525.Az

İnteraktiv açıq dərsdə Ərtoğrol Cavidin yaradıcılığı barədə ətraflı məlumat verilib


 

İnteraktiv açıq dərsdə Ərtoğrol Cavidin yaradıcılığı barədə ətraflı məlumat verilib<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova dərsdə “Ərtoğrol Cavid: həyatı və irsi” mövzusunda məruzə ilə çıxış edib.

O, XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi, dahi dramaturq Hüseyn Cavidin ailəsində dünyaya göz açan Ərtoğrol Cavidin həyat yolu, onun zəngin və parlaq yaradıcılıq fəaliyyəti barədə şagirdlərə məlumat verib.

Bildirib ki, bu gün Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi tamam olur. Ərtoğrol Cavid 22 oktyabr 1919-cu ildə Bakıda anadan olub. O, ilk təhsilini 1926-27-ci illərdə nümunəvi məktəbdə alıb, 1936-cı ildə isə 8-ci Şura məktəbini bitirib. Tədrisdə qazandığı uğurlara görə ona Maksim Qorkinin və A.Çexovun kitabları hədiyyə edilib.

Tədqiqatçı alim qeyd edib ki, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavid 1936-37-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsinə qəbul olub və o, burada Mir Cəlal, Əli Sultanlı, Əkbər Ağayev, Əbdüləzəl Dəmirçizadədən təhsil alıb. Müəllimi akademik Məmməd Cəfər Cəfərov Ərtoğrolun tənəffüslərdə də həmişə sinif otağında olduğunu, qarşısında nadir kitablar, əlində qələm nəsə oxuduğunu, düşündüyünü söyləyib.

Ərtoğrol Cavidin 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olduğunu deyən Aygün Orucova ədibin dahi bəstəkar Üzeyir bəy Hacıbəyovdan dərs aldığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan opera müğənnisi, Azərbaycan peşəkar vokal sənətinin banisi, Xalq artisti Bülbül tərəfindən konservatoriyada xalq musiqisinin tədqiqatı ilə məşğul olan Musiqini Elmi Tədqiqat Kabinəsinin üzvü kimi o, elmi işçi vəzifəsində böyük həvəslə çalışıb. Ölməz müğənnimiz Bülbül ilə birlikdə Azərbaycanın bir sıra rayonlarına folklor ekspedisiyalarında iştirak edib, toplama materiallarına ciddi və məsuliyyətlə yanaşıb.

Dərsdə, həmçinin Ərtoğrol Cavidin apardığı elmi tədqiqatlar və fundamental araşdırmalardan da bəhs olunub. Qeyd olunub ki, Hüseyn Cavidin Bakı şəhərindəki Ev Muzeyində saxlanan həmin materiallar əsasında 2011-ci ildən başlayaraq 13 cildlik “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlandırılan toplu nəşr olunub. “Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid” adlanan I cilddə Qarabağ, Quba, Gəncə, Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masallı bölgələrindən 1939-40-cı illərdə toplanmış toy və yas adətlərinə aid etnoqrafik materiallar, eləcə də el mahnıları, deyimləri əksini tapıb. Bütün bu materiallar haqqında Ərtoğrol Cavidin yığcam, dərin məzmunlu elmi rəyləri də onlarla birgə çap olunub. Bundan başqa, “Azərbaycan klassik musiqi mətnləri və Ərtoğrol Cavid”, “Azərbaycan dastanları və Ərtoğrol Cavid”, “Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid” mövzusunda Azərbaycan aşıqlarının, xüsusən də Molla Cuma və Miskinli Vəlinin əsərləri toplanılıb və həmin materiallarda Ərtoğrol Cavid, Hümmət Əlizadə tərəfindən yazılmış elmi rəylər yer alıb.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Ərtoğrol Cavid müharibə mövzusunda “Marş” əsərini yazıb. M. Dilbazinin “Layla”, N.Rəfibəylinin “Eşq olsun” şeirlərinə musiqi bəstələyib. O, xalq mahnılarını, el havalarını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb. Ərtoğrol Cavidin ilk böyük əsəri fortepiano üçün yazılmış və Üzeyir Hacıbəyova ithaf olunmuş “Doqquz Variasiya”dır. O, skripka ilə fortepiano üçün poema, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə olaydım” və başqa şeirlərə romans və mahnılar bəstələyib. Vurğulanıb ki, Ərtoğrol Cavid bir sıra məşhur Azərbaycan xalq mahnılarını-“Dağlarda çiçək”, “Uca dağlar”, “Sona bülbüllər”, “Ceyran bala” və digərlərini nota salıb, Avropa və rus bəstəkarlarının romans və mahnılarını Azərbaycan dilinə tərcümə edib.

Bildirilib ki, Ərtoğrol Cavidin şəxsi arxivi Bakıda AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılır və nümayiş olunur. Çoxcəhətli yaradıcılıq yolu keçən Ərtoğrol Cavid, eyni zamanda rəssamlığın müxtəlif janrlarına da müraciət edərək özündən sonra yaddaqalan sənət nümunələri qoyub. Hüseyn Cavidin Naxçıvandakı ev muzeyində onun 14 adda rəsm əsərinin surəti vardır ki, bunlardan “Ağlayan uşaq”, “Skripkaçı”, “Qızılgül”, “Bethoven”, “Şekspir”, “Gürcü kino aktrisası Nata Vaçnadze”, “Antik heykəl”, “Qız portreti”, “Mələklər”, “Atlı” və sairləri diqqəti cəlb edir.

Qeyd olunub ki, Ərtoğrol Cavid qısa ömür sürsə də, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb. O, yaradıcılıq axtarışlarına şair kimi başlayıb və qələmini nəsr, dramaturgiya və poeziya sahəsində də sınayıb, “Eqoistin taleyi” adlı bir pyes yazıb. Ərtoğrol Cavidin məlum olan ilk qələm təcrübəsi 1927-ci ildə səkkiz yaşında ikən yazdığı “Bizim bağ” adlı mənzum parçadır. Ədibin müxtəlif vaxtlarda qələmə aldığı “Bahar”, “Borjom”, “Gövərçinin naləsi”, “Sönük həyat”, “Dalğa”, “Ay”, “Qalibiyyət nəğməsi”, “İspan qadının dilindən layla”, “Sənsən”, “Layla” və digər şeirləri onun poeziyaya marağının təsadüfi olmadığını göstərir.

Açıq dərs ümumilikdə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

 





22.10.2019    çap et  çap et