525.Az

Rafiq Hacıyev Mahmud Kaşqari adına beynəlxalq mükafata layiq görülüb


 

Rafiq Hacıyev Mahmud Kaşqari adına beynəlxalq mükafata layiq görülüb<b style="color:red"></b>

Mahmud Kaşqari adına Beynəlxalq Fondu ənənəvi olaraq hər il müxtəlif ölkələrdə yaşayan, ümumtürk mədəniyyəti və ədəbiyyatı qarşısında xidmətləri olan məşhur yazarları mükafatlandırır. Bu yaxınlarda Fondun Beynəlxalq Mükafat Komissiyasının qərarı ilə görkəmli Azərbaycan jurnalisti Rafiq Hacıyev laureatlar arasında yer alıb və Mahmud Kaşqari adına Beynəlxalq Mükafatı və "Mahmud Kaşqari - 1000" medalı ilə təltif edilib.

Bu barədə redaksiyamıza Mahmud Kaşqari adına Benəlxalq Fondun Təşkilat Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, türk dünyasında xidmətlərinə görə 2007-ci ildə təsis edilən bu mükafat indiyə kimi bir çox tanınmış simalara verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun 80 illiyinə və prokurorluğun istintaq fəaliyyətinə, qanunçuluğumuzun keşiyində dayanan bu orqan işçilərinin ağır, gərgin, məsuliyyətli əməyinə həsr olunan "İstintaqı peşəkarlar aparır" kriminal bədii-sənədli hekayələr kitabından sonra yazıçı-jurnalist Rafiq Hacıyev bir-birinin ardınca "Yeddi il bağlı qalmış ağır cinayət", "Amansız rəftar və ya od içində yanan gəlin", "Prokurorun qətl günü", "Gecə yarısı ürəyə qəfil sıxılan güllə", "Qatil həmişə cinayət yerinə qayıdır" hekayələrini, "Rəzalətin manifesti" povestini, "Başsız qadının sirri..." və "8-ci Dairəvi küçədə qətl" romanlarını yazıb.  

Vurğulanıb ki, son bir il ərzində yazıçı-jurnalist Rafiq Hacıyevin Azərbaycan musiqi və söz sənətinin istedadlı nümayəndələri haqqında qələmə aldığı və güclü bədii təsir qüvvəsinə malik "Novator" sənədli hekayəsi, "Şəhrizadın... tarzən Ramiz Quliyev nağılı" portret-povesti oxucu auditoriyasının geniş marağına səbəb olub, Xalq şairi Rəsul Rzanın "Rənglər" melodiyasında sözlərin rənginə və rənglərin musiqisinə həsr etdiyi "Mən elə maestroyam ki..." essesi Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb. Rafiq Hacıyevin yüksək poliqrafik keyfiyyətlə yeni çapdan çıxan və ustad tarzən, ürək çalğıçısı Əhsən Dadaşovun həyat və yaradıcılığını yüksək poetik dillə təsvir edən "Əhsən sənə, Əhsən!.." portret-romanı görkəmli jurnalistin öz yaradıcılıq axtarışlarını uğurla davam etdirdiyini göstərir.            

Fonddan bildiriblər ki, bu günlərdə mükafatın təqdimetmə mərasimi keçiriləcək.

 





21.10.2019    çap et  çap et