525.Az

Var olmaq üçün düşünək: fəlsəfi məsləhətləşmə - III yazı


 

Var olmaq üçün düşünək: fəlsəfi məsləhətləşmə - <b style="color:red">III yazı</b>

Cogito, ergo sum - Düşünürəmsə, deməli, varam.

Rene Dekart

İlk iki yazımızda cəmiyyətimizdə problem yaradan faktorlardan, onların mahiyyətindən və bu kontekstdə fəlsəfənin rolundan, daha doğrusu, əhəmiyyətindən danışdıq. Nəhayət, sıra mövzunu konkretləşməyə gəldi - təklifimizə! Təklifimiz isə fəlsəfi məsləhətləşmədir - XX əsrin sonunda aktuallaşmış bir cərəyan. Termin ingilis dilindəki philosophical counselling söz birləşməsindən hərfi tərcümə olsa da, məzmunu tam əks etdirir. Onu tətbiqi fəlsəfə və ya fəlsəfi terapiya adlandıranlar da var. Bu, asılıdır məsələyə yanaşma tərzindən - kimsə bunu fəlsəfi ideyaların, nəzəriyyələrin gündəlik həyata tətbiqi kimi, bir başqası da fəlsəfəni müalicə metodu olaraq qəbul edir. Fