525.Az

Bakı təhsili: uğurlar və hədəflər


 

RƏŞAD TAĞIYEV: "YENİ TƏDRİS İLİNDƏ MƏKTƏBLƏRDƏ SAĞLAM VƏ YARADICI MÜHİTİN MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN SİSTEMLİ İŞİN APARILMASI ƏSAS GÖTÜRÜLƏCƏK"

Bakı təhsili: <b style="color:red">uğurlar və hədəflər</b>

Təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf və təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi dövrü kimi xarakterizə olunur.

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda başlıca amil hesab edilən keyfiyyət məsələləri Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci tədris ilində elan olunan "Ümumi təhsildə keyfiyyət ili" ilə bağlı əmrində prioritet kimi qəbul olunub, 2018-2019-cu tədris ilində də müvafiq istiqamətlərin əsas götürülməsi məqsədəmüvafiq hesab edilib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan sonra islahatlara, ilk növbədə, Bakı məktəblərindən başlanılması, sınaqdan keçən layihələrin əhatə dairəsinin tədricən genişləndirilərək respublika miqyasında tətbiq olunması ölkə üzrə pedaqoji kadr potensialının mühüm bir hissəsinin Bakı şəhərində cəmlənməsi və ümumi təhsil müəssisələri şagirdlərinin təxminən 27 faizinin paytaxt məktəblərini əhatə etməsi ilə bağlıdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyir ki, məhz bu baxımdan strateji istiqamət və hədəflərə çatmaqda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, paytaxt təhsil işçilərinin qarşısında daha böyük vəzifələr durur. Ötən illərdə olduğu kimi, 2018-2019-cu tədris ili də keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla əlamətdardır. 

Bakıda 165 məktəb inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülüb 

İdarə müdiri bildirib ki, ötən il IX sinif şagirdlərinin ana dili, riyaziyyat və xarici dil fənnindən ümumi təhsil səviyyəsi üzrə bilik və bacarıqlarını müəyyənləşdirmək məqsədilə Bakının bütün məktəblərinə qiymətləndirmə materialları göndərilib. Qiymətləndirmə nəticəsində qeyri-kafi qiymət alan şagirdlər üçün əlavə məşğələlər təşkil edilib: "Layihəyə cəlb edilən məktəblərdə isə əlavə olaraq daha bir qiymətləndirmə keçirilib. Nəticədə 165 məktəb inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülüb və həmin məktəblərin 102-də (61,8 faizində) nəticələr keçən illə müqayisədə artıb".

Əlavə dəstək göstərilən məktəblər daha çox Suraxanı, Sabunçu, Xəzər, Pirallahı və Qaradağ rayonlarının ümumtəhsil məktəbləridir: "Sevindirici haldır ki, qeyd olunan hər bir rayon üzrə orta bal göstəricisi ötən tədris ilinə nisbətdə yüksəlib. 2018-2019-cu dərs ilində idarənin tabeliyindəki ümumi təhsil məktəblərini XI siniflər üzrə - 19 842 nəfər, XII siniflər üzrə isə 655 nəfər bitirib".

R.Tağıyev vurğulayıb ki, XI sinif buraxılış imtahanların nəticələrinə əsasən ötən dərs ili ilə müqayisədə 2018-2019-cu tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayında azalma müşahidə olunub: "XI siniflərdə tədris dili üzrə 28 nəfər şagird 100 bal toplayıb. Riyaziyyat fənni üzrə mütləq nəticəni 47 nəfər, Xarici dil üzrə isə 276 nəfər əldə edib. Tədris dili üzrə 80-dən yuxarı bal toplayan şagirdlərin sayı 2 298 nəfərdir. Eyni göstəricilər riyaziyyat fənni üzrə 1 175 nəfərdə, xarici dildə isə 3 250 nəfərdir. 577 nəfər hər üç fənn üzrə 80 baldan yuxarı toplayıb".

İbtidai sinif səviyyəsi üzrə inklüziv təhsilə cəlb olunan uşaqların sayı 64 nəfərə çatdırılıb

R.Tağıyevin dediyinə görə, 2019-2020-ci tədris ilində Bakı şəhərində 4 məktəbin (138, 202, 220, 252) nəzdində ibtidai sinif səviyyəsi üzrə inklüziv təhsilə cəlb olunan uşaqların sayı 64 nəfərə çatdırılıb.

