525.Az

70 yaşın tükənməyən enerjisi - Rəşad Məcid İsa Həbibbəylidən yazır


 

70 yaşın tükənməyən enerjisi - <b style="color:red">Rəşad Məcid İsa Həbibbəylidən yazır</b>

Uzun zamandan bəri tanıdığım, son illərdə isə davamlı şəkildə sıx ünsiyyətdə olduğum akademik İsa Həbibbəyli təbiət etibarilə təəssübkeşdir, təşəbbüskardır, novatordur.

Hələ Naxçıvan Dövlət Universitetində rektor işlədiyi dövrdə Bakıdan tanınmış alimləri, ziyalıları dəvət edir, orada mühazirə oxumalarına, çıxış etmələrinə şərait yaradırdı. Azad Mirzəcanzadə başda olmaqla, ölkəmizin bir sıra görkəmli alimləri, ziyalıları Naxçıvan Universitetində dərs deyiblər. Müxtəlif elm ocaqları, ayrı-ayrı elmi müəssisələr, tanınmış alimlər arasında hələ o vaxtdan bu cür bağlılıqlar, ünsiyyət körpüləri yaratmaq cəhdləri İsa müəllimin gələcəkdə görəcəyi, yəni hazırda gerçəkləşdirdiyi böyük işlərin müjdəsiydi. İsa müəllim artıq neçə ildir ki, Bakıdadır və onun AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, eləcə də millət vəkili, komitə sədri kimi çoxşaxəli, effektiv fəaliyyəti göz önündədir. Ötən il Ədəbiyyat İnstitutunun 85 illik yubileyinə xarici ölkələrdən 50-dən çox qonaq gəlmişdi və Belarus Ədəbiyyat İnstitutunun direktorunun İsa müəllim haqqındakı fikirləri mənim lap ürəyimdən xəbər verdi. Belarusiyalı alim İsa Həbibbəylinin təkcə Azərbaycanda yox, bütün MDB məkanında ədəbiyyatşünaslıq elmini hərəkətə gətirdiyini deyirdi. Bu səmimi və dəqiq fikirlərdən çox təsirlənmişdim. Çünki artıq neçə illərdir, İsa müəllimin enerjisinin ətrafındakı adamlara da sirayət etdiyinin şahidiyəm.

İsa Həbibbəyli son zamanlarda demək olar ki, bütün görüşlərimizdə özünün "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" kitabı haqqında böyük şövqlə, həvəslə danışır. O, hər zaman yeni dövrləşdirmə konsepsiyasının yaradılmasının vacibliyindən, önəmindən bəhs edirdi. Eyni zamanda, müxtəlif auditoriyalarda, yazıçılarla bir məkanda bu məsələni ortaya atıb polemikalar yaratmaqla həm öz fikirlərini səsləndirmək, həm də onlardan yeni fikirlər almaq, yeni baxışları öyrənmək istəyirdi. Bir neçə dəfə onun Xalq yazıçısı Anarla söhbətlərində hiss etmişəm ki, o, öz ideyalarına, konsepsiya barədə fikirlərinə Anar müəllimin də etibarlı, möhkəm dəstəyini almaq istəyib və onun fikirlərindən də bəhrələnib.

Bu yaxınlarda İsa müəllim Kazanda Beynəlxalq Ədəbiyyat simpoziumunda da bu barədə çıxış edib. O danışırdı ki, bu çıxışı simpozium iştirakçıları diqqətlə dinləyiblər və həmin məsələ geniş şəkildə müzakirəyə səbəb olub. Sən demə, heç Rusiyada da dövrləşdirmə konsepsiyasına yeni yanaşma olmayıb, bununla bağlı kitab Rusiya ədəbiyyatşünaslığında belə yazılmayıb. Buna görə Rusiya alimləri də bu məruzəyə çox böyük maraq göstəriblər. Deməli, ədəbiyyatın yeni dövrləşdirmə konsepsiyasını bütün MDB məkanında ilk dəfə İsa Həbibbəyli irəli sürüb və müstəqillik illərinin, yeni şəraitin yaratdığı vəziyyətdən çıxış edərək bu möhtəşəm işi həyata keçirib. Mən əminəm ki, həmin belaruslu alimin dediyi kimi, necə ki, İsa Həbibbəyli MDB məkanında ədəbiyyatşünaslığı hərəkətə gətirib, eləcə də bu məkanda dövrləşmə konsepsiyası ideyasının da həyata keçirilməsinə vəsilə olacaq, onun ardıcılları qonşu ölkələrdə bu məsələni qabardacaqlar.

İsa müəllim artıq neçə ildir ki, Ədəbiyyat İnstitutunun direktorudur və onun rəhbərliyi ilə institutda qaynar bir mühit formalaşıb. Həqiqətən də əməkdaşlarda bir çalışmaq şövqü, özünəinam, güvən hissini yaranıb. Onun direktorluğa başladığı ilk vaxtlarda çıxışlarımda demişdim ki, sanki Ədəbiyyat İnstitutunun əməkdaşları müdafiə mövqeyində, həmçinin, ədəbi gəncliyə, yeni yazarlara qarşı passiv seyrçi vəziyyətində idilər. İsa müəllim məhz institutun əməkdaşlarını hərəkətə gətirməklə, onları ədəbi mühitin içərisinə çəkinmədən daxil etməklə əməkdaşlarda özünəinam yaratmış oldu.

