525.Az

Azərbaycan Dövlət Universiteti 1969-1979-cu illərdə - Misir Mərdanov yazır


 

Azərbaycan Dövlət Universiteti 1969-1979-cu illərdə - <b style="color:red">Misir Mərdanov yazır </b>

XX əsrin 60-cı illərinin sonu, 70-ci illər Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafında xüsusi bir mərhəlidir.

Ulu öndər H.Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində köklü dəyişikliklər baş verdi. Digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də ciddi quruculuq işlərinə başlanıldı. Təhsil millətin mənəvi inkişafına və milli özünüdərkə istiqamətləndirildi. Elm və təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu öndərin siyasi hakimiyyətə gəlişi ilə milli ruhun dirçəldilməsi sahəsində uğurlu addımlar atıldı. ADU-nun 50 illik yubiley tədbirində Heydər Əliyevin ana dilində etdiyi çıxış milli ruhu universitet divarları arasına qaytarmaqla yanaşı, həm də dövlət təşkilatlarında, idarə və müəssisələrdə, xüsusilə də təhsil müəssisələrində ana dilinin işlənmə səviyyəsinin yüksəlməsinə güclü təsir göstərdi. Milli tarixi, milli dili və ədəbiyyatı araşdıranlara yüksək dövlət mükafatları verildi. Cənubi Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinin öyrənilməsinə başlanıldı. Güclü siyasi və elmi potensial formalaşdırıldı. Yeni ali təhsil müəssisələri yaradıldı, istedadlı azərbaycanlı gənclər SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərildi.

Bu illərdə ADU özünün inkişafının yeni bir mərhələsinə qədəm qoydu. Qətiyyətlə demək olar ki, əvvəlki illərdə olduğu kimi, 70-ci illərdə də Azərbaycanda milli-mənəvi yüksəlişin önündə məhz Azərbaycan Dövlət Universitetinin dayanırdı. Elə bu səbəbdən də universitetin məzunu olması ilə fəxr etdiyini bildirən Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırırdı.

Həmin dövrdə universitetin tərkibində 14 fakültə, 88 kafedra, elmi kitabxana, iki muzey, aspirantura şöbəsi, 4 problem laboratoriyası, elmi-tədqiqat hesablama mərkəzi və hazırlıq şöbələri, tələbə şəhərciyi, ixtisasartırma fakültəsi, elmi-tədqiqat bölməsi, nəşriyyat, mətbəə və ali məktəbə qəbul olmaq istəyənlər üçün hazırlıq kursları var idi.

Universitetin tədris korpusları üç binada yerləşirdi. Onlardan ikisi Patris Lumumba 23 (indiki Zahid Xəlilov 23) ünvanında yerləşirdi. Həmin korpuslarda universitetin rəhbərliyi, Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat, Fizika, Kimya, Biologiya, Geoloji-coğrafiya, Tarix, Filologiya, Hüquq, Kitabxanaşünaslıq fakültələri, 6 ümumuniversitet kafedraları yerləşirdi. Üçüncü tədris korpusu Kommunist 8 (indiki İstiqlaliyyət 8) küçəsində yerləşirdi. Həmin korpusda Şərqşünaslıq və Jurnalistika fakültələri yerləşirdi.

1978/79-cu tədris ilində universitetdə 13425 tələbə təhsil alırdı. Onlardan 6325-i əyani, 3092-si axşam, 4008-i qiyabi şöbədə təhsil alırdı. Əyani şöbədə təhsil alanların 273 nəfəri xarici ölkə vətəndaşları idi.

Aspiranturada 177 nəfər (onların 79 nəfəri əyani şöbədə, 98 nəfəri qiyabi şöbədə) təhsil alırdı. 31 nəfər xarici ölkə vətəndaşı olan aspirantlar əyani şöbədə təhsil alırdı.

Universitetdə 2384 əməkdaş çalışırdı, onlardan 853 nəfəri professor-müəllim idi. Kafedraların sayı artaraq 64-dən 88-ə çatmışdı. Həmin illərdə universiteti 16000 mütəxəssis bitirmişdi.

1979-cu ildə universitet müəllimlərinin 7 nəfəri Azərbaycan EA-nın müxbir üzvü (Faiq Bağırzadə, Məcid Rəsulov, Cümşüd Zülfüqarlı, Qədir Sultanov, Abdulla Muxtarov, Yusif Əmənzadə, Arif Babayev), 116 nəfəri professor, 311 nəfəri dosent, 419 nəfəri baş müəllim, müəllim və assistent idi. Universitetdə çalışan 853 nəfər müəllimin 121-i elmlər doktoru, 502-si elmlər namizədi idi.

Həmin illərdə universitetin 70 müəllimi doktorluq, 175 müəllimi namizədlik dissertasiyası müdafiə etmişdi. Müəllimlərin 4 nəfəri - bioloq Mirəli Axundov, tarixçi Məmməd Qazıyev, coğrafiyaçı Hadı Əliyev Əməkdar elm xadimi, tarixçi Səidə İmanzadə, kimyaçı Cəlal Əfəndiyev, dilçi Məftun Əkbərov Əməkdar müəllim, hüquqşünaslar Məsumə Məlikova, N.Məmmədov və Məmməd Xələfov Əməkdar hüquqşünas, kitabxanaşünas Abuzər Xələfov Əməkdar mədəniyyət işçisi, idmançı Rza Baxşəliyev Əməkdar idman ustası idi.

Universitetdə 18 ixtisas və 64 ixtisaslaşma üzrə tələbə hazırlanırdı. Həmin dövrdə Azərbaycan Elmlər Akademiyasının tanınmış alimləri, həmçinin, SSR-in ayrı-ayrı şəhərlərindən dəvət olunmuş alimlər müxtəlif kurslar üzrə universitetdə mühazirələr oxuyurdular. Universitetin alimləri də, öz növbəsində həmin ölkələrin ali məktəblərində mühazirələr oxuyurdular.

Universitetin müəllimləri ixtisaslarını artırmaq və təcrübə keçmək məqsədi ilə sistematik olaraq Moskva, Leninqrad (indiki Sankt-Peterburq - M.M.), Kazan və SSRİ-nin digər şəhərlərinin ixtisasartırma fakültələrinə gedirdilər.

1979-cu ildə universiteti 2329 tələbə bitirmişdi. Onların hamısı gənc mütəxəssislərin əvvəlcədən təsdiq olunmuş təyinat planına uyğun olaraq ixtisasları üzrə iş yerinə göndərilirdi.  

Vyetnam Sosialist Respublikası üçün kadr hazırlanmasında böyük xidmətlərinə görə Azərbaycan Dövlət Universiteti 1979-cu ildə həmin ölkənin "Dostluq" ordeni ilə təltif olunmuşdu. 1978/79-cu tədris ilində universitetdə hüquqşünaslıq, beynəlxalq hüquq, geologiya, şərq dilləri və ədəbiyyatı, rus-dili və ədəbiyyatı, biologiya, tətbiqi riyaziyyat, kimya, fizika, riyaziyyat ixtisasları üzrə xarici ölkələrdən gəlmiş 273 tələbə təhsil alırdı. Universitetin 9 fakültəsində 10 ixtisas üzrə 47-dən çox sosialist və inkişaf etməkdə olan ölkələrin tələbələri təhsil alırdılar.

Həmin illərdə tələbələr pulsuz təhsil alırdılar. Onlar təhsil sahəsində müvəffəqiyyətlərindən asılı olaraq təqaüdlə təmin olunurdu. Təhsildə və ictimai fəaliyyətində xüsusi fərqlənən tələbələrə adlı təqaüd verilirdi. 1978/79-cu tədris ilində  universitetdə 16 tələbə adlı təqaüdlə təhsil alırdı.

Universitetin bütün fakültələrində tədrislə yanaşı, elmi-tədqiqat işləri də aparılırdı. Fakültələrin 6-da təbiət elmləri sahəsində, yerdə qalan 6-da və ümumuniversitet kafedralarında humanitar və ictimai elmlər sahəsində tədqiqat işləri həyata keçirilirdi. Elmi-tədqiqat hesablama mərkəzində və 4 problem laborotoriyasında sistemli elmi tədqiqat işləri aparılırdı. Alimlərin bir çoxunun elmi tədqiqatları yalnız Azərbaycanda və Sovetlər Birliyində deyil, ölkəmizdən kənarda da tanınırdı. Həmin illərdə universitetin əməkdaşları - Bəxtiyar Vahabzadə ədəbiyyat sahəsində, Səttar Süleymanov və Vasif Babazadə geologiya sahəsində, Yəhya Məmmədov riyaziyyat sahəsində, Bəhram Əsgərov fizika sahəsində, Əlövsət Abdullayev, Yusif Seyidov, Muxtar Hüseynzadə və Ağamalı Həsənov dilçilik sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdü. Alimlərimiz müxtəlif Ümumittifaq və beynəlxalq elmi sessiyalarda, konfranslarda, simpoziumlarda fəal iştirak edirdilər. Yalnız 1978-ci ildə universitetin alimləri 60-da çox Ümumittifaq və respublika konfranslarında 400-ə yaxın  elmi məruzə ilə çıxış etmişdilər.

Universitet alimlərinin rəhbərliyi ilə tələbələr məhsuldar elmi tədqiqat işləri aparırdılar. 1978-ci ildə universitetin tələbələri respublika elmi konfranslarında iştirak edərək 6 medal və 12 diploma layiq görülmüşdülər. Mexanika-riyaziyyat fakültəsinin professoru Valeri Salayevin rəhbərliyi ilə elmi tədqiqat işləri aparan tələbələr bir neçə dəfə Ümumittifaq və respublika müsabiqələrinin qalibi olmuş,  universitetin keçici Qırmızı Bayrağı ilə təltif olunmuşdular.

Universitetin gənc alimləri Fikrət Babayev kimya sahəsində, Əhməd Abdinov və Aydın Kazımzadə fizika sahəsində Azərbaycan SSR-in Lenin Komsomolu mükafatı laureatı olmuşdular.

Universitet mükəmməl nəşriyyat bazasına malik idi. Hər il nəşriyyat tərəfindən respublika ali məktəblərarası nəşr orqanı hesab olunan 11 seriyadan ibarət "Elmi əsərlər" çap edilirdi. Bundan əlavə hər il 10-15 dərslik, 15-20 metodik vəsait və tədris proqramları nəşr olunurdu.

Azərbaycan Dövlət Universitetinin 60 nəfərdən ibarət olan Elmi Şurası böyük iş aparırdı. Onların 46 nəfəri professor və ya elmlər doktoru, 7-si AMEA-nın müxbir üzvü, 12-si elmlər namizədi, dosent idi. Elmi Şura özünün müntəzəm olaraq keçirilən iclaslarında universitet həyatına aid olan ən aktual məsələləri müzakirə edir və müvafiq qərar qəbul edirdi.

Elmi kadrların hazırlanmasında elmi dərəcələrin verilməsi üzrə Elmi Şura böyük rol oynayırdı. 1979-cu ildə universitetdə 13 ixtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərirdi. Onlardan 10-u namizədlik, 3-ü isə doktorluq elmi dərəcəsi verən şuralar idi: riyaziyyat, fizika, deformasiya olunan bərk cisim mexanikası, petroqrafiya, vulkonologiya və geologiya, SSRİ xalqlarının ədəbiyyatı və dili, fiziki kimya, fiziki coğrafiya, landşaftların geokimyası və geofizikası, geoloji-mineroloji elmlər, ədəbiyyat nəzəriyyəsi, fəlsəfə elmləri, elmi kommunizim, etika və estetika, elmi ateizim və tarix elmləri.

Universitetin tədris işləri üzrə prorektoru, professor Teymur Vəliyev, elmi işlər üzrə prorektoru, Azərbaycan EA-nın  müxbir üzvü, professor Yəhya Məmmədov, axşam və qiyabi şöbə üzrə prorektoru dosent Aida Ağayeva, xarici vətəndaşların təhsili üzrə prorektoru Ramiz Sultanov idi.

1340-dan çox kommunisti özündə birləşdirən universitet partiya komitəsinə 1969-1973-cü illərdə akademik Aslan Aslanov, 1973-1975-ci illərdə professor İzzət Rüstəmov, 1975-1988-ci illərdə professor Qurban Bayramov, 6637 komsomolçunu əhatə edən təşkilata Niftalı Usubov, 8500-dən çox əməkdaşı özündə birləşdirən həmkarlar təşkilatına 1972-1978-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Hacıyev, tələbə həmkarlar təşkilatına isə Rəcəbəli Əliyev rəhbərlik edirdilər.

