525.Az

"Allah qorusun sizi!" - Xalq şairi Fikrət Qocanın şeiri


 

"Allah qorusun sizi!" - <b style="color:red">Xalq şairi Fikrət Qocanın şeiri </b>

"İtkin oğullar" silsiləsindən Milli Qəhrəman Riad Əhmədova bu şeiri yazıb verdim, küləklər ona aparsın.

İtkin qəhrəmanların
Hər yerdə öz payı var.
Onların öz günəşi,
Öz ulduzu, ayı var.
Riad Fikrət oğlunun
Döyüşən alayı var.
Onlar barışmayıbdı
Atəşkəslə, filanla, -
Barış adlı yalanla...
Onlar bizi hər zaman,
İzləyirlər, baxırlar.
Zülmət ayaq açanda
Şimşək olub çaxırlar.
Kəndlərimiz yananda
Yağış olub yağırlar.
Dağ seli olur hərdən,
Hərdən boz duman olur.
İtkin qəhrəmanlarım;
Yaşadan ümid olur,
Təntimiş güman olur,
İtkin qəhrəmanlarım.
Riad, Riad, ay Riad...
Salmışıq haray, Riad,
Səsimə ver hay Riad...
Qızlarının gözləri
Yerdən, göydən, dağlardan
Gəlməyini gözləyir,
Sevgilin, anan, bacın
Hər bir anı izləyir.
Yollarını gözləyir.
Hardasan, harda, Riad...
Nə yaman ləngidin sən
Qanlı yollarda, Riad?
Bilirəm, qəhrəmanım,
Bu döyüş bitməyincə
Geri dönən deyilsən.
Sən bu günsən, sabahsan,
Heç vaxt dünən deyilsən.
İtkin qəhrəmanlarım,
Allah qorusun sizi;
Sizi gözləyənlərin
Sevinsin könlü gözü.
Ümid qaranlığına,
Güman qaranlığına,
İtkin qəhrəmanlarım,
Siz gətirin gündüzü,
Allah qorusun sizi.
Sən Milli Qəhrəmansan,
Sən ümidsən, inamsan
Şanlı, canlı əfsanə!
İtkin vətən torpağın
Sənə tapşırdıq, sənə!
Torpaqlar qayıdanda
Bilirəm gələcəksən!
Sən dünənsən, bügünsən
Sən ölməz gələcəksən!
O vaxt vətən deyəcək:
- Qəhrəman övladlarım!
Bunu da başardılar!
İgidlər ölmür, itmir,
Əbədi yaşardılar.

28.07.2006

 





28.10.2019    çap et  çap et