525.Az

Nəyə və niyə inanmalı - Taleh Eminoğlu yazır


 

Nəyə və niyə inanmalı - <b style="color:red">Taleh Eminoğlu yazır </b>

Portuqaliyalı şair, rəssam, yazar və filofos Fernando Pessoa "Narahatlığın kitabı"nda yazırdı: "Gənclərin çoxunun tanrı inancını itirdiyi və bunu zamanında atalarının tanrıya inandığı kimi, yəni səbəbini bilmədən etdiyi bir dövrdə yaşayıram".

Pessoa bu cümləni ötən əsrin otuzuncu ilində yazmışdı. Aradan səksən ildən çox vaxt keçməsinə baxmayaraq, deyə bilərəm ki, o fikir sanki bugünümüzü ifadə edir. İndi də tanrıya inananlar kimi, inanmayan insanlar da var və bu, təbii haldır. Amma məsələ bu inanım və ya inancsızlığın heç bir əsası, dayaq nöqtəsi, alt qatı olmadan baş verməsidir.

Fernando Pessoanın bu fikrini oxuyanda özümə bir sual verdim; Nəyə və niyə inanıram? "Niyə inanmıram?" sualı isə elə də vacib deyil. Çünki nəyə və niyə inanmaq onun da cavabını özündə ehtiva edir.

İnsan olaraq məsuliyyət hissinə sahib olduğumu bilirəm. Səhviylə düzüylə yaşadığım bu həyat mənimdir. Etdiklərimlə bərabər etmədiklərimə görə də məsuliyyət daşıdığım da bilirəm. Bu məsuliyyət təkcə öz həyatıma, özümə görə deyil, eyni zamanda, dünyada yaşayan tanıdığım və tanımadığım, bildiyim və bilmədiyim hər canlıya, hər nəsnəyə görədir. Odur ki, tanrıya dair inancım yoxdur; etdiyim səhvə görə günahlandıracağım şeytanın, nəyisə düz edəndə isə məni mükafatlandıracaq tanrının varlığına inanmaq yerinə, səhv və düz etdikdə özümə, ümumilikdə canlılara hansı təsiri göstərdiyimə, yaranan "kəpək effektinin" zərərli və ya zərərsiz olduğuna diqqət edirəm. Bir sözlə, məsuliyyətimi dərk edirəm. Bu, mənim azadlığımı əlimdən alırmı? Rahatlıqla "yox" deyə bilərəm. Əgər stoaçıların dediyi kimi, "azadlığımız boğazımızdakı ipin uzunluğu qədərdir"sə, məsuliyyət bu ipin elə mənim öz əlimdə olması deməkdir.

Tanrı adlı bir varlığın olduğuna inanmayıb, insana, onun gücünə, böyüklüyünə  inanan insanlardan da deyiləm. İnsana inanmaq dedikdə, əlbəttə ki, güvən mənasını nəzərdə tutmuram. Buradakı inanmaq insanı tanrı adlı varlığın yerinə qoymaqdır. Fernando Pessoanın da dediyi kimi: "Tanrıya inanmıram, amma heyvan sürüsünə də inana bilməzdim". Heyvanla eyni kökdən  gələn, xislətində dağıdıcılıq olan, sevgini, vicdanı bu xislətini dizginləmək, daha doğrusu, ört-basdır etmək üçün yaradan, sülhü belə qanlı müharibələrdən, öldürmək istəyini tətmin etdikdən sonra əldə edən insana inana bilməzdim. Bunun digər bir səbəbi də bu sadaladığım cəhətləri ona kiminsə və ya nəyinsə verdiyini deməsi və məsuliyyəti üzərindən atması üçün tanrı adlı varlığı yaratmasıdır. Özü ilə üzləşə bilməyən, daim özündən qaçan, bu qaçışları başqa insanlarda sığınmaqla edən, yəni bir növ yenidən özünə qayıdan, əvvəlini bulanıq da olsa xatırlayan, amma gələcəyindən tamamilə xəbəri olmayan insana inanmaq ağılsızca atılmış addım olardı.

Üzərinə sadəcə daşıya bilmədiyimiz məsuliyyətimizi yüklədiyimiz tanrı adlı varlığa və bioloji anlayışdan başqa heç bir mahiyyəti olmayan insana inanmadıqdan sonra nəyə inanacağımı düşünərkən qəribə bir şey tapdım: Niyə də düşünməyə inanmayım? Bəs düşünmək nədir?

Düşünmək haqqında bir çox filofos danışıb. Onun nəliyi, necəliyi haqqında fikir bildirib və təbii ki, o fikrə gəlməzdən əvvəl isə düşünmək haqqında düşünüb.

Fikirləşə bilərsiniz ki, insan dedikdə ağla ilk "düşünə bilən varlıq" gəlir, elə isə deməli, dolayı yolla da olsa insana inanıram. Amma burada məsələ düşünmək fəaliyyətinin insan kontekstindən çıxarılıb ayrıca dəyərləndirilməsidir. Yəni Dekart "düşünürəmsə, varam" deyirdi, deməli, insanı insan edən, var olduğunu sübut edəcək tək şey düşünməkdir. İnsan ondan asılıdır, o, insandan yox.

Düşünmək bizə, həyatımıza (gələcəyimizə və bu günümüzə) istiqamət verən fəaliyyətdir. Düşünmək dünyanı dərk etməyimizə, nəsnələrin məğzini anlamağımıza şərait yaradır. Nəyin səhv, nəyin doğru olduğunu düşünərək anladığımız kimi, elə düşünərəkdə yaradırıq. Blez Paskalın da dediyi kimi: "Heç nə özlüyündə pis və ya yaxşı deyil. Bir şeyin yaxşı və ya pis olması onun haqqında nəcə düşündüyümüzdən asılıdır".

Keçmişdə düşünmək ilə duyğular (ehtiras da deyə bilərik) daim üz-üzə gətirilirdi. Duyğular təhlükəli hesab edildiyi halda, düşünmək tək çıxış yolu, xilas kimi dəyərləndirilirdi. Duyğular düşünməyə maneə kimi qəbul edilirdi. Ona görədir ki, Bertran Rassel "Tənha səyyahın xəyalları" kitabında "İldırımdan sürətli olan duyğu ruhumu doldurur, amma məni aydınlatmaq yerinə sarsır və yox edir. Düşünmək üçün soyuqqanlı olmalıyam" deyirdi.

Sualın "niyə inanıram" hissəsinə gəldikdə isə düşünməkdə məsuliyyət hissi kimi mənə azadlığımı yaşadan, azad olduğumu sübut edən fəaliyyətdir. Eyni zamanda, düşünmək dolayı yolla məsuliyyət hissini, onu daşımağı öyrədir. Yazının əvvəlində sadaladığım mənfi cəhətləri gizlətmək yerinə yaranma səbəblərini dərk etməyə, onlardan kortəbii şəkildə qurtulmaq yerinə isə (bu insanı daha çox insanlıqdan çıxarır) onlarla birlikdə şüurlu şəkildə yaşamağa şərait yaradır.

Düşünmək haqqında danışarkən unutmamalıyıq ki, o insan təbiətinə yaddır, yəni doğuşdan gələn bir şey deyil. Zamanla öyrənilən (həm də çətinliklə) və öyrənildikdən sonra tərgidilməyən bir şeydir. Onu bir dəfə "dadmaqla" ömür boyu bu daddan həzz almaq mümkündür.

Mən düşünməyə inanıram. Fernando Pessoanında dediyi kimi: "Əgər ürək düşünə bilsəydi, döyünməkdən vaz keçərdi".

 





19.10.2019    çap et  çap et