525.Az

1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - Araşdırma


 

VƏ YA HACI MƏHƏMMƏD QURDUN AĞZINI NECƏ BAĞLATDIRDI

1926-27-ci illərin "Molla Nəsrəddin" jurnalında Naxçıvan - <b style="color:red">Araşdırma </b>

Hüseyn Ələkbər oğlu Əsgərov 1955-ci il dekabr ayının 13-də Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra bir il "Şərq qapısı"qəzetində, 23 il Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsində işləyib.
 
Həmin müddətdə 4 il "Xalq qəzeti"nin Naxçıvan MR üzrə müxbiri olub. 2001-ci ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir.

Qəzet və jurnallarda mütəmadi olaraq publisistik yazıları dərc olunur."Araz", "Yeni səslər" almanaxları,  "Heraklın 13-cü qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə" (2014-cü il), "Naxçıvan səhiyyəsi inkişaf və tərəqqi yollarında" (2015-ci il), "Gülüşlərin cingildəsin saz kimi" (2017-ci il), "Biz necə mütaliə edirik" (2017-ci il) adlı kitabları  oxuculara təqdim edilib. H.Əsgərovun milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı haqqında əhatəli tədqiqatını oxucularımıza təqdim edirik.

Bu il Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri Vasif Talıbov isə Cəlil Məmmədquluzadənin 150 illiyinin  muxtar respublikada qeyd edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib. Məqsəd  öz zəmanəsinə güzgü tutmağı bacaran, Azərbaycan ədəbiyyatında satiranı dünya səviyyəsinə qaldıran Mirzə Cəlil yaradıcılığının davamlı olaraq  tədqiqi və təbliğidir.

Jurnalı vərəqlədikcə ilk növbədə onun əhatə dairəsinin  genişliyi diqqət çəkir. "Molla Nəsrəddin"in satira aeroplanı haralardan keçməyib? Kəlkəttə, İstanbul, Qroznı, Krasnovodsk, Kislovodsk, Orenburq, Aşqabad, Tehran və digər şəhərlərdə onun  "desantları" jurnalla mütəmadi əlaqə saxlayırdılar. Azərbaycanda isə demək olar ki, hər bir regionda müxbir məntəqələri fəaliyyət göstərirdi. Naxçıvan ölkəsi də onlardan biri, bəlkə də birincisi idi. 

... O zaman bu yerlərdə jurnalın yüzlərlə oxucusu Molla əmini sevir, jurnalın hər nömrəsini intizarla gözləyirdilər. Lakin bununla belə, "Molla Nəsrəddin"i sevməyənlər də vardı.  Jurnalın 1927-ci ildə çıxan  34-cü nömrəsində replikada qeyd olunduğu kimi, çünki onlar "Molla Nəsrəddin"i  oxuyub lənət altında qalmaq istəmirdilər.

"Molla Nəsrəddin" jurnalında Naxçıvan mövzusu  barədə "Darmayed meydanının behişt kandidatları" adlı publisistik yazımda müəyyən qeydlərim var. Həmin yazı kitabın sonrakı səhifələrində yer alır. Amma Azərbaycan Milli  Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu  tərəfindən jurnalın yeni nəşrinin 8-ci cildini gözdən keçirəndə, Naxçıvan  mövzusunun müasir oxuculara hələ bələd olmayan onlarla nümunələrinə rast gəldim. Bu cildi vərəqlədikcə,  yazı və şəkil, karikaturalarla tanış olduqca, əsl mahiyyətinə vardıqca o dövr insanının, ziyalısının düşüncəsinə, hadisələrə yanaşma tərzinə, ifadə şəklinə heyrətlənməmək mümkün deyil. Yeni nəşri vərəqləyərkən "Molla Nəsrəddin"in bir əsrdən də çox zaman sonra yenidən "bizi deyib gəldiyi" fikrinə qapıldım. Bu mənada jurnalı "Azərbaycan milli-mənəvi düşüncəsinin öndəri" adlandırmaq fikrimcə, ona verilən ən layiqili qiymətlərdən biri olardı.

Oxucuların diqqətinə təqdim edilən 8-ci cildə 1926-cı ilin 11-52-ci, 1927-ci ilin 1-38-ci sayları olmaqla cəmi 80 nömrə salınmışdır. Bolşevik hakimiyyətinin ilk onilliklərində çox kəskin və radikal şəkildə qoyulan "amansız sinfi mübarizə"nin getdiyi illər idi bu illər. Jurnalın bu mübarizədən kənarda dayanması zamanın tələbinə görə mümkünsüz olsa da, o, sinfi mənsubiyyətdən daha çox, insani mənsubiyyətə diqqət ayırır, kapitalist və qolçomaqların ifşası ilə yanaşı, kommunist və komsomolçuların da bostanına daş atırdı.