Onun digər mühüm xidmətlərindən biri də XX əsrin 70-80-ci illərində keçirilmiş ədəbi proseslə bağlı illik dəyərləndirmə ənənəsini yenidən bərpa edərək, bunu, özünün də dediyi kimi, ədəbi proses hərəkatına çevirməsi oldu. Artıq beş ildir ki, biz Azərbaycan Yazıçılar Birliyi və digər qurumlarla birlikdə hər il Ədəbiyyat İnstitutunun əməkdaşlarının ədəbi proseslə bağlı məruzələrini dinləyirik. Mən demək olar ki, bu konfransların hamısında iştirak etmişəm. Hər il bu məruzələrin sayı artır. Məsələn, bu il yeni mövzuların daxil edildiyi "Ədəbi proses" konfransında bir-birindən maraqlı 24 məruzə dinlədik. Hər il şahidi oluruq ki, əməkdaşların bu işə və dolayısıyla çağdaş ədəbiyyata olan maraqları artır, il-ildən daha sərbəst, daha iddialı məruzələrlə çıxış edirlər. Builki məruzəçilərdən Vaqif Yusifli, Elnarə Akimova, Esmira Fuad, Nərgiz Cabbarlı, Cavanşir Yusifli, Eşqanə Babayeva, Pərvanə Məmmədli, Zəkulla Bayramlı, Gülbəniz Babayeva, Mehman Həsənov və başqalarının çıxışları ən müxtəlif mövzulara həsr olunmuşdu. Fəlsəfə doktoru Maral Yaqubovanın "Bədii nəsr nəzəriyyə işığında" adlı məruzəsi bütün tədbir iştirakçıları üçün çox maraqlı oldu. Hiss olundu ki, ortada çox böyük bir zəhmət və çağdaş ədəbi prosesdə baş verən bütün hadisələrə, yazılan bütün əsərlərə adekvat münasibət var. Aydın məsələdir ki, bunun özü də İsa müəllimin zəhmətinin və yaratdığı mühitin nəticəsidir.

Bütün bunlar təkcə Ədəbiyyat İnstitutu ilə məhdudlaşmır. İsa müəllimin dediyinə görə, növbəti illərdə "Ədəbi proses" konfranslarına başqa elm ocaqlarından da məruzəçilər cəlb olunacaqlar. İsa Həbibbəyli çox qısa zamanda bu dairəni həqiqətən də genişləndirib. Şübhəsiz, bütün bunlar yalnız və yalnız ədəbiyyatın təbliğinə, ictimailəşməsinə, oxucular arasında itirilmiş şöhrətinin bərpasına köməkdir.

İsa müəllimin son illərdəki maraqlı ideyalarından biri "Fizika-lirika" konfranslarıdır. O, bu vasitə ilə tamam başqa sahələrinin alimlərini ortaq nöqtədə görüşdürür, "fiziklərin" də bədii yaradıcılığına təkan verir. O, Məmməd Cəfər Cəfərov, Yusif Məmmədəliyev, Kamran Məmmədov və başqa mərhum alimlərin çap olunmamış yazılarını tapıb çap etdirməklə, gün üzünə çıxarmaqla yanaşı, eyni zamanda, müasir alimlərin ədəbi əsərlərini də diqqət mərkəzində saxlayır. Artıq neçə ildi ki, alimlərin ədəbi yazılarından ibarət almanaxlar çap olunur. Bu konfransların əlamətdar cəhəti odur ki, burada biz texniki fənlərdə ixtisaslaşmış alimlərin ədəbi yaradıcılıq və dünyagörüşləri ilə də tanış oluruq. 

Bunun ən yaxşı nümunəsi ötən ilin soyuq noyabr günlərində Rusiyanın Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda keçirilən görüş idi. Həmin "Fizika-Lirika" konfransı sayəsində şam ağaclarının arasında aldığımız ciyərdolusu təmiz hava, Volqanın insanın içini titrədən sahili, narın qar və akademik İsa Həbibbəylinin şövqlə, gördüyü işdən aldığı zövqlə 2 gün ərzində tədbirlərə ayrı bir hərəkət və emosiya qatması  hələ də yaddaşımın ən gözəl yerində öz təravətini saxlayır.

Bu səfərdən bir həftə öncə Şamaxıda Pirquluda  40-dan çox qonağın iştirak etdiyi konfransda da İsa müəllimin enerjisi, həvəsi, şövqü qonaqlara ruh verirdi. Hər qonaqla onun özünə uyğun danışması, hər kəsin xarakterini bilməsi, duzlu və dərin zarafatları, üstəgəl, əsl məclis adamı olması heç şübhəsiz ki, xüsusi məqamdır.

