525.Az

Nəsiminin yubileyi İmişlidə geniş tədbirlə qeyd olunub - Foto


 

Nəsiminin yubileyi İmişlidə geniş tədbirlə qeyd olunub - <b style="color:red">Foto </b>

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyilə əlaqədar AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birlikdə bir sıra tədbirlər hazırlayıb.

Nəsimi qəzəllərilə bağlı müsabiqə, “Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans, “Nəsimi şagirdlərin gözü ilə” mövzulu seminar bu çərçivədə gerçəkləşib. Silsilənin yekunu olan ədəbi-bədii məclis oktyabrın 25-də regionun ən böyük mədəniyyət ocağı olan İmişli rayon Mədəniyyət Mərkəzində keçirilib.

Məclisi giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq Nəsiminin sənətkarlığından danışıb. O, Nəsimini klassik Azərbaycan ədəbiyyatının ölməz nümayəndəsi, XIV əsrin sonları, XV əsrin əvvəllərindən başlayaraq müasir dövrə qədər Yaxın və Orta Şərqin ədəbi-ictimai fikrini özünə cəlb edən, sənətkarlığı, dili, üslubu, ifadə tərzi, fəlsəfi ideyaları, dünyagörüşü, ictimai fəaliyyəti, mübarizəsi və şəxsi mərdliyi sayəsində böyük şöhrət qazanan, yaşadığı zamanda və özündən sonra yetişmiş bir çox söz ustalarına, şair və aşıqlara güclü təsir göstərən, onların yaradıcılığına nüfuz edən dahi şair kimi səciyyələndirib.

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin həyatı öz qələmi ilə” mövzusunda çıxış edərək Allahla təbiətin, idrakla eşqin vəhdəti prinsipinə söykənən, varlığın sirrini səsdə, hərfdə, sözdə görən, xalqı xaliqdən ayrı düşmüş zərrə sayan və o zərrrəni öz tamına qovuşdurmağa çağıran bir ideologiyanı füsunkar şeir dili ilə yayan Azərbaycanlı şairin şəxsiyyətini, obrazını tamaşaçılara çatdırıb.

Məclisin qonağı olan AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli “Nəsiminin farsca “Divan”ının özəllikləri” mövzusunda çıxış edib. Azərbaycan, Orta Asiya, Anadolu, İran, İraq, Ərəbistan və Şərqin bir çox mədəni mərkəzlərində geniş yayılmış, Şərqin bir çox əlyazma xəzinələri və kitabxanalarının fəxri olan şairin “Divan”ının farsca nüsxəsi haqqında tamaşaçılara ətraflı məlumat verib.

Məclisin musiqili qonaqları olan Əməkdar Mədəniyyət işçiləri Aşıq Ağamurad Şirvanlı, balaban ifaçısı Rasim Ələsgərov, 5-ci Televiziya Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayeva, xanəndə Elbrus Niftəliyev, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyev, qiraətçi Hacı Fərəc Əliyevin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb. Şagirdlər arasında keçirilən müsabiqənin qalibləri - Kürdəmir şəhər 3 saylı tam orta məktəbin şagirdləri Sahilə Abdullayeva və Toğrul Məmmədəliyevin çıxışı da maraq doğurub.

Məclisdə Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Gənclik Xalq Teatrının aktyorları Elnur Abbasov, Əbdülhəsən Tağıyev “Mən bu cahana sığmazam” tamaşasından bir səhnəni mümayiş etdiriblər.

İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Sərvər Şirinov, Sənəm Məmmədli, Baxış Babaşov, Elnur Məcidov, Kərim Əhmədov hazırladıqları “Nəsimi” kompozisiya da alqışlanıb.

Səhnədə quraşdırılmış monitorda, dövlətimizin Nəsimi irsinə verdiyi dəyəri, “Nəsimi ili” çərçivəsində tədbirləri əks etdirən sujet, “Nəsimi” filmindən fraqmentlərin nümayiş olunub.

Tədbirin yekununda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək Nəsimi yaradıcılığı və onun yubileyinin qeyd olunmasının xüsusi önəmi barədə danışıb.

 





25.10.2019    çap et  çap et