"Molla Nəsrəddin"in Naxçıvan müxbirləri jurnalın sınaqlardan çıxmış mütərəqqi ənənələrini yeni dövrdə də davam etdirirdilər. Yenə də bədii ifadənin məzmun poetikasının inikası üçün janr qıtlığı yox idi. Onlar  məzmunu teleqram, xəbər, elan, məktub, sual-cavab, lüğət, elmi xülasə, poçt qutusu, tapmaca, bilməcə, hesab məsəli kimi müxtəlif ədəbi, publisistik formalarda təqdim edirdilər. Əvvəlki kimi, yenə də bu yazılarda satirik gülüş hakim idi. Amma bu gülüşün hədəfləri də, mahiyyəti də, ruhu da əsaslı şəkildə dəyişmişdi. O vaxtadək köhnə dünyaya qarşı yönələn satira indi yeni həyat quruculuğunun səmimi, ardıcıl, fəal köməkçisi idi. O vaxt köhnə dünyanın dağılmasına kömək göstərən gülüş indi yeni dünyanın qurulmasına, möhkəmlənməsinə xidmət edirdi.

"Molla Nəsrəddin"in Naxçıvandan və bölgələrindən yazan "Vahid", "Mığ-mığ", "Yetim", "Təyyarə", "Xəstə", "Avara", "Məyus", "Məza", "Xox", "Heyf", "Bacıoğlu"  və digər ləqəbli imza sahiblərinin həqiqi kimliyinin aşkarlanmasında tədqiqatçılar bir sıra çətinliklərlə üzləşirlər. Şübhəsiz, yeni nəsillər üçün böyük əhəmiyyət kəsb edən o fədakar şəxslərin dəqiqləşməsi, onların ictimaiyyətə tanıdılması çox önəmlidir. Çünki bu insanlar ölkənin ən zor anlarında öz mübariz fəaliyyətləri ilə bir məktəb, bir örnək, bir ideal yarada bilmişlər.

Onların mövzu dairəsi olduqca genişdir. İdarəetmədə süründürməçilik, dövlət malını mənimsəmə, icra orqanlarında rüşvətxorluq, rabitə, təhsil, səhiyyə, mədəniyyət sistemindəki gerilik, hələ kökü kəsilməmiş, tərəqqiyə mane olan köhnəlik qalıqları, bir sözlə, cəmiyyətdəki kəsir və nöqsanlar "Molla Nəsrəddin"in Naxçıvan müxbirlərinin tənqid hədəfləri idi.

Kənddə uzundurmaçılıq, şəhərdə süründürməçilik 

Mirzə Cəlil "Cümhuriyyət" və "Vətəndaşlara" adlı yazılarında cümhuriyyət qəhrəmanlarını alqışlayır və oxucularını bu cümhuriyyətin möhkəmlənməsi uğrunda mübarizəyə səsləyərək yazırdı: "Biz borcluyuq var qüvvəmizi o yolda işlədək ki, məmləkətimiz sakit və səlamət olsun. Gərək biz müsəlmanlar da hamıya bildirək və göstərək ki, bizə qaradovoy lazım deyil. Gərək biz elə rəftar edək ki, qeyri millətlər içində xəcalət çəkməyək".

Mirzə Cəlilin bu çağırışı bir ziyalı, bir vətəndaş çağırışı idi. Bu çağırış öz xalqını azad və inkişaf etmiş millətlər cərgəsində görmək istəyindən yaranmışdı. Lakin bu istəyin reallaşması enişli-yoxuşlu yollardan keçirdi. Xüsusən idarəetmə orqanları tərəfindən Mirzə Cəlilin  təbirincə desək "kənddə uzundurma", "şəhərdə süründürməçilik"lər, bürokratik idarə sistemi, dövlət malının mənimsənilməsi, xurafat və fanatizm halları ölkənin hər yerində olduğu kimi, Naxçıvandan da yan keçmirdi.

Jurnalın 1927-ci il 15-ci nömrəsində Mirzə Cəlilin "Molla Nəsrəddin" imzalı baş məqaləsi elə belə də adlanırdı: "Uzandırma".

Baş məqalədə süründürməçiliyin hamıya məlum olduğu bildirilir. "Uzandırma" isə təzə istilahdır və kəndlilərə məxsusdur. Jurnalın Naxçıvandakı "ən xüsusi" müxbiri  Əyyar  idarə müdirlərindən yeni ildə görəcəkləri iş barədə  müsahibə alır. Jurnalın 1927-ci il 5 fevral tarixli 6-cı nömrəsində verilən "Yeni il münasibətilə" adlı müsahibədə torpaq komissarlığından bildirirlər ki, ölkədə su məsələsi kəskin və əhəmiyyətli olduğundan bu işə artıq diqqət yetirəcəklər. Salvartı gölü hadisəsi bir daha təkrar olunmayacaqdır. "Ən xüsusi" müxbir burada hadisə ilə bağlı izahat verir. Belə ki, keçən il Salvartı gölünün təmiratına 8 min rublə xərc edilsə də, sonra gölə su doldurulduqda təmir olunan divarları davam gətirməyib uçmuşdur. Buna görə oraya xərclənən paralar boşa çıxaraq gölün suyuna ümid bağlayan kəndlilərin də ümidini puça çıxarmışdır. Yeni ildə bu məsələyə bir də baxılacaqdır.

