525.Az

Sevinc Fətəliyeva: "Ölkəmiz Ermənistan üzərində aşkar üstünlüyə nail olub"


 

Sevinc Fətəliyeva: "Ölkəmiz Ermənistan üzərində aşkar üstünlüyə nail olub"<b style="color:red"></b>

"Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək bu problemin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin qarşıya qoyduğu ən prioritet məsələdir. Ermənistanın hərbi təcavüzü səbəbindən meydana çıxan bu münaqişə nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayon işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub".

Bunu "525"ə açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, ölkənin ərazi bütövlüyü məsələsində də respublika rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycan yeni hakimiyyətdən düzgün qərarlar gözləyirdi.
 
Millət vəkilinin sözlərinə görə,  təəssüf ki, ötən dövr ərzində yeni hakimiyyət münaqişənin həlli ilə bağlı konstruktiv mövqe ortaya qoymayıb, əksinə, ziddiyyətli bəyanatlar verməklə məşğul olub.

"Bütün hallarda Azərbaycanın mövqeyi qəti və birmənalıdır: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, Ermənistan qoşunları ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Düşünürəm ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münaqişənin diplomatik yolla həlli istiqamətində səylərini daha da gücləndirəcək, işğalçı Ermənistanın təcavüzkar mahiyyətini ifşa etmək siyasətini daha da gücləndirəcək", - deyə millət vəkili sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

 





30.10.2019    çap et  çap et