Mexanika - riyaziyyat fakültəsi. 1958/59-cu tədris ilindən müstəqil fakültə kimi fəaliyyət başlayan Mexanika-riyaziyyat fakültəsində 1979-cu ildə 7 kafedra fəaliyyət göstərirdi. Riyazi analiz kafedrasına Azərbaycan EA-nın müxbir üzvü Arif Babayev, Diferensial və inteqral tənliklər kafedrasına dosent Qəmbər Namazov, Hesablama riyaziyyatı kafedrasına Azərbaycan EA-nın müxbir üzvü Yəhya Məmmədov, Nəzəri mexanika kafedrasına Azərbaycan EA-nın müxbir üzvü Yusif Əmənzadə, Cəbr və topologiya kafedrasına dosent Məmmədəli Bunyatov, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasına professor Əmir Həbibzadə, Həndəsə kafedrasına dosent Nazim Abbasov rəhbərlik edirdi. Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində 1969-1970-ci illərdə professor Mirabbas Qasımov, 1970-1972-ci illərdə Azərbaycan EA-nın  müxbir üzvü Qoşqar Əhmədov, 1972-1975-ci illərdə dosent Qəmbər Namazov, 1975-1978-ci illərdə dosent Rüstəm Sultanov, 1978-ci ildən 1994-cü ilə qədər Azərbaycan EA-nın müxbir üzvü Arif Babayev çalışmışdır.

Həmin illərdə fakültənin əməkdaşları Əmir Həbibzadə, Karlen Xudaverdiyev və Valeri Salayev müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etdilər. 10 il ərzində fakültə əməkdaşlarının 15 monoqrafiyası, dərslik və dərs vəsaiti, 600-dən çox elmi məqaləsi dərc olunmuşdu. Bunların arasında Qoşqar Əhmədov, Kazım Həsənov, Məmməd Yaqubovun "Maarif" nəşriyyatı  tərəfindən Azərbaycan dilində çap olunmuş "Adi diferensial tənliklər", Əmir Həbibzadənin "Funksional analiz", Yəhya Məmmədovun "Adi diferensial tənliklərin təqribi həll üsulları", Yusif Əmənzadənin Moskvada çap olunmuş "Elastiklik nəzəriyyəsi", Latviyada çap olunmuş "Elastiklik nəzəriyyəsinin müstəvi məsələləri" kitablarını xüsusi qeyd etmək lazımdır.

Mexanika-riyaziyyat fakültəsinin əməkdaşları Moskva Dövlət Universitetinin, Steklov adına Riyaziyyat İnstitutunun, Leninqrad və Tbilisi Dövlət Universitetlərinin, Tbilisi Riyaziyyat İnstitutunun əməkdaşları ilə sıx əməkdaşlıq edir və birgə elmi tədqiqat işləri aparırdılar. Fakültənin təşkilatçılığı ilə 1972-ci ildə Bakı şəhərində "Optimal idarəetmənin riyazi üsulları"na həsr olunmuş Ümumittifaq konfransı, 1974-cü ildə Moskva Dövlət Universiteti ilə birlikdə "Mexanikanın müasir problemləri" adlı, 1976-cı ildə isə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu, Steklov adına Riyaziyyat İnstitutu və Moskva Dövlət Universitetinin iştirakı ilə funksiyalar nəzəriyyəsi üzrə Bakı Yay Riyaziyyat məktəbləri keçirilmişdi. Xüsusi qeyd etmək lazımdır ki, 1978-ci ildə Novosibirski şəhərində keçirilən "Tələbə və elmi texniki tərəqqi" adlı XVI ümumittifaq müsabiqəsində fakültənin tələbəsi Tofiq Səlimovun məruzəsi II dərəcəli mükafata layiq görülmüşdü.

Tətbiqi riyaziyyat fakültəsi. 1972-ci ildə Mexanika-riyaziyyat fakültəsinin bazasında yaradılmış Tətbiqi riyaziyyat fakültəsində 1978/79-cu tədris ilində 334 tələbə təhsil alırdı. Fakültənin 2 kafedrasında 24 nəfər çalışırdı. Tətbiqi riyaziyyat kafedrasına 1972-2008-ci illərdə professor Mirabbas Qasımov, Riyazi fizika tənlikləri kafedrasına 1972-1993-cü illərdə Azərbaycan EA-nın müxbir üzvü Məcid Rəsulov rəhbərlik etmişdir. Fakültənin professor-müəllim heyəti sayca az olmasına baxmayaraq, elmi yaradıcılıqla çox ciddi məşğul olurdular. Onlar SSRİ-nin nüfuzlu elmi jurnallarda 200-dən çox elmi məqalə və iki monoqrafiya çap etdirmişdilər. Əməkdaşlardan iki nəfəri doktorluq, 7 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdi. Onlar Azərbaycan Elmlər Akademiyasının əməkdaşları, Moskva Dövlət Universiteti və Leninqrad Dövlət Universitetlərinin müvafiq fakültələrinin əməkdaşları ilə sıx əlaqədə birgə elmi-tədqiqat işləri aparırdılar. Fakültənin tələbələrinin elmi işləri müxtəlif konfrans və simpoziumlarda yüksək qiymətlər almışdı. 10 tələbənin elmi işi jurnallarda çap edilmiş, 20 tələbə respublika daxili və respublikalararası yarışların qalibi olmuşdu. Fakültənin ilk dekanı dosent Mustafa Vəliyev, dekan müavini dosent Şahbaz Bayımov olmuşdu. 

Fizika fakültəsi. Fakültədə 10 kafedra və yarımkeçiricilər fizikası adlı bir problem laboratoriyası fəaliyyət göstərirdi. Nəzəri fizika kafedrasına 1967- 2013-cü illərdə Azərbaycan EA-nın müxbir üzvü Abdulla Muxtarov, Yarımkeçiricilər fizikası kafedrasına professor Vladimir Tahirov, Optika və molekulyar fizika kafedrasına 1968-1984-cü illərdə qədər professor Niftalı Qocayev, Bərk cisimlər fizikası kafedrasına 1971-2014-cü illərdə akademik Bəhram Əsgərov, Astrofizika kafedrasına 1975-1992-ci illərdə professor Rəhim Hüseynov, Elektronika kafedrasına professor Qafar Əfəndiyev, Ali riyaziyyat kafedrasına professor Hüseyn Çəndirov, Ümumi fizika kafedrasına professor Azər Zeynallı, Maddə quruluşu kafedrasına professor Sabir Hacıyev, Atom və molekulların kvant mexanikası kafedrasına professor İsrafil Hüseynov rəhbərlik edirdi. Bu kafedraların altısı 70-ci illərdə yaradılmışdı. Bu illər ərzində elmlər doktorları və professorların sayı artaraq 2-dən 13-ə çatmışdı. Həmin illərdə fakültənin əməkdaşları Sabir Hacıyev, İsmət Nəcəfov, Faiq Sadıqov, Abuzər Rəsulov, Bəhram Əsgərov, Qafar Əfəndiyev, Azər Zeynallı, Hüseyn Çəndirov, Əhməd Abdinov və Vaqif Salmanov doktorluq dissertasiyası müdafiə etmişdilər.

