525.Az

“Pakistanlıların qəlbində Azərbaycan xalqına və dövlətinə qarşı böyük məhəbbət yaranıb”


 

“Pakistanlıların qəlbində Azərbaycan xalqına və dövlətinə qarşı böyük məhəbbət yaranıb”<b style="color:red"></b>

AZƏRBAYCANIN PAKİSTAN İSLAM RESPUBLİKASINDAKI SƏFİRİ DAŞQIN ŞİKAROV: “FÖVQƏLADƏ VƏZİYYƏT YARANDIQDA SƏFİRLİYİN QEYDİYYATDAN KEÇMƏMİŞ AZƏRBAYCANLILARLA ƏLAQƏ SAXLAMASINDA ÇƏTİNLİKLƏR YARANIR” 

Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarovun “525-ci qəzet”ə müsahibəsi.

 

- Azərbaycanla Pakistan arasında siyasi münasibətlər həmişə yüksək səviyyədə olub. Bəs, hazırda bu əlaqələr hansı durumdadır?

- Azərbaycan- Pakistan münasibətləri təkcə siyasi deyil, eyni zamanda həyatın demək olar ki bütün istiqamətlərində uğurla inkişaf etməkdədir. Siyasi münasibətlərə gəldikdə isə, son illər ərzində bu istiqamətdə böyük canlanma müşahidə olmaqdadır. Ölkələrimizin bir-birlərinin mövqeyini siyasi arenada tam dəstəkləməsi, müxtəlif qurumlar arasında sıx əlaqələrin mövcudluğu, qarşılıqlı səfərlər və bu kimi digər məqamlar bu əlaqələri gücləndirən amillərdəndir.

- Hazırda Pakistanda nə qədər azərbaycanlının yaşaması haqda səfirlikdə dəqiq məlumat varmı? Onların hamısı diplomatik missiyamızda qeydiyyatdan keçibmi?

- Hal-hazırda Pakistanda 200 nəfərə yaxın azərbaycanlı yaşayır ki, bunlar əsasən Pakistan vətəndaşları ilə ailə qurmuş Azərbaycan xanımlarıdır. Onların bəziləri səfirlikdə qeydiyyatdan keçiblər. Əfsuslar olsun ki bəzi obyektiv və subyektiv səbəblərdən vətəndaşlarımızın böyük bir hissəsi qeydiyyatdan keçməyib. Onu da deməliyəm ki, fövqəladə vəziyyət yarandıqda, səfirliyin qeydiyyatdan keçməmiş vətəndaşlarla əlaqə saxlamasında çətinliklər yaranır.

- Pakistanda tez-tez terror aktları həyata keçirilir. Belə bir ölkədə çalışmaq sizin üçün nə dərəcədə əlverişlidir?

- Terror aktları səfirliyin yerləşdiyi İslamabad şəhərində deyil, əsasən (bir neçə hal istisna olmaqla) Pakistanın digər bölgələrində, xüsusən də Şimal ərazilərində baş verir. Lakin xidməti zəruriyyətlə əlaqədar biz həmin bölgələrə də səfər etmək məcburiyyətində oluruq. Belə hallarda, şübhəsiz ki, əlavə təhlükəsizlik tədbirləri görülür.

- Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən humanitar aksiyalar yerli əhali tərəfindən necə qarşılanır? Ümumiyyətlə, indiyədək fond tərəfindən bu cür aksiyaların sayı nə qədər olub?

- Bildirməliyəm ki, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda silsilə humanitar yardımlar proqramı icra olunmaqdadır. Bu proqram çərçivəsində, “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavar şəhərinin “Akbar Care” serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, Laki Marvat bölgəsinin qadınlar və uşaqlar xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılmışdır. Daha sonra, fond tərəfindən Həmza Fondu üçün müasir qanköçürmə avadanlıq və laboratoriya ilə təchiz edilmiş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi alınıb, Xayber fondunun göz xəstəxanasının yeni binasının inşası üçün həmçinin Saif fonduna maddi yardımlar edilib, 2012 və 2013-cü illərində Ramazan aylarında və Qurbanlıq bayramı zamanı Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil olunub, yüzlərlə qurbanlıqlar kəsilib. 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə zəlzələdən zərər çəkmiş Rara qəsəbəsində inşa edilmiş Mehriban Əliyeva adına qızlar məktəbi 2012-ci ildə əsaslı təmir olunub, təhsil ocağının sahəsi genişləndirilib, orada yenidənqurma işləri aparılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən silsilə humanitar layihələr Pakistan xalqı və dövləti tərəfindən böyük rəğbətlə qarşılanıb, pakistanlıların qəlbində Azərbaycan xalqına və dövlətinə qarşı böyük məhəbbət yaradıb. Əlamətdar haldır ki, Pakistanda həyata keçirdiyi humanitar layihələrə görə Mehriban xanım Əliyeva Pakistanın nüfuzlu Daily Times qəzeti və Könüllü Qadınlar Təşkilatı tərəfindən “2012 ilin qadını-Humanizmin Simvolu “ mükafatı ilə təltif olunub.

- Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olub. Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinə görə bu ölkə hələ də Ermənistanla diplomatik münasibətlər qurmayıb. Pakistan dövlətinin mövqeyində son vaxtlar bununla bağlı hansısa dəyişikliklər hiss olunurmu?

- Tamamilə düzgün qeyd etdiniz ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Eyni zamanda, Pakistan, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə nəinki Ermənistanla diplomatik əlaqələri qurmayıb, hətta onu bir ölkə kimi tanımayıb. Pakistanın dövlət və hökumət rəsmiləri Azərbaycan torpaqlarının azad olunana qədər Ermənistanla heç bir əlaqələr qurmayacaqları  haqqında dəfələrlə bəyanat veriblər.

Yeri gəlmişkən, qeyd edim ki, Pakistan parlamentinin yuxarı palatası olan Senat 01.02.2013 tarixində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Sənəddə, 26 fevral 1992-ci ildə Xocalı şəhərində baş vermiş hadisələr soyqırım kimi qiymətlənmiş, bu cinayətin icraçılarının məsuliyyətə cəlb edilməsi tələb edilib. Qətnamədə, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü tam dəstəklənmiş, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrin icrası tələb olunub. Bütün bunlara əlavə olaraq, 5 oktyabr tarixində Pakistan Senatında, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyən digər qətnamədə də qəbul edilib. Sənəd Pakistan Senatının bütün aparıcı partiyaları tərəfindən dəstəklənib. Pakistan Senatı  tərəfindən qəbul edilən hər iki qətnamə Pakistan xalqının və dövlətinin mövqeyini əks etdirir. Yuxarıda qeyd etdiyim kimi, qətnamə Pakistanın qanunverici orqanında təmsil olunan bütün partiyalar tərəfindən yekdilliklə qəbul edilib.

Kəmalə YUSİBOVA

 





30.10.2013    çap et  çap et