525.Az

2019-cu ilin doqquz ayının sosial-iqtisadi göstəriciləri müsbətdir


 

2019-cu ilin doqquz ayının sosial-iqtisadi göstəriciləri müsbətdir <b style="color:red"></b>

Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, çoxsaylı yeni proqram və layihələrin reallaşdırılması demək olar ki, bütün sahələrdə öz müsbət nəticələrini göstərməkdədir.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə təqdim edilən göstəricilərdən bəlli olub ki, ölkəmizdə ötən doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir, iqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Dövlət başçısı müşavirədə deyib ki, biz artımın daha da yüksək olmasını istəyirik. Buna nail olmaq üçün isə kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.

Qeyd edilən dövrdə qeyri-neft sənayesi sahəsində də yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Dövlət başçısı qeyri-neft sənayesinin 15 faizdən çox artmasının dünya miqyasında rekord göstərici hesab oluna bildiyini vurğulayıb.

Kənd təsərrüfatı sahəsində ciddi irəliləyiş müşahidə olunur. Belə ki, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulub. Bu sahənin inkişafı prioritet sahə kimi müəyyən edilib. Hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artıb.

Azərbaycan dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə də qabaqcıl yerdədir. Dövlət başçısı müşavirədə bildirib ki,  xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir: "Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur".

Prezident vurğulayıb ki, bu il reallaşdırılan sosial paketlərlə 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb. Ölkədə inflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Amma bu, hamısı deyil, gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün addımlar atılacaq.

Müşavirədə sosial-iqtisadi sahədə islahatların dərinləşəcəyi də qeyd edilib.

Mövzu ilə bağlı danışan millət vəkili Tahir Mirkişili deyib ki, ölkədə ciddi sosial-iqtisadi islahatlar aparılır. Bu şəraitdə iqtisadiyyatın əldə etdiyi mühüm uğurlar da var. Amma uğurlarla yanaşı, müəyyən əngəllər və barıyerlər də mövcuddur. Onlardan biri korrupsiya və rüşvətxorluq, eyni zamanda, şəffaflığın artırılması ilə bağlı qarşımızda duran çağırışlardır. Deputat bildirib ki, müşavirə üç mühüm bölmədən ibarət idi: "Birincisi ölkədə yaradılan iqtisadi və sosial şəraitdir ki, beynəlxalq reytinqlərdə kifayət qədər yüksək qiymətləndirilir. Biznesin aparılması, ölkənin potensialı, dövlət orqanlarının gələcəyə baxışlarıdır. Azərbaycan qlobal rəqabətlilik qabiliyyətliliyi hesabatında mühüm irəliləyiş əldə edib və dünyada ən çox - 11 pillə irəliləyən ölkə olub. Bundan əvvəl Azərbaycanın "Doing Bussines"də də dünyanın ən çox islahat aparan 20-ci ölkəsi olması, əslində, o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün kifayət qədər yetərli zəmin yaradılıb".

T.Mirkişili əlavə edib ki, ikinci istiqamət yaradılan bütün bu zəmindən sonra ölkədə yaranmış müvafiq iqtisadi artım, onun rəqəmləri ilə bağlı Prezidentin etdiyi çıxış idi: "Burada diqqəti cəlb edən mühüm məqamlardan biri ondan ibarətdir ki, bir çox sahələr üzrə Azərbaycanda rekord artım göstəriciləri müşahidə olunur. Məsələn, qeyri-neft sənayesinin 15 faiz, kənd təsərrüfatı sektorunun 7 faiz artmasını göstərmək olar. Düşünürəm ki, bunlar Azərbaycanda aparılan iqtisadi islahatların real nəticələrini özündə əks etdirir. Bununla yanaşı, ümumilikdə belə bir yanaşma var ki, bizim ehtiyatlarımız kifayət qədərdir, iqtisadiyatımız daha çox böyüyə bilər. Əslində, aparılan iqtisadi islahat və yaranmış biznes mühiti iqtisadiyatımızın bütün sektrolarının daha sürətli və daha çox artmasına əslində, imkan yaradır. Sadəcə, buna nail olmaq üçün ortada olan əngəlləri aradan qaldırmaq lazımdır. Bununla bağlı bir daha ölkə başçısı sərt xəbərdarlığını etdi. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafı üçün iqtisadi ehtiyatları mövcuddur. Bu ehtiyatları daha səmərəli istifadə etməklə, daha aktiv, dinamik şəkildə, bu ehtiyatları bir-birilə uzlaşdırmaqla, həm ümum daxili məhsulda, həm qeyri-neft sektorunun inkişafında yaxşı nəticələr əldə etmək mümkündür".

Deputat qeyd edib ki, iqtisadi inkişafın daha sürətli, eyni zamanda, iqtisadiyyatın həcminin daha çox artmasına əngəl törədən amillərdən biri korrupsiya və rüşvətxorluqdur: "Dünyada qəbul olunmuş belə bir qayda var ki, korrupsiya və rüşvətxorluq bütövlükdə iqtisadiyatın inkişafının sürətini ləngidən, səmərəliliyi aşağı salan ən mənfi göstəricilərdən biridir. Ona görə də bu amilə qarşı sərt mübarizə aparılması və cənab Prezidentin bir daha kifayət qədər açıq və sərt şəkildə xəbərdarlıq etməsi bunu deməyə əsas verir ki, Azərbaycanda buna qarşı aparılan mübarizə daha da gücləndiriləcək. Düşünürəm ki, həm yeni mexanizmlərin yaranması, həm yeni fakt araşdırıcı, elektronlaşma mexanizmlərinin tətbiqi, şəffaflığın artırılması korrupsiya və rüşvətxorluğun dairəsini xeyli azaldacaq".

Gənc kadrlara meydan verilməsi ilə bağlı məsələyə gəlincə T.Mirkişili deyib: "Əslində, Azərbaycanda bu proses gedir və müsbət nəticələrini cənab Prezident də qeyd etdi. Həm vergilər, həm sosial müdafiə sistemində yeni kadrlarla əvəzlənmə effektivliyin nə dərəcədə artırılmasını göstərdi. Həm şəffaflıq, həm bütövlükdə vergilərin könüllü şəkildə ödənilməsi səviyyəsi, həm də insanların inamı artdı. Sosial müdafiə sahəsində həyata keçirilən kadr islahatından sonra bütövlükdə insanların minimum əmək pensiyalarını həcmini yüksək səviyyəyə qaldırmaq, oradakı bir sıra qeyri-qanuni halların qarşısını almaq mümkün oldu. Təcrübə göstərir ki, bir çox hallarda kadr islahatları həmin sahədə kifayət qədər böyük inkişafa və qeyri-şəffaf halların aradan qaldırılmasına səbəb ola bilir. Ümumilikdə gənc kadrlarla əvəz olunma Azərbaycanda gedən prosesdir və cənab Prezidentin siyasətində bu hər zaman var. Düşünürəm ki, proses daha sürətlənəcək".

Deputatın sözlərinə görə, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Əslində, aparılan bütün iqtisadi islahatlar, atılan addımlar son nəticədə ölkə vətəndaşının daha yaxşı və təhlükəsiz yaşamasına xidmət edir. "Təsadüfi deyil ki, növbəti ilin büdcəsinin xərclərinin böyük bir hissəsi sosial xərclərlə bağlıdır. Əmək haqlarının, pensiyaların, müavinətlərin artırılması və ya sosial qayğıya ehtiyacı olan insanların əhatə dairəsinin genişləndirilməsi növbəti ildə büdcədə 3.7 milyard manat əlavə xərclərə səbəb olub. Amma bunun gəlir hissəsi də var. Aparılan iqtisadi islahatlar ölkə büdcəsinə əlavə yeni gəlirlər mənbələrini müəyyən edir. Məsələn, bu ilin 9 ayı ərzində büdcəyə əlavə olaraq 700 milyon manat daxil olub ki, bu vəsaitin bütövlükdə hamısı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və onların sosial təminat səviyyəsinin artmasına xidmət edir. Bunu birmənalı demək lazımdır ki, Azərbaycanda atılan bütün addımlar, həyata keçirilən islahatlar dövlət mexanizmlərinin effektivliyinin, şəffaflığın, artırılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin son nəticəsi vətəndaşın maddi rifah halının daha da yaxşılaşdırılması, onların daha yaxşı yaşaması, təhsil alması, səhiyyə xidmətləri ilə təmin olunmasından ibarətdir", - deyə T.Mirkişili vurğulayıb.

