525.Az

Süveydaya məktublar - (kitabdan parçalar)


 

Süveydaya məktublar - <b style="color:red">(kitabdan parçalar)</b>

6-cı məktub 

Gülümsən, gülşənimsən; günəşimsən sən mənim. 

Üzündəki nurunla, aşiqi pərişan edən baxışınla tayın-bərabərin yox sənin. Hansı küncə qaçsam, qarşımda o gülümsəyən çöhrəni görürəm, rəngarəng qoxunu duyuram.

Bülbülün sənə görə nədən ağlını itirməyi məlumdur, sevgili. Bir dəfə seyrinə çıxan könlün, sonunu düşünmədən hərəkət etməsinin sirri, qarşısıalınmaz cazibəndə gizlənib. Ağuşuna düşənin xilas olmasına imkan yoxdur.

Həyatıma girdikdən sonra özümü tanımaz oldum. Quldurlar kimi könlümü dağlara vurmaq istəsəm də, sənsiz dağların nə önəmi var?

Könül bağımda sən olmadıqdan sonra bahar gəlmiş, təbiət yuxusundan oyanmış nə mənası? Dillər sənin adını söyləyərkən coşur və yoxluğunda heç bir məclisdə qəhqəhələr eşidilmir.

Bu səhər şəfəqlə birlikdə, quşların civiltisi altında, əşyanın görüntüsünə dair bir şeyin fərqinə vardım. Qaranlıqlara qərq olmuş əşyaların ruh halı mənimkiylə eynidir. Onlar da mənim kimi, bütün hüznü qəbul edib, talelərindən razı bir şəkildə gözləyirlər.

Məhz o an, qeyri-ixtiyari "Əgər günəş heç olmazsa, halımız nə olar?" - deyə mızıldandım. Dövranı, saat kimi qurmuş o əzəmətli güc, "əgər bizi qaranlıqda buraxarsa, o gül üzünü bir daha görə bilmərəm", - deyə düşündüm.

Səni tapmadan, sənə qovuşmadan ölmək o qədər də ədalətli bir son deyil, sevgili.

Ağlım və ruhum arasında yaşadığım uyğunsuzluqlar durduqca anlayıram ki, hicranı çəkilməz edən, taleyə qarşı zəifliyimiz deyil. Getdikcə mürəkkəb bir tapmacaya bənzəyən sevgimizin cavabını üsyan edərək tapa bilmərik.

Bizi birləşdirən güc, hər an bizləri izləyir, arzu və xəyallarında həqiqətən səmimi olanların duaları mütləq qəbul ediləcək.

Sadəcə təvəkkül, istəklərimizi əldə etməyimizə yetməyə bilər və bu yolda çalışıb həqiqətən onu qazanmağımız lazımdır.

Tale deyilən vəziyyət həmişə əleyhimizə işləməz, gül üzlüm. Bizi yaradanın ədaləti böyükdür və o, acılar içində dua edən qullarını görür, xüsusilə onun bizləri günəşsiz buraxması ən son ağıla gələndir.

Unutma ki, hamımızın gözlərindəki işıq bir gün sönəcək, mütləq sona çatmadan əvvəl xoşbəxtliyi zərrə qədər də olsun yaşaya bilsəm, bu, mənim üçün kafidir.

Elə bu ruh halı içində o qədər rahatam ki, həsrətim ən yaxın vaxtda bitəcək, dualarım səni tapacaq və gələcəyi aydınladacaq günəş hər an üzümə parlayacaq. 

7-ci məktub 

O səbr ağacında meyvə gec yetişir.

Səbr etmək asan deyil, hələ gözlənilən sevgilidirsə.

Səbirsizliyin mənbəyi, təbiətimizlə bağlı ola bilərmi? Yetkinlik itaətləmi təzahür edir?

Eşqiylə məni alt-üst edən gözəl, bu qədər yaşatdıqların qarşısında hələ də sənə qarşı ziddiyyətli olmağım, eşqin yolunda hələ kamala çatmadığımı göstərir?

İnan ki, Nirvanaya çatmaq sənə çatmaqdan asandı.

Səni ilk dəfə gördüyüm yerdə növbədəyəm, amma sən yoxsan. Gələcəyinə inanıram, amma gözləmək o qədər çətindir ki, bəzən oyaq halda belə, kabuslar görürəm və hüzn yağışları birdən-birə leysan kimi yağmağa başlayır.

