525.Az

Nizami Gəncəvi və türklük mövzulu kitab təqdim edilib


 

Nizami Gəncəvi və türklük mövzulu kitab təqdim edilib<b style="color:red"></b>

Oktyabrın 14-də Azərbaycan Milli Kitabxanasında filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Cəfərzadənin "Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında" adlı kitabının təqdimatı olub.

Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının 7-ci Bakı Zirvə görüşü münasibətilə təşkil edilən "Türk dünyası həftəsi" çərçivəsində gerçəkləşib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb.  Qeyd edib ki, türk dünyasının böyük oğlu Nizami yaradıcılığına həsr edilmiş "Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında" kitabı türk dünyasının ədəbiyyatına verilən töhfədir.

M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov çıxış edərək görkəmli Azərbaycan alimlərinin Nizami Gəncəvi haqqındakı araşdırmalarından geniş söhbət açıb, şairin türk xalqına mənsubluğunun elmi əsaslarla tədqiq edildiyini bildirib.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, kitabın baş elmi məsləhətçisi, AMEA müxbir üzvü Nüşabə Araslı deyib ki, monoqrafiya nizamisevər oxucular tərəfindən maraqla qarşılanacaq, farsdilli Azərbaycan poeziyasını doğru qiymətləndirməyən, Nizaminin soy kökünün azərbaycanlı olduğunu danan qərəzli mülahizələrin təkzib olunmasında əhəmiyyətli rol oynayacaq. 

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, professor Ramiz Əsgər, professor, kitabın rəyçisi Xəlil Yusifli, AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, nizamişünas alim, professor Seyfəddin Rzasoy və başqaları qeyd ediblər ki, monoqrafiyada XIX-XX əsrlərdə yaşamış Azərbaycan tədqiqatçılarının, eləcə də müasir dövr Azərbaycan alimlərinin tədqiqatlarında dahi Nizaminin milli mənsubiyyət etibarilə türk olması, şairin öz əsərlərində türklüyə xüsusi rəğbəti araşdırılıb. Azərbaycan nizamişünaslığını xronoloji ardıcıllıqla təqdim edən Əzizağa Nəcəfzadə mövcud araşdırmalar üzərində təhlillər aparıb.

Sonda monoqrafiyanın müəllifi, dosent Əzizağa Nəcəfzadə çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, nəşrlə bağlı ətraflı məlumat verib.

Şahanə MÜŞFİQ

 





16.10.2019    çap et  çap et