525.Az

Yaddaşlara həkk olan insan - Anım


 

Yaddaşlara həkk olan insan - <b style="color:red">Anım </b>

Şərəfli ömür yaşamaq, insanların sevgisini, hörmətini qazanmaq və dünyadan köçdükdən sonra rəhmətlə anılmaq hər adama nəsib olmur.

İnsan dünyaya bir dəfə gəlir, bir ömür yaşayır. Kimisi Tanrının ona bəxş etdiyi ömür payını tamamilə boşa verir, özündən sonra heç bir iz qoymur, yada düşmür, anılmır. Elə insanlar var ki, həyatdan köçəndən sonra da xatırlanır, adı hörmətlə yad edilir. Fikrət Ələsgərov da elə insanlardandır. Fikrət müəllim haqqında onu yaxından tanıyanlar, dostları, yoldaşları böyük məhəbbət, dərin hörmət və yoxluğundan kədər hissi ilə danışırlar.

Fikrət Ələsgərov 1945-ci il sentyabrın 9-da Ağdam rayonunda dünyaya gəlib. Ömrünün yarıdan çoxunu doğulub boya-başa çatdığı rayonda keçirib. Ağdamın məşhur ticarətçilərindən biri olan Fikrət Ələsgərov səmimi, sadə, mehriban, xeyirxah insan kimi Ağdam camaatı tərəfindən sevilib, sayılıb. 

GÖZƏL İNSAN, SADİQ DOST 

Fikrət Ələsgərovun yaxın dostlarından olan Rövşən Şükürov onu xoş xatirələrlə anır: "Fikrət sözün həqiqi mənasında çox gözəl insan, gözəl dost idi. Ağdam torpağının yetişdirdiyi, hər kəsin böyük hörmət bəslədiyi, xətrini əziz tutduğu, sayılıb-seçilən kişilərdən idi. O, çox xeyirxah, yardımsevər, insanlara əl tutmağı sevən insan idi. Sanki bu dünyaya insanlara yaxşılıq etmək üçün gəlmişdi. Heç kimin xətrinə dəyməzdi, bacardığı qədər insanlara əl tutar, dostun, tanışın dar günündə, çətin anında ona dəstək olar, yardım edərdi. Ətrafında olan insanların sevincinə sevinər, kədərinə üzülərdi. Yüksək insaniyyətə xas bütün müsbət cəhətlər onun xarakterində cəmləşmişdi".

R.Şükürov deyir ki, yaşadığımız bu dünyanı əbəs yerə gəlimli-gedimli adlandırmayıblar. Yəni hər bir insan doğulduğu kimi, bir gün dünyasını da dəyişir. Amma əsas odur ki, ona həvalə olunmuş bu həyatı mənalı keçirsin, xeyir əməllər sahibi olsun. Məhz bu cür ömür sürən insanlar dostlarının, əzizlərinin, yaxınlarının yaddaşında daim yaşayır. İnsanların yaddaşında, xeyirxah, zəhmətkeş, müsbət xüsusiyyətlərilə qalmaq insan övladının bu dünyada qazanacağı ən böyük nailiyyətdir: "Sıradan biri kimi yox, xoş niyyət və əməl sahibi kimi hörmət qazanmaq, bu dünya və ölümündən sonra gözəl insan kimi xatırlanmaq, unudulmamaq hər kəsə nəsib olmur. Fikrətin ölümündən iki aya yaxın vaxt keçib. Ancaq biz dostlar, tanışlar, yaxınlar onu hər gün anırıq, onunla bağlı xatirələrimizi bölüşürük.  Fikrət daim onu sevən insanların, dostların, əzizlərin yaddaşında, qəlbində, xatirələrində yaşayır və yaşayacaq".

YADDAŞLARDA QALMAQ, ÜRƏKLƏRDƏ YAŞAMAQ, HƏR ZAMAN XATIRLANMAQ 

Fikrət Ələsgərovu yaxından tanıyan, uzun illər onunla bir yerdə çalışmış İsmayıl Qarayev deyir ki, o, işlədiyi kollektivdə böyük hörmət qazanmışdı. Qayğıkeş, mehriban, təvazökar, insanlara kömək, dəstək olmağı sevən, dostcanlı bir insan olan Fikrət Ələsgərovu hamı çox sevirdi: "Onunla Ağdamda uzun müddət bir yerdə çalışmışıq. İşinə məsuliyyətli, özünə qarşı tələbkar, səmimi, xoş xasiyyət, sözünün ağası, ədəb-ərkanlı, dəyərli insan idi Fikrət müəllim. Duzlu, məzəli söhbətlərindən doymaq olmurdu. Onunla həmsöhbət olanda zaman su kimi axıb gedirdi. Çox mülayim insan idi, heç kimin xətrinə, qəlbinə dəyməzdi.  Bu gün Fikrət müəllim haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Sənə əziz olan bir insanın ölümünü, yoxluğunu qəbul etmək çox çətindir. Aylar, illər keçsə belə... Təəssüf ki, əldən heç nə gəlmir, bizə yalnız xatirələri yada salıb düşünmək qalır. Biz də bu gün Fikrəti xoş xatirələrlə yada salıb, ehtiramla yad edirik. Məncə, ən gözəl olan da elə budur. Yaddaşlarda qalmaq, ürəklərdə yaşamaq, hər zaman xatırlanmaq. Allah Fikrətə  qəni-qəni rəhmət eləsin".  

Fikrət Ələsgərovun dostlarından olan Nəriman Hacıyev dostunu böyük sevgiylə, ehtiramla anır: "Fikrət dost deyildi, əsl qardaş idi. Dostun qədrini bilən, onun üçün canından belə keçməyə hazır olan bir insan idi. Özünəməxsus, gözəl, qeyri-adi insan idi. Amma bu özünəməxsusluğun özündə də bir qəribə özünəməxsusluq var. O, həm hamıdan fərqli, həm də hamı kimi idi. El-obanın xeyir-şərindən də heç vaxt əskik olmazdı. Uşaqdan böyüyə kimi hamıya yaxşılıq etməyə hazır xeyirxah bir dost idi.  Ən dərdli vaxtlarında belə ona baxanda elə bilirdin, dünyanın ən xoşbəxt adamıdır. Bəlkə də ən çətin sınaqları belə gülüşə çevirən təbəssümüylə çox nisgilini, xiffətini gizləyə bilirdi, hətta ustalıqla gizləyə bilirdi. Bəzən lap ağrı-acının özünü də dolamağa qüdrət tapırdı. Və bu yerdə əlbəttə ki, onun yardımçısı hədəfə dəyən zarafatları idi. Çox zarafatcıl bir insan idi. Ən çətin vəziyyətində belə zarafatlarından qalmırdı. Ölümündən bir ay öncə dostlarla birgə yığışıb getdik Fikrətgilə. Oturduq həyətdə, söhbətləşdik, keçmişdən danışdıq, xatirələrimizi bölüşdük. Bir az kədərləndik, bir az güldük... Elə onda da zarafatlarından qalmadı. Fikrət düzgünlüyü sevən, düz danışan, yalanı sevməyən mükəmməl insan idi".

Nəriman Hacıyevin sözlərinə görə, Fikrət Ələsgərov çox vətənpərvər bir insan olub. Vətəni, torpağı, doğma Ağdamı uğrunda gedən döyüşlərdə də fəal iştirak edib: "Qarabağ müharibəsi başlayanda döyüşə öndə gedənlərdən biri də Fikrət idi. 1988-ci ildən 1993-cü ilə kimi torpaqlarımız uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ancaq müharibə iştirakçısı olduğunu heç yerdə danışmır, bunu qabartmırdı. Deyirdi vətənim, xalqım üçün döyüşmüşəm. Topun, mərmilərin altında,  Ağdam uğrunda gedən döyüşlərdə keçirdiyi həyəcandan, sarsıntıdan şəkər xəstəliyi tutdu. Uzun illər idi ki, bu xəstəlikdən əziyyət çəkirdi. Sentyabrın 9-da 74 yaşı tamam olduğu gün də dünyasını dəyişdi. Ən böyük arzusu yenidən doğma yurdu Ağdama qayıtmaq, dəbə-baba yurduna ayaq basmaq idi. Təəssüf ki, arzusu qəlbində qaldı. Onun ölümü bu misilsiz insanı aramızdan apardı. Bu amansız ölüm təkcə Fikrətin ailə üzvlərini, qohumlarını, yaxınlarını içim-içim göynətmədi, eyni zamanda, dostlarını, həmkarlarını da sarsıtdı. İndi də bir ağsaqqal kimi yeri görünür, ehtiram hissi ilə xatırlanır. Heç kimə pislik etmədi. Gözəl ailə başçısı və rayonun sevimlisi kimi yaddaşlarda qaldı. İndi hər kəs tərəfindən yaxşılıqla xatırlanır, ruhuna dualar oxunur. Məkanı cənnət olsun. Mənə görə ömür bitsə də, əməllər yaşayır. Yanılmıramsa, bir gürcü yazıçısının fikridir. Dünyasını dəyişən adamın nə qədər ki, sağ qalmış doğmaları, tanışlarının yaddaşındadırsa, xatirəsində yaşayırsa, deməli, o, ölməyib. Ona görə də Fikrət də hələ sağdır".

Sevinc QARAYEVA

 





18.10.2019    çap et  çap et