525.Az

Seyit Ahmet Arslan: “Türk dünyasını bir-birinə bağlayan zəncirin ən möhkəm bəndi mədəniyyətdir”


 

Seyit Ahmet Arslan: “Türk dünyasını bir-birinə bağlayan zəncirin ən möhkəm bəndi mədəniyyətdir”<b style="color:red"></b>

Türk Ordusunun Azərbaycana gəlişini və Bakını işğaldan azad etməsini yanılmıramsa ilk dəfə böyük yazıçımız Qılman İlkinin “Şimal küləyi” əsərindən oxumuşdum. Orada deyilirdi: “Ordu Bakıya girəndə analar, qız-gəlinlər küçələri təmizləyir, su çiləyir, gül-çiçəklə bəzəyirdilər, buradan türklər keçəcək deyə. Xalq arasında nəğmə də yaranmışdı:

“Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın”.       

Ən gözəl xalq mahnımız olan “Küçələrə su səpmişəm” də sonralar millətimiz kimi, repressiyaya uğradı, sözü dəyişdirildi, küçələrə su səpmişəm “Türk gələndə toz olmasın”, “yar gələndə toz olmasın” sözü ilə əvəzləndi. Buna baxmayaraq, dünya şöhrətli müğənnimiz Rəşid Behbudov bu misilsiz nəğməni Azərbaycan xalqının içində yaşatdığı ruhu titrədən, canı yandıran türk sevdasıyla oxudu. Kökünə-soyuna köklənən işıq pərvanələrinin, bu torpaqlarda qanı axan minlərlə şəhidin, Nargində acımasız bir şəkildə aclıqdan-soyuqdan can verənlərin sevdasıyla oxudu. Sevda isə sevgidir, necə olursa olsun birləşməkdir, rişələnməkdir, çiçəkləməkdir və heç ayrılmamaqdır...  

Kimliyinə “Türk” yazıldığı üçün işgəncə ilə öldürülən, asılan, güllələnən sevdalıların ürəyində “Biraz o tarafda, Ufkun ötesini muştalayan bir deniz vardı. Mutlulukla dolu, sakin bir sevişmenin tadında. Sabırsızdılar, sevgilisinə kovuşacak aşıklar kadar o sevdalılar...”

Kırım, Kerkük, Azerbaycan,
Gönlümüzde öç olsa da,
Ne şeref ki, Türk olmuşuz,
Türk olmamız suç olsa da. 
 
Bunları yaşamaq və anlamaq asan deyildi. Hədələr, zindanlar, ölümlər, işgəncələr çoxaldıqca onlar türklüyə, birliyə körükləndilər. XX əsrin əvvəllərində azəri türklərinin milli düşüncəsinə genetik daşıyıcısı olduğu türkçülük anlayışını gətirən işıq pərvanələri - Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, İsmayıl bəy Qaspıralı, Hüseyn Cavid, Məhəmməd Hadi və neçələri idi. Məqsədləri öncə türk xalqlarının mədəni birliyinə nail olmaqdı. Təhsilini Osmanlı dövlətində alan böyük Hüseyn Cavid yazırdı: “Turana qılıncdan ulu qüvvət - yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”. İsmayıl bəy Qaspıralının düşüncəsində “İşdə bir, fikirdə bir, əməldə bir” olmalıyıq. Əli bəy Hüseynzadənin düsturu isə “Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq” mesajı idi. Onlar siyasətdə, mədəniyyətdə, incəsənətdə, ədəbiyyatda verdikləri mesajlarla türk insanının dünyanı dərkində gözlərini açmaq istədilər, maarif, mədəniyyət buğdası səpdilər”.

Uzun illər sonra pərdələnmiş işıqlar, qaranlıq zülmətlər açıldı, şükür qovuşdurana, qovuşduq bir gün. Uzun zamanlar başı savaşlara qarışmış, daha doğrusu məcburən, hiylə şəklində mədəniyyətindən, ədəbiyyatından geri salınaraq kökündən-soyundan, dilindən uzaqlaşdırılmaq niyyəti güdülmüş, buna qismən də olsa nail ola bilmişdilər. Bu o deməkdir ki, biz itirdiklərimizin əvəzini də çıxmalı, bütövləşməmiz, ətlə-dırnaq kimi birləşməmiz üçün gərəkdiyindən də çox çalışmalıyıq. Əsas odur ki, bu toxumlar və rişələr var, əkilib. Bu barın bəhrəsini bir neçə ay öncə Rəşid Behbudov adına Mahnı Teatrında Abdurrahim Karakoçun anım mərasiminə həsr olunmuş mərasimdə gördük. Sibir türklərindən başlamış, Orta Asiyadan keçərək Anadolu və Qafqaz türklərinə qədər türk dünyası bu möhtəşəm tədbirdə necə də gözəl, ürək-ürəyə idilər. O unudulmaz anları bizə yaşadanlardan biri Türkiyə Cümhuriyyəti Bakıdakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan bəy idi. Bu mədəniyyət insanını ölkəmizdə tanımayan yoxdur. Təkcə Bakıda deyil, bölgələrimizdə də dəfələrlə mədəniyyət tədbirləri, anım mərasimləri, konfrans və simpoziumlar onun vəsiləsi ilə gerçəkləşib. Bir çox mətbuat nümayəndələri yardımıyla Yer üzünün cənnəti sayılan Türkiyəni ziyarət edib.

