525.Az

Mövsümü olmaz ayrılıqların - Fərqanə Yusifqızının şeirləri


 

Mövsümü olmaz ayrılıqların - <b style="color:red">Fərqanə Yusifqızının şeirləri</b>

Məni bağışla

Bir vərəq sevgin qaldı,
bir kitabsa ayrılıq.
Onsuz da bir əsrdi sənin ilə ayrıyıq.
Yollarına sadağa,
adına qurban mənəm,
Sarıl mənə son dəfə,
gəl qovuşaq birdənəm.

Dünyanın o başından səslə məni
 harayla
Gəlləm yağan yağışla,
gəlləm günəşlə, ayla.
Mənə qoy vətən olsun,
o müqəddəs qucağın
Ayağın dəyən yerlər ziyarətim,
ocağım.

Danış ay ömrüm-günüm,
səsin olsun nəfəsim,
Sən gedirsən, söylə bəs,
 kim olacaq hər kəsim...
Getsən də çarə nədir,
uğurlaram alqışla
Sənsiz dözə bilməyib ölsəm,
məni bağışla...

Yağış yağar

Yağış yağar urəyimin küncünə,
Yağar, yağar, dərd-sərimi təmizlər.
Yağış yağar ürəyimin küncünə,
Susuz qalar təşnə torpaq, gen düzlər.

Yağış yağar gözlərimin içinə,
Gözüm dolar, boşalmağa tələsər.
Qoşularam bəxtsizlərin köçünə,
İzlər itər, arxamızca yel əsər.

Yağış yağar hisslərimin üstünə,
Hissim donar, sevdamızı isitməz.
Tənhalığım yaman durar qəsdimə,
İslanaram, yağan yağışsa kəsməz.

Yağış yağar, dayanmadan hey yağar,
Göyün yerə sevgisini bildirər.
Yağış yağar ürəyimə hey yağar,
Dərd-sərimi damla-damla öldürər.

Bu payız da tənhayam

Bu payız da tənhayam,
Saralan yarpaqların,
Üşüyən budaqlarda,
Lap son qonağı kimi.
Bu payız da tənhayam,
Xəzan ümidlərimin,
Məzarı üzərində,
Söylənən ağı kimi...
Alıb xatirələri,
Yer tapmıram daşıyam,
Öldürəcəm hamısın,
Dəli sayağı kimi...
Bu payız da tənhayam,
Ətraf qırmızı, sarı,
Hər yan xına rəngində,
Gəlin ayağı kimi...
Bu payız da tənhayam...
Bu payız da soyuqdu...

Yuxuma gəl

Yuxuma girsin yağış,
Yağsın hey dayanmadan.
Sonra sən...
Gəl qovuşaq,
Yuxudan oyanmadan...
Bizə yaxın gəlməsin,
Nə ayrılıq, nə həsrət,
Yuxuma gəlməsin qoy,
Köksümü cızan möhnət.
Yuxuma gəl...
Qovuşaq...
Dəysin mənə əllərin...
Yağan yağışın altda,
Xəyal quraq,
nələrin...
Toxunsun dodaqların,
Öncə islaq telimə,
Sonra nəfəslərimiz,
Qarışsın bir-birinə...
Yuxuma gəlsin yağış,
Dönüm dumana, çənə.
Sonra səni gətirsin,
Səni gətirsin mənə...

Bu gecə

Bu gecənin rəngi
daha qaradı məncə.
Küçələrdə ara-sıra
sahibsiz itlər hürür
bir də yemək axtarır
balasına pişiklər...
Açdım pəncərəmi qaranlığa
ağaclar adam kimi
boylanırlar içəri
təngə gəldim
elə bil ki, gecə-gündüz
dayanıblar keşikdə...
Bu gecənin ayı yoxdur
dağılıblar ulduzlar.
Sanki bu gün göy üzündə
yollarını azıblar...
Bircə qədəh şərab süzüm
bir musiqi dinləyim...
necə idi o mahnı?
həə
"gecələr pənah yerim"
oxuyan da deyəsən
o qız idi...Azərin...
Kimlər yatıb bu gecə
kimlər oyaqdı görən...
bu gecə tənhaların
gecəsidi deyəsən...

Mövsümü olmaz ayrılıqların

Mövsümü olmaz ayrılıqların
nə istini hiss edər insan, nə soyuğu
gedişin bir burulğan kimi
içimi, çölümü söküb apardı.
İndi bu sevdiyim fəsildə
xəzanlar ürəyimdə saraldı.
Anladım...
Bu sevdanın nə əvvəli olacaqmış,
nə də ardı.
Olsun.
Gedişini faciə etməyim mən də,
zarafat etmişdin bəlkə,
sevirəm deyəndə.
Mövsümü olmaz ki, ayrılıqların.
Mövsümlər də sən idin.
Güləndə bahar,
ağlayanda payız
susanda isə qış.
Və bir də ayrılıq varmış...
Gözyaşı, hüzün, kədər.
Bundan belə ayrılıq qoxar
bütün mövsümlər...

Payız

Xoş gəlmisən payızım,
Sevimli fəslim mənim.
Ruhum ilə bərabər
Bax, sevinir bədənim.
Xoş gəlmisən payızım,
Bu xəzan ürəyimə.
Bilmirəm neçə dəfə
Gələcəksən ömrümə.
Neçə dəfə islanar,
Yağışında tellərim,
Neçə dəfə toxunar
Xəzanına əllərim?
Xoş gəlmisən payızım,
Sarışın fəslim mənim.
Tanrı yağışla yerə
Qoy göndərsin kərəmin.
Bir leysan yağış yağsın
Döyəcləsin üzümü.
Gizləsin bu minvalla
Yağmur dolu gözümü.
Əssin payız yelləri,
Dərdlərimi qoparsın,
Fırtınaya dönərək
Uzaqlara aparsın...
Xoş gəlmisən payızım
Xoş gəlmisən evimə.
Neçə dəfə gələssən
Bundan sonra ömrümə?..

Məktub

Məndən nigaran qalma,
Hər şey qaydasındadı
Yuxum qaçıb sadəcə
Heç bilmirəm hardadı.
Evin divarlarından
yuxusuzluq tökülür,
bayırda dan yeri də
sən olmadan sökülür.
Yuxu cəhənnəmə e,
Dörd tərəfim işgəncə,
Yenə iştahım qaçıb,
Yaşayıram beləcə.
Hara baxsan dərmandı
yenə xəstə olmuşam.
sevginə bürünürdüm
üstüaçıq qalmışam.
Quruyub dodaqlarım,
indi uçuq-uçuqdu.
Sulugözlü olmuşam,
Ehh, biabırçılıqdı...
Bunlar dərdin yarısı,
Hava da heç açılmır.
Günlər bozarıb yaman
bir birindən seçilmir.
Adını unutmağa
bəhanələr tükənib
dünyanın şor suları
kipriyimə yüklənib.
Hə, bayaq nə deyirdim?
heç vecinə də alma.
hər şey qaydasındadı,
məndən nigaran qalma.

 





30.10.2019    çap et  çap et