Bu il fərdi təhsillə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ümumilikdə, 23 nəfər müraciət edib: "Müraciətlərdən 20-si müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilə cəlb edilməsi, 2-si yaşayış yerlərini dəyişdiyinə görə, 1-i isə fərdi təhsil sinifindən ümumi təhsil sinfinə keçirilmə ilə əlaqədardır. Hazırda müvafiq qaydalara uyğun olaraq fərdi təhsil üzrə 16 nəfər 1-ci sinfə cəlb olunub". 

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin fəaliyyəti monitorinq olunacaq 

R.Tağıyevin sözlərinə görə, ölkə üzrə pedaqoji kadr potensialının mühüm bir hissəsinin Bakı şəhərində cəmlənməsi ümumi təhsil müəssisələri şagirdlərinin təxminən 27 faizinin paytaxt məktəblərini əhatə etməsi ilə bağlıdır. 2019-2020-ci tədris ilində isə paytaxtdakı 268 ümumi təhsil müəssisəsi üzrə 977 məktəbəhazırlıq qrupuna 26 189 uşaq cəlb olunub: "Qarşıdakı müddətdə ümumi təhsil məktəbində məktəbəhazırlıq qruplarında tədris aparan müəllimlərin fəaliyyətinin monitorinqini və müvafiq nəticələrin qiymətləndirilməsini təşkil etməyi əsas məqsəd kimi düşünürük".

Birinci sinfə qəbul üçün elektron qeydiyyat şagird sıxlığı ilə əlaqədar problemləri vaxtında müəyyənləşdirib prosesin düzgün və səmərəli idarəolunmasını təmin etməyə, şagird kontingentinin uçot sistemini təkmilləşdirməyə, şagird yerlərinin və ya pedaqoji kadrların çatışmazlığı ilə bağlı problemləri vaxtında aşkar edərək qabaqlayıcı tədbirlər görməyə imkan verir.

O əlavə edib ki, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul, ilk növbədə, prioritetlər (valideynin mikroərazidə daimi qeydiyyatı, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır və bu proses sistem tərəfindən tənzimlənir: "Ümumilikdə, paytaxt məktəblərinin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna ərazi prinsipi tətbiq olunmur. 2019-2020-ci dərs ilində ümumilikdə paytaxt üzrə 48 763, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfinə isə 46 293 uşaq qəbul edilib.

I sinfə şagird qəbulu zamanı şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirilən uşaqların sayı ilbəil artmaqdadır. Belə ki,  2015-2016-cı tədris ilində şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçənlər 5 faiz, 2016-2017-ci tədris ilində 48 faiz, 2017-2018-ci tədris ilində 67 faiz, 2018-2019-cu tədris ilində 89 faiz təşkil edirdisə, 2019-2020-ci dərs ilində isə bu göstərici 90 faizə yüksəlib". 

10 məktəb direktoru işdən çıxarılıb 

Onun sözlərinə əsasən, yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə əmək müqaviləsinə xitam verilib. 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən vəzifədə olmanın son yaş hədinə çatmış 27 direktorla müqavilənin müddəti cari tədris ilinin sonunadək uzadılıb.

BŞTİ müdiri qeyd edib ki, Təhsil Nazirliyindən daxil olmuş müvafiq əmrlərə əsasən, 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 29 məktəbə direktor vəzifəsinə yeni təyinat olub. O əlavə edib ki, həmin müddətdə 13 məktəb direktorunun iş yeri dəyişdirilib: "111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. 4 direktorla bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib".

R.Tağıyev vurğulayıb ki, idarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib. 