Bu gün müsahibimiz Seyit Ahmet bəydir. Öncə onu və simasında böyük türk xalqını Cümhuriyyət oluşunun 90-cı ili münasibətilə ürəkdən təbrik edir, əbədiyyətə qədər var olmağı, baki olmağı arzulayırıq.  

- Təbriklərinizə görə təşəkkür edirəm, bu təkcə bizim deyil, həmdə can-qan qardaşımız Azərbaycanın bayramıdır. Diləyirəm ki, sonsuzadək bir olaq, bayramlarımızı bərabər qeyd edək.

-  Seyit Ahmet bəy, bayram ərəfəsində sizinlə söhbətimiz mədəniyyətdən olacaq. Kültür müşaviri olaraq Azərbaycanda saysız-hesabsız tədbirlərin gerçəkləşməsinə nail olmusunuz. Bu tədbirlərin hər birinin kökündə bir də ruhumuz, tariximiz, qan yaddaşımız, gen bağlarımız var.

- Öncə deyim ki, haqlı dediniz, birliyimizin və bərabərliyimizin toxumları ötən əsrin əvvəllərində türkçülüyə, can-qan qardaşlığına sevdalanmış inanclı, işıqlı insanlar tərəfindən səpilib, münasibətlərimizin heç bir hüquqi qüvvəyə dayanmadığı zamanlarda. Genetik bağlılığımız əsrin sonlarında da özlüyündən yarandı, təbii olaraq, sevgidən, bir-birinə həsrətdən. Çünki təməl qan və can, ruh birliyi üzərində idi. 20 ildə bu səviyyəyə qədər gəldik, inşallah bundan sonra heç bir qüvvə bu bağlılığı qıra bilməz, daha da möhkəm oluruq.

Hər bir xalqın, millətin inkişafında mədəniyyətin rolu heç bir sahə ilə müqayisə olunmaz. Dünyada özünütanıtmanın ən gözəl ifadəçisidir mədəniyyət. Azərbaycanla Türkiyənin mədəniyyətləri, adət-ənənələri çox oxşardır. Amma biz ulu öndər Heydər Əliyevin düsturu kimi bir millət olsaq da, ayrı dövlətlərik. Uzun illər incəsənətimiz, mədəniyyətimiz, ədəbiyyatımız, poeziyamız ayrı-ayrı farmasiyalarda, ədəbi-ictimai mühitlərdə  inkişaf edib, formaca da, mızmunca da fərqli olub. O üzdən bir-birimizi tanımağa, öyrənməyə çox ehtiyacımız var. Əlaqələrimiz sadəcə qardaş deməklə keçmir, qardaşlığımız ağıla, məntiqə, iqtisadiyyata, siyasətə, bir də mədəniyyətə dayanmalıdır, çox şükür ki, bu şəkildə davam edir. Bir az öncə Abdurrahim Karakoçun anma törənini qeyd etdiniz. Bir çox türk xalqlarının mədəniyyət xadimləri qatılmışdı o tədbirə. Bəli, gözəl sənət nümayiş etdirdilər. Düşüncəmə görə türk dünyasını bir-birinə bağlayan zəncirin ən möhkəm bəndi mədəniyyətdir, bunu önəmsəməliyik. Tədbirlərimiz çox olur, amma biz bunu bərabər edirik, Azərbaycanın görkəmli mədəniyyət, incənət xadimləri, xalqı ilə birlikdə. Yazıçılar Birliyinin Natəvan salonunda Abdurrahim Karakoça həsr olunmuş ədəbi-bədii tədbir keçirildi. Orada Türkiyə ədəbi ictimaiyyətinin nümayəndələri ilə yanaşı Azərbaycanın bir çox yazıçı və şairləri, sənət adamları iştirak edirdi. Bu cür mədəniyyət toplantılarının və konsertlərin gerçəkləşməsində ən böyük dəstəkçimiz çox hörmətli millət vəkili Qənirə xanım Paşayevadır. Heydər Əliyevin 90-cı ildönümü ilə əlaqədar “Dost ölkələrə səyahət” adlı proqram gerçəkləşdirdik. Uşaq evlərində və internat məktəblərində konsert yarışması təşkil olundu. Müşavirliyimizin dəstəyi ilə keçirilən tədbirdə Sumqayıt şəhəri 2 nömrəli internat məktəbi birinci yeri qazanmışdı. 1 may 2013-cü il tarixində Heydər Əliyevin xatirəsinə müşavirliyimizin dəstəyi ilə onun adını daşıyan sarayda “TRT axşam sefası” möhtəşəm konsert keçirilmişdi, mayın 18-19-da İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsi tərəfindən təşkil olunan “Canlı Tarix” festivalında iki konsertimiz təqdim olundu. Xocalı soyqırımı qurbanlarına ithaf edilən “Müharibə uşaqların gözü ilə” adlı kompazisiya yarışmasında qaliblərə ödül verilməsi törənində iştirak etmişik, bu tipli tədbirlərin hər birinə qatılmışdır. Bundan başqa Mövlana haqqında, Konyanın Azərbaycanda tanıdılması ilə əlaqədar AzTV-də veriliş təşkil edilmişdir. Böyükelçiliyimizin “Nuru Paşa salonu”nda “Övliya Çələbinin səyahətnaməsində Azərbaycan” adlı kitabın təqdimat mərasimi və “Övliya Çələbi rəsm sərgisi” keçirilmişdi. Masallıda keçirilən beynəlxal folklor festivalında müşavirliyimiz Anadolu Folklor Dərnəyinin bir qrupunun həmin festivalda iştirakını təşkil etmişdir. Müşavirliyimizin keçirdiyi tədbirləri sadalamaqdan öncə onların mahiyyətinə varmaq məncə daha önəmlidir. Məqsədimiz bir-birimizi ən yüksək səviyyədə tanımaq, mədəniyyətimizi, tariximizi, incəsənətimizi, adət-ənənələrimizi öyrənmək, necə deyərlər qaynayıb qarışmaqdır. Təkcə mədəniyyət deyil, turizm sahəsində də çox böyük işlər görülüb. Hər il Azərbaycandan Türkiyəyə turist səfərinə gedənlərin sayı durmadan artır. 