1969-1979-cu illərdə fakültənin əməkdaşları fizikanın mühüm prolemləri ilə bağlı geniş elmi-tədqiqat işləri aparmış, aldıqları əsas nəticələri 900-dən çox elmi məqalə şəklində Ümumittifaq və respublika jurnallarında çap etdirmişdilər. Bunlardan əlavə, Bərk cisimlər fizikası kafedrasının müdiri, professor Bəhram Əsgərovun "Yarımkeçiricilərdə kinetik effektlər" adlı monoqrafiyası Moskvada "Nauka" nəşriyyatında çap olunmuş, müəllif həmin monoqrafiyasına görə 1974-cü ildə Respublika Dövlət Mükafatına layiq görülmüşdü. Professor Niftalı Qocayevin "Optika" adlı dərsliyi rus dilində Moskvada çap olunmuşdu.

Fizika fakültəsinə 1967-1970-ci illərdə dosent Əlicavad Cavadov, 1973-1979-cu illərdə professor Faiq Sadıqov rəhbərlik etmişdir. 

Biologiya fakültəsi. Biologiya fakültəsinin tərkibində 9 kafedra və biologiyanın müasir problemləri istiqamətində elmi tədqiqat işləri aparılan bir laboratoriya fəaliyyət göstərirdi. Genetika və darvinizm kafedrasına 1937-1988-ci illərdə professor Mirəli Axundov, Bitki fiziologiyası kafedrasına 1960-1978-ci illərdə professor Abdulla Tağızadə, Mikrobiologiya kafedrasına 1967-1988-ci illərdə professor Həbibə Qasımova, İnsan və heyvan fiziologiyası kafedrasına professor Tələt Qayıbov, Botanika kafedrasına 1966-1992-ci illərdə professor Cəlal Əliyev, Onurğasızlar zoologiyası kafedrasına 1967-1974-cü illərdə dosent Şamil Cəfərov, Biofizika və molekulyar biologiya kafedrasına 1977-1993-cü illərdə professor Tofiq Məmmədov, Biokimya və biotexnologiya kafedrasına 1972-1977-si illərdə professor Akif Quliyev, 1973-1979-cu illərdə professor Aydın Nəsibov rəhbərlik etmişdir. Həmin illərdə fakültədə 1054 mütəxəssis hazırlanmış, fakültənin əməkdaşlarından Cəlal Əliyev, Arif İsmayılov, Sahib Hüseynov və Nemət Qasımov doktorluq, 49 nəfər isə namizədlik dissertasiyası müdafiə etmişdi. Fakültə əməkdaşlarının 1056 elmi məqaləsi, 16 dərsliyi, 6 monoqrafiyası çap olunmuş, 4 müəlliflik şəhadətnaməsi alınmışdı. Fakültə tələbələrinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində də uğurlar əldə olunmuşdu. Petrozavodski şəhərində keçirilmiş 27-ci Ümumittifaq tələbə elmi konfransında fakültənin tələbələri Z.Zeynalova və S.Manafovanın məruzələri təşkilat komitəsinin fəxri fərmanına layiq görülmüşdü. Fakültənin alimləri Moskva, Leninqrad, Kiyev, Xarkov, Minsk, Voronej, Daşkənd, Ufa, Düşənbə, Riqa və Aşqabad universitetlərinin alimləri ilə birlikdə elmi tədqiqat işləri aparırdılar.

Fakültə tələbələrinin tədris və istehsalat praktikaları Quba rayonunda yerləşən tədris-təcrübə sahəsində, Moskvanın, Leninqradın, Kiyevin, hətta Çexoslavakiya və Bolqarıstanın elmi-tədqiqat mərkəzlərində həyata keçirilirdi.

Biologiya fakültəsinin dekanı vəzifəsində 1972-1975-ci illərdə professor Hüseyn Hüseynov, 1975-1978-ci illərdə professor Arif İsmayılov, dekan müavini vəzifəsində 1968-1973-cü illərdə professor Akif Quliyev işləmişdi.

Kimya fakültəsi. Kimya fakültəsində 6 kafedra və bir problem laboratoriyası fəaliyyət göstərirdi. Analitik kimya kafedrasına 1941-1979-cu illərdə professor Murtuza Əhmədli, Qeyri üzvi kimya kafedrasına 1957-1982-ci illərdə Cümşüd Zülfüqarlı, Fiziki və kolloid kimyası kafedrasına 1965-1983-cü illərdə professor İsrafil Səttarzadə, Üzvi kimya kafedrasına 1965-1992-ci illərdə professor Şamil Əhmədov, Yüksək molekullu birləşmələr kafedrasına 1965-1983-cü illərdə professor Ziyəddin Sadıqov, Kimya texnologiyası kafedrasına 1971-1978-ci illərdə professor Ağarəfi Ağayev rəhbərlik etmişdi. 1969-1979-cu illərdə fakültənin 2 əməkdaşı doktorluq, 32 əməkdaşı isə namizədlik dissertasiyası müdafiə etmişdi. Fakültə əməkdaşlarının 6 monoqrafiyası və dərsliyi, 100-dən çox məqaləsi çap olunmuş, 40 müəlliflik şəhadətnaməsi alınmışdı.

Kimya fakültəsinin dekanı vəzifəsində 1969-1974-cü illərdə dosent Bəşir Mirzəyev, 1974-76-cı illərdə professor Fikrət Babayev, 1976-1979-cu illərdə professor Dəmir Qəmbərov, dekan müavini vəzifəsində 1968-75-ci illərdə Təhməz Quliyev işləmişdi.

1979-cu ildə fakültədə 160 əməkdaş, o cümlədən, 73 müəllim çalışırdı. Onlardan 5 nəfəri elmlər doktoru, professor, 50 nəfəri elmlər namizədi, dosent idi.

1969-1979-cu illərdə fakültənin əməkdaşları Tolio, Edinburq və Moskvada keçirilən beynəlxalq konqreslərdə, Ümumittifaq və respublika konfranslarında məruzə ilə çıxış etmişdi.

