525.Az

Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi


 

Əhalinin siyahıyaalınması: <b style="color:red">dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi</b>

Siyahıyaalma prosesi mühüm dövlət tədbiri kimi

Əhalinin siyahıyaalınması müəyyən periodla keçirilən və ölkə miqyasında çox ciddi əhəmiyyət daşıyan proseslərdən biridir. Siyahıyaalma əhalinin real sosial-iqtisadi vəziyyətini qiymətləndirmək, bu vəziyyəti daha da yaxşılaşdırmaq, rifah halını daha da artımaq üçün atılacaq addımları planlaşdırmaq üçün baza təşkil etmək baxımından müstəsna əhəmiyyət daşıyır.

1-10 oktyabr tarixlərində Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçirilib. Buna qədər ölkə əhalisi 1926-cı, 1939-cu, 1959-cu, 1970-ci, 1979-cu, 1989-cu illərdə, müstəqillik əldə etdikdən sonra isə 1999-cu, 2009-cu illərdə siyahıya alınıb.

Builki siyahıyaalma prosesi Azərbaycan Prezidentinin 2016-cı il, 7 sentyabr tarixli fərmanına əsasən, həyata keçirilib. "Azərbaycan Respublikasında əhalini siyahıyaalmanın hazırlanıb keçirilməsi üzrə təqvim planı"na uyğun olaraq, əhalini siyahıyaalma ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini, yekunlarının işlənməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə Dövlət Statistika Komitəsində Siyahıyaalma qrupu yaradılıb.

Sözügedən proses ölkəyə nə qazandıracaq?

Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verir.

Sorğu vərəqəsində siyahıya alınacaq hər şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə altsuallar da daxil olmaqla 46 sual qeyd edilib.

Əhalinin iqtisadi ehtiyacları və davranışları ictimai həyatın müxtəlif mərhələlərində fərqlənir və onların yaş-cins strukturunda baş verən dəyişikliklər ölkənin ümumi iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqların və gənclərin sağlam mühitdə formalaşması səhiyyə və təhsil sahələrinə investisiyaları tələb edir. Buna görə də əhalinin sayı, tərkibi və məskunlaşması, eləcə də artım tendensiyası haqqında məlumatlar mühüm iqtisadi, siyasi və elmi əhəmiyyət kəsb edir. Bu məqsədlə əhali haqqında ən dolğun məlumatlar məhz əhalinin siyahıyaalınmasından əldə edilir.

Mühüm Prezident mesajı: "Sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır"

Siyahıyaalmanın ilk günü - yəni oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev prosesdə iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb.

Dövlət başçısı proses zamanı önəmli mesajlar da verib. O nəzərə çatdırıb ki, siyahıyaalınma əhalinin hazırkı vəziyyəti ilə bağlı daha dəqiq və müfəssəl məlumat verəcək.

Prezident bildirib ki, bu, hər bir ölkə üçün çox mühüm tədbirdir: "Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilib. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş verib. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırılıb. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırılıb. Yəni sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir".

"Əlbəttə, müstəqillik dövründə Azərbaycan əhalisi təxminən 3 milyon artıb. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda, qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun", - deyə Prezident vurğulayıb.

Builki siyahıyaalmanın digərlərindən hansı fərqli cəhətləri var? - Əlillər diqqət mərkəzində

Bu il keçirilən siyahıyalmada bir sıra yeniliklər də həyata keçirilib.

Sözügedən yeniliklərlə bağlı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bunları deyib: "1999-cu ildə keçirilmiş əhalinin ilk siyahıyaalınmasında tərtib edilmiş sorğu vərəqəsində 17 sual və siyahıyaalma vərəqəsində 4 sual olmaqla cəmi 21 sual qeyd edilib. 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasında 29 sual sorğu vərəqəsində və 6 sual siyahıyaalma vərəqəsində olmaqla, ümumilikdə 35 sual öz əksini tapıb. Cari siyahıyaalmada isə sorğu vərəqəsində 46, siyahıyaalma vərəqəsində 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb".

