525.Az

Səfir: "Türkiyə Suriyadakı münaqişənin siyasi dialoq vasitəsilə həllini dəstəkləyir"


 

Səfir: "Türkiyə Suriyadakı münaqişənin siyasi dialoq vasitəsilə həllini dəstəkləyir"<b style="color:red"></b>

"Türkiyə Suriyadakı münaqişənin siyasi dialoq vasitəsilə həllini dəstəkləyib və dəstəkləyir".

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, Türkiyə Suriya ilə sərhəddə terror təhdidi ilə üzləşib. "Biz hər zaman bəyan etmişik ki, Türkiyənin təhlükəsizliyinə təhdid yaradacaq istənilən hərəkat və ya terror təşkilatı ilə mübarizə aparmaqda qərarlıyıq".

E.Özoralın dediyinə görə, Türkiyə terrordan əziyyət çəkən ölkələr arasında ilk yerlərdədir:  "Bu günə kim 40 minə yaxın vətəndaşımız terrorun qurbanı olub. Biz terrorla mübarizədə qərarlıyıq. Trilyon dollarlarla vəsaiti terrorla mübarizəyə xərcləmişik. Türkiyə bundan sonra da öz təhlükəsizliyini qorumaq üçün terrorla mübarizəyə davam edəcək. "Fırat qalxanı" və "Zeytun dalı" əməliyyatlarında olduğu kimu "Barış pınarı" əməliyyatında də məqsədimizə çatacağıq", - deyə səfir vurğulayıb.

Terrorçu qruplaşmaların məqsədinin dövlət qurmaq olduğunu qeyd edən səfir terror dövlətinin təkcə Suriyanın suverenliyi və ərazi bütövlüyü üçün deyil, həm də Türkiyə və region üçün təhlükə mənbəyi olacağını diqqətə çatdırıb.

E.Özoral ABŞ-la razılaşmadan sonra Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatın 120 saatlıq dayandırıldığını və bu müddətin sabah bitəcəyini xatırladıb: "Bu müddət ərzində terrorçular 32 km geri çəkilməlidirlər. Əgər bu müddət bitdikdən sonra irəliləyiş olmazsa, "Barış pınarı" əməliyyatı yenidən davam edəcək. Bununla bağlı beynəlxalq təşkilatlar və ölkələr məlumatlandırılıb. Biz bu əməliyyatda yalnız terrorçulara qarşıyıq", - deyə o əlavə edib.

Səfir bildirib ki, əməliyyat zamanı sivil vətəndaşların minimum zərər görməsi üçün bütün addımlar atılır. E.Özoral beynəlxalq mediada Türkiyə əleyhinə qara təbliğatın aparıldığını, saxta görüntülərdən istifadə olunduğunu qeyd edib:

"Türkiyə Silahlı Qüvvələrinin əlində heç bir kimyəvi silah yoxdur".

Diplomat qeyd edib ki, sabah Soçidə Türkiyə və Rusiya prezidentləri araında baş tutacaq görüşdə Suriyadakı vəziyyət də müzakirə olunacaq.

 





21.10.2019    çap et  çap et