525.Az

Quyunun dibindəki şeytan - Rəvan Caviddən daha bir esse


 

VƏ YAXUD YAŞAYAN ÖLÜ MƏTNLƏR

Quyunun dibindəki şeytan - <b style="color:red">Rəvan Caviddən daha bir esse </b>

Uşaq vaxtı həyətimizdəki quyunun yanında saatlarla çömbəlib alatoran dərinliyə baxırdım. Bunu hər gün dərsdən gələn kimi həvəslə ritual kimi icra eləyirdim. Anam quyunun dibində şeytanın olduğunu, ora çox baxanda adamın sinəsindən yapışıb dartdığını deyirdi.

Etiraf edim ki, bu gün bu mənə nə qədər gülməli gəlsə də, hələ də bir o qədər qorxunc hiss yaradır. Şeytan, onun əlləri, quyunun dibi. Əlbəttə, anama da uşaq vaxtı belə demişdilər. O da bilirdi ki, uşaqları quyunun yanından çəkmək üçün məhz bu cür əhvalatlar danışmaq lazımdı. Böyüdükcə quyunun yanından içinə baxmadan keçdim. Hər keçəndə də ayağımın ucuyla ilə kiçik bir daş dığırlayırdım. Və gözləyirdim ki, daş suya düşüb səs çıxarsın. Həmin səsi eşidənə kimi yerişimi yavaşıdırdım. Hərdən itələdiyim daşlar su nasosuna tuş gəlirdi, suyun yox, nasosun xoşagəlməz səsini eşidirdim. Kefim pozulurdu. Bir gün atam motorun xarab olmağından, su çəkən borunun ucuna xırda daşların yığılmağından şikayətləndi. Həmin günlərdə nənəm quyunun dibindəki şeytanın hirsləndiyindən danışırdı. Sən demə, mənim atdığım daşlar suya yox, şeytana dəyirmiş.

Mən böyüdüm, nənəm dünyasını dəyişdi, anamı başqa qayğılar düşündürdü. Heç kim bir də mənə quyuda məskən salmış şeytandan danışmadı, onunla qorxutmadı. Mən isə hər dəfə həyətdəki quyunu görəndə şeytanı, onun əllərini və necə hirsləndiyini düşündüm. Miflərlə, nağıllarla (daha məlumatlı şəkildə) tanış olandan sonra, dini kitabları, rəvayətləri, hədisləri oxuduqca nənəmin danışdığı, anamın məni qorumaq üçün istifadə etdiyi "yalanları" beynimin tozlu küncündən gün işığı düşən tərəfə çəkdim. Məsələn, mənim quyuya ayağımla daş dığırlamağım bir mənada müsəlmanların Həccdə şeytanı daşlamağına bənzəyirdi. Şeytanın əsəbləşib su nasosunu xarab etməsi isə Həccdə kiminsə ölməsinə oxşayırdı. Nənəmin bu əhvalatları niyə uydurduğu məlum idi; öncə qızını, sonra nəvələrini qoruyurdu, şeytanla onları qorxudurdu. Bəs xalq niyə bunları uydurmuşdu? Kimi qorxutmaq üçün? Hər halda torpaqlarını yağmalamağa gələn qara donlu kafirləri şeytanla qorxutmayacaqdılar.

Şumerlərin mədəniyyətini və məişətini araşdıranda bununla bağlı bir nüans oxuyuruq. Ki, əslində, adamların oddan sonra  etdikləri ən böyük kəşf qorxu olub. Onlara hücum edən heyvanlara Şər qüvvə, onları xilas edən oda Xeyir deyiblər və bu odu tutan, ondan silah hazırlayan qəhrəman olub. Sonra bu qəhrəmanlar kahinlər, sonra baş kahinlər, nəhayət, peyğəmbərlər adlanıb. Beləcə, günümüzdəki inanc sistemi və alqoritmi yaranıb. Kimsə və ya nəsə olmalıdır, biz ondan qorxmalıyıq, sonra başqa birisi və ya nəsə bizi bu qorxudan xilas etməlidir. Nənəmin danışdığı nağılda quyunun dibindəki şeytanı heç nə simvollaşdırmasa da, peyğəmbərləri nənəmin özü oynayırdı. Yəni o mənə xəbərdarlıq edir, mən də şeytanın yanından-yörəsindən çəkilirəm. Belə bir ssenari. Yəni bu cür miflər (və ya dini hekayətlər), əslində, bir toplumun nümayəndələrini qorumaq, eyni cinahda saxlamaq üçün idi. Məşhur rejissor Məcid Məcidinin "Məhəmməd: Allahın elçisi" filmində yəhudilər Abdullahın yeni doğulmuş körpəsindən xəbər tutmaq üçün ərəblərin yanına gəlir və onların necə vəhşi bir cəmiyyət qurduğunu müşahidə eləyirlər. Gələn kəşfiyyatçılardan biri digərinə sual verir:

"Allahın peyğəmbəri bu qövmdən gələcək?"

