525.Az

SOCAR-ın qayığında baş vermiş partlayışla bağlı cinayət işi başlandı


 

SOCAR-ın qayığında baş vermiş partlayışla bağlı cinayət işi başlandı <b style="color:red"></b>

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğu Xəzər dənizində baş vermiş hadisə ilə bağlı birgə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda qeyd olunub ki, oktyabrın 29-da saat 13.00 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat edib, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi
nəzarətə götürülüb.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

 





30.10.2019    çap et  çap et