525.Az

BQXK prezidenti: "2577 itkin şəxsin 8031 qohumundan bioloji nümunələr toplanılıb"


 

BQXK prezidenti: "2577 itkin şəxsin 8031 qohumundan bioloji nümunələr toplanılıb"<b style="color:red"></b>

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerin APA-ya müsahibəsi

- Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi uzun müddətdir ki, ölkədə fəaliyyət göstərir. Azərbaycan Hökuməti ilə mövcud olan əməkdaşlıq səviyyəsindən məmnunsunuzmu? Bakı Nümayəndəliyinin həyata keçirdiyi fəaliyyətlərindən məmnunsunuzmu?

- Nümayəndəliyimizi Bakı şəhərində 1992-ci ildə açdığımız dövrdən bəri hakimiyyət orqanları ilə müsbət yönümlü və əməkdaşlığa əsaslanan münasibətlərimiz mövcuddur və bu münasibətlər inkişaf etməkdə davam edir. Bu, neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olaraq, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım etməkdə başlıca rol oynayır. Bu münasibətlər, bizə digər fəaliyyətlərimiz sırasında həmçinin, münaqişənin təsirlərinə məruz qalan icmaların mülki sakinlərinə yardım etmək, saxlanma yerlərinə baş çəkmək, münaqişə ilə əlaqədar itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq cəhdlərimizi həyata keçirmək imkanı yaradıb. Biz, həmçinin beynəlxalq humanitar hüququn inteqrasiyası və implementasiyası sahəsində Müdafiə Nazirliyi ilə də yaxından işləyirik. Bərdə və Bakıdakı komandalarımız mühüm tərəfdaşımız olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə sıx əməkdaşlıq şəraitində icmalarla yaxından işləyir, daha yaxşı nəticələr əldə etmək üçün yeni yanaşmalar tətbiq edir və münaqişənin təsirlərinə məruz qalan icmaların üzləşdikləri riskləri azaltmağa çalışır.  Məsələn, suvarmaya ehtiyacı olmayan və kiçik torpaq sahəsində əkilə bilən zəfəranın pilot layihəsinə başladıq, əkin sahələrinin alternativ suvarma və su istehlakının azaldılması metodlarını tətbiq etdik. Həmin icmalar və hakimiyyət orqanları bu təşəbbüsləri yüksək qiymətləndirdi, bu isə belə fəaliyyətlərin həyata keçirilməsi zamanı hakimiyyət orqanları ilə əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir.

- BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində Azərbaycan və Ermənistanla əməkdaşlıq edir. Bu günə qədər hansı işlər görülüb?

- Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bütün regionda 4500-dən çox insan itkin düşüb. BQXK-nın Bakı Nümayəndəliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində ən mühüm addımlardan biri hesab edilən işin reallaşdırılmasına, yəni şərait eksqumasiyaların həyata keçirilməsinə imkan verəndən sonra itkin düşmüş şəxslərin kimliyinin müəyyən olunması üçün zəruri olan əhəmiyyətli məlumatların toplanılması və qorunub saxlanılmasına imkan yaradır. Biz, fəaliyyətlərimizi həmişə humanitar məqsədlər üzərində cəmləşdiririk. Humanitar məqsədlər isə əzizlərinin taleyi barədə ailələrin suallarını cavablandırmaq və onlara rahatlıq tapmaq imkanı verməkdir. 

- Azərbaycan tərəfi, Dilqəm Əsgərov və Şahbaz Quliyevi Ermənistan vətəndaşları Karen Kazaryan və Arayik Kazaryana dəyişmək təklifini irəli sürüb. Bu müraciət qarşı tərəfə BQXK-nın vasitəsilə çatdırılıb. Qarşı tərəfin reaksiyası necə oldu? Hal-hazırda bu istiqamətdə hansı işlər görülür?

- Münaqişə tərəfləri bir sıra hallarda müxtəlif humanitar təşəbbüslərin həyata keçirilməsi zamanı BQXK-ya neytral vasitəçi qismində çıxış etməsi üçün müraciət edirlər. Bu məsələlər bir çox hallarda ikitərəfli və konfidensial qaydada müzakirə olunur. Saxlanılan şəxslərin azadlığa buraxılması məsələləri də belə mövzulardandır. BQXK nümayəndələri, təşkilatın mandatına müvafiq olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərlə rəftar və saxlanma şəraitlərini monitorinq etmək, ailələri ilə əlaqə saxlamalarına imkan yaratmaq məqsədilə mütəmadi olaraq onlara baş çəkir.

- BQXK və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” imzalanmış Çərçivə Sazişinə əsasən, itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT nümunələri toplanılır. Bu günə qədər neçə nümunə toplanılıb?

- DNT nümunələrinin toplanılması da daxil olmaqla itkin düşmüş şəxslərə dair məlumatların toplanılması və qorunub saxlanılması BQXK və Dövlət Komissiyasının birgə həyata keçirdiyi böyük bir işdir. Bu günə qədər 39 şəhər və rayonda 2577 itkin düşmüş şəxsin 8031-ə yaxın qohumundan bioloji nümunələr toplanılıb.

- Münaqişə nəticəsində həlak olmuş şəxslərin naməlum məzarları var. Naməlum məzarlar dəfn yerlərinin axtarışı üçün hansı işlər görülür?

- Bu məlumatları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası toplayır və qoruyub saxlayır. Dövlət Komissiyası bu məlumatları müxtəlif mənbələrdən toplayır və qeydiyyata alır. Biz, Dövlət Komissiyasına bu dəfn yerlərinin sənədləşdirilməsi və qorunması sahəsində təlimlər keçmiş və texniki dəstək göstərmişik.  BQXK-nın Dövlət Komissiyasına məzarların dəfn yerlərinin xəritəyə salınmasında göstərdiyi dəstəyinə aidiyyəti əməkdaşlarına təlimlərin keçirilməsi, məlumatların toplanılması və idarə olunması üçün zəruri alətlərin işlənib hazırlanması, eləcə də bu məlumatların emalı və təhlili daxildir. İtkin düşmüş şəxslər barədə məlumatların arxiv materialları, yaxud şahid ifadələri kimi fərqli və aidiyyəti mənbələrdən sistematik və mütəşəkkil qaydada toplanılması üçün çox iş görmək lazımdır.

- Bildiyim qədər bu, BQXK-nın prezidenti qismində Azərbaycana ilk səfərinizdir. Səfəriniz barədə nə deyə bilərsiniz?

- Bəli, bu mənim Bakı və Azərbaycana ilk səfərimdir. Azərbaycan hökumətinə məni Qoşulmama Hərəkatının sammitində iştirak etməyə dəvət etdiyinə görə öz təşəkkürümü bildirmək istərdim. Bu, BQXK üçün dünyada baş verən münaqişələrlə əlaqədar üzləşdiyimiz mühüm humanitar çətinlikləri aradan qaldırmaq sahəsində Qoşulmama Hərəkatının üzv ölkələri ilə tərəfdaş kimi görüşmək üçün əhəmiyyətli imkandır. Səfərim zamanı Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovla görüşmək və müxtəlif humanitar məsələləri müzakirə etmək imkanım oldu. Mən, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovla da görüşdüm. Biz, Hərəkatdaxili yüksək səviyyəli münasibətləri və mövcud əməkdaşlığı müzakirə etdik. Bu əməkdaşlığın davam etdiriləcəyi və daha da inkişaf edəcəyindən əminəm. Bizim müxtəlif sahələrdə birgə həyata keçirdiyimiz fəaliyyətlərimizdən münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan mülki sakinlər faydalanır.

 





29.10.2019    çap et  çap et