Seyit Ahmet bəyin dediklərinə haqq qazandıraraq dediklərinə bir neçəsini də əlavə etmək istəyirəm. Ortaq tarix və keçmişimizlə bağlı iştirak etdiyim bir neçə tədbirləri buna misal göstərmək olar. Hər il 15 sentyabr - Bakının işğaldan azad edilməsi günü Qafqaz İslam Ordusunun və Nuru Paşanın anısına həsr olunmuş tədbirləri deyə bilərəm. Bir neçə gün öncə Cavidlərin doğum və ölüm gününə həsr olunmuş toplantıda Hüseyn Cavidin qızı Turan xanım anıldı. Seyit Ahmet bəy bu tədbirlərin, elmi və mədəniyyət toplantıların hər birində xalqlarımıza dostluq, qardaşlıq, bərabərlik mesajları verir. Özünün dediyi kimi bizi sonsuzadək birləşdirəcək zəncirin ən möhkəm həlqəsinə daha bir kilid vurur. Dosya əlimdə, təkcə 2013-cü ildə Mədəniyyət Müşavirliyinin paytaxtımızda və bölgələrdə gerçəkləşdirdiyi tədbirləri sıralasaq qəzetin bütün səhifələrini zəbt etmiş olarıq. Akademik Milli Dram Teatrında düzənlənən gözəl musiqi gecəsi hər birimizin yaddaşındadır. Bir cümləylə deyim ki, hörmətli müşavir Azərbaycan jurnalistlərinin ən yaxın dostudur.

- Seyit Ahmet bəy, qarşıda hansı tədbirləri gerçəkləşdirməyi planlaşdırmısınız?

-  Hədəfimizdə olan tədbirlərin sayı çoxdur, amma son günlər Bakıda keçiriləcək beynəlxalq Yunus İmrə simpoziumuna hazırlaşırıq. Fikrimcə, Yunus İmrə hər bir türkdilli xalqın oğludur. O böyük zat bütün həyatını varlığını türklüyün var olmasına, türk dilinin inkişafına həsr edib. Dediyim kimi bundan başqa da tədbirlərimiz çoxdur.                        

Söhbətimizin bu yerində Seyit Ahmet bəylə Yunus İmrə söhbəti etmək keçdi içimizdən. Ona xas təvazökarlıqla, səmimiyyətlə dedi ki, bu mövzu üçün sizə məmnuniyyətlə vaxt ayıraram.

- Azərbaycanda müşavir kimi çalışdığım zaman içində qardaş ölkənin necə böyük bir mədəniyyətə sahib olmasına şahidəm. Mən deyərdim ki, Azərbaycan xalqının mədəni tutarı coğrafi tutarından qat-qat böyükdür. Belə qədim və zəngin mədəniyyətə malik xalqın içərisində mədəniyyət tədbirləri keçirmək çox məsuliyyətli işdir. Bu il həm Türkiyə Cümhuriyyətinin yaranmasının 90 illiyi, həm də müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 90 illiyidir. Bu da bir bağlılıqdır və hər iki qardaş xalq bu bayramların sevincini bərabər yaşayır, qeyd edir. Bu səbəblə Türkiyə Cümhuruyyətinin qurucusu Mustafa Kamal Atatürkü, Türkiyə üçün savan tərəfdaşlarını, həm də Azərbaycanın qurucusu Heydər Əliyevi sevgi və sayqıyla yad edir, hər iki qardaş xalqa sonsuza qədər birlik, bərabərlik olmağı arzulayıram.

Rəsmiyyə QARAYEVA

 





30.10.2013    çap et  çap et