525.Az

Bakı şəhəri təhsil işçilərinin konfransı keçirilib


 

Bakı şəhəri təhsil işçilərinin konfransı keçirilib<b style="color:red"></b>

Dünən Bakı şəhəri təhsil işçilərinin "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda konfransı keçirilib.

Konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respubika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Öncə BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan BŞTİ-nin müdiri Rəşad Tağıyev ötən tədris ilinin keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla yadda qaldığını deyib. İdarə müdiri 2019-2020-ci tədris ilində daha yüksək nailiyyətlər qazanılacağına əmin olduğunu bildirib.

R.Tağıyev vurğulayıb ki, 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə direktor vəzifəsinə təyinat olub, 13 məktəb direktorunun isə iş yeri dəyişdirilib. Onun sözlərinə görə, 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb, 4 direktorla  bağlanmış əmək müqaviləsi ləğv edilib: "Bundan əlavə, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş hədinə çatmış 27 direktorla müqavilənin müddəti builki tədris ili çərçivəsində uzadılıb, 10 məktəb direktoru ilə əmək münasibətlərinə xitam verilib". BŞTİ müdiri qeyd edib ki, İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

BŞTİ müdiri vurğulayıb ki, birinci sinfə qəbul üçün elektron qeydiyyat şagird sıxlığı ilə əlaqədar problemləri vaxtında müəyyənləşdirib prosesin düzgün və səmərəli idarəolunmasını təmin etməyə, şagird kontingentinin uçot sistemini təkmilləşdirməyə, şagird yerlərinin və ya pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemləri vaxtında aşkar edərək qabaqlayıcı tədbirlər görməyə imkan verir. Onun dediyinə görə, məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. R.Tağıyev bildirib ki, tədrisi digər dillərdə aparılan bölmələrdə şagird qəbulu müsahibə prosesi əsasında həyata keçirilib: "Bakının 12 rayonu üzrə 9 mərkəzdə yaradılan müvafiq komissiyalar tərəfindən aparılan müsahibələrdə müvafiq şifahi nitq bacarığı olan uşaqlar uğur qazanıblar". BŞTİ müdiri eyni zamanda qeyd edib ki, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə prioritetlər əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir: "Ümumilikdə Bakı məktəblərinin 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur".

R.Tağıyev bildirib ki, 2019-2020-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə 46 293 uşaq qəbul edilib.

O əlavə edib ki, 2019-cu ildə beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi üçün dövlət tərəfindən imkan yaradılıb. 2013-cü ildə bu göstərici 24 faiz təşkil edirdi. Onun sözlərinə əsasən, məktəbəhazırlıq qruplarında işə cəlb edilən müəllimlər ibtidai siniflərdəki iş metodikasını heç bir halda 5 yaşlılarla işin təşkilinə tətbiq etməməlidir: "Bu yaşda uşaqların fiziki, emosional, intellektual səviyyəsi 6-7 yaşlı uşaqlardan fərqlənir. Məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, daha intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir. Məktəbəhazırlıq qruplarında tədris aparmaq üçün 1000 nəfərə yaxın ibtidai sinif müəllimi təlim kurslarına cəlb edilib. İlkin müşahidələr deməyə əsas verir ki, məktəbəhazırlıq təhsili alan uşaqlar gələcək sosial və akademik həyatlarında daha uğurlu olurlar". R.Tağıyev deyib ki, ötən dərs ilində Bakı şəhəri üzrə 264 məktəbdə 917 qrup üzrə 23 799 uşaq məktəbəhazırlıq qruplarını başa vurub və elektron sistem vasitəsilə avtomatik həmin məktəblərin I sinfinə qəbul edilib: "2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub. Qarşıdakı müddətdə ümumi təhsil məktəbində məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqini və müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etməyi əsas məqsəd kimi düşünürük". R.Tagiyev qeyd edib ki, 2019-2020-ci tədris ilində İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində ilk peşə təmayüllü siniflər yaradılıb. 2018-2019-cu dərs ilində İdarənin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinif fəaliyyət göstərib:    "2019-2020-ci dərs ilində isə 184 məktəbdə 404 təmayül sinfi açılıb. Aparılan ilkin təhlillərə görə, təmayül sinifləri bitirən məzunlar daha yüksək nəticələr göstərir. 2018-2019-cu tədris ilində humanitar fənlər təmayüllü siniflərin tədris dili və xarici dil üzrə orta bal göstəriciləri həm BŞTİ üzrə ümumi, həm də təmayül olmayan siniflər üzrə orta bal göstəricilərindən kifayət qədər yüksəkdir. Texniki fənlər üzrə təmayül siniflərin də riyaziyyat fənni üzrə orta bal göstəriciləri nisbətən yüksəkdir. Həmçinin, kombinə olunmuş siniflərin orta bal göstəriciləri BŞTİ üzrə orta bal göstəricilərindən yüksəkdə dayanır".

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. M.Vəliyeva ölkə üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib. Nazir müavini məktəbəqəbul və şagirdlərin elektron yerdəyişməsi, məktəblilərin dərs yükü, ibtidai təhsil, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələlər barədə geniş şəkildə danışıb. M.Vəliyeva eyni zamanda, məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını vurğulayıb.

Sevinc QARAYEVA

 





16.10.2019    çap et  çap et