525.Az

Sənətdə Yaqub Zurufçu fərqliliyi - Şahanə Müşfiq yazır


 

Sənətdə Yaqub Zurufçu fərqliliyi - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

Onun adı gələndə "Ayrılıq" mahnısı yada düşdüyü kimi, "Ayrılıq" mahnısının elə ilk notları da bizə məhz onu xatırladır.

Doğrudur, ondan öncə də, sonra da bu mahnının ifaçıları heç də az olmayıb, amma azərbaycanlı dinləyici onu məhz bu kövrək səsdə qəbul edib sevdi. Səbəbi bəlkə də "Ayrılıq"ın həqiqi mənzərəsinin elə onun həyatındakı əksi idi. Çünki onun da taleyinə ayrılığın ən ağır forması yazılmışdı: gənc yaşında vətənindən, elindən, anasından, doğmalarından ayrılıq... Dünyanın hər yerində qərib olmaq... Məhz bu qəriblikdir ki, ifa etdiyi mahnının hər notuna hopdu, oradan dinləyicinin ürəyinə yol tapdı.

Əməkdar artist Yaqub Zurufçudan danışıram sizə. Oktyabrın 12-də illər sonra azərbaycanlı dinləyiciləri ilə yenidən görüşən müğənnidən.

Bir aydan çoxdur Yaqub bəy də, biz dinləyiciləri də Heydər Əliyev Sarayında təşkil olunan bu konsertə hazırlaşırdıq. Nəhayət, həmin gün gəlib çatdı. Hələ konsert başlamamış ağzına qədər dolu olan zalda tanış simalar da az deyildi. Onların arasında respublikanın tanınmış incəsənət, mədəniyyət, ədəbiyyat xadimləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, jurnalistlər və başqaları da vardı. Həmin gün salonda hamımızı birləşdirən tək şey isə Yaqub Zurufçu sənətinə olan sevgi və hörmət idi.

Konsertdə ifaçını Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs kollektivi müşayiət edirdi.

Proqramdan öncə Əməkdar artistin keçdiyi sənət yolu haqqında video çarx nümayiş olundu. Çarxda Süleyman Ələsgərov, Zeynəb Xanlarova, Siyavuş Kərimi, Canəli Əkbərov və sair kimi Xalq artistləri, tanınmış mədəniyyət xadimlərinin onun şəxsiyyəti və sənəti haqqındakı yüksək fikirlərinə də yer verilmişdi.

Sonra səhnəyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxdı. O, çıxışında müğənninin yaradıcılığı, vətən qarşısında gördüyü işlər və sənətə sevgisindən danışdı. Qeyd etdi ki, Yaqub Zurufçunun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır: "Bir insan çox böyük müğənni də ola bilər, şair də, rəssam da... Ancaq bunların hamısından öncə o, yurduna, vətəninə bağlı olmalıdır. İnsan hər şeydən öncə xalqının məhəbbətini qazanmalıdır. Yaqub Zurufçu belə sənətkarlardandır. Xalqının məhəbbəti onun könlündə nəbz kimi çırpınır. Yaqub Zurufçu xoşbəxt insandır ki, xalqın ürəyindən keçənləri deməyi, oxumağı bacarır. Onun əsrarəngiz ifaları, həm də dünya azərbaycanlılarını birləşdirməyə xidmət edir, könül quşu kimi uçan nəğmələri qəlblərdə əks-səda yaradır. Çünki onu Yaqub Zurufçu edən Azərbaycan və azərbaycançılıq eşqidir. Yaqub Zurufçunun konserti bu gün burada insanları yaxınlaşdırır, ruh və ürək birliyi yaradır".

Müğənnini konserti münasibətilə təbrik edən akademik ona yeni yaradıcılıq uğurları arzuladı.

Sonra konsert proqramı təqdim olundu. İlk mahnı təbii ki, Azərbaycana həsr olunmuşdu. Xorla birlikdə təşkil olunmuş ifada müğənni sanki təkcə həmin gün Heydər Əliyev Sarayında olan tamaşaçıları deyil, o taylı, bu taylı bütün Azərbaycanı salamlayırdı.

Əməkdar artistin həmişə olduğu kimi, budəfəki repertuar seçimi də çox zövqlü, qəlb oxşayan və zəngin idi. "Sarı gəlin", "Dəniz", "Ay şöhrətim şanım mənim", "Azərbaycan", "Güləbatın", "Ana", "Girdim yarın bağçasına", "Təbrizim" (C.Cahangirov), "Qızıl üzük" kimi uzun zamandır eşitmədiyimiz mahnılar müğənninin məlahətli və əsrarəngiz ifası ilə ruhumuzu təzələdi.

Konsertdə Yaqub Zurufçuya Azərbaycan Milli Konservatoriyasının fəxri diplomu da təqdim olundu. Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin imzaladığı diplomu müğənniyə Anar Bəylərov təqdim etdi.

Üç saatlıq konsert proqramında böyük səhnənin balaca qonaqları da vardı. Bunlardan biri Samir Ağayev idi. Qəlbləri oxşayan ifası ilə gecəyə rəng qatan Samir, sonra tərəf-müqabili Mədinəylə səhnəni bölüşdü. Onlar birlikdə "Ulduz" filmindən Məhəmmədlə Züleyxanın duetini ifa etdilər.

Yaqub Zurufçunun məxsusi konsert üçün hazırladığı ekskluziv ifası da vardı. Bu da mərhum Xalq şairi Söhrab Tahirin sözlərinə yazdığı "Bölmərəm daha" mahnısı idi. Mahnını oxumamışdan qabaq özünün Təbriz həsrətindən söz açan müğənni, bu musiqinin də "Ayrılıq" qədər seviləcəyindən əminliyini ifadə etdi. Çünki özü bunu elə "Ayrılıq"ın yanğısıyla ifa edir.

Həqiqətən də "İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha" - deyərkən titrəyən səsi o coşğun hisslərin kövrək ifadəsi idi.

Hər şeyin bir sonu olduğu kimi, bu sirli-sehirli, nağıl kimi musiqili gecənin də bir sonu vardı. Və Yaqub Zurufçu bu sonda "Ayrılıq" deyərək, biz dinləyiciləri ilə gələn görüşlərədək ayrıldı.

Konsert sonrası müğənninin üzündən yorğunluq qarışıq böyük ruh yüksəkliyi, sonsuz sevinc hissi də oxunurdu. Əlbəttə, üç saat böyük bir auditoriya qarşısında bu cür ifalar sərgiləmək və dinləyicini əvvəldən sona qədər özünə diqqətdə saxlamaq, yorulmağa qoymamaq heç də asan iş deyildi. Amma bu yorğunluq şirin yorğunluq idi. Yaqub bəy bu gün çətini bacarmışdı: xüsusən insanların musiqi zövqünün korlandığının iddia edildiyi zamanda özünün zövqlü ifaları ilə dinləyiciləri bir daha özünə və sənətinə heyran buraxmışdı.

Sonuncu dəfə on il əvvəl M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verdiyini bildirən müğənni bu konsertin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirildiyini söylədi və bu işdə zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.

Gecənin qaranlığına çisələyən yağışla birgə Heydər Əliyev Sarayını tərk edərkən məşhur ingilis dramaturqu Uilyam Şekspirin sözlərini xatırlayıram: "O insan ki, içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır". Dönüb üzlərindəki məmnun ifadəylə sarayı tərk etməkdə olan insanlara baxıram. Hər birinin gözlərindəki günəş ayrılıqda belə gecəni aydınlatmağa kifayət edirdi.

 





17.10.2019    çap et  çap et