Geologiya-coğrafiya fakültəsi. Fakültədə fəaliyyət göstərən doqquz kafedradan üçü 1969-1979-cu illərdə  yaradılmışdı. Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası kafedrasına 1960-1980-ci illərdə professor Hadı Əliyev, İqtisadi və sosial coğrafiya kafedrasına 1960-1991-ci illərdə professor Əbdürrəhim Hacızadə, Geodeziya və kartoqrafiya kafedrasına 1972-1988-ci illərdə professor Rizvan Piriyev, Fiziki-coğrafiya kafedrasına 1960-2011-ci illərdə professor Müseyib Müseyibov, Hidrometeorologiya kafedrasına 1973-1990-cı illərdə professor Nəriman Vəliyev, Ümumi geologiya və hidrogeologiya kafedrasına 1949-1993-cü illərdə Əziz Əsgərov, Faydalı qazıntılar kafedrasına 1958-1986-cı illərdə professor Səttar Süleymanov, Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasına 1958-2009-cu illərdə professor Sübhi Bektaşi, Paleontologiya kafedrasına 1956-1995-ci illərdə professor Qədir Sultanov rəhbərlik etmişdir. Fakültənin dekanı vəzifəsində 1967-1972-ci illərdə professor Rizvan Piriyev,1972-1980-ci illərdə professor Vasif Babazadə işləmişdi. Fakültənin 7 əməkdaşı - Əbdürrəhim Hacızadə, Rizvan Piriyev, Sübhi Bektaşi, Vasif Babazadə, Vasif Əliyev, Fəsli Hacıyev, Çingiz Xəlifəzadə doktorluq, 10 əməkdaşı isə namizədlik dissertasiyası müdafiə etmişdi. Fakültədə 16 nəfər elmlər doktoru, 27 nəfər dosent çalışırdı. Fakültə əməkdaşlarının 25 monoqrafiyası, dərslik və dərs vəsaitləri, yerli, mərkəzi və xarici jurnallarda 600-dən çox elmi məqalələri çap olunmuşdu.

1970-ci illərdən başlayaraq fakültənin geologiya ixtisasına mütəmadi olaraq xarici ölkə vətəndaşları (Kuba, Vyetnam, Əlcəzair, Yəmən, İordaniya, Tunis, Banqladeş, Zair, Suriya, Misir, İran, Kolumbiya, Qvineya və b.) təhsil alırdılar. Onlarla xarici ölkə vətəndaşı namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdi.

Həmin illərdə fakültədə coğrafiya və faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ixtisasları üzrə kadr hazırlanırdı. İstehsalat təcrübələri tədris planına uyğun olaraq III və IV kursların sonunda SSRİ-nin müxtəlif regionlarında və Azərbaycanın bir çox rayonlarında fakültə müəllimlərinin rəhbərliyi ilə həyata keçirilirdi. Hər iki ixtisas üzrə tədris Azərbaycan və rus dillərində aparılırdı. Fakültənin əyani, axşam və qiyabi şöbələrində 1150 nəfərə yaxın tələbə təhsil alırdı.  

Tarix fakültəsi. Universitetin yaşıdı olan fakültədə 1979-cu ildə 11 elmlər doktoru, professor, 40 elmlər namizədi, dosent işləyirdi. Fakültədə altı kafedra fəaliyyət göstərirdi. Azərbaycan tarixi kafedrasına 1967-1972-ci illərdə professor Zülfəli İbrahimov, Ümumi tarix kafedrasına 1970-1998-ci illərdə professor Ruhulla Orucov, Arxeologiya və etnoqrafiya kafedrasına 1976-1992-ci illərdə professor Məmmədəli Hüseynov, Asiya və Afrika ölkələri tarixi kafedrasına 1969-1991-ci illərdə professor Zakir Abdullayev, SSRİ tarixi kafedrasına 1969-1971-ci illərdə professor Yusif Səfərov, 1971-1994-cü illərdə professor Aslan Atakişiyev rəhbərlik edirdi.

Tarix fakültəsinin dekanı vəzifəsində 1967-1970-ci illərdə professor Zakir Abdullayev, 1970-1977-ci illərdə professor Məmmədəmin Qazıyev, 1977-1980-ci illərdə professor Mahal Məmmədov işləmişdi.

Həmin illərdə fakültənin 6 əməkdaşı doktorluq dissertasiyası müdafiə etmişdi. On il ərzində fakültə əməkdaşlarının 30 monoqrafiyası, 24 dərslik və dərs vəsaiti, 300-dən çox elmi məqaləsi çap olunmuş, 3 dərslik rus dilindən Azərbaycan dilinə tərcümə edilmişdi.

Fakültə əməkdaşları Moskva Dövlət Universitetinin Tarix fakültəsi, SSRİ Elmlər Akademiyasının Tarix institutu, Tbilisi, İrəvan, Saratov, Polşanın Lodz və Fransanın Marsel universitetləri əməkdaşları ilə birgə elmi tədqiqat işləri aparırdılar.

Kafedralarda etnoqrafiya, arxeologiya, Azərbaycan tarixi və tarixin digər sahələrini əhatə edən elmi seminarlar və dərnəklər keçirilirdi. Fakültənin əməkdaşları keçmiş SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərinin alimləri ilə birgə elmi tədqiqat işləri aparır, təcrübə mübadiləsi həyata keçirirdilər. Həmin dövrdə müəllimlərin altıaylıq və üçaylıq ixtisasartırma və stajkeçmə məsələsinə ciddi fikir verilirdi. Onların əksəriyyəti Moskvanın, Leninqradın və digər şəhərlərin nüfuzlu universitetlərində elmin yenilikləri ilə tanış olur, müasir təhsil üsullarına yiyələnirdi. Bütün bunlar universitetdə elmin və təhsilin inkişafına öz təsirini göstərirdi.