Adını belə bilmədiyim sevgili, sən məsumsan. Bu hala düşməyimdə tək günahkar var, o da mənəm. İtirdiyimiz bu günləri geri qaytarmaq kaş ki, mümkün olsaydı.

Bəzən simanı ilk gördüyüm an, sənə dair hisslərimi açıqlamadığım üçün peşmanlıq duyuram. Axmaqlığıma və bəsirətsizliyimə yanıram.

Dayanmadan görüşümüzə aid qurduğum xəyallar yaddaşımda dolaşır. Hər şeyim sən oldun, gecəm də, gündüzüm də...

Hər cür sıxıntıdan azad olmuş bir könlün sərxoşluğunu pozacaq tək şey, həsrətində olduğun, amma gəlməyən sevgilidir. Mənim kimi, sonunu özü hazırlayan başqa biri ola bilərmi?

"Qapı nə qədər böyük olursa olsun, onu açan kiçik bir açardır" - sözündəki incəliyi dərk edə bilməyənlər, qapının böyüklüyünə ilişib qalanlardır. Halbuki açarın adını bilənlər, xoşbəxt sona çatanlardır. Hər qapını açan tək bir açar var, sevgili, onun da adı: Cəsarət.

Sənin yoxluğunu, ancaq Divan şairlərinin beytlərini anlamağa çalışarkən unuduram. Füzuli, Baki, Nefi, Naili... Füzuli - lazımsız, mənasız; Baki - sonsuz; Nefi - faydalı olan; Naili də - çatan deməkdir.

Ən çox da Nailini qısqanıram, ləqəbinin mənasına görə. Görəsən, mən sənə qovuşa biləcəyəmmi? Vüslətin o dözülməz odu bizi də yandıracaqmı?

Özümü şair kimi görməsəm də, mənə yaraşacaq ad yəqin ki, "Nihani" olardı. Gizli sevda çəkdiyimdən və məndəki gizlinləri aşkara çıxaracaq, ruh yoldaşımı tapmadığıma görə.

Nə olursa olsun, gözləyəcəyəm. Su kimi həyatımı bir dəfə tapmışkən, itirməyi gözə ala bilmərəm.

Səni gördüyüm an, cəsarətimi qıran, eşqimi sənə deməkdən qaynaqlanan qorxu deyildi. Alacağım cavaba qarşı içimdə yaşadığım ziddiyyət idi.

Sevgimizin fidanını, səndən icazəsiz böyütməyə başladım, sevgili. Gün keçdikcə böyüyür və gurlaşır, zamanı gəlincə də meyvə verməyə başlayacaq.

Yetişib, amma budağından qoparılmayan hər şey yerə düşür, ziyan olur. Sevgimizin hədər olmasına izin vermə. Yoxluğunla könlümdən yayılan məzəmmətləri eşit və nə qədər gec deyil gəl, ey gözəl. 

8-ci məktub 

Hər gecə peşmanlıq, həm də hər axşamı.

Səni tapmadan keçən hər günün axşamında, yoxluğunla coşan duyğularım hicran dolu o sərt hüzn küləklərinin təsiri ilə həyəcanlanır.

Bu günə qədər eşq yolunda bir çox maneələrdən keçərkən, əksər axşamlarda səni tapmamağın kədəriylə bir ümidsizlik içinə düşürəm. Həsrət qoxan axşamlar qəlbimə iztirab verir.

Artıq musiqinin ağrılarımı azaltmadığını, tiryək kimi keyləşdirən xüsusiyyətini itirdiyini hiss edirəm.

Qəzəllər, qəsidələr və şeirlər səni mənə unutdura bilmir.

Nəyə baxsam, nəylə məşğul olsam, ağlımda yenə sən varsan. Sənin, mənim ruh yoldaşım olduğuna əminliyim gücləndi və sənlə bağlı təzadlarımın yerini tam bir itaətkarlıq aldı.

Sevgili, sənlə bağlı qurduğum və hələlik xəyal olan bu mücərrəd aləmin içində yox olmaqdan qorxuram.

Səni tapa bilməsəm və ikimiz üçün qurduğum bu xarici aləmin içində həbs olub: "tərsliyə düşsəm" - deyə şübhələrə qapılıram.

