525.Az

İnsan təkəbbürü və ya Babil qülləsi - Fidan Malikdən daha bir esse


 

İnsan təkəbbürü və ya Babil qülləsi - <b style="color:red">Fidan Malikdən daha bir esse </b>

Əfsanələrə və dini mənbələrə görə, min illər öncə yer üzündə insanların hamısı bir dildə danışıb, bir-birlərini başa düşürlərmiş. Onlar tufandan xilas olan Nuhun övladlarından törəyənlər imiş. Daşqından xilas olduqdan sonra Dəclə və Fərat çaylarının qovuşmasının yaxınlığında yurd salıb, bolluq içində, mehribanlıqla yaşayırlarmış.

Tədricən ailələr genişlənir, nəsillər artmağa başlayır. İnsanlar zamanla yeni bacarıq və biliklər əldə edirlər. Lakin günlərin bir günü bu insanları olduqları vəziyyət qane etmir və onlar bir şəhər qurmaq qərarına gəlir, şəhərdə isə nəhəng bir qüllə tikməyə başlayırlar. Daşları yığıb, kərpic yandırıb, təməl qoyurlar. Qüllə göyə ucaldıqca, insanlar yaratdıqlarından çox məmnun olurlar. Bu qüllə dünyanın hər yerindən görünməli imiş. Qülləni tikib, Tanrıya çatmaq istəyirmişlər. Beləcə, insan təkəbbürünün ən bariz nümunələrindən biri olan "Tanrının qapısı" mənasını verən "Babil qülləsi"  inşa edilir.

Qüllənin yeddinci qatı hazır olmağa başlayanda insanlar mübahisə edir və fikir ayrılıqları yaranır. Əslində isə insanlığın özülündə olan qürur, təkəbbür hissləri baş qaldırır. Bu vəziyyət Tanrıya xoş gəlmir, baxır ki, insanlar daşqından əvvəlki vəziyyətlərinə, yenidən öz günahkar hallarına qayıdırlar. Çünki onlar yuxarı qatlara qalxdıqca Tanrıya ruhən yaxınlaşmaq yerinə, cismən özlərini Tanrılıq kürsüsünə hazırlamağa başlayırlar. Tanrı qəzəblənərək insanları cəzalandırmaq qərarına gəlir. Amma bu dəfə onları daşqında olduğu kimi ölüm hökmüylə yox, dillərini qarışdıraraq cəzalandırır.

Ertəsi gün hər kəs qüllə inşasını davam etdirmək üçün geri dönür və danışmağa başlayanda heç kim bir-birini başa düşə bilmir. Mübahisələr getdikcə artır, ağız deyəni qulaq eşitmir, hər kəs işi yarımçıq qoyub qüllədən enir. Beləcə tikili yarımçıq qalır, başa çatdırılmır.

Zaman keçdikcə insanlar artıq bir-biri ilə sakitcə əlaqə qura bilmədikləri üçün yarımçıq qalmış şəhəri tərk edərək ayrı-ayrı tayfalar şəklində dünyanın dördbir tərəfinə dağılırlar. Bir müddət sonra isə tamamilə yadlaşır və bir-birilərini unudurlar. Hər tayfa öz milləti, adət-ənənələri, dillərilə yaşamağa davam edir. Babil şəhəri və "Babil qülləsi" isə zamanla unudulmağa məhkum olur.

"Tanrının qapısı" mənasını verən "Babil qülləsi" Akkad dilindəki "Bab-ilu" sözündən qaynaqlanır. Bəzi mənbələrdə isə "Babil" kəlməsi "qarışıqlıq" mənasında da başa düşülür (Dediyimiz kimi, Allah özünü cismən yüksəklikdə görmək istəyən, hər şeylə sərhədsiz maraqlanan, üstün olmağa can atan, sahibkar iddiasına düşən insanların bu hərəkətindən qəzəblənərək onları cəzalandırmaq üçün danışıq dillərini qarışdırır və bir-birlərini başa düşmələrini çətinləşdirir).

