilmiş “Səməd Vurğun”, ilk rəngli çəkilmiş “Bu Səttar Bəhlulzadədir”, ilk film-portret “Bəşir Səfəroğlu” filmləri onun adı ilə bağlıdır. Televiziyada çalışdığı bu 63 ildə ölkənin sərvəti olan insanların, həmçinin bir çox əhəmiyyətli hadisələrin lentə alınmasında Nəriman Şıxəliyevin xüsusi xidmətləri olub. Bugün bizim ekranda Şuşanın, Qarabağın gözəl mənzərələri, Bülbülün, Rəşid Behbudovun, Tofiq Quliyevin, İsmayıl Şıxlının unudulmaz çöhrələri görünürsə, o kadrların lentlərdə yaşaması da Nəriman Şıxəliyevin xidmətidir. 

Azərbaycan Televiziyası Həmkarlar komitəsində, eləcə də “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində keçirilən yubiley tədbirlərində iştirak edənlər – televiziyamızın adlı-sanlı əməkdaşları Ramiz Həsənoğlu, Əlabbas Quliyev, Miri Rzayev, Sadiq Elcanlı, Sevda Ağazadə qocaman sənətkarın uğurlarını xatırlayıb yubiley münasibətilə ən xoş arzularını bildirdilər.

ŞAHANƏ

 





14.10.2019    çap et  çap et