525.Az

Ədəbiyyat İnstitutunun fəaliyyət planları Elmi Şurada müzakirə olunub


 

Ədəbiyyat İnstitutunun fəaliyyət planları Elmi Şurada müzakirə olunub<b style="color:red"></b>

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə direktor - akademik İsa Həbibbəyli açıb, institutun yubileyi ilə əlaqədar görülən işlər, "Azərbaycan ədəbiyyatı tarixi"nin növbəti cildlərinin hazırlanması və digər məsələlərdən danışıb. Sonra 2013-cü ilin Nobel mükafatı laureatları haqqında ətraflı bəhs edən akademik, müasir hekayə ustası kimi ədəbiyyat üzrə Nobel mükafatçısı, kanadalı yazıçı Elis Munronun yaradıcılığı ilə bağlı məlumat verib.

Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin Nigar Rəfibəylinin anadan olmasının 100 illiyi münasibəti ilə şairin həyat və yaradıcılığına həsr edilmiş məruzəsi dinlənilib.

Sonra filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva tədqiqatçı-alim, ədəbiyyatşünas və şair Qasım Qasımzadənin yaradıcılığına dair məruzə ilə çıxış edib. Filologiya elmləri doktoru Şirindil Alışanlı çıxış edərək şairlə bağlı nəşrə təqdim olunması nəzərdə tutulan monoqrafiya haqqında məlumat verib. Sonda şairin oğlu, şərqşünas alim Nəriman Qasımzadəyə söz verilib, o, atasının xatirəsinin əziz tutulmasına görə təşəkkürünü bildirib.

Elmi Şurada həmçinin 2013-cü ilin plan işlərinin yerinə yetirilməsinin təşkilinə dair məsələlər müzakirə edilərək bu proseslərə nəzarəti həyata keçirəcək xüsusi komissiyanın tərkibi müəyyənləşdirilib.

İnstitutda aparılan struktur islahatları haqqında akademik İ.Həbibbəyli məlumat verib. Müzakirə və təkliflərdən sonra "Elmi informasiya" şöbəsinin adında dəyişiklik edilməklə "Elmi informasiya və tərcümə" şöbəsinin təsis olunması, eləcə də yeni "Elmi nəşrlər və proqnozlaşdırma" şöbəsinin yaradılması qərara alınıb. Sonda, "Ədəbiyyat məcmuəsi"nin yubiley nömrəsinin hazırlanması və nəşri ilə bağlı məsələlərə baxılıb.

KƏMALƏ

 





29.10.2013    çap et  çap et