525.Az

Avropada mitinqlər necə dağıdılır


 

ÖZ GÖZÜNDƏ TİRİ GÖRMƏYƏNLƏRƏ VƏ AVROPADAN MƏDƏD UMANLARA XATIRLATMA

Avropada mitinqlər necə dağıdılır<b style="color:red"></b>

Azərbaycandakı mövcud sabitlik, ölkəmizin davamlı inkişafı, həyata keçirilən uğurlu islahatlar bəzi dairələr tərəfindən narahatlıqla qarşılamaqdadır. 

Ölkə daxilində və xaricdə mövcud olan belə dairələr Azərbaycanın inkişafını, onun qüdrətlənməsini, ən əsası isə mövcud sabitliyi heç cür həzm edə bilmirlər. Onların istəyi ölkədə gərginlik, vətəndaş qarşıdurması yaratmaq, xalq-iqtidar, xalq-prezident birliyini sarsıtmaqdır. İndiyə kimi bu pis niyyətə yönəlmiş cəhdlər edilib. Lakin həmin qüvvələr indiyə kimi öz qara niyyətlərinə nail olmayıblar. Çünki xalqdan dəstək almayıblar. Və 19 oktyabrda onların növbəti belə çirkin addımları da məhz xalqdan dəstək almadıqları üçün iflasa uğradı.  Baxmayaraq ki, "Milli Şura" deyilən qurumun mitinq keçirməklə bağlı müraciətinə Bakı şəhər İcra hakimiyyəti tərəfindən müsbət cavab verildi, onlara yer ayrıldı, amma daim qarşıdurma, gərginlik tərəfdarı olan Əli Kərimli bu dəfə də öz "amalına" sadiq qaldı. O, insanları açıq şəkildə qarşıdurmaya sövq etdi. Ayrılmış ərazidən imtina edərək şəhərin mərkəzində, insanların sıx olduğu ərazidə, vətəndaşların istirahət hüququnu pozaraq ölkədə gərginlik yaratmağa, polisi qarşıdurmaya çəkməyə cəhd etdi. Kərimli və onun ətrafındakı radikallar növbəti şou ilə beynəlxalq təşkilatların, Qərbin, Avropanın diqqətini cəlb etməklə, daha böyük divident əldə etməyə çalışdılar.  

Hüquq mühafizə orqanlarının, polisin peşəkar, prinsipial və qanun çərçivəsində fəaliyyət göstərməsinə qarşı isə Əli Kərimli və digər antimilli şəxslər əks və saxta "arqumentlər" gətirməyə çalışaraq, polisin üzərinə kölgə salmağa cəhd göstərdilər. Hətta onlar digər ölkələrdə, o cümlədən, Avropanın aparıcı dövlətlərində aksiyaların qarşısının alınması zamanı çəkilən şəkilləri yayıb, guya bunun Bakıda baş verdiyini deməkdən nə utandılar, nə çəkindilər.

Bir daha isə bu əməlləri ilə özləri sübut etmiş oldular ki, antiazərbaycan təbliğatı üçün istənilən addımı atmağa hazırdırlar. Görünən budur ki, bu məkrli, radikal qrup Azərbaycanın siyasi arenasında qaldıqca, xaricdəki antiazərbaycan dairələr onlardan istifadə edərək həmişə ölkəmizdə sabitlliyi pozmağa cəhd göstərəcək.

Yeri gəlmişkən, Avropadan "mədəd" uman, Avropa görsün deyə "şou" quran bu radikallar  o ölkələrdə mitinqçilərə qarşı polis tərəfindən tətbiq edilən şiddət nümunələrini yada salsalar, yaxşı olar. Əgər unudublarsa, qısa xatırlatma edək.

Dünya demokratiyasının beşiyi olan Avropada da polisin aksiya, mitinq iştirakçılarına qarşı bundan daha sərt reaksiya göstərdiyinin dəfələrlə şahidi olmuşuq. Fransada ötən il baş verən və uzun müddət davam edən "Sarı jiletlilər" aksiyasında polisin nümayiş etdirdiyi sərtlik hətta bütün dünyanı heyrətə salmışdı.