IX siniflər üzrə buraxılış imtahanlarının nəticələri 

R.Tağiyev bildirib ki, son illər məktəblərin keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri əsas götürülür. DİM tərəfindən təşkil olunan buraxılış imtahanlarında şagirdlərin Tədris dili üzrə orta bal göstəricisi 52,62 bal, Riyaziyyat fənni üzrə 42,76 bal və Xarici dil üzrə isə 38,38 bal olub. Son 3 ilin orta bal göstəriciləri demək olar ki, çox yaxın rəqəmlərdir. Orta bal göstəricisindən yüksək bal toplayanlar Tədris dili üzrə 13 810 nəfər, Riyaziyyat üzrə 13 005 nəfər, Xarici dil üzrə 11 414 nəfərdir. 26 məktəbin son 3 ildə hər iki fənn üzrə orta bal göstəriciləri davamlı olaraq artıb. 3 527 nəfər şagirdin Tədris dili üzrə göstəricisi 80 baldan yuxarıdır. Riyaziyyat fənni üzrə bu göstəricilərə malik şagirdlərin sayı 2 184 nəfər, Xarici dil üzrə isə 1 801 nəfərdir. 221 məktəbi təmsil edən 840 şagird hər 3 fəndən 80 baldan yuxarı toplayıb. IX sinif şagirdlərinin ana dili, riyaziyyat və xarici dil fənnindən ümumi təhsil səviyyəsi üzrə bilik və bacarıqlarını müəyyənləşdirmək məqsədilə Bakının bütün məktəblərinə qiymətləndirmə materialları göndərilmişdir. Hər bir məktəbin özü tərəfindən tədris ili ərzində iki dəfə vahid material əsasında keçirilən qiymətləndirmə prosesi məktəblərə şagirdlərin problemlərini vaxtında aşkar edib müvafiq tədbirlər görmək imkanı verir. Belə ki, qiymətləndirmə nəticəsində qeyri-kafi qiymət alan şagirdlər üçün əlavə məşğələlər təşkil edilib. Layihəyə cəlb edilən məktəblərdə isə əlavə olaraq daha bir qiymətləndirmə keçirilib: "2018-2019-cu dərs ilində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərini XI siniflər üzrə - 19 842 nəfər, XII siniflər üzrə isə 655 nəfər bitirib. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olub. Nəticələr sevindiricidir. XI sinif buraxılış imtahanların nəticələrinə əsasən ötən dərs ili ilə müqayisədə 2018-2019-cu tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayında azalma müşahidə olunub.

XI siniflərdə tədris dili üzrə 28 nəfər şagird 100 bal toplayıb. Riyaziyyat fənni üzrə mütləq nəticəni 47 nəfər, Xarici dil üzrə isə 276 nəfər əldə edib. Tədris dili üzrə 80 baldan yuxarı toplayan şagirdlərin sayı 2 298 nəfərdir. Eyni göstəricilər riyazziyyat fənni üzrə 1 175 nəfərdə, xarici dildə isə 3 250 nəfərdir. 577 nəfər hər üç fənn üzrə 80 baldan yuxarı toplayıb". 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gələcək hədəfləri  

R.Tağıyev vurğulayıb ki, yeni dərs ilində tədrisin təşkili və məktəblərin ümumi fəaliyyəti baxımından səmərəliliyin artırılması, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli işin aparılması və digər bu kimi mühüm istiqamətlər əsas götürüləcək.

Həmçinin, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer veriləcək.

BŞTİ müdiri deyir ki, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılacaq.

O əlavə edib ki, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında siniflər üzrə mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərlə müqayisəli təhlili aparılıb, təhlil məktəblərə göndərilərək müvafiq təkliflər verilib.

"Monitorinqin nəticələrinə müvafiq olaraq, müəyyən məktəblərin Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) materialları toplanıb, təhlil olunub. Məktəblərə qiymətləndirmə materiallarında proqrama uyğun olaraq bütün standartları əhatə edən sualların salınması tapşırılıb. Cari tədris ilində KSQ və BSQ-ləri uyğun hesab edilən məktəblərin nümunələri digər məktəblərə göndərilərək təcrübə mübadiləsi təşkil ediləcək. Bu da öz növbəsində qiymətləndirmədə inkişafa ehtiyacı olan məktəblər üçün faydalı olacaq. Məktəb seminarlarında nəticələrin müzakirəsi aparılıb və konkret hədəflərin müəyyənləşdirilməsi üçün istiqamətlər müəyyən olunub. Məktəblərə özünüqiymətləndirmə ilə bağlı təkliflər verilib".

S.QARAYEVA

 





21.10.2019    çap et  çap et