525.Az

Şair Məmməd Alim anılıb


 

Şair Məmməd Alim anılıb<b style="color:red"></b>

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə görkəmli şair, əməkdar incəsənət xadimi, beynəlxalq Rəsul Rza mükafatçısı Məmməd Alimin anım günü keçirilib.

Anım gününü AYB Gəncə bölməsinin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açaraq şairin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Sonra o, görkəmli şairin çoxşaxəli yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edərək bildirib ki, mərhum şairin dünya və xüsusən də rus ədəbiyyatından etdiyi tərcümələri əsl sənət əsəridir. Onu həm yaradıcı, həm də nümunəvi ailə başçısı kimi təqdirə layiqliyini söyləyib, şairin "Ata qarşıla anamı" şeirini səsləndirib.

Əməkdar jurnalist, nasir Nüşabə Əsəd Məmmədli M.Alimlə uzun illər dostluğundan və şeirlərində vətən, ana, Qarabağ mövzusunun bədii tərənnümündən söhbət açıb. Qeyd edib ki, Məmməd Alim nəinki, böyük şair, eyni zamanda, o, bilikli, savadlı, ədəbiyyatı dərindən bilən şəxsiyyət idi.

Əməkdar jurnalist, 45-dən artıq kitab müəllifi Qərib Mehdi Məmməd Alimin bütöv şəxsiyyət, ictimai xadim olmasından, gözəl natiqlik qabiliyyətindən söz açıb.

Mərhum şairin jurnalistlik fəaliyyəti barəsində "Gəncənin səsi" qəzetinin baş redaktoru, dəyərli yazıçı və jurnalist Rəfiqə Sadıqova göz yaşları içində xatirələrini dilə gətirib. M.Alimin istər məqalələrinin, istər müsahibələrinin, istərsə də ressenziyalarının heç bir düzəlişə və redaktəyə ehtiyacı olmadığını vurğulayıb.

Məmməd Alimin qardaşı Fəqani, qızları Aysel və Günel Məmmədli, nəvələri Mədinə və Sədaqət, bacısı qızı Gülnar Əliyeva şair haqqında duyğularını dilə gətirərək, şeirlərini səsləndiriblər.

Şair və yazıçılardan Zaur Quliyev, İnqilab İsaq, Ümbülbanu, Ofelya Mədətqızı, Aləmzər Əlizadə, Zülfiyyə Yaqub, Əlipolad, teatrşünas Anar Bürcəliyev, jurnalistlərdən Sabir İsayev, Fizuli Ruzigar, İsmayıl Abbas şair haqqında xatirələrini danışıb, şeirlərini söyləyiblər.

Şairin həyat yoldaşı Tamella Məmmədli Məmməd Alimin anım gününü keçirilməsində AYB Gəncə bölməsinin sədri Xəzangülə, şair və yazıçılar, jurnalistlərə, əməyi keçənlərə təşəkkürünü bildirib.

Sonda Məmməd Alimin öz ifasında "Dünya, qapını aç" şeiri səsləndirilib, tədbir iştirakçıları şairin kitablarından ibarət guşəyə baxıblar.

MEHRİ

 





30.10.2019    çap et  çap et