525.Az

AzTU-da əməkhaqları artırıldı


 

AzTU-da əməkhaqları artırıldı<b style="color:red"></b>

Dünən Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının  növbədənkənar iclası keçirilib.

İclasda universitet həyatı üçün vacib məsələlər müzakirə edilib və mühüm qərarlar qəbul edilib.

İclası açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev  Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu sosial siyasətdən  danışıb,  davamlı olaraq həyata keçirilən bu siyasətin ölkəmizin inkişafında  prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektorun sözlərinə əsasən, Texniki Universitetin  əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədilə sentyabr ayının 1-dən əməkhaqları ortalama 12 faiz artırılır.

Professor V.Vəliyev qeyd edib ki, əməkhaqlarının artırılması Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli müvafiq qərarına uyğun olaraq gerçəkləşir. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 30 faiz artırılıb.

Gündəlikdə duran digər məsələ - "Əməkhaqqının differensasiyası ilə bağlı tədbirlərin görülməsi haqqında" məlumat verən rektor qeyd edib ki, Differensial Əməkhaqqı Sisteminin tətbiqi  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun həyata keçiriləcək. Əməkhaqlarının differensasiyasında məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə sağlam rəqabət mühitini gücləndirməkdir. V.Vəliyev vurğulayıb ki, AzTU Differensial Əməkhaqqı Sisteminin tətbiqində öz modelini yaratmaq niyyətindədir.

Elmi Şura əməkhaqlarının differensasiyası sisteminin işləmə mexanizmi üzrə komissiyanın formalaşdırılması üçün İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

 





23.10.2019    çap et  çap et