525.Az

"Azərbaycan ədəbiyyatının təbliği üçün daha çox çalışmalıyıq" - İmdat Avşar


 

"ZƏİF TƏRCÜMƏLƏR TÜRKİYƏDƏ AZƏRBAYCAN ƏDƏBİYYATI HAQQINDA YANLIŞ RƏY YARADIR"

"Azərbaycan ədəbiyyatının təbliği üçün daha çox çalışmalıyıq" - <b style="color:red">İmdat Avşar</b>

Artıq uzun illərdir ki, İmdat Avşar adı Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında bir körpü mövqeyindədir.

Əminliklə deyə bilərik ki, onu hər iki ölkədə eyni dərəcədə rəğbətlə qəbul edir və sevirlər. Elə o özü də hər iki ölkəni düşüncəsində, fəaliyyətində birləşdirməyi, bütünləşdirməyi bacarıb.
 
Türkiyəli yazıçı, tərcüməçi, Azərbaycan ədəbiyyatının fəal dostu İmdat Avşar bu dəfə də könül süfrəsindəkiləri bizimlə bölüşdü:

- İmdat bəy, Azərbaycana xoş gəlmisiniz. Bu gəlişiniz də yaradıcılıqla bağlıdır?

- Əlbəttə. Mənim buraya hər gəlişim ədəbi yaradıcılıqla bağlı olur. 2007-ci ildən bu yana Azərbaycana hər səfərim ya Azərbaycan ədəbiyyatından bir kitabın tərcüməsi, ya Türkiyə ədəbiyyatından bir nümunənin burada yayınlanması, ya da buralı ədiblərin Türkiyədə çıxmış əsərlərinin təqdimatıyla bağlıdır. Budəfəki səfərimizin ilk səbəbi akademik, böyük elm adamı İsa Həbibbəylinin yubileyi ilə əlaqədardır. Elə sizin qəzetiniz vasitəsilə də İsa müəllimi Türk Ədəbiyyatı Vəqfi olaraq bu münasibətlə təbrik edirik. Bildiyiniz kimi, mən Türk Ədəbiyyatı Vəqfində işləyirəm. Vəqfin 47 ildən bəri çap olunan "Türk ədəbiyyatı" jurnalının bu ay 552-ci sayı çıxdı. Jurnalın İsa Həbibbəyliyə həsr olunmuş bu sayında onun elmi, ictimai fəaliyyəti, yaradıcılığı ilə bağlı məqalələr dərc edildi. Həmin dərgini İsa bəyə təqdim etmək üçün gəldik. Ondan başqa, Türk Ədəbiyyatı Vəqfinin müdiri, şair, publisist Özcan Ünlünün şeirlər kitabı hörmətli Rəşad Məcidin vasitəçiliyilə Azərbaycan türkcəsinə tərcümə edilib. "Günəbaxan" adlı həmin kitabdakı şeirləri Azərbaycanın gənc şair-tərcüməçiləri çevirdilər. Kitab Sumqayıt poeziya evində təqdim olundu. Bir səbəb də budur.

- Türk Ədəbiyyatı Vəqfi olaraq hazırda fəaliyyətiniz hansı istiqamətdə davam etməkdədir?