Rusiya alimləri, texniki sahənin adamları ilə bizim alimlər, yəni fiziklər və liriklər arasında belə möhkəm körpü yaratması da İsa müəllimin ədəbiyyatın təbliğinə, elmin daha geniş auditoriya qazanmasına gətirən böyük xidmətidir.

İsa Həbibbəyli yalnız bu kimi işlərlə kifayətlənmir. Yəni onun fəaliyyəti birmənalı şəkildə elmlə məhdudlaşmayıb. O, hər zaman bir alim, akademik, təcrübəli ədəbiyyatşünas kimi gənclərin yanında olur, onlara öz tövsiyələrini əsirgəmir. Dəfələrlə şahidi olmuşuq ki, onun gənclərə tövsiyələri yalnız öyrətmək deyil, həmçinin, onlarda özünəgüvən hissini artırmaq xarakteri var.

O, mədəniyyətin digər sahələrinə də maraq göstərir və rəhbəri olduğu institutun əməkdaşlarını da cəlb edir. Xüsusən teatr onun ən çox diqqət ayırdığı sahələrdən biridir. Tez-tez o, Ədəbiyyat İnstitutunun kollektiviylə birlikdə tamaşalarda, premyeralarda iştirak edir.

Ən gözəl məqamlardan biri də budur ki, onun nəvələri də çox zaman bu cür tədbirlərdə, konfranslarda, tamaşalarda babalarının yanında olurlar. İsa müəllimin nəvələrini bu cür tədbirlərə cəlb etməsi onlarda ədəbi zövqün indidən cilalanmasına yol açır. Biz İsa müəllimin belə tədbirlərdə necə həssas, qayğıkeş baba olmağını müşahidə etməklə yanaşı, nəvələrinin gözündə də ədəbiyyatı uca tutmasının şahidi oluruq.

Dəfələrlə şahidi olmuşam ki, İsa müəllim fərqli ədəbi baxışa, müxtəlif dünyagörüşə malik insanların əhatəsində olarkən söhbətlərinə diqqətlə qulaq asır, zidd düşüncələrə, müxalif, müəyyən mənada üsyankar ədəbiyyatçıların fikirlərinə də önəm verir, onları diqqətdə saxlayır. Bütün hallarda istəyir ki, hər kəs ədəbiyyata xidmət etsin. Hətta o, onu tənqid edən insanlara qarşı da kin, ədavət bəsləmir, onları da ədəbi prosesin içərisinə çəkib gətirmək üçün çalışır. Heç bir istedadlı adamın ədəbi proses hərəkatından kənarda qalmasını işlətmir. Bu da onun böyük ürəyinin göstəricidir.

İsa Həbibbəylinin ürəyinin genişliyi həmçinin, dəyərli insanların, alimlərin, söz adamlarının, yaradıcı şəxslərin yubileylərini diqqətdən kənar qoymamağında özünü göstərir. Son illərdə o, mən də içində olmaqla neçə-neçə yazıçılar, şairlər haqqında məqalələr yazıb. Mən hər zaman demişəm ki, yaradıcılığıma İsa Həbibbəyli qədər təkan verən kimsə olmayıb. Həm şeirlərim, həm "Qələmsiz yazılanlar" haqqında fikirləri, haqqımda "Bütün yönləriylə yaradıcı" adlı kitab yazıb, sürpriz eləməsiylə mənə əvəzsiz dəstək olub. Bir çox yazıçıya, qələm sahibinə bu cür dəstəyi onun böyük ürəyinin, ruhuna yaxın insanlara verdiyi dəyərin nəticəsidir.

İsa müəllimin ən sevdiyim xüsusiyyətlərindən biri budur ki, o, sevdiyi, inandığı dəyərlərə bu sevgisini kiçik parçalarla deyil, bütün varlığıyla, ürəyiylə dopdolu çatdırır, münasibətini gizlətmir. Bir insanı sevindirmək istəyirsə, bunu sonacan edir. Dostluqda da, ədəbi məsələlərdə də, münasibətlərdə də sərhədləri, çərçivələri qıra bilir. Bəzilərinə görə, İsa Həbibbəyli bir məmur olaraq, çərçivəli həyat yaşayır. Amma mən çərçivələrin dəfələrlə onun varlığındakı bitib-tükənməz enerji və sevgi sayəsində qırıldığının şahidi olmuşam. O, sevgisini, heyranlığını bildirməkdən heç vaxt çəkinmir. Bu da onun işıqlı, möhtəşəm obrazının gözlərimiz qarşısında təkrar-təkrar canlanmasına səbəb olur.

70 yaş kiməsə qoca görünə bilər. Amma İsa Həbibbəyli kimi yaratmaq eşqi, şövqü bitib-tükənməyən, gənclik enerjisiylə dolu adamlarda 70 yaş gənclik sayılmalıdır. Hələ qarşıda nə qədər görülməli işlər, oxunmalı və yazılmalı əsərlər, yetişdirələsi alimlər, sevindiriləsi yazıçılar var. Enerjiniz, şövqünüz tükənməsin İsa müəllim!

Təbrik edirik!

 





16.10.2019    çap et  çap et