525.Az

Milli Məclisdə 19 oktyabr müzakirələri - Mövqe


 

Milli Məclisdə 19 oktyabr müzakirələri - <b style="color:red">Mövqe </b>

Milli Məclisin (MM) dünən növbəti plenar iclası keçirilib. İclas cari məsələlərin müzakirəsi ilə öz işinə start verib.

Müzakirələr Milli Şuranın oktyabrın 19-da keçirməyə cəhd göstərdiyi razılaşdırılmamış aksiyaya həsr olunub. Çıxış edən millət vəkili Siyavuş Novruzov həmin gün xaricdən idarə olan müxalif qüvvələrin ölkədə qanunları pozmağa və gərginlik yaratmağa cəhd göstərdiyini bildirib. O qeyd edib ki, həmin hadisə araşdırılmalı, günahkarlar tapılıb, cəzalandırılmalı, o cümlədən, parlament məlum hadisəyə öz münasibətini bildirməlidir: "Amma artıq dövr o dövr deyil. Azərbaycan əvvəlki Azərbaycan deyil. Zaman o zaman deyil, şəxsiyyət o şəxsiyyət deyil. Bu gün ölkə Prezidentinin siyasi iradəsi ortadıdır. Prezident İlham Əliyev qətiyyətli siyasət aparır, Azərbaycanın maraqlarını beynəlxalq tribunalarda yüksək səviyyədə qoruyur. Bu isə onları əndişələndirir. Azərbaycanın dindarlarından alət kimi istifadə etdiklərini bildirirlər, bunu ağalarına deyirlər. Prezident, Birinci vitse-prezident məscid tikdirir, bəs bunlar nə edir? Ona görə də hər kəs bunların qeyri-qanuni fəaliyyətinə münasibət bildirməlidir. Özü də təkcə millət vəkilləri yox, yaradıcı şəxslər, təşkilatlar da münasibətlərini ortaya qoymalıdır. Prezident tərəfindən onlara hər cür şərait yaradılıb. Onlar də dəstəklərini ortaya qoymalıdır". Parlamentdə qəbul edilmiş qanunların sosial şəbəkələrin fəaliyyətinə mane olduğunu deyənləri yalançılıqda günahlandıran S.Novruzov qeyd edib ki, kim istəyir, yazısını sosial şəbəkəyə yerləşdirir: "Xaricdə oturub Azərbaycanın əleyhinə çıxanlara qarşı mübarizə aparaq, yoxsa burada belə fəaliyyət göstərənlərə? Ona görə də hər bir kəs öz fikrində, rəyində oturduğu stola hörmət etməlidir. Xalq səlahiyyət verib ki, onun maraqlarını təmsil edəsən. Xalq artisti deyilik ki, "İnstagram"da və digər yerlərdə özümüzü reklam edək.  Milli Məclisin fəaliyyəti seçicilərin maraqlarını, dövlətçiliyi qorumaqdır, özünü yox. Milli Məclisin marağı spikerin, komitə sədrlərinin deyil, hamının marağıdır. Biri belələrinə münasibət bildirmir, deyir ki, onların səviyyəsinə düşməyəcək. Alimsən, alim səviyyəsində, yazıçısan, yazıçı səviyyəsində cavab ver. Həmkarlarımdan da xahiş edirəm ki, öz fikirlərini ölçülü-biçili bildirsinlər. Azərbaycanda internet, mətbuat azaddır, söz, fikir azadlığı var. Qanundan kənar heç kim bir addım belə ata bilməz".

Millət vəkili Fərəc Quliyev Milli Şuranın xaricdən maliyyələşdirildiyini, dövlətçiliyə qarşı bir layihə olduğunu, ölkəmizə qarşı casusluq fəaliyyətinin iştitakçısına çevrildiyini deyib. Qeyd edib ki, onlara aksiya üçün nəinki yer verilməli, əksinə, onların fəaliyyəti araşdırılmalı və haqlarında ciddi tədbirlər görülməlidir.

Millət vəkili İlham Məmmədov da Milli Şura adlanan radikal qüvvənin addımlarını pisləyib və bunların qəbuledilən olmadığını söyləyib. İ.Məmmədov qeyd edib ki, həmin qüvvələr, sadəcə, öz "ağaları"nın tapşırıqlarını icra edirlər.

Millət vəkili, professor, BDU-nun professoru Kamilə Əliyeva Milli Şura ətrafında birləşən radikal qüvvələrin kənar dairələrdən maliyyələşdirildiyini və onların bir çoxunun dəbdəbəli həyat sürdüyünü söyləyib. Bildirib ki, onları Azərbaycan xalqı və dövləti, onun maraq və mənafeləri maraqlandırmır.

Millət vəkillərindən Elman Nəsirovla Eldar İbrahimov öz növbəsində son aksiyanı pisləyiblər. Bildiriblər ki, belə aksiyalarla həmin qüvvələr heç nəyə nail ola bilməyəcəklər, əksinə, bir daha özlərini ifşa etmiş olacaqlar.

Millət vəkili Səməd Seyidov Milli Şuranı destruktiv qüvvə adlandırıb və onları destruktiv, pozuculuq fəaliyyətində ittiham edib. Eyni zamanda bildirib ki, bu cür qüvvələr Azərbaycanın beynəlxalq nüfuzuna, beynəlxalq aləmlə, xüsusilə, ABŞ-la əlaqələrinə və əməkdaşlığına zərbə vura, xələl gətirə bilməyəcəklər: "Bu, qətiyyən mümkün deyil, mümkün olmayacaq".

Vitse-spiker Bahar Muradova çıxışında deyib ki, Azərbaycan dövləti özünü təsdiq edib. Bunu şübhə altına alan hər bir müzakirədən kənar durmalıyıq: "Oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arxasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Qanundan kənar, qanuna zidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özü çox şey deyir. Məqsəd Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq idi". B.Muradova qeyd edib ki, onların məqsədlərinə çatmaq üçün heç bir imkanı yoxdur: "Onlardan bunu hansısa kütlə, təbəqə gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bugünkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur. Mən hesab edirəm ki, bu baxımdan bu adamlara da bir təşəkkür düşür. Həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundan kənar hərəkətlər nəyə gətirib çıxara bilər. Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biləcəyini göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman oluduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda, Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycanın, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezident, Prezident-xalq birliyi, vətəndaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özün göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır".

MM sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışında AXCP sədri Əli Kərimlini və parlamentlə bağlı mətbuatda tənqidi fikirlər söyləyən millət vəkili Fazil Mustafanı hədəf alıb. O, Ə.Kərimlini həm keçmiş lideri-mərhum Əbülfəz Elçibəyə, həm də Azərbaycan dövlətinə xəyanətdə ittiham edib. Eyni zamanda, F.Mustafanın MM-lə bağlı fikirlərini sərt tənqid edib: "Fazil Mustafa, parlament selfi çəkmək yeri deyil. Əgər selfi çəkə də bilmirsənsə, bu, parlamentin problemi deyil, sənin problemindir..."

Kamil HƏMZƏOĞLU

 





23.10.2019    çap et  çap et