525.Az

Türk Şurası real güc mənbəyi kimi


 

TÜRKDİLLİ DÖVLƏTLƏR ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAFI AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR

Türk Şurası real güc mənbəyi kimi<b style="color:red"></b>

Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü iştirakçı dövlətlərin sayı, müzakirə edilən məsələlər baxımından daha böyük maraq kəsb edib.
 
"Naxçıvan Bəyannaməsi"nin 10 illiyinə həsr edilən toplantıya Özbəkistanda tam hüquqlu üzv kimi qatılıb. Artıq bu zirvə görüşləri dünya dövlətləri tərəfindən də maraqla qarşılanır. Macarıstan qurumda müşahidəçi statusu alıb. Koreya da quruma marağını ifadə edib. Görünən odur ki, Türk Şurası yaxın gələcəkdə daha da güclənərək, dünya birliyində vacib yer tutacaq.

Şuranın iclasında çıxış edən Prezident İlham Əliyev bəyan edib ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura üzv ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir.

Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir.

Prezident İlham Əliyev Zirvə Görüşündə daha bir vacib məsələyə də diqqət çəkib. Bildirib ki, müsəlmanlar üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında dövlətlərin ərazi bütövlüyünə dəstək davamlı olaraq təsbit edilir.

Türk Şurasının Bakı Zirvəsi barədə danışan siyasi ekspert, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Azərbaycanda keçirilməsinin özü tarixi əlamətdar hadisədir. Onun sözlərinə görə, türkdilli dövlətlərin inteqrasiyasında Azərbaycan mühüm rol oynayır: "Bu inteqrasiyanın, türk dövlətlərinin əməkdaşlıqlarının dərinləşdirilməsində, Azərbaycanın çox geniş imkanları və potensialı var. Türkdilli ölkələrin təşkilatlanmasının mühüm bir mərhələsi Naxçıvanla bağlıdır. Belə ki, Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının əsası ilk dəfə Naxçıvanda qoyulub və bunun Naxçıvanda qoyulmasının özü, Prezident İlham Əliyevin sözləri ilə desək, "simvolik" hadisədir. Vaxtı ilə Sovet rəhbərliyində olan erməni ünsürlərinin təsiri nəticəsində Zəngəzurun Azərbaycandan alınıb Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşsə də, bu gün türk dövlətlərinin inteqrasiya prosesinin Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatının məhz Naxçıvanda keçirilməsi, əvvəlki kimi türk dünyası ilə Azərbaycanın birləşdirilməsi prosesində, Naxçıvanın önəmli rolunu bir daha ortaya qoydu".

Həmçinin, A.Quliyev qeyd edib ki, Türk Şurasının əsasının Naxçıvanda qoyulması ilə türk dünyasının bütövləşmə prosesinin də əsası qoyuldu: "Bu nöqteyi-nəzərdən Azərbaycan türkdilli dövlətlərin inteqrasiya prosesində çox önəmli rol oynayır. Bu gün də Azərbaycanın imkanları hesabına Mərkəzi Asiyanın Türk dövlətləri ilə Türkiyə arasında əlaqələrin mühüm hissəsi məhz Azərbaycan vasitəsi ilə gerçəkləşir. Bu gün Azərbaycanın enerji, nəqliyyat və tranzit imkanları, Türk dövlətlərinin inteqrasiya prosesində böyük rol oynayır. Zirvə görüşünün Azərbaycanda keçirilməsi, ölkəmizin önəminini sübut edir. Bir daha Azərbaycanın sabit və təhlükəsiz ölkə olduğu dünyaya nümayiş olundu və bir daha dünya şahid oldu ki, türk dövlətlərinin inteqrasiya prossesində Azərbaycan çox böyük qüvvədir".

Baş redaktor onu da vurğulayıb ki, Zirvə görüşündə dünyaya inteqrasiya ilə bağlı maraqlı mesajlar və xüsusilə Dağlıq Qarabağ problemi ilə bağlı çox mühüm bəyanatlar verildi: "Türkdilli ölkələr Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini birmənalı olaraq bir daha bəyan etdilər. Ermənistanın təcavüzkar ölkə olduğu barədə bir daha mesajlar verildi. Türk dövlətlərinin həm də müsəlman ölkə olaraq bu Zirvədən bütün İslam dünyasına maraqlı mesajlar verildi ki, Ermənistanın İslam dövlətləri ilə əlaqə qurmaq səylərinin qarşısı alınmalıdır və Ermənistana bu nöqteyi-nəzərdən heç bir ümid verilməməlidir".

Siyasi şərhçi Arzu Nağıyev isə deyib ki, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir. Bu sammit gələcək əməkdaşlıq üçün çox əhəmiyyətli perspektivlər açır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasının 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulduğunu deyən siyasi şərhçi söyləyib ki, bu saziş ilk olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanıb.

Onun sözlərinə görə, təşkilat tək Asiya qitəsi ilə yekunlaşmır: "Artıq Macarıstanın da təşkilatda müşahidəçi status alması təşkilatın Avropa sərhədlərinə qədər uzanması deməkdir. Azərbaycanın Türk Şurasına sədrliyi dövründə bir sıra məsələlərdə, həm sosial, həm iqtisadi, həm də mədəni məsələlərdə xalqlar arasında mühüm əməkdaşlıq olub, eyni zamanda, mühüm görüşlər keçirilib. Bütün bu proseslərdə iştirak etmək türk dövlətləri üçün müəyyən dividendlər gətirir".

A.Nağıyev Bakıda keçirilən zirvə görüşündə Türk Şurasının fəxri sədri elan edilən Nursultan Nazarbayevin fikirlərini xatırladaraq vurğulayıb ki, Nazarbayev çıxışında türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazım olduğunu dilə gətirib: "Bu, artıq milli kimlik məsələsinin daha üst səviyyəyə qalxdığını göstərir".

PƏRVANƏ

 





21.10.2019    çap et  çap et