- Bu Vəqf Türkiyənin ən köklü quruluşlarından biridir. Vəqfin qurucuları Türk ədəbiyyatının öndə gələn isimləridir. Qurucusu Əhməd Kabaklının 5 cildlik "Türk Ədəbiyyatı Tarixi" əsəri hələ də universitetlərdə dərslik kimi istifadə olunur. Vəqfin həm ictimai-siyasi, həm də ədəbi yöndən böyük xidmətləri var. Məsələn, vəqfin çərşənbə və şənbə günlərində ənənəvi söhbətləri keçirilir. Burada Türkiyənin böyük ədəbiyyatşünasları, yazarları 47 ildir ki, oxucularla görüşür, konfranslar keçirir, əsərlərini təqdim edirlər. "Türk ədəbiyyatı" jurnalı da çox köklü, önəmli ədəbi orqandır. Türk ədəbiyyatıyla bağlı əsərlər yayımlanır. Son zamanlarda mənim də iştirakımla jurnalı Türk dünyasına açdıq. Tez-tez jurnalın xüsusi saylarını buraxırıq. Azərbaycana aid xüsusi sayı oldu. Gələcəkdə Özbəkistan, Şimali Kipr saylarını hazırlayacağıq. Eyni zamanda, Türk ədəbiyyatının önəmli yazarlarıyla bağlı saylarımız da olur. Məsələn, Anarın 80 illiyi, Çingiz Aytmatov və başqalarına xüsusi saylar həsr edilib. Vəqfin "Türk ədəbiyyatı", "Turay" və ayrıca uşaqlar üçün olmaqla, üç nəşr evi var. Birinci Türkiyə ədəbiyyatının klassik əsərləri, "Turay" ("Turan Yayınları") Türk dünyasının tanınmış şair və yazarlarının kitabları, uşaqlar üçün yayın evi isə nağıl silsilələri, uşaq ədəbiyyatına aid nümunələr çap edir. Məsələn, orada "Dədə Qorqud" hekayələrini, nağılları cizgi-roman kimi çap elədik. Burada 1-4-cü sinif aralığında uşaqlar üçün nəşrlər yayımlanır. Eləcə də "Gənc ədəbiyyat" deyə bir veb-dərgimiz var, ayda bir dəfə gənc nəslin əsərlərini verirlər. Hazırda o dərginin internetdə 50 minə yaxın izləyicisi var.

- Siz əslində, yazıçısınız. Amma belə görürük ki, tərcümə və Türk ədəbiyyatının təbliğiylə bağlı fəaliyyətiniz yazıçılığınızı bir qədər üstələyib.

- Yaralı yerimə toxundunuz. Həqiqətən, mütəvazilikdən uzaqlaşmaq kimi çıxmasın, mən özümü Türk dünyasına, Türk ədəbiyyatına həsr etmiş bir yazıçıyam. Müşahidəniz çox doğrudur. Son illərdə o qədər çox tərcümə kitabı çap elədim, fərqli qurumlarla müxtəlif layihələr həyata keçirdim ki, yazıçılığım kölgədə qaldı.  Bu günə qədər yayımlanmış üç kitabım, bir antologiyam var. Amma 120-dən çox tərcümə kitabım var. Əksəriyyəti Azərbaycan ədəbiyyatı olmaqla, türkmən, özbək və həmkarlarımla birgə qazax, qırğız, tatar ədəbiyyatından tərcümələrimiz oldu. Bu kitablardan başqa, jurnal, qəzet və saytlar üçün yüzlərlə şeir, hekayə də çevirdim. Belə olanda da özümün ədəbi yaradıcılığıma vaxt ayıra bilmədim. Bunda özümü də günahlandırıram. Tərcüməni kənara qoyub, əsərlərimi yazmağın vaxtının gəldiyini düşünürəm. Bir tərcüməçi kimi yox, Türk dünyasının ciddi bir yazıçısı kimi də özümü təqdim etməliyəm. Əslində, ciddi əsərlər vermişəm bu ədəbiyyata. Son dövrlər Türkiyə ədəbiyyatında yaşayan ciddi hekayəçilərdən biri kimi də məşhurlaşdım. Amma 6-7 ildən bəri, yeni kitabım çıxmayıb. Ona görə bəzən oxucularım da şikayətlənirlər ki, tərcüməni buraxın, öz ədəbi yaradıcılığınıza qayıdın. Bu il əsərlərimi yazmağa cəhd edirdim ki, qazax ədəbiyyatının böyük yazarı Abayın 150 illik yubileyi münasibətiylə Qazaxıstan dövləti bizə bir layihə gətirdi. Hazırda onun həm şeirlərindən, həm hekayələrindən ibarət kitab hazırlayırıq. Bu da çox çətin bir işdir. Şeirlərini bir akademik dostumla çeviririk. Bir faktı da deyim ki, avqust ayından bu yana Azərbaycan ədəbiyyatından dörd kitab tərcümə eləmişəm: Hidayət Orucovun "Burdan bir atlı keçdi", Qənirə Paşayevanın "Türkülər", Rəşad Məcidin "Qələmsiz yazılanlar", Pərvinin "Qadın olmaq". Toplayanda təxminən 1500 səhifəlik kitab edir. Zarafatyana deyirəm ki, mənim yaradıcılığımı əngəlləyən Azərbaycan ədəbiyyatıdır (gülürük).

- Amma mən deyərdim, Azərbaycan ədəbiyyatı yox, ona olan sevginizdir.