Milli Məclisin deputatı Azər Badamov isə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial iqtisadi siyasət uğurlu nəticələr göstərməkdədir. Cari ilin 9 ayının iqtisadi göstəriciləri də ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticələridir. O bildirib ki, Azərbaycanda ÜDM-nin 85 faizindən çoxu qeyri-neft sənayesinin üzərində formalaşıb: "Buradan nəticə çıxarmaq olar ki, Azərbaycanda qeyri-neft sektoru özünün inkişaf dövrünü yaşayır və ölkə iqtisadiyyatının lokomativinə çevrilməkdədir".

Deputat söyləyib ki, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı 9 ay müddətində 2.5 dəfə artıb: "Yəni Azərbaycan iqtisadiyyatı inkişaf dinamikasını qoruyub saxlayıb və yeni hədəflərə çatır. Cari ilin ötən müddətində ölkəmizdə qeyri-neft sektoru 3 faiz, qeyri-neft sənayesi 15 faiz artıb. Bu, dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq artımdır. Ölkəmizdə polietilen və digər zavodların fəaliyyət göstərməsi də Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafına təkan verir". A.Badamov vurğulayıb ki, ötən 9 ayda Azərbaycanın kənd təsərrüfatı sahəsinin inkişafında da mühüm nailiyyətlər əldə etməyə imkan verib: "Bu müddət ərzində kənd təsərrüfatı sahəsində 7 faizdən çox artım qeydə alınıb. Son dövrlər ölkəmizdə aqrar sahə ilə bağlı mühüm islahatlar həyata keçirilir. Bundan əvvəlki illərdə biz Azərbaycanda kənd təsərrüfatının artımına nəzərə salsaq, o zaman da investisiyalar qoyulduğunu, müxtəlif dəstəklərin edildiyini görərik. Amma buna baxmayaraq, əvvəlki illərdə kənd təsərrüfatında cəmi 2-3 faiz artım olurdu. Lakin bu ilin 9 ayında sözügedən sahədə mühüm artımın qeydə alınması, aqrar sahədə yanaşmanın doğru olduğunu bir daha təsdiqlədi. Həm subsidiyaların vaxtında ünvana çatdırılması, həm kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımların uğurları, həm də məmur fermer münasibətlərinin müsbət mənada dəyişməsi bu sahənin inkişafına öz töhfəsini verib".

2019-cu ilin 9 ayı müddətində ölkəmizdə inflyasiyasının 2 faizdən biraz artıq qeydə alındığını deyən millət vəkili qeyd edib ki, bu, çox gözəl göstəricidir: "Bildiyiniz kimi, bu il çox ciddi və böyük sosial paketlərin reallaşması nəticəsində 4 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşıb. Bu layihələrin reallaşmasına milyonlarla vəsait xərclənməsinə baxmayaraq, inflyasiyasınıın 2 faiz səviyyəsində qalması çox uğurlu nəticədir".

A.Badamov əlavə edib ki, Azərbaycanda düzgün pul kredit siyasəti həyata keçirilir: "Azərbaycanda ixrac potensialının artması nəticəsində ölkəmizə əlavə valyuta gəlir. Bu da ölkəmizin iqtisadiyyatının dinamikliyini qoruyub saxlayır. Beynəlxalq reytinq təşkilatları tərəfindən, Dünya Bankının "Doing Bisness" hesabatında Azərbaycanın biznes baxımından 25-ci yerdə qərarlaşması dünya ölkələri arasında ölkəmizin güclü iqtisadi mövqeyinin göstəricisidir”.

PƏRVANƏ

 





18.10.2019    çap et  çap et