525.Az

Şərəfli ömrün baharı - Nərgiz İsmayılova İsa Həbibbəylidən söz açır


 

Şərəfli ömrün baharı - <b style="color:red">Nərgiz İsmayılova İsa Həbibbəylidən söz açır </b>

Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda gözlərini dünyaya açan, ömrünü elm yolunda şam kimi əridərək görkəmli mütəfəkkirlərin həyat və yaradıcılığının ortaya çıxması, öyrənilməsi, təbliği istiqamətində dünyasəviyyəli tədqiqatlar aparan akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsi başda olmaqla, bir çox əhəmiyyətli komitə və komissiyaların sədri kimi fəaliyyətini davam etdirən alimin həyat yolu, yazdığı əsərlər və Azərbaycançılıq məfkurəsinə sadiqliyi hər bir gənc tədqiqatçı üçün nümunə təşkil edir. O, tükənməz enerjisi, tolerantlığı, humanizmi, intelektuallığı, Azərbaycançılıq məfkurəsinə sadiqliyi, yaşlı nəslə hörməti, etiramı,  gənclərə qayğısı, dəstəyi ilə hər kəsin, xüsusilə elm yolunda irəliləyən gənc tədqiqatçıların sevimlisinə çevrilməyi bacarıb.

Ömrünü elm yolunda şam kimi çəkinmədən əridərək özündən sonra yaratdığı böyük məktəbin düşüncələrini aydınladan alim, sadəcə Azərbaycan ədəbiyyatını deyil, həmçinin, dünya ədəbiyyatının da müxtəlif cərəyan, janr, təmayül və s. kimi istiqamətlərini tədqiqat obyektinə çevirmişdir. Bu gün artıq akademikin izindən gedən böyük bir məktəb formalaşıb. Bu məktəbə nəzər salsaq görərik ki, alimin tədqiqat rəngarəngliyi həqiqətən də onun istiqamət verdiyi, elm uğrunda mübarizəyə təşfiq etdiyi məktəbin də yaradıcılığına sirayət edib. Dahi Cəlil Məmmədquluzadənin irsinin öyrənilməsində dünyasəviyyəli addımlar atan, böyük demokratın iziylə dünyanı gəzən alimin tədqiqatları Azərbaycan ədəbiyyatında, elmində yeni bir Cəlilşünaslıq mərhələsinin kuliminasiya nöqtəsində dayanır. Qeyd edək ki, alimin iziylə gedən, yetişdirdiyi doktorant və dissertantlarının içində də dəyərli Mirzəcəlilşünaslar var.

Azərbaycanda yaşayıb yaradan mütəfəkkirlərin irsinin öyrənilməsi və təbliği istiqamətində sanballı tədqiqat əsərləri qələmə alan akademik İsa Həbibbəylinin yaradıcılığında ədəbiyyat nəhəngi adlandırdığı Məmməd Səid Ordubadinin irsinin öyrənilməsi və bu aspektdən gördüyü işlər son dərəcə təqdirəlayiqdir. Alimin keçdiyi şərəfli ömür yolunun əsas priotet vəzifələrindən biri də, daima ona həvalə olunan vəzifələri layiqincə yerinə yetirmək,  elmi rəhbərliyini etdiyi doktorant və dissertantları düzgün şəkildə elmi fəaliyyətə cəlb etməkdir.

Bu gün İsa Həbibbəylinin istiqamət verib yetişdirdiyi elm adamları Azərbaycanın müxtəlif təlim-təhsil qurumlarının əsas kadr potensialının formalaşmasına imkan yaradır. Gənc alimlərin elmi uğurlarını artıran innovativ layihələrlə yanaşı, gənclərin vətənpərvərliyinin inkişafı, dövlətçiliyə sədaqət, elmin vətənin rifahı yolunda sərf olunması istiqamətində də akademik İsa Həbibbəyli əsaslı işlərlə yadda qalır.

İlk tədqiqatlarından başlayaraq Azərbaycan ədəbiyyatı ilə birgə dünyada gedən prosesləri də diqqətlə izləyən və analitik elmi təfəkkür ilə Azərbaycanımıza lazım olanları seçib-ayıran, dünyada gedən elmi inkişafı, ədəbi prosesləri ölkəmizdə özünəməxsusluğumuzun töhfələrinə çevirə bilən akademik İsa Həbibbəylinin "Romantik lirikanın imkanları" kitabından başlanan bu şanlı yolu Azərbaycan ədəbi, elmi fikirində yeni epoxanın əsasını qoyub.