Hüquq fakültəsi. 1928-ci ildə Şərqşünaslıq fakültəsinin hüquq şöbəsinin bazasında yaradılmış Hüquq fakültəsi respublikada ali təhsilli hüquqşünas hazırlayan yeganə elmi-tədris müəssisəsi idi. 50 illik fəaliyyəti dövründə Cənubi Qafqaz və Orta Asiyanın universitetlərinin fakültələri arasında ən böyük fakültəyə çevrilmişdi. 1977-ci ildə fakültədə "Beynəlxalq hüquq" ixtisası üzrə dünyanın 32 ölkəsindən olan tələbə təhsil alırdı. 1978/79-cu tədris ilində fakültədə 1640 tələbə təhsil alırdı. Fakültədə 9 kafedra fəaliyyət göstərirdi. Mülki hüquq kafedrasına 1952-1990-cı illərdə professor Əziz Əsədov, Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasına 1976-1995-ci illərdə professor Əyyub Əsgərov, Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasına 1968-2019-cu illərdə AMEA-nın müxbir üzvü, professor Məsumə Məlikova, Cinayət prosesi və kriminalistika kafedrasına 1968-1979-cu illərdə professor Cəfər Mövsümov, Konstitusiya hüququ kafedrasına 1965-2011-ci illərdə professor Murtuz Ələsgərov rəhbərlik etmişdir.

Hüquq fakültəsinin dekanı vəzifəsində 1962-1980-ci illərdə professor Məmməd Xələfov işləmişdir.

1979-cu ildə fakültədə 9 elmlər doktoru, professor, 25 elmlər namizədi, dosent çalışırdı. Fakültədə dövlət və hüquq tarixi, mülki hüquq və prosesi problemləri, cinayət hüququ və prosesi problemləri, sosialist qanunçuluğunun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının qorunması və beynəlxalq hüquq problemləri istiqamətində elmi tədqiqat işləri aparılırdı.  

Filologiya fakültəsi. Fakültədə 12 kafedra fəaliyyət göstərirdi. Ümumi dilçilik kafedrasına 1951-1981-ci illərdə Professor Muxtar Hüseynzadə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına 1961-1978-ci illərdə Mir Cəlal Paşayev, 1978-1986-cı illərdə professor Firudin Hüseynov, Müasir Azərbaycan dili kafedrasına 1967-1988-ci illərdə professor Əlövsət Abdullayev, Rus dilçiliyi kafedrasına 1963-1970-ci illərdə Məmməd Tağıyev, Müasir rus ədəbiyyatı tarixi kafedrasına 1967-1984-cü illərdə professor Seyfulla Əsədullayev, Türk xalqları ədəbiyyatı kafedrasına 1973-1989-cu illərdə professor Pənah Xəlilov, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasına 1965-2013-cü illərdə professor Yusif Seyidov, Türkologiya kafedrasına 1969-1984-cü illərdə professor Fərhad Zeynalov, Rus dilçiliyi kafedrasına 1969-1990-cı illərdə professor Firudin Hüseynov rəhbərlik etmişdir.

Fakültənin dekanı vəzifəsində 1967-1974-cü illərdə professor Ağamusa Axundov,1974-1976-cı illərdə professor Əkbər Ağayev, 1977-1980-ci illərdə professor Firudin Hüseynov işləmişdi.

10 il ərzində 17 nəfər - Əkbər Ağayev, Bəxtiyar Vahabzadə, Vaqif Vəliyev, Firudin Cəlal oğlu Hüseynov, Xəlil Əlimirzəyev, Bayram Tahirbəyov, Muxtar Hüseynzadə, Abdulla Vəliyev, Abdulla Abbasov, Firudin Hüseyn oğlu Hüseynov, Təhsin Mütəllimov, Əbülfəz Rəcəbov, İnayət Bektaşi, Şamil Qurbanov və Camal Əhmədov doktorluq dissertasiyası müdafiə etmişdi. Həmin illərdə fakültə əməkdaşlarının 98 monoqrafiya, dərslik və dərs vəsaitləri, 800-dən çox elmi və elmi-populyar məqalələri çap olunmuşdu.

Fakültənin tələbələri elmi-tədqiqat işlərinin aparılmasında fəal iştirak edir, elmi dərnəklərdə, konfranslarda məruzələrlə çıxış edirdilər.

Şərqşünaslıq fakültəsi. 1969-1979-cu illərdə Şərqşünaslıq fakültəsi yüksək ixtisaslı şərqşünaslar, filoloq və tərcüməçilər hazırlayan böyük mərkəzlərdən birinə çevrilmişdi. Fakültədə 7 elmlər doktoru və 14 elmlər namizədi işləyirdi. Burada Ərəb dili, Yaxın Şərq dilləri və Yaxın Şərq xalqları ədəbiyyatlarının tarixi kafedraları yaradılmışdı. Ərəb dili kafedrasına 1957-1989-cu illərdə professor Ələsgər Məmmədov, Yaxın Şərq dilləri kafedrasına 1957-1989-cu illərdə professor Rəhim Sultanov, Yaxın Şərq xalqları ədəbiyyatlarının tarixi kafedrasına professor Mübariz Əlizadə rəhbərlik edirdi.

Fakültənin məzunları Moskvanın, Leninqradın, Orta Asiya və Zaqafqaziya respublikalarının elmi mərkəzlərində, İranda, Türkiyədə və bir çox ərəb ölkələrində müvəffəqiyyətlə çalışırdılar. Burada həmçinin, Bolqarıstan, Macarıstan, Polşa, Monqolustan, Almaniya Demokratik Respublikası, Vyetnam, Kuba və başqa ölkələr üçün kadrlar hazırlanırdı. Fakültədə yüksək ixtisaslı şərqşünasların hazırlanmasında akademik Vasim Məmmədəliyev, professor Neyyerzaman Mehdiqulu qızı ?Hatəmi, professor Aida İmanquliyeva, professor Təhminə Rüstəmova, professor Mirzə Rəhimov və başqalarının böyük xidmətləri olmuşdur.

Fakültənin dekanı vəzifəsində 1965-1977-ci illərdə professor Həsən Mahmudov, 1977-1981-ci illərdə professor Şulan Şirəliyev işləmişdir.

Jurnalistika fakültəsi. 25 ildən çox Filologiya fakültəsinin nəzdində bir kafedra - Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunan jurnalistika şöbəsi, 1969-cu ildə sərbəst fakültəyə çevrilmişdi. 1969-cu ildə fakültənin əyani şöbəsində 110, qiyabi şöbəsində 271 tələbə təhsil alırdı. 1979-cu ildə həmin rəqəmlər uyğun olaraq 180 və 196 olmuşdur. 1969-cu ildə fakültədə bir nəfər də professor yox idi. 1979-cu ildə fakültədə artıq 2 nəfər professor çalışırdı. Fakültənin dekanı vəzifəsində 1969-1970-ci illərdə professor Nurəddin Babayev, 1970-1976-cı illərdə professor Şirməmməd Hüseynov, 1976-1979-cu illərdə dosent Seyfulla Əliyev, 1979-1980-ci illərdə professor Tofiq Rüstəmov işləyirdi.  Fakültədə iki kafedra fəaliyyət göstərir. Mətbuat tarixi və ideoloji iş metodları kafedrasına 1976-1980-ci illərdə professor Şirməmməd Hüseynov, Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasına 1973-2003-cü illərdə professor Famil Mehdi rəhbərlik etmişdir. Fakültədə yüksək ixtisaslı milli jurnalist kadrlar hazırlığında Həsən Şahgəldiyev, Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov, Əliş Nəbili və digər alim-pedaqoqların böyük xidmətləri olmuşdur.

