525.Az

"Azərxalça"nın filiallarında yeni xalçalar hazırlanıb


 

"Azərxalça"nın filiallarında yeni xalçalar hazırlanıb<b style="color:red"></b>

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kürdəmir filialında 150-ci, Ağstafa filialında 250-ci, Tovuz filialında isə 300-cü xalçalar kəsilib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirlərdə qurumun İdarə Heyətinin sədri Vidadi Muradov də iştirak edib.

Kürdəmirdə keçirilən tədbirdə məlumat verilib ki, ötən ilin sonlarında fəaliyyətə başlayan bu filialda indiyədək 350 kvadratmetrdən çox xalça toxunub. Burada çalışan 75 toxucu keyfiyyətli xalça istehsalı üçün əlindən gələni əsirgəmir.

Filialda 150-ci xalçanın kəsilməsi münasibətilə kollektivi təbrik edən İdarə Heyətinin sədri bildirib ki, Azərbaycan toxucuları xalçanın kəsilməsi prosesinə xüsusi önəm verirlər. Xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. "Azərxalça"nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər.

Vidadi Muradov deyib ki, filialın kollektivi üçün yaradılan ideal şərait keyfiyyətli xalça toxunmasına imkan verir. Ona görə də keyfiyyət amilinə ciddi diqqət yetirmək lazımdır. Kürdəmir filialında çalışanların əksəriyyəti peşəkar toxuculardır. Bizim onlardan gözləntilərimiz çoxdur. Təcrübəli toxucular gənclərin bu sənətin sirlərinə yiyələnməsi üçün səylə çalışmalıdırlar.

Qeyd olunub ki, bu ərazi Azərbaycanın tarixi xalçaçılıq məntəqələrindən biridir. Kürdəmir rayonunun Şilyan kəndində toxunan Şirvan xalçaları xüsusilə seçilib. Təsadüfi deyil ki, filialda çalışan toxucuların əksəriyyəti Şilyan kəndinin sakinləridir.

İdarə Heyətinin sədri kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Toxucu Jalə Nəsirova xalçaçılığın inkişafına göstərilən qayğıya, onlara yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını ifadə edib.

Ağstafada keçirilən tədbirdə bildirilib ki, bu xalça istehsalı emalatxanasında 100 nəfərə yaxın toxucu çalışır. Burada, əsasən, Qazax-Borçalı qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Fəaliyyət göstərdiyi dövrdə filialda 1000 kvadratmetrdən çox xalça toxunub.

Tədbirdə qeyd olunub ki, bu gün dünyanın ən məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı qrupu xalça örnəkləri qədim Azərbaycan mədəniyyətinin qiymətli nümunələridir. Xarici ölkə kolleksionerlərinin Azərbaycan xalçaları arasında daha çox müraciət etdikləri, maraq göstərdikləri və əldə etməyə çalışdıqları xalça nümunələri sırasında Qazax-Borçalı xalçaları xüsusi yer tutur.

Kollektiv bu xalçaların şöhrətini özünə qaytarmaq, nənələrimizin toxuduğu xalılara layiq xalçalar toxumaq üçün səylə çalışır. Məqsəd gözəl Qazax-Borçalı xalçalarının yeni nümunələrini yaratmaqdır.

Qeyd olunub ki, belə qiymətli xalçaları toxumaq üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Ağstafalı toxucuların heç vaxt belə müasir xalça istehsalı emalatxanası olmayıb.

Sonra filialda toxunan 250-ci xalça kəsilib.

Analoji tədbir Tovuz filialında da keçirilib. Burada isə 300-cü xalça kəsilib.

 





18.10.2019    çap et  çap et