"Ədəbiyyat nəzəriyyəsi", "Cəlil Məmmədquluzadə", "XX yüzyılın başlarında yaşayan Azerbaycan yazarlarının bioqrafiləri", "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri", "Xalq şairi Məmməd", "Ustad Məhəmmədhüseyn Şəhriyar. Bakı, "Elm", 1999 Şəhriyar dünyası", "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti", "Mollanəsrəddinçi karikatura ustası", "Görkəmli Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə əsərlərilə", "XX əsrin əvvəlləri Azərbaycan yazıçıları", "Ədəbi-tarixi yaddaş və müasirlik", "Azerbaydjanskaə literatura naçala XX veka", "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" əsərləri ilə elmimizə rəngarənglik və çoxçeşidlilik bəxş edən alimin yaradıcılığına nüfüz etdikcə anlayırıq ki, o, özündən əvvəlki ədəbiyyat nəhənglərinin şəxsiyyətinə, fikirlərinə, konsepsiyalarına böyük ehtiram duyub, hörmətlə yanaşıb.

İsa Həbibbəylinin yaradıcılığında Naxçıvan mövzusu böyük önəm daşıyır. Azərbaycanın hər daşına qayasına vurğun olan alimin doğulduğu torpağa məhəbbəti də, ən ülvi kəlimələrlə xatırlanmalıdır. "Naxçıvan tərənnüm olunur", "Naxçıvan abidələri", "Arpaçayı daşa bilməz" məqalələri, "Nuhçıxandan-Naxçıvana" fundamental kitabı ilə bu torpağı vəsf edir, tanıdır. Azərbaycanı nəhəng sevgi ilə sevən akademik İsa Həbibbəyli, vətənin şad günündə də, dar günündə də daim bu torpağın rifahı üçün çalışıb. Ona göstərilən etimadı hər daim böyük işlərlə, əməllərlə təsdiqləyib.

Akademik İsa Həbibbəyli millət vəkili kimi də, Azərbaycançılığın qorunub, möhkəmləndirilməsində Ulu Öndərimizin ardıcıllarından biri kimi son dərəcə nəhəng elmi axtarışların və konsepsiyaların müəllifi, bəzən də ideya rəhbəri olmuşdur.

Alim doğruları, dürüst ifadə etməkdən heç vaxt çəkinmir. İsa Həbibbəyli: "Naxçıvan ərazi etibari ilə qədim türk-Azərbaycan torpağıdır və burada ermənilərin heç bir izi yoxdur" cümləsi ilə Dünya tarixinə əslində məlum olan faktı sərt şəkildə əsaslandırır.


İştirak etdiyi beynəlxalq tədbir və konfranslarda, rəhbərliyində keçirilən iclas və dünya əhəmiyyətli layihələrdə akademik İsa Həbibbəyli hər daim akademizm, elmlilik konsepsiyasından çıxış edərək, ölkəsinin mənafeyini qorumuş və elmdə nail olunan böyük naliyyətləri elm tariximizə qızıl hərflərlə köçürmüşdür.

"Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" adlı son və kifayət qədər sanballı monoqrafiyasında isə alim Azərbaycan ədəbiyyatına dair ən əhəmiyyətli və doldurulması vacib olan boşluğu doldurur. Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı kontekstindən araşdıran, gedən elmi-ədəbi prosesləri yaxından izləyən, yekun elmi nəticələrlə yüksək elmi təfəkkürlə ictimaiyyətə təqdim edən, tükənməz enerji, ədəbiyyat eşqi ilə alovlanan alimin əsərləri hər bir gənc tədqiqatçı üçün Azərbaycan elminin gələcəyinə istiqamətlənən bu böyük yolda, amalda qorxusuz və rahat irəliləməkdə mayak rolunu oynayır.

Akademik İsa Həbibbəyli elmin gəncləşdirilməsi istiqamətində də yeniliklərin və məzmunlu innovativ ideyaların müəllifidir. Alim ədəbiyyatda gedən proseslərdə yaşlı nəsillə çiyin-çiyinə vuruşan gənc nəsli alqışlayaraq yazır: "Yaş baxımından müxtəlif elmi nəsilləri əhatə edən elmi-ədəbi proses hər nəslin öz avanqardını meydana çıxarmışdır. Elmdə ağsaqqal və orta nəslin müdrikliyi ilə yeni cavan nəslin, "gənc qvardiyanın" enerjisi biri digərini tamamlayaraq, ədəbi prosesi bütün yönləri ilə qavramaqla və yüksək nəzəri səviyyədə əks etdirməkdə səyləri birləşdirməyə xidmət edir. Beləliklə, ədəbi prosesin təkcə faktları və ayrı-ayrı hadisələri ilə deyil, kompleks halda əsas axınları, ədəbi cərəyanları, mərhələləri və perspektivləri ilə birlikdə kompleks şəkildə araşdırılıb üzə çıxarmağa doğru maraq, təşəbbüs və cəhdlər qüvvətlənmişdir".

Elm yolunda tükənməz enerji ilə addımlayan akademik İsa Həbibbəyli şərəfli ömrün 70-ci baharını yaşayır. Bu böyük yolda, bu əngin amalda ona uzun, ömür cansağlığı arzulayırıq. Aydın ideyalarınız bir mayak kimi daim gənclərə doğru yolu göstərsin, hörmətli İsa müəllim!

 





20.10.2019    çap et  çap et