Kitabxanaçılıq fakültəsi. 1947-1962-ci illərdə Filologiya fakültəsinin tərkibində olan kitabxanaçılıq şöbəsi, 1962-ci ildə müstəqil fakültə kimi fəaliyyətə başlamışdı. Fakültə ölkəmizdə yüksək ixtisaslı kitabxana işçiləri, kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq kadrları hazırlayan yeganə mərkəz idi. 1979-cu ildə fakültədə iki kafedra fəaliyyət göstərirdi. Kitabxanaşünaslıq kafedrasına 1963-2013-cü illərdə bu sahədə ölkəmizdə ilk elmlər namizədi və elmlər doktoru olan professor Abuzər Xələfov, Biblioqrafiyaşünaslıq kafedrasına dosent Əşrəf Xələfov rəhbərlik etmişdir. Fakültəyə 1970-1979-cu illərdə professor Zöhrab Əliyev, 1979-1993-cü illərdə professor Abuzər Xələfov rəhbərlik  etmişdir. 1979-cu ildə fakültədə 22 müəllim, o cümlədən, 1 elmlər doktoru, professor, 11 elmlər namizədi, dosent işləyirdi. 

İxtisasartırma fakültəsi. 1967-ci ildə riyaziyyat, fizika və kimya ixtisasları üzrə fəaliyyətə başlamış fakültə 1969-1979-cu illərdə  xeyli genişlənmiş ən ölkədə ən böyük ixtisasartırma fakültələrindən birinə çevrilmişdi. Fakültəyə 1969-1979-cu illərdə dosent Həzrətqulu Əmənov rəhbərlik edirdi. Buraya hər il 18 ixtisas üzrə 2 mindən artıq dinləyici qəbul edilirdi. Fakültədə ixtisaslarını artıran müəllimlər öz ixtisasları ilə bağlı mühazirələri dinləyir, seminarlarda və laboratoriya məşğələlərində biliklərini dərinləşdirir, universitet kafedralarının elmi-tədqiqat fəaliyyəti ilə tanış olurdular.

Xarici vətəndaşların təhsili fakültəsi. 1968-ci ildə Vyetnamdan 110 tələbə və aspirant universitetin Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geologiya-coğrafiya və Şərqşünaslıq fakültələrində məşğələlərə başladı. Həmin ildə Universitetdə Xarici vətəndaşların təhsili fakültəsi yaradıldı. Fakültənin yarandığı vaxtdan 7 buraxılışı olmuşdur. 1979-cu ilədək fakültədə Əfqanıstan, Suriya, Misir, Yəmən üçün 372 ali təhsilli mütəxəssis hazırlanmışdı. 1968-1979-cu illərdə fakültənin dekanı vəzifəsində professor Ramiz Sultanov işləmişdir.    

Elmi Kitabxana. Universitetin elmi kitabxanası respublikamızın ilk ali məktəb kitabxanasıdır. 1919-cu ildə onun fondunda cəmi 250 kitab var idi. 1979-cu ildə isə onun fondunda 2 milyon adda kitab var idi. Oxucuların ixtiyarında 900 oturacaq yeri olan 11 oxu zalı var idi. Həmin illərdə kitabxana 15 mindən çox tələbə, müəllim və professora xidmət edirdi. Kitabxana SSRİ-nin və ölkəmizin 270 elmi müəssisəsi ilə ədəbiyyat mübadiləsi edirdi. 1974-cü ildə kitabxanaya  "Elmi Kitabxana" statusu verilmişdir. Həmin illərdə universitetin elmi kitabxanası respublikanın ali məktəbləri və texnikumlarındakı kitabxanaların elmi-metodik mərkəzinə çevrilmişdi. Bununla əlaqədar kitabxanada iki yeni şöbə - metodika və elmi-texniki informasiya şöbələri yaradılmışdı. Kitabxananın əməkdaşları kitabxanaşünaslıq və biblioqrafiya sahəsində tədqiqat işi aparırdılar. Universitetin "Elmi əsərləri" dünyanın əksər ölkələrinə göndərilirdi. Elmi kitabxanaya 1966-1983-cü illərdə professor Kərim Həsənov rəhbərlik etmişdir. Kitabxananın inkişafında Kiçikxanım Zeynalova, Nigarxanlm Aslanova, Nisəxanım Məmmədova, Zərri Qaracayeva, Şəmsi Piriyeva, Şərqiyə Dadaşova, Nailə Kərimova, Rəhim İsmayılov və başqalarının böyük xidmətləri olmuşdur.

Ümumuniversitet kafedraları

Həmin illərdə universitetdə 10 ümumuniversitet kafedrası fəaliyyət göstərirdi:

Sov.İKP tarixi tarixi kafedrası universitetin müstəqil, aparıcı kafedrası kimi 1946-cı ildən fəaliyyətə başlamışdır.  Kafedraya 20 ildən çox - 1946-1967-ci illərdə dosent Məmməd Səlimov, 1968-1973-cü illərdə professor Xəlil Əlimirzəyev və professor Seyfəddin Qəndilov, 1974-1986-cı illərdə professor Zakir Şılinski rəhbərlik etmişdi. 10 il ərzində kafedra müəllimlərindən 5 nəfəri doktorluq, 3 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdi. 1979-cu ildə kafedrada 6 elmlər doktoru, 14 elmlər namizədi-dosent çalışırdı. 

Dialektik materializm kafedrası. Universitetdə fəlsəfə kafedrası 1945-ci ildə yaradılmışdı. Bu kafedraya 1945-1950-ci illərdə akademiklər Aleksandr Osipoviç Makovelski və Heydər Hüseynov, 1950-1963-cü illərdə professor Mehbalı Qasımov rəhbərlik etmişdi. 1976-cı ildə fəlsəfə kafedrası iki müstəqil kafedraya - Dialektik materialim və Tarixi materializm kafedralarına ayrılmışdı. Kafedraya 1963-2010-cu illərdə akademik Fuad Qasımzadə rəhbərlik etmişdir.