- Bu da ola bilər. Doğru deyirsiniz. Azərbaycan ədəbiyyatını həqiqətən çox sevirəm. Hətta bəzən sosial mediada gənc bir yazarın şeirini görürəm, oxuyuram, xoşuma gəlir, tez türkcəyə çevirib yayımlayıram. Belə işlərim də var (gülür). Doğrudan da sevgi ayrı şeydir. Mən bu ədəbiyyatın klassiklərindən başlamış son dövr ədiblərinə qədər az qala hamısını oxumuşam. Rəşad Məcid deyir ki, İmdat Avşarın diqqətindən kənarda qalan çox az Azərbaycan yazarı var. Doğru müşahidədir, başdan-ayağa oxumuşam, əlimdən gələn qədər tərcümələrinə də çalışmışam.

- Sizin çevirdiyiniz əsərlər arasında Qarabağ hekayələri də var. Hətta vaxtilə bunu Türkiyədə antologiya şəklində çap etdirmişdiniz. Kənardan baxdıqda necə görürsünüz, sizcə, bu mövzu Azərbaycan ədəbiyyatında nə dərəcədə işlənir?

- Dediyiniz kimi, "Azərbaycan ədəbiyyatında Qarabağ hekayələri" adlı antologiya hazırlamışdım. Orada 40-a yaxın yazarın hekayəsi var. Ermənistanla Türkiyə arasındakı 24 aprel 1915-ci il hadisəsini ermənilər yalan olaraq türklərin onlara qarşı soyqırımı kimi dilləndirirlər. 2015-ci ildə həmin hadisələrin 100 illiyi ərəfəsində ermənilər müxtəlif böyük layihələr həyata keçirirdilər, bütün dünyada türklərin onlara soyqırım yaşatdığıyla bağlı sosial, ictimai, mədəni, siyasi fəaliyyətlərə başlamışdılar. Mən də 2014-cü ildə 100 illiyin hazırlıqlarına qarşılıq olaraq ilk dəfə Xalq yazıçısı Anara belə bir niyyətim olduğunu demişdim. O da məni cəsarətləndirdi. Beləcə, ermənilərin türklərə, azərbaycanlılara tarix boyunca yaşatdıqları zülmlərlə bağlı bir araşdırma etdim. Azərbaycan ədəbiyyatında Qarabağla bağlı çox gözəl bədii əsərlər ortaya çıxdı. Onları Türkiyə türkcəsinə çevirib layihə olaraq təqdim etdim. Çox təəssüf ki, layihəyə dəstək verən çıxmadı. Ancaq Qənirə xanım Paşayeva nəşrin çapına və təqdimatına dəstək oldu. Universitetlərdə ermənilərin azərbaycanlılara zülmləriylə bağlı paralel konfranslar keçirərək kitabları tələbələrə pulsuz payladıq. Kitab hər dəfəsi beş min ədəd olmaqla beş dəfə təkrar nəşr olundu. Bununla çox böyük bir iş gördüyümüzü düşünürəm.

Sualınıza qalanda, ədəbiyyat təbliğat məsələsidir. Avropada, elə Türkiyənin özündə də heç kim durduğu yerdə ermənilərin Qarabağda nələr etməsilə, bunun ədəbiyyata necə gətirilməsilə maraqlanmır. Əgər siz bir kitab ortaya qoysanız, onu təbliğ etsəniz, məlumatları olur. Ədəbiyyatla, sənətlə olan təbliğat siyasətlə, hərblə olan təbliğatdan daha təsirlidir. Bu baxımdan Azərbaycan ədəbiyyatı çox güclü ədəbiyyatdır, Qarabağla bağlı ciddi əsərlər var, amma təbliği üçün daha çox çalışmalıyıq.

- Azərbaycanda sizə təqdim edilmədən, öz arzunuzla tərcümə etməyi istədiyiniz yazıçı, şair varmı?

- Mənim Azərbaycan ədəbiyyatında ən çox sevdiyim yazarlardan biri Mirzə Cəlildir. Onun əsərləri Türkiyədə İldeniz Kurtulan və Nəsrin Qaracanın tərcüməsində iki dəfə çıxıb. Amma Mirzə Cəlilin yumoru, ədəbi üslubu bu tərcümələrdə əks olunmayıb. Mən onları təəssüflə oxudum. Ona görə də vaxt tapan kimi Mirzə Cəlilin əsərlərini onun kəskin yumorunu, qüdrətli üslubunu əks etdirən, dil özəlliklərini qoruyan və türklərin də oxuyarkən ləzzət alacağı bir tərcüməylə çap etdirmək istəyirəm. Ondan başqa da sevdiyim əsərlər, romanlar var ki, vaxt tapdıqca tərcümə etmək istəyirəm.