Bəzən də "nə fərqi var" deyirəm. Eşqinlə həmahəng olduğumdan bəri "Məcnundan nə fərqim qaldı ki?" - deyə öz-özümə söylənirəm.

Çox sıxıldığım vaxtlar özümü evdən kənara, bir sözlə sirdaşım olmağa başlayan küçələrə atıram.

Bəzən qaranlıqdan qorxan uşaqlar kimi zülmətin içindən çıxan varlıqlar və əcinnələr görürəm. Sənin gül üzün ağlıma gəlincə rahatlanır və sükut dolu küçələrdə bağırmaqdan imtina edirəm.

Dərdli bir avara kimi dayanmadan hey gəzirəm, gəzirəm... Sükutun kədəri təlqin etməsiylə məhəbbətini sorğuya çəkirəm. Üfüqlər görünmür, artıq yuxularımda belə, sənə doğru qaçıram.

İctimai həyatla xarici aləm arasındakı tarazlığı yaratmaqda çətinlik çəkirəm və xəyal aləmindən gerçək dünyaya dönmək istəyirəm, çünki dərdin sükutla birləşməsi artıq mənə iztirab verir.

Ötən gün, bir məzarlığın yanından keçərkən, anbaan yaxınlaşdığım sona, daha əvvəl düçar olmuş insanları düşündüm. "Ölmək qədərdə var", amma mənimki yaşayarkən hər gün ölmək deyilmi?

Sənə doğru yol alarkən, gecikməkdən və peşmanlıqlarımın məni sənə qarşı laqeyd buraxmasından qorxuram. Ey sevgili, fırtınaları bitməyən yolumu azmağıma izin vermə. 

9-cu məktub 

Çətin olsa da, fərq etməz, tutaram ulduzu.

Dünən gecə, evimin həyətində oturub, təbiətin rahatlıq verən səsini dinləyərkən gözüm birdən göy üzünə sataşdı və maralım, göydə axan ulduz görəndə ikimiz üçün də bir arzu tutdum.

Səslərim sənə çatmasa da, hansısa şəkildə sevgimdən xəbərdar olduğunu hiss edirəm.

Sənə dair təəssübümü səndən başqa hər kəs bilir və sevgin məni hər an zillətə salsa da, yenə də hər dəfə nəfəs alanda qovuşmağımızı arzulayıram.

Göydəki minlərlə ulduzdan daha parlaqsan mənim üçün. Gün boyu səni tapmaq üçün tutduğum növbə, gecələr də göy üzünə tərəf davam edir.

Yerə enəcəyin anı qaçırmaq istəmirəm. Səni, təntənə ilə qarşılayacaq yalnız mən olmalıyam, sevgimizə dair yazdığım bəstələri sənə oxumalı və viran olmuş könlümün içində hər kəsdən gizlətdiyim gerçək çiçəkləri sənə mən təqdim etməliyəm.

Əzab-əziyyətlərim bir gün bitəcək və qətiyyətim bir gün sona çatacaq, sevgili. Həqiqətin üstünü heç bir sirr örtə bilməz, cövhər harada olursa olsun, dəyərlidir.

Gələcəklə bağlı xəyalımda təsəvvür etdiyim və bir gün azad olacağına inandığım o qədər düşüncələr var ki... Ah bir bilsən, dərhal mənə qaçarsan, amma ilk öncə bu zülmətin üstümüzdən qalxması lazım.

Ayrı-ayrı sonsuz bir rahatlıq bürüyür ürəyimi. Məfkurəmə yaxınlaşdığımı hiss edirəm və alıram qələmi əlimə. Bədahətən elə misralar tökülür ki, kağıza, gözəlliyi və dərinliyi qarşısında bəzən mən belə heyrətlənirəm.

Sevgimizə dair misraların yaddaşımda coşduğunu hiss edirəm. İnsanın təmayülü nədirsə, könlündə nə varsa, ağlı o istiqamətdə çalışırmış, sevgili.

Eşq dəryasında, mənim istiqamətim də, idarə edənim də sənsən. Aqibətim nə olursa olsun, mənə verdiyin ilhamla səni və sevgimi izah etməyə davam edəcəyəm.

İntizarım, ancaq və ancaq səni tapanda sona yetər. Yolunda bəzən bədbin olsam da, bu ruh halı müvəqqətidir.

