525.Az

Gəncədə Nəsimi Günü - Fotolar


 

Gəncədə Nəsimi Günü - <b style="color:red">Fotolar </b>

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə Nəsiminin 650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı tədbir keçirilib.

AYB Gəncə bölməsində, Gəncə şəhər 32 saylı tam orta məktəblə birgə hazırlanan tədbiri giriş sözü ilə açan AYB Gəncə bölməsinin sədri, şair-dramaturq, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova İmadəddin Nəsimi dühasının 650 ildir ki, bəşəriyyəti heyrətdə qoyduğunu söyləyib. Qeyd edib ki, cəmi 48 il ömür sürən görkəmli Azərbaycan şairinin yaradıcılığına baş vuranda onun qeyri-adi zəkasının, dövrünün ictimai siyasi baxışlarına olan fəal münasibət və bu baxışları idrak süzgəcindən keçirərək özü üçün fərqli ideyaların mənbəyini və bu fikirlərin daxili mahiyyətini kəşf etməyə qadir olduğunu sübut edib. Onun  əqidəsi uğrunda dönməzliyi, sufilik ideyalarında hürufiliyə qədər yönəlmiş fikirləri, bununla bərabər əsil müsəlman olduğunu qəzəllərində aydın görmək olar. O, qeyri-adi istedadının pik nöqtəsinə ucalmış, öz zamanından indiyə kimi və bundan sonra da əbədiyyətə çıxmağı bacaran şairdi, mütəffəkirdi, dühadı. Azərbaycan Prezidentinin sərəncamı ilə bu ilin “Nəsimi ili” elan edilməsi xalqımızın məhəbbət və minnətdarlıq sevincinə səbəb olub. X.Hüseynova, həmçinin, vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Gəncəbasar yazarları da qoşulacaq.

Sonra Gəncə şəhər 32 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Zeynəb Abbasovanın rəhbərliyi ilə hazırlanan kompozisiyaya baxılıb. Nəsiminin qəzəlləri məktəblilər tərəfindən rus, ingilis, ərəb dillərində söylənilib.

Əməkdar jurnalist Qərib Mehdi, yazıçı-publisist Nüşabə Əsəd Məmmədli çıxışlarında Nəsimi təfəkküründən doğulan əsərlərinin məna mahiyyətinin hələlik tam açılmadığını bildirərək, Nəsiminin hər misrası üzərində düşünməyin lazım olduğunu vurğulayıblar. Şairlərdən Ramiz Təmkin, Aləmzər Əlizadə, Ofelya Mədətqızı, İmamverdi Məmmədov, Rəhim Qurbani, Oktay Abdulla, Zaur Quliyev, Bayram Göyçəli, Qivami Qazıyev, İlham Musaoğlu, Əlipolad Rzayev, Həsənalı Abbaslı, Minayə Abdullayeva, Zülfiyyə Yaqubqızı Nəsimiyə həsr etdikləri şeirlərini oxuyublar.

Teatrşünas Anar Bürcəliyev 32 saylı məktəb şagirdlərinin kompozisiyasını yüksək dəyərləndirib və ifalarına görə onları təbrik edib. Gəncə şəhər Mərkəzi kitabxananın müdiri Elmira Əliyeva hazırlanan maraqlı tədbirə görə təşkilatçılara və zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib.

Sonuda iştirakçılar Nəsimi dünyasına həsr edilmiş sərgiyə tamaşa ediblər.

ŞAHANƏ

 





21.10.2019    çap et  çap et