525.Az

Nəsimiyə “Xumar baxış”... - Şahanə Müşfiqin yazısı


 

Nəsimiyə “Xumar baxış”... - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

2019-cu il dahi Azərbaycan şairi, filosofu İmadəddin Nəsimiyə həsr ediləndə, düzü, ilin bu qədər zəngin keçəcəyini gözləmirdim.
 
Nəsimi fəlsəfəsini anlamaq, onu bildiyin, qavradığın şəkildə şərh etmək insandan ilk öncə cəsarət tələb edir. Amma bu “İl”in yanından sükutla keçmək də olmazdı. Ona görə də başda dövlət qurumlarımız, mədəniyyət, ədəbiyyat müəssisələrimiz olmaqla, hər kəs il ərzində işlər görməyə tələsdi. El dilində desək, hərə xurcununu açıb, özünə, sözünə və dünyagörüşünə, istedadına uyğun şəkildə "Nəsimi İli"nə töhfəsini verməyə çalışdı (hələ də çalışanlar var). Hələ ilin yekununa aylar qalsa da, görülən işləri ümumilikdə şərh etmək lazım gəlsə, mənzərə bu cür olacaq: Bəzi layihələri bəyəndik, alqışladıq, bəzilərinə təəccübləndik, bəzilərinə heyfləndik, bəzilərinin isə yanından sadəcə sükutla keçdik. Amma heç şübhəsiz, deyə bilərik ki, bütün hallarda qazanan yenə də Nəsimi poeziyası və Azərbaycan ədəbiyyatı oldu.

Əsrlər öncə məşəqqətlər çəkmiş Nəsiminin hələ də qanayan yerlərinə sevgimizlə, diqqətimizlə məlhəm qoymağa çalışdıq. Əlbəttə, bütün məlhəmlər də hər bədənə getməyə bilir. Onu da etiraf edək ki, bəzi məlhəmlər o yaranı sağaldası idisə, bəziləri daha da qanatdı.

Elə insanlar vardı ki, “Nəsimi İli” elan olunar-olunmaz onu xatırladıq, gözlərimiz ona zilləndi, "kim də sussa, o susmaz, o bu ilə töhfəsiz qalmaz" dedik. Onlardan biri də Əməkdar artist Xumar Qədimova idi. Xumar xanım Azərbaycan estradasında özünəxas repertuarla seçilən sənətçidir. Bu repertuarı orijinal edən nüans isə onun mahnılarının demək olar ki, hamısının zövqlü musiqi və dərin, fəlsəfi mənalı sözlərə sahibliyidir. Çünki o, yaddaqalmaq, ya da toy-düyündə səsləndirmək üçün nə bəsit musiqiyə yer verir, nə də bəsit sözlərə. Xumar Qədimovanın repertuarında klassiklərin sözlərinə yazılmış (çox zaman bəstəkarı özü olur) mahnılar heç də az deyil. Ona görə də “Nəsimi İl”inə ən gözəl layihələrdən birinin də ona məxsus olacağına şübhə etmirdik.

Deyim ki, inamımız özünü doğrultdu. Həqiqətən də Əməkdar artist Xumar Qədimova İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan böyük layihəsini bugünlərdə təqdim etdi.

Cəmi iki gün öncə müğənni dahi şairin “Neylərəm” qəzəlinə bəstələdiyi mahnını ictimaiyyətə təqdim etdi və elə ilk günlərdən layihə rezonansa səbəb oldu.

Aranjımanı Əvəz Muradov və Bəxtiyar Həsənova məxsus nəğməni yalnız yazmaqla kifayətlənməyən müğənni, ona göz oxşayan klip də çəkdirdi.   Sözügedən layihədə gənc aktyor Səfa Mehdi də rol alıb.

Məşhur müğənni axsham.az saytına açıqlamasında bildirib ki, əsər Nəsimi ilinə möhür vuracaq:

“Hamınıza məlumdur ki, illərdir çox möhtəşəm – Hüseyn Cavid, Almas İldırım, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadənin əsərlərini sizə təqdim etmişəm. Belə olub, olacaq da... Demək olar ki, bir ildir Məhəmmədhüseyn Şəhriyarın “Yar qasidi”ni işləyirəm. Amma illər öncədən beynimdə, ruhumda İmaməddin Nəsimi olmalıdır. Onun “Neylərəm” qəzəlini çox sevirəm. İçimdə yaranmış, doğulmuşdu. Sadəcə Şəhriyar əsəri üzərində çalışdığım üçün bunu saxlamışdım. Bu il Nəsiminin 650 illiyini qeyd etdiyimiz üçün Şəhriyarı saxladım, xüsusi diqqətimi Nəsimiyə ayırdım. Musiqisi mənə məxsusdur. Möhtəşəm bir kompozisiya ərsəyə gəlib.  Orada böyük sürprizlər var. Xumardan nələr görəcəksiz... Bu dəfə qərara gəldim ki, əziyyətin öhdəsindən tək gələcəm. Məncə, gəldim də... Nəsimi ilinə möhür vuran layihədir. Sizi sevirəm, dinləyin, izləyin”.

Xumar Qədimovanın mahnılarında dərvişanəlik özünü gizli şəkildə olsa da, ara-sıra göstərib. Yəni, onun Nəsimi poeziyasına, eləcə də klassik Azərbaycan ədəbiyyatına yad olduğunu deyə bilmərik. Bu dəfə isə o, təkcə müğənni kimi deyil, bəstəkar kimi də bu ruha, bu fəlsəfəyə yad olmadığını sübut etdi. Mahnının bir yerində kiçik muğam ifası isə kompozisiyaya ayrı rəng, daha doğma ahəng qatıb.

Klipdə rol alan Səfa Mehdinin təkbaşına ifası Nəsiminin narahat, təlaşlı ruhunu ən gözəl şəkildə əks etdirə bilib.

Əməkdar artist Xumar Qədimovanın “Neylərəm” kompoziyası təkcə sevgilisindən ayrı düşən aşiqin ah-fəğanı, etirazı, kədəri deyil, 650 yaşlı Nəsiminin 2019-cu ilə gəlib çatan səsidir. Bu səsi musiqiylə çuğlaşdıran xanım müğənni, fikrimcə, “Nəsimi İl”nə öz damğasını vura bildi.

Çünki Nəsimi nə bəsit musiqilərə, nə də gərəksiz “vikipedik” nitqlərə sığar. Nəsimi fəlsəfəsi, Xumar Qədimova səsi və musiqisi, Səfa Mehdi ifaçılığı birləşəndə isə nə qulağa sığar, nə gözə, nə də ürəyə... Onun yeri ruhlardır...

 





25.10.2019    çap et  çap et