"Avronyus"un Fransa redaksiyasının jurnalisti Valeri Qoria fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir.

Qeyd edək ki, Fransada 2018-ci ilin noyabrında başlayan "Sarı jiletlilər"in aksiyası nəticəsində 30 nəfər əlindən və gözündən məhrum oldu, daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

"Avronyus"un digər jurnalisti Sandrin Amielin sözlərinə görə, aksiyalar vaxtı fransız polisi etirazçıların onlara hücum etmələrindən şikayət edirdilər. Aksiyalar zamanı çoxlu sayda polis əməkdaşı yaralanmışdı. Yəni polis adekvat reaksiya verdiyini açıqlamışdı.

Yaxud da yaxın tarixdə Belçikada, İspaniyada, ABŞ-ın özündə, Böyük Britaniyada aksiyaların polis tərəfindən necə dağıdılması "nümunələri"nin yada salınması kifayət edir.

Ona görə də ölkəmizlə bağlı bəyanat verən həm Avropa İttifaqı, həm ABŞ öz daxillərində vəziyyətə baxsalar, daha yaxşı olar. Digər ölkələrin daxili işlərinə qarışmağa isə onların haqqı yoxdur.

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı bildirib ki, Avropadakı qurumlar, beynəlxalq təşkilatlar bizi təəccübləndirməkdə davam edir.  Onun sözlərinə görə, qanunsuz aksiya zamanı saxlanılanlar olmuşdu, amma onların əksəriyyəti xəbərdarlıq edilərək buraxıldılar və özü də dərhal buraxıldılar ki, onların uzun müddət saxlanmasından söhbət belə gedə bilməz:  "Digər bir tərəfdən də belə bir reaksiyanın verilməsi həqiqətən də o qurumun özünün ciddiliyini şübhə altına alır. Çünki bunlar gözlərinin önündə Barselonada, Katoloniyada baş verənlərin fonunda Bakıdakı hadisələri ümumiyyətlə görməməli idilər. Bakıda elə bir hadisə baş verməmişdi ki, o, beynəlxalq ictimaiyyətin diqqətini çəksin. Sadəcə bir qrup şəxs Əli Kərimlinin başçılığı altında qanunsuz aksiya keçirməyə cəhd eləmişdi ki, Azərbaycan polisi də çox nəzakətli və təmkinli bir şəkildə bunun qarşısını almışdı və təbii ki, dirəniş göstərənləri də müvəqqəti olaraq, qısa müddətli saxlamışdılar və sonra da onları buraxmışdılar. Yəni burda hansısa dəhşətli hadisədən, qanun pozuntusundan söhbət belə gedə bilməz. Amma təəssüflər olsun ki, beynəlxalq qurumlar bir qayda olaraq yenə də öz gözlərində tiri görmür, Azərbaycanın gözündə çöp axtarırlar. Yəni bu, bunların şakəridir. Təbii ki, onların məqsədi heç də orada guya saxlanılmış, guya zorakılığa məruz qalmış aksiyaçının hüquqlarının müdafiəsi deyil. Onların məqsədi sadəcə Azərbaycanı gözükölgəli görməkdir və təbii ki, bu cür bəyanatlar və bu cür yanaşmalar da ondan qaynaqlanır. Amma bütün bunlar Azərbaycanı bir dövlət olaraq öz haqlı mövqeyindən geri çəkən deyil".

