525.Az

Malayziya baş naziri: "İşğal problemini aradan qaldırmasaq..."


 

Malayziya baş naziri: "İşğal problemini aradan qaldırmasaq..."<b style="color:red"></b>

"60 il əvvəl irəli sürülən Bandunq prinsipləri bu gün də aktuallığını qoruyur. Həmin vaxt Soyuq müharibədə iştirak etməyən ölkələr vahid mövqe tutub və bu Hərəkat yaradılıb. Soyuq müharibə bitsə də, hələ də sülh bərqərar edilməyib. Müxtəlif yerlərdə münaqişələr, terrorçuluq hadisələri bir təhdiddir. Müasir silahlar da vəziyyəti gərginləşdirir. Buna görə də bir yerə toplaşırıq ki, müasir dünyanın çağırışlarına qarşı cavablar müəyyənləşdirək”.

APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad bildirib.

Mahathir Bin Mohamad qeyd edib ki, 2003-cü ildə, İraq işğal olunmamışdan əvvəl kiçik ölkələr hədələnirdi: “Bu ölkələrə deyirdilər ki, bizimlə birgə olmalısınız. Hətta birgə olmayanları işğalla da hədələyirdilər. İraq kütləvi silah bəhanəsi ilə işğal edildi, sonra  məlum oldu ki, belə silah yoxdur. Güclü ölkələr isə heç nə olmamış kimi davrandılar. 16 il keçib, nəsə dəyişib? Yaxın Şərqdə gördüklərimiz göstərir ki, yenə də heç nə dəyişməyib. Təəssüf olsun ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin bəzilərinin də belə təhdidlərlə üzləşmək təhlükəsi yoxdur”.

Malayziyanın Baş Naziri dünyada terrorizm təhlükəsinin artdığını vurğulayıb: “Bu gün müxtəlif dövlətlərin dünyanın müxtəlif yerlərində terrorizmə dəstək verdiyini də görürük. İnsanlar üzərlərinə bomba bağlayaraq partlatmağa hazırdırlarsa, o insanlar qəzəblidir. O insanlarla danışmaq, problemlərin həllinə çalışmaq lazımdır. Bu insanların dövlətləri işğal olunub, dağıdılıb. O insanlar bu səbəbdən qəzəblidir. Biz bu problemləri aradan qaldırmasaq, terrorizm davam edəcək. Üzv dövlətlərə terrorizmin səbəblərini öyrənməyə və terrorizmlə mübarizəyə çağırıram”.

Mahathir Bin Mohamad vurğulayıb ki, ticarət müharibələri iqtisadiyyatda sarsıntılar yaradır: “Bir çox ölkələr gələcəyini proqnozlaşdıra və inkişaf edə bilmir. Bu da sosial narazılıqlara, qarşıdurmalara gətirib çıxarır. Dünyanın ən aparıcı iqtisadiyyatları arasında mübahisə dünyanın iqtisadi sisteminə təsir edir. ABŞ və Çin arasında ticarət savaşı bu nəhəng iqtisadi sistemlərin əbədi münaqişə içərisində olacağı təsəvvürü yaradır. Təəssüflər olsun ki, Malayziya bu iki iqtisadiyyatın arasındadır, ABŞ və Çin iqtisadiyyatına bağlıdır. Ona görə də milli iqtisadiyyatımızı gücləndirməli, rəqabət qabiliyyətimizi artırmalıyıq. Bir insanı qətlə yetirən cinayətkar olur, milyonlarla insanı qətlə yetirənlər isə cəzalandırılmır. Bunun da mütləq bir cəzası olmalıdır. Ölkələr məhv edilir, trilyonlarla dollar itki olur. Nəticədə həm qaliblər, həm də məğlublar əziyyət çəkir. Münaqişələrin həlli üçün müxtəlif üsullar olmalıdır. Məsələn, Beynəlxalq Cinayət, Arbitraj məhkəmələrinə, digər beynəlxalq qurumlara müraciət etməklə problemlər həll oluna bilər. Müharibədə hər zaman qalib ola bilmərik. Mübahisələr məhkəmə vasitəsi ilə həyata keçirilsə, itkilər az həcmli olacaq”. 

Malayziya Baş Naziri İsrailin Fələstin torpaqlarının işğalını davam etdirməsinə toxunub: “İsrail artıq Qüdsün paytaxtı olduğunu bəyan edir. Hətta bəzi ölkələr səfirliklərini Qüdsə də köçürür. Bu, yolverilməzdir və həmin ölkələri mövqelərinə yenidən baxmağa çağırırıq. Biz İordaniyada səfirlik açacaq və fələstinlilərə daha yaxşı yardım göstərəcəyik. İsrail əlindən gələni edəcək ki, fələstinlilərə yardım çatmasın. İsrail çox qeyri-insani davranışını, işğalını davam etdirəcək. Çalışacaq ki, Fələstin heç mövcud olmasın. Digər tərəfdən, BMT-nin qətnamə və qərarları da nəzərə alınmır. Biz də artıq bölünmüşük, bəzi qüdrətli ölkələr bizi yoldan çıxarıb. Onlar bizi embarqo və sanksiyalarla hədələyirlər. Bizim fikir ayrılığımız ola bilər, amma bu, dialoq vasitəsi ilə həll edilə bilər. Biz qüdrətli ölkələrin iradəsinə uyğun parçalanmamalıyıq. Bu, həmin qüdrətli ölkələri  bizə təzyiq etmək üçün ruhlandıracaq. Bandunq prinsipləri bu ilki görüşün şüarlarıdır. Bu gün yaşadığımız dünyada 10 Bandunq prinsipini qorumalıyıq. Ancaq buna birgə nail ola, ədalətsizliyə son qoya bilərik.  Yalnız o zaman biz üzv ölkələr bütün çətinliklərə sinə gərə bilərik”.

 





25.10.2019    çap et  çap et