Çətinliklər bəzən məni hədəfimdən uzaqlaşdırsa da, zülfündən yayılan qoxu rəhbərim olur.

Ey dilbərim, yağışın yağdığı günlər mənim də ağladığımı, gecələr göy üzündə səni axtardığımı və hər doğulan günə yeni bir ümidlə başladığımı bil.

Xülasə, sənlə bağlı duyğularım həmişəkindən güclüdür, arxayın ol... 

10-cu məktub 

Yuxumda belə, sanki canımı ağzımdan çıxaracaq kimisən.               

Yuxuların həqiqətən bir dili varmı?

Süleyman dili dedikləri şey işarələrin şərhindəmi gizli?

Öz-özünə danışan insan, cüzi iradəsinə rəğmən, iç dünyasına aid nələri həll etməyə qadir ola bilər? Təbiəti və kainatı öyrənməyə yarayan elm, görəsən, sevgimə dair məlum olmayanların nə qədərini işıqlandıra bilər?

Yaşanılanların, eşidilənlərin və öyrənilənlərin müqayisəsi nəticəsində təcrübə özünü göstərirmi? Cavabların yerləşdiyi nöqtədə yeni sualların yaranması şüuraltının aydınlanması ilə bağlıdırmı?

Sevgili, dünən gecə gördüyüm yuxudur bu mühakimənin səbəbi. Yatmadan əvvəl düşündüklərimizin, yuxularımızda ortaya çıxması, cavabını tapa bilmədiyimiz sualların öncədən gələn açıqlamasıdırmı?

Zahid görünüşlü, qəlbə rahatlıq verən, nurani bir adam gördüm yuxumda. "Sualların cavabsız qalmayacaq, öyrənmək istədiyin nədirsə soruş, həqiqəti sənə göstərməyə çalışacağam" - dedi.

Həyəcanımı sakitləşdirdikdən sonra sanki bilinməyən bir gücün təsirilə danışdırıldım və "Yağış nə vaxt yağacaq?" - deyə soruşdum.

Fəzilət sahibi, sufi görünüşlü qoca, "Yağış onsuz da davamlı yağır, övladım, sən görə bilmirsən" deyincə, hafizəm işıqlanmağa başladı.

"Bu yolda mənə nəsihət verə bilərsənmi? Adını belə bilmədiyim sevgilini tapa biləcəyəmmi?" - deyincə, - "Adını bilirsən, amma ona dair kəşfini tamamlamağın lazımdır, qəlbinə bax övlad" - dedi.

"Qəlbindəki nöqtələrin mənasını tap, yaşamaq istədiklərinə aid xəyal gücünü mühakimə et, həlli yolu səndə gizlidir. Eşq, murada çatdıqdan sonra sevgilinin yoxluğu da, varlığı da birdir".

Mənim, "amma, amma..." deməyimi gözləmədən, sözlərinə davam etdi.

"Söz bir vasitədir, hal isə arzudur. Pərvanə olacaqsan, axtaracaqsan və ona çatmağa mane olanları bir-bir aşacaqsan, səbirli ol və qəlbini tanı. Məcnuna bənzəmək asan, amma onun kimi olmaq çətindir" - söylədikdən sonra "indi damla olub, başqa könüllərə yağmağım lazımdır" - deyib, yavaş-yavaş uzaqlaşdı.

"Yağış nə vaxt yağacaq?" - deyə soruşmağımın, mənası nədir, sevgili?

Daha da maraqlısı, bu yuxudan, pəncərəmə vuran yağış damlalarının tıqqıltısına oyandım. Sənə və sevginə dair suallarıma cavab tapdım, amma mənasını anlaya bilmirəm.

Yaşadıqlarıma dair məyusluğumun mənə bir şey verməyəcəyini çoxdan öyrəndim, fəqət sənin üstündəki füsunkar örtüyü qaldırmağa gücüm yetəcəkmi?

Qəlbimin səsi, sənin çox yaxında olduğunu, məni kölgəm kimi təqib etdiyini deyir və hər gecənin səhərində başa düşürəm ki, sənə gedən yolun açarı qəlbimdə gizlidir.

Yuxularımda belə, yoluma çıxan gözəl, üzünü görmək istəyirəm və adını axtarıram, sənin üçün hazırladığım dünyama gəlişini səbirsizliklə gözləyirəm.

 





21.10.2019    çap et  çap et