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə Əli Kərimin və İsi Məlikzadənin kitabları çap olundu. İkisi də sevdiyim yazarlardır. Əli Kərimdən 1-2 şeiri jurnal üçün, İsi Məlikzadənin isə "Quyu" povestini tərcümə eləmişəm. Yeri gəlmişkən, onu da deyim ki, mənim çap olunmamış dörd cildlik Azərbaycan hekayələri antologiyam var. Fürsət düşdükcə Mirzə Fətəli Axundzadə, Mirzə Cəlildən tutmuş, bir çox müxtəlif yazıçılaracan hekayələr tərcümə edib yığıram. Hətta o qədər yığılıb ki, ola bilsin beşinci cildi də düzəldi. Dəstək verən olsa, onu da çap etdirəcəm.

- Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümələr olur. Onların keyfiyyəti sizi qane edirmi?

- Sizə səmimiyyətlə deyim ki, azərbaycanlı tərcüməçilərin çevirmələrinin keyfiyyəti Azərbaycan dilindən Türkiyə türkcəsinə olan tərcümələrdən yüksəkdir. Burada ciddi bir tərcüməçilik ənənəsi var. Bu işlər ciddi təşkilatlanmayla, istedadlı adamlar tərəfindən görülür. Ortaya da sanballı əsərlər çıxır. Amma Türkiyədə bunun tam tərsidir. Azərbaycan ədəbiyyatının bəxtsizliyi ondadır ki, Türkiyədə Azərbaycan dilinin çox asan olduğuna inanırlar, dilə vaqif tərcüməçilər də az olduğundan, tələbələrə, istedadsız, bu işlə əlaqəsi olmayan insanlara tərcümə etdirirlər. Çox təəssüf ki, zəif  tərcümələr Türkiyədə Azərbaycan ədəbiyyatı haqqında yanlış rəy yaradır. Çünki çevrilən əsər nə o dilə oxşayır, nə bu dilə: internet tərcüməsinə bənzəyir. Bu da Azərbaycan ədəbiyyatının zərərinədir. Tələbə çevirə bilməz demirəm, amma o qədər də keyfiyyətli alınmaz axı. Nəsri yazıçı, şeiri şair tərcümə etməlidir. Ana dili Azərbaycan dili olan insan türkcəyə tərcümə eləməyi üçün onun söz bazası yetməz. Məncə, Azərbaycan tərəfi də bu məsələyə çox ciddi yanaşmalı, gərəkli işləri görməlidir. Çünki olan ədəbiyyata olur.

- Bəs sizin öz əsərlərinizin tərcümə taleyi necədir?

- Bayaq dediyim kimi, tərcümə ana dilə olar. Ona görə də mən Azərbaycan dilini çox yaxşı bilməyimə rəğmən, öz əsərlərimi özüm tərcümə etməyə çalışmadım. Çünki o dil bilgimə güvənə bilmirəm. Amma dostların çevirmələrinə baxanda səhvləri də görürəm. Günlük danışmağımda problem yoxdur, amma ədəbiyyat günlük danışmaq dili deyil, ondan qat-qat artığıdır. Müxtəlif dostlar əsərlərimi fərqli dillərə tərcümə edib yayımlayıblar, sağ olsunlar.

- Son olaraq, ədəbi fəaliyyətinizə qayıdaq. Yaradıcılığınızla bağlı oxucularınız hansı yenilikləri gözləsinlər?

- Bu yaxınlarda hekayələrdən ibarət üçüncü kitabım çap olunacaq. Mən hekayələrimin çoxunu əslində, beynimdə yazıram. Orda tam hazır olanda komputerin arxasına keçirəm. Xalq filosofu olan yumoristik bir obrazım var. Onu bir qəhrəman kimi seçmişəm. Onunla bağlı silsilə hekayələr hazırlayıram. Bir neçə hekayə yazmışam, davamı da olacaq. Tamamlayandan sonra kitab kimi çap etdirəcəyəm.

Şahanə MÜŞFİQ

 





16.10.2019    çap et  çap et