Lakin insan israrcıdır, inadkardır. Zamanla bir-birlərinin dilini mənimsəməyi də öyrəndi. Yenə də yarımçıq qalmış "Babil qüllə"ləri yaratmaq istədi. İstəyir də. İstəyəcək də. E.ə. 331-ci ildə Babili fəth edən və  gördüyü möhtəşəm tikilidən təsirlənərək, qüllənin tikilişini başa çatdırmaq istəyən, lakin ömrü vəfa etməyən Makedoniyalı İsgəndər kimi. Eləcə də əsrlər boyunca ölümlü, lakin tanrılıq iddiasında olan insanlar kimi. A.Puşkinin "Qızıl balıq" nağılındakı qarı kimi. Ucaldıqca valideynini bəyənməyən övlad kimi. Müvəffəqiyyət qazandıqca ustadını bəyənməyən şagird kimi. Varlandıqca dünənini unudan insan kimi. Asılı olduğunu bildiyi üçün şagirdinə və ya xəstəsinə xor baxan bəzi müəllim və ya həkim kimi. Sevildiyini bildiyi üçün qarşısındakının sevgisindən sui-istifadə edən bəsit bir insan kimi və s.

Bitmək tükənmək bilməyən bu zirvə iddiası, fəth etmək, daha böyük sahibkar olmaq istəkləri yenə də insan övladını bu yeddi qatlı məbədləri tikməyə sövq edir, edəcək də. Hər dəfəsində də "qüllənin" ta zirvəsinə çatdıqlarında anlaşa bilməyib, işi yarımçıq qoyacaq, öz əməklərini hədər edəcək, bir-birlərini anlamaz hala gələcəklər. Çünki o zirvəyə çatdıqlarında hər kəs özünün daha çox əziyyət çəkdiyini, ora yalnız öz gücü sayəsində çatdığını və o yerin sahibi olmağa özünün layiq olduğunu düşünəcək.

Bu gün insanlar eyni dildə danışdığı, hətta digər xalqların da dillərini mənimsədiyi halda nədənsə anlaşa bilmir. Dinin aşırı dərəcədə təbliğinə rəğmən azğınlıq azalmır. Tibbin inkişafına baxmayaraq, xəstəliklər tükənmir. Elm tərəqqi etdikcə cahillik aradan qalxmır.

Babil qülləsi - qürurun, təkəbbürün təcəssümü və  bir-birini anlamayan izdihamın yaratdığı xaosdur. Eyni dildə danışdıqları halda bir yaxınını və ya sevdiyi birini unutmağın nə qədər asan olduğunun göstəricisidir. Özülündən ayrıldıqca bir neçə nəsildən sonra öz nəsil ağacını xatırlamamasıdır. Maddi dəyərlər mənəvi dəyərlərə üstün gəldiyində insanların fərqli və ya eyni dildə danışmalarının əhəmiyyətsizliyidir. Şöhrət və əzəmət ardınca, həyatın boşa gedən vaxtının və sürətinin qiymətini itirməsidir.

Bu gün insanlar, hətta özündən olanla belə qışqıraraq danışır. Çox yaxın məsafədə olduğu halda belə qışqırır. Ya qarşısındakına fikrini çatdırmaq, ya da onun üzərində hökm etmək üçün qışqırır. İnsan sözünün dəyərini hiss etmədikdə qışqırır. Qışqırdıqda isə düşünə bilmir. Düşünə bilmədikdə və çıxış yolu tapmadıqda isə dava edir. Qışqırdıqca, dava etdikcə də uzaqlaşır. Məsafəcə yox, qəlbən uzaqlaşır. Qəlblər uzaqlaşdıqca isə  insanlar bir-birindən uzaqlaşır və geriyə yolu tapmır. Beləcə də ya özündəki, ya da qarşısındakı "mən"in qurbanı olur.

Odur ki, Rəbbim yolunu itirməyəcək qədər qəlblərimizi uzaqlaşdırmasın. İşlərimiz "Babil qülləsi" kimi yarımçıq qalmasın. İrs ağacımız övladlarımız tərəfindən unudulmasın. Çünki insan övladının növbəti dəfə nə ilə qarşılaşacağını Tanrıdan başqa heç kim bilmir.

 





25.10.2019    çap et  çap et