Maarif Komissarlığından söyləyirlər ki, yeni ildən müəllimlərin maaşları vaxtında veriləcək və hər məktəb üçün buraxılan paralar öz yerlərinə sərf olunacaqdır. Müəllimlər arasında münaqişələr ortadan qaldırılacaqdır.

Duzlaq idarəsində eksklüziv müsahibədə vurğulanıb ki, təzə ildə fəhlələrə indiki kimi edilən fəna rəftarlar ortadan götürüləcəkdir. Mədən müdirlərinin piyaniskalıq ilə deyil, iş və istehsalatı artırmaq işinə diqqət yetiriləcəkdir. Duz mədənlərini təftiş etmək məqsədilə tez-tez Bakıdan Naxçıvana gəlib çoxlu paralar alan müfəttişlərin sayı ixtisar olunacaqdır. Ümumiyyətlə, izafi xərclərin əskilməsinə böyük ümid vardır.

Səhiyyə Komissarlığından isə belə məlumat verirlər ki, təzə ildən səhiyyə idarələrinə təbiblər dostluq nöqteyi-nəzərincə deyil, bilikləri və təcrübələri ölçüsü ilə təyin olunacaqlar. Səhiyyə maarifi işi ayıq doktora həvalə ediləcəkdir.

Müxbir sonda növbəti nömrə üçün kommunxoz, elektrik, sərbəst ticarət, yaylaq səyahəti  və bu kimi müsahibələr də alacağını bildirir.

"İdarə" imzalı yazıda (1927,№25) Naxçıvanda rabitənin bərbad vəziyyəti belə bir sonluqla bitir ki, Allah xeyir eləsin, telefon işləri bu tövr getsə bütün dairələr telefonlaşacaqdır.

33-cü nömrədə "Yazan deyiləm" adlı müxbir Şərur poçt idarəsinin müdirindən yazmayacağını bildirir. Baxmayaraq ki, müdir poçt xidmətçiləri ilə yaxşı rəftar etmir. Saat üçdən idarəni bağlayıb vağzala obedə gedir. Müxbir deyir ki, bunları yazsam, müdir onu padsud verər. Çünki belə halların şahididir. Məsələn, o gün poçt xidmətçilərindən birini "Şərq qapısı"nda tənqid eləmişdilər. O da müxbiri məhkəməyə verib. Göz gördüyündən qorxar. Odur ki, belə halları yazan deyiləm (Amma göründüyü kimi, müdirin enini qoyub uzununa ağlayıb).

Jurnalın 15 yanvar 1927-ci il tarixli 3-cü nömrəsində "Təyyarə" ləqəbli müxbir satira təyyarəsini Naxçıvan Ədliyyə Komissarlığına yendirir və  Azərbaycan Ədliyyə Komissarlığı tərəfindən Naxçıvan Ədliyyə Komissarlığına ayrılmış 500 manatın taleyi ilə maraqlanır. Hansı ki, bu vəsait ədliyyə işçiləri hazırlamaq üçün azmüddətli kursların təşkilinə sərf olunmaliydı. Müxbir araşdırmasından məlum olur ki, Naxçıvan komissarı kursun açılmasını artıq bilib və məzkur məbləği özü götürüb xərcləyib. Üstəlik, komissarlıq üçün alınan mebel, yəni sandalya, miz, şkaf və bu kimi şeyləri evinə aparıb. Səbəbi də budur ki, komissar evdə də hökumət işi gördüyündən həmin işlər hökumət stolu üzərində ifa edilməlidir.

"Təyyarə" yazır: "Eh... nə deyim. Naxçıvan başıbəlalı olduğundan buranın işçilərinin də başları bəladan xilas olmayır. Yazıq işçilər! Məzlum işçilər...Molla əmi, Sən imanın sən bunlara yardım et. Mənim bunlara yazığım gəlir".

Bu dumanlı mühitdə isə nə desən əmələ gələr. Azərbaycanın 7 illik şuralaşması günü-aprelin 28-də "Mülhid-tənbəl"in jurnalda çap olunan satirasında olduğu   kimi:

Qumar ki oldu şəhərdə,
Çoxlu xuliqan əmələ gələr.
Pişik ki yatdı tövlədə
Bollu siçan əmələ gələr.
... Adam odur rağib ola,
İşrətə çox talib ola,
Gər meşə bisahib ola,
Onda qaban əmələ gələr.

(Ardı var)

Hüseyn ƏSGƏROV 

 





24.10.2019    çap et  çap et