Sədr qeyd edib ki, bu ilin oktyabrında keçirilən siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir: "Builki siyahıyaalmada əvvəlki ikisindən fərqli olaraq, suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar yer alıb. Bu suallarda ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna, əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək. Bu da öz növbəsində, əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinin inkişafı üçün zəruri məlumatlara olan tələbatın ödənilməsi səviyyəsini artıracaq. Bununla yanaşı, əldə ediləcək məlumatlar Azərbaycan tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq konvensiyalar, o cümlədən, BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası çərçivəsində götürülmüş öhdəliklərin milli səviyyədə icrasının daha dolğun statistik qiymətləndirilməsinə və beynəlxalq təşkilatlardan daxil olan əhalinin bu kontingentinə dair sorğuların əhatəli cavablandırılmasına imkan verəcək".

"Əminliklə qeyd edə bilərik ki, statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin yüksək qayğısı sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyevin statistikaya yüksək önəm verdiyini "Dövlət Statistika Komitəsi əsas dövlət orqanlarından biridir" onun ifadəsindən də aydın görmək olar", - T.Budaqov vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində ötən siyahıyaalmadan sonrakı dövr ərzində ölkənin bütün sahələrində 10 ilə sığmayan ciddi uğurlar əldə edilib: "Bu illər ərzində ölkə iqtisadiyyatına 198,3 milyard manat investisiya yönəldilib, ölkə regionlarının infrastrukturu demək olar ki, yenidən qurulub, əhalinin rifah halı yüksələrək gəlirləri 2,6 dəfə artıb, 1,4 milyon yeni iş yeri açılıb, yoxsulluq səviyyəsi 2,0 dəfədən çox azalıb, beynəlxalq miqrasiyada davamlı olaraq hər il müsbət saldoya nail olunub. Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən çoxsaylı sosial layihələr reallaşdırılıb, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Son 10 il ərzində görülmüş işlər nəticə etibarilə ölkədə demoqrafik vəziyyətə, əhali sakinliyinə çox böyük təsir göstərərək növbəti siyahıyaalınmanın keçirilməsi üçün əsaslı zəmin yaradıb.

Əldə olunan məlumatlar nə vaxt sistemə işlənəcək?

İlin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən, təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək.

Qeyd olunan proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvarından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.

Siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda, siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb ki, həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Statistika Komitəsindən vətəndaşlara müraciət

Dövlət Statistika Komitəsi siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək, oktyabrın 1-dən etibarən fəaliyyət göstərən "Qaynar xətt mərkəzi"nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir.

"Evdə çətin tapılan şəxslərə məktub" sənədi nə zaman tərtib edilir?

Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev siyayhıyaalma prosesində ən çox rast gəlinən çətinlikdən söz açıb: "Dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcıların vətəndaşların ünvanlarına getməsinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilmirlər. Belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq, əvvəlcədən müəyyənləşdirildiyi kimi, sayıcılar tərəfindən həmin şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub" adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Həmin məktubda ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilir".

Mətbuat katibi əlavə edib ki, bəzi hallarda vətəndaşlar tərəfindən sayıcıya öz vəzifəsini icra etmək üçün lazımi şərait yaradılmır, evdə olmalarına baxmayaraq, qapı açılmır: "Belə hallarda sayıcı tərəfindən həmin vətəndaşlara təkrar müraciət olunur".

Yekun olaraq, qeyd etmək yerinə düşər ki, siyahıyaalma prosesində hər birimizin faydalı əməkdaşlığı Azərbaycanın inkişafı naminə ödəyə biləcəyimiz mənəvi borcla yanaşı, bir vətəndaş kimi yerinə yetirməli olduğumuz öhdəlikdir. Məhz belə əməkdaşlıq nəticəsində toplanan statistik məlumatlar əsasında qurulacaq gələcək həyatımız bizim siyahıyaalmaya olan ciddi münasibətimizdən asılıdır.

Cavid QƏDİR

Yazı Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir

 





20.10.2019    çap et  çap et