Verilən cavab bizim söhbətimizin ana fikrini ifadə edir:

"Yox, bu qövm üçün gələcək..."

Təkcə son səmavi din haqqında deyilmiş fikir deyil bu. Bütün zamanlarda inanc eyni bir kütləni mühafizə etmək üçün var oldu. Günümüzdə bu, sadəcə mənim kimi xatırlamaqdan və maraqlanmaqdan ötəyə keçmir. Bu gün cəmiyyətlər mifdən sənət kimi istifadə etməyi və onu kulta çevirməməyi bacarırlar. Ancaq bu və ya başqa formada miflər və digər adı ilə sonrakı dövrlərdə dini mətnlər özünü hələ də yaşada bilir. Bu mətnlər elastikdi. Su kimidirlər. Töküldükləri qabın formasını asanlıqla ala bilirlər. Şifahi ədəbiyyatda nağıl, dastan janrında, sonrakı dövrlərdə bütün qitələrdə şeir (musiqi) janrında, günümüzdə isə nəhəng forma olan romanda özünü sağ saxlamağı bacardı. O miflər haqqındakı düşüncələr dəyişdi, əlbəttə. Məsələn, uşaq vaxtı mənə həqiqi görünən quyunun dibindəki şeytan bu gün mənə çox yaxşı xammal ola bilir. Mən yenə ona inanıram. Fərqli müstəvidə. Hələ də quyunun dibində bir şeytanın olduğuna, çox baxsam, əlləri ilə sinəmdən yapışıb məni quyuya salacağına inanmaq istəyirəm. Çünki hərəkətin özündə və süjetində xüsusi enerji var. Hansı ki bu enerjini biz bədii dilin ən ali səviyyəsində hiss edirik. Bütün böyük yazıçıların beş yüz səhifəlik kitablarında elə bir cümlə var ki, bütün kitab sadəcə o cümlənin enerjisində yazılıb. Mənbə odur. Mənsəb yenə odur. Bax həmin cümlələr nənəmin danışdığı o əhvalatlardandır.

Məsələnin maraqlı tərəfi bu obrazları uyduranların hansı təfəkkürə sahib olduqlarıdır. Yazının kəşfindən daha qabaq var idi, dindən daha əvvəl. Şumer mətnləri, o coğrafiyadan tapılan yüzlərlə daş kitabə və salnamələr Yerin yaranışı haqqında mülahizələri konkretləşdirir. İnsanların fərqli materiklərdə eyni hekayələri danışması olduqca maraqlıdır. Amerika mifləri bir qədər sadə dillə insanın və yerin yaranışı izah edir. Bu izah Yunq hipotezinə daha yaxındır. Dünya okeanın ortasında bir adadır. Mifə görə, bu ada okean tısbağasının qınında yarandı. Yəni sadəcə bir ərazi olub. Sonrakı proseslər parçalanmaya gətirib çıxarıb.

Bilmədən, mövzudan bir qədər uzaqlaşdım, ancaq əsas fikir olduğu kimi qalır. Miflər günümüzdə öz aktuallığını saxlaya bilir. Bu gün yazılan romanlar, çəkilən filmlər, seriallar, elmi kəşflərin hər biri təməl mətnlərə dayanır. Bizdən daha öncə deyilmiş, təsəvvür edilmiş şeyləri kəşf edirik. Ondan yeni nəsə düzəltməyə çalışırıq. Uşaq vaxtı nənəmin haqqında danışdığı əsəbiləşdirdiyim şeytanın Paqanini üçün ilham mənbəyi bir allah olduğunu öyrənəndə mən də bu şeytandan özüm üçün bir nəsnə hazırlamağı həmişə fikirləşmişəm. İndi də.

Yaşayan ölü mətnlərdi bu miflər. Onların üzərində proses dayanıb. Heç bir inkişaf yoxdu. Kimsə Zevs haqqında yeni bir nağıl uydurmayacaq. Uydursa da, yenə Zevsə bənzəyəcək. Təkrar, period. Yeni nəsillər isə bu ölü mətnləri mətbəxlərində duz, şəkər kimi əl çatan yerə qoyacaq.

 





19.10.2019    çap et  çap et