525.Az

Kadrların yenilənməsi günün tələbidir


 

Kadrların yenilənməsi günün tələbidir<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Əli Həsənovu və Hacıbala Abutalıbovu Baş nazirin müavinləri vəzifəsindən azad edilməklə bağlı verdikləri ərizələrlə əlaqədar qəbul edib.

Ölkə başçısı görüşdə deyib ki, onların bu addımı iqtidardakı digər məmurlara yaxşı örnəkdir. Prezident uzun müddət dövlətdə müxtəlif vəzifələrdə çalışmış, Ulu öndər Heydər Əliyevin yaxın silahdaşı olmuş hər iki şəxsin xidmətlərini xüsusi vurğulayıb.

Ölkə rəhbəri deyib ki, bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi.  O vaxt Ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü:  "Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atmışlar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu qarşılayım. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını - Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır... Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu".

Dövlət başçısı görüş zamanı hər iki şəxsin gənc kadrlara yer vermək üçün çox yaxşı nümunə göstərdiyini də xüsusi vurğulayıb: "Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır".

Mövzu ilə bağlı danışan YAP-çı deputat Musa Quliyev deyib ki, kadrların yenilənməsi günün tələbidir: "Kimin istefa ərizəsi yazmasından asılı olmayaraq son qərarı Prezidet İlham Əliyev verir. Ümumiyyətlə, ölkədə kadr siyasətinin başında cənab Prezident dayanır. Kadrların yenilənməsi günün tələbidir. Gənc, kreativ düşüncəli, müasir, savadı və təcrübəsi olan gənclərimizin irəli çəkilməsi həmişə önəmli məsələ olub. İndi də bu proses davam edir. Amma bu heç də o demək deyil ki, bütün pensiya yaşında olan insanların hamısı işdən getməlidir. Prezident harada lazım bilirsə, orada yenilənmə gedəcək və bununla bağlı qərarlar qəbul olunacaq. Digər tərəfdən, gedənlərin yerinə ancaq gənclər gəlməlidir? Təcrübəli adamlar da bizə lazımdır. Uzun müddət siyasətdə olan, Heydər Əliyev, İlham Əliyev siyasətini dəstəkləyən insanlar var. Onları indi başqa vəzifələrdə işlətmək olar. Bu, normal prosesdir. Prezident də ötən gün bir daha vurğuladı ki, bu proses davam edəcək. Yeni kadrlar təşəbbüslərlə çıxış etməli, islahatlara dəstək olmalı, öz töhfələrini verməlidirlər. Azərbaycan inkişaf edir və yeni dövrün tələblərinə uyğun yeni kadrlar gəlməlidirlər".

M.Quliyev hesab edir ki, kadrlar yalnız gənclərdən ibarət ola bilməz: "Həmin kadrın mütləq təcrübəsi olmalıdır. Xaricdə universiteti bitirib gəlmiş birini böyük bir vəzifənin başına qoymaq olmaz. Çünki həmin kadr siyasi arenada olmalı, müəyyən idarəçilik təcrübəsinə yiyələnməlidir. Ən azı bir neçə pillədə rəhbər vəzifələrdə olmalıdır ki, ona böyük vəzifələr həvalə oluna bilsin. Bəzi gənclərimiz düşünə bilər ki, universiteti bitirmişəm və mənə mütləq böyük vəzifələr verilməldir. Həyat onu sübut edir ki, bütün pillələri keçmək lazımdır. Hesab edirəm ki, gənc və təcrübəli kadrlar daha böyük uğurlar gətirə bilər".

Deputat əlavə edib ki, cənab Prezidentə kimlər lazımdırsa, onlarla işləyəcək. Kimləri dəyişmək lazımdırsa, onları dəyişəcək: “Hər kəs desin ki, pensiya yaşındayam və istefa verirəm. Bu, doğru deyil. Çünki ona vəzifə tapşırılıbsa, o vəzifəni yerinə yetirməlidir. Yox, əgər hiss edirsə ki, etimadı doğrulda bilmir, templə ayaqlaşa bilmir, o zaman istefa ərizəsi ilə müraciət edə bilər. Bu gün kimsə pensiya yaşındadır, amma işinin öhdəsindən gəlir və o enerjini özündə hiss edirsə, yaşa görə demək olmaz ki, mütləq getməlisən. Bunun tərəfdarı deyiləm".

PƏRVANƏ

 





23.10.2019    çap et  çap et