525.Az

Rəssam Nərmin Sadıqovanın "Meraki" adlı fərdi sərgisi keçiriləcək


 

Rəssam Nərmin Sadıqovanın "Meraki" adlı fərdi sərgisi keçiriləcək<b style="color:red"></b>

Noyabrın 2-də Müasir İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı rəssam, dizayner Nərmin Sadıqovanın "Meraki" adlı fərdi sərgisi açılacaq.

Noyabrın 5-də yekunlaşacaq sərgi saat 11.00-dan 20.00-a qədər davam edəcək. Biletlərin qiyməti 5 manatdır (tələbələr üçün 2 manat).

Qeyd edək ki, rəssam-dizayner Nərmin Sadıqova 1985-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət Xarici Dillər Universitetini bitirib. 2014-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr dərəcəsini alır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Nərmin Sadıqova özünəməxsus üslubu, rəssamlıqda maraqlı kreativ ideyaları ilə seçilir. Daima yeniliklər axtarışında olan rəssam hər bir əsər üzərində işləyərkən duyğu və hisslərini kətana köçürür, müvafiq boyalar əlavə edərkən sanki onları canlandırır.

N.Sadıqovanın ilk fərdi sərgisi 2012-ci ildə "Four Seasons" otelində keçirilib və xeyriyyə xarakteri daşıyıb. O, 2013-cü ildə "Bakının işıqları" adlı rəsm müsabiqəsinin qalibi olub. Dəfələrlə Azərbaycanı xaricdə - İtaliyada, Latviyada, Dubayda və Türkiyədə təmsil edib. 2016-cı ildə Milli İncəsənət Muzeyində keçirilən sərginin iştirakçısı olub. 2017-ci ildə "1969" qalereyasında "Momentous" adlı fərdi sərgisi keçirilib. Heydər Əliyev Fondu və Yarat Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi müxtəlif sərgilərin iştirakçısı olub. Bu il Parisdə Luvr muzeyində keçirilmiş karusel sərgisində iştirak edib. Əsərlərində portretlərdən, mənzərələrdən, etüd və natürmortlardan geniş istifadə edən rəssam təmsil olunduğu müxtəlif tədbirlərdə həmişə özünəməxsus yaradıcılığı və unikal kreativ üslubu ilə fərqlənib.

 





30.10.2019    çap et  çap et