Millət vəkili Sahib Alıyev isə deyib ki, Avropa ölkələrində mitinq və digər aksiyaların keçirilməsinə bir halda izn verilir ki, sənaye obyektlərinin, inzibatı binaların yaxınlığında və yaşayış massivlərinin içində olmasın, onun təşkilatçıları ictimai asayişin pozulmayacağı, heç kimə və heç nəyə zərər yetirilməməsi haqda öhdəlik götürsünlər. Əks təqdirdə aksiyalara izn verilimir, cəhd olduqda dəyənək, su şırnağı, gözyaşardıcı qaz və rezin güllələrin köməyilə çox amansızlıqla qarşısı alınır. Deputatın sözlərinə görə, ştatlar üzrə fərqlənsə də, bütövlükdə götürdükdə kütləvi aksiyaların keçirilməsi ilə bağlı qanunvericilik ABŞ-da Avropadan daha sərtdir: "Bunun üçün yanğınsöndürmə xidməti, nəqliyyatdan sorumlu qurumlar və polisin yazılı razılığı olmadan bələdiyyəyə gedib mitinq izni ala bilməzsən. Bu razılıqlar olduqda belə, bələdiyyə istəsə, ən çeşidli səbəblər gətirərək aksiyaların keçirilməsini rədd edir. İzinsiz aksiyalar isə Avropadakından da daha amansızlıqla dağıdılmaqla yanaşı, üstəlik, iğtişaş kimi təsbit edilərək ora qatılanara həbs cəzaları da kəsilir".

Deputat Avropada aksiyaların necə dağıdılmasına da toxunub: "Fransada və İspaniyada mitinqə çıxanlarla polisin necə davrandığını son günlər özünüz görürsünüz. Söhbət İspaniyadan gedirsə, vurğulayım ki, bu cür davranış sadəcə separatçılara qarşı tətbiq edilmir. Xatırlayıram, 2012-ci ildə İspaniyanın rüşvətxorluqda suçlandırlan keçmiş Baş nazirinin istefası tələbiylə aksiya keçiriləndə də polis eyni davranışı göstərmiş, onlara qarşı gözyaşardıcı qaz, su şırnağı, rezin güllələr və təbii ki dəyənəkdən istifadə etmişdi. Amerika Bİrləşmiş Ştatlarında 2011-ci ildə Ulolt Stritdə, 2014-cü ildə Ferqüssonda polisin Milli Qvardiya ilə birgə aksiyaçılara necə divan tutduqlarını yəqin xatırlayanlar olar. O sıradan cəmisi üç il bundan öncə Donald Trampın istefası tələbiylə keçirilən aksiyaların necə dağıdıldığını da. Eyni amansız davranış demokratikliyinə kimsənin şübhə etmədiyi digər ölkələrin də təcrübəsində var. Onlar aksiyaçıların üzərinə at və it yeritməkdən də çəkinmirlər. Sonuncu dəfə belə bir olay iki ay yarım bundan öncə Londonda baş verdi. Məhkəmənin gedişindən iznsiz reportaj hazırladığına görə həbsə atılan jurnalist Tommi Robsonun tərəfdarlarının keçirdikləri etiraz aksiyası atlı polis alayının köməyilə dağıdıldı. Onlarla adam tutulub saxlandı. Yəni burada demokratik sayılan ölkələrin təcrübəsindən yüzlərlə bu cür misallar gətirmək olar. Ona görə də irad bildirənlər nəsə deməmişdən yaxşı olar ki, o təcrübələri də yada salsınlar. Və bir də oturub düşünsünlər ki, bu Əli Kərimli və Milli Şuradakılar Prezident İlham Əliyevin yanında keçirilən, cəmiyyətdə böyük, eyni zamanda da çox müsbət reaksiya doğruan müşavirədən sonra qanunsuz mitinq təşkil etməkdə nə məqsəd güdürdülər. Cənab İlham Əliyev aparılan islahatların dərinləşəcəyinin, şəffaflığın artacağının, korrupsiya və rüşvətxorluğunun kökünün kəsilməsi üçün daha təsirli addımlar atılacağının və bunu gələn il hər bir vətəndaşın öz dolanışığında hiss edəcəyinin anonsunu verir, islahatları tormozlamağa çalışan məmurlarla yollarının ayrılacağını deyirdi. Qanunsuz mitinq keçirməyə cəhd edənlərin istəkləri nədir? Atılan və atılacaq bu addımlar onları narahat edir, yoxsa rüşvətxor məmurların tutduqları vəzifələrdən uzaqlaşdırılması?"

AZAD

 





23.10.2019    çap et  çap et