Tarixi materializm kafedrası. Kafedraya 1976-cı ildə Fəlsəfə kafedrasının bazasında yaradılmış, ona 1976-1988-ci illərdə professor Həmid İmanov rəhbərlik etmişdir. 1979-cu ildə burada 1 elmlər doktoru, professor, 7 elmlər namizədi, dosent çalışırdı. Həmin illərdə kafedra əməkdaşlarının 2 monoqrafiyası və 35 elmi məqaləsi çap olunmuşdu.

Siyasi iqtisad kafedrası. 1969-1979-cu illərdə kafedrada çalışan müəllimlərin sayı artaraq 14-dən 23-ə çatmışdı. Onlardan 1 nəfəri iqtisad elmləri doktoru, 15 nəfəri iqtisad elmləri namizədi və dosent idilər. Həmin illərdə kafedra əməkdaşlarından 6 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdi. Kafedraya 1966-1971-ci illərdə professor Yuri Məmmədov, 1971-1992-ci illərdə Azərbaycan EA-nın müxbir üzvü, professor Teymur Vəliyev rəhbərlik etmişdir.  

Elmi kommunizm kafedrası. Kafedra 1967-ci ildə yaradılmışdı. 1969-1979-cu illərdə kafedrada çalışan müəllimlərin sayı iki dəfə artaraq 18 nəfərə çatmışdı. Onlardan biri fəlsəfə elmləri doktoru, 11 nəfəri fəlsəfə elmləri namizədi idi. 10 il ərzində kafedra əməkdaşlarından 1 nəfər doktorluq, 10 nəfər namizədlik dissertasiyası müdafiə etmişdi. Həmin illərdə kafedraya professor Həsən Şirəliyev rəhbərlik edirdi.

Etika və estetika kafedrası 1961-ci ildə yaradılmışdı. 1961-1979-cu illərdə kafedraya akademik Aslan Aslanov rəhbərlik etmişdi. Kafedrada 7 müəllim, o cümlədən, 2 elmlər doktoru, 3 elmlər namizədi çalışırdı. 

Pedaqogika və psixologiya kafedrası 1960-cı ildə yaradılmışdı. 1969-1979-cu illərdə kafedrada 1 professor, 6 elmlər namizədi, 3 baş müəllim və 3 müəllim işləyirdi. Kafedranın əməkdaşları Əkbər Bayramov, Cəmilə Təhmasib, İsmayıl Seyidov, Rəna İbrahimbəyova, Oktay Kərimov, Tamella Dadaşova Ümumittifaq, respublika və beynəlxalq konfrans və simpoziumlarda fəal iştirak edirdilər. Kafedraya 1961-1970-ci illərdə professor Məmmədəli Məhərrəmov, 1971-1992-ci illərdə professor Əkbər Bayramov rəhbərlik etmişdir.

Elmi ateizmin nəzəriyyəsi və tarixi kafedrası 1971-ci ildə yaradılmışdı. 1969-1979-cu illərdə kafedrada 6 nəfər işləyirdi. Onların biri elmlər doktoru, professor, 3-ü elmlər namizədi idi. Kafedranın müdiri vəzifəsində həmin illərdə professor Qədim Mustafayev işləyirdi.

Qərbi Avropa dilləri kafedrası 1939-cu ildə yaradılmışdı. 1975-ci ildə iki kafedraya bölündü: Humanitar fakültələrə xidmət edən Qərbi Avropa dilləri kafedrası və Təbiət fakültələrinə xidmət edən Qərbi Avropa dilləri kafedrası. 1969-1979-cu illərdə birinci kafedraya H.Qədimbəyov və Timuçin Hidayətzadə, ikinci kafedraya Səyyarə İmanova rəhbərlik edirdilər. Kafedra üzvlərindən 4 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdilər. Kafedra üzvləri yeni dərslik və dərs vəsaitləri hazırlayır, rus dilində çap olunmuş dərslik və dərs vəsaitlərini Azərbaycan dilinə tərcümə edirdilər. 

Bədən tərbiyəsi kafedrası 1931-ci ildə yaradılmışdı. 1965-1986-cı illərdə kafedraya idman ustası, dosent İnqilab Novruzov rəhbərlik etmişdi. 1979-cu ildə kafedrada 12 baş müəllim və 10 müəllim işləyirdi. Həmin ildə tələbələrdən Aydın Hüseynov, İlham Pirməmmədov və Rövşən Vəliyev SSRİ idman ustası normasını yerinə yetirmişdilər. 

Hərbi hazırlıq kafedrası.  1969-1979-cu illərdə universitetdə hərbi hazırlıq kafedrası var idi. Bütün fakültələrin oğlan tələbələri həftənin bir günü hərbi hazırlıq  dərsi keşirdi. Kafedraya Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov rəhbərlik edirdi. Müəllimlərin əksəriyyəti başqa millətlərin nümayəndəsi idi. Yaxşı xatırlayıram, IV kursun sonunda tələbələri iki aylıq hərbi təlimə aparırdılar. İnstitutu uğurla başa vuran tələbələrə hərbi rütbə verirdilər.

Hazırlıq şöbəsi. 1969-cu ildə qabaqcıl fəhlə və kəndli gəncləri ali məktəblərə daha geniş cəlb etmək məqsədi ilə universitetdə hazırlıq fakültəsi yaradıldı. Şöbəyə 1970-1972-ci illərdə professor Ələddin Mahmudov, 1973-1979-cu illərdə dosent Yəhya Əliyev rəhbərlik edirdi. Həmin illərdə şöbənin Azərbaycan və rus bölmələrinin gündüz və axşam şöbələrinə hər il 250 nəfər dinləyici qəbul edilirdi. Buraxılış imtahanlarını uğurla verən dinləyicilər qəbul imtahanları vermədən müvafiq fakültələrə qəbul edilirdi. Gündüz şöbəsində oxuyan dinləyicilərə təqaüd verilirdi.

1969-1979-cu illərdə universitetin maddi-texniki bazası möhkəmləndirildi, tələbə qəbulu planı tədricən artırıldı, yeni-yeni laboratoriya və kafedralar yaradıldı. 1977-78-ci tədris ilində universitetin ikinci tədris binası istifadəyə verildi, univeristetdə elm və təhsil sahəsində ciddi uğurlar əldə edildi. 70-ci illərdə universitet Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün mütəxəssislər hazırlayan güclü bir mərkəzə çevrildi.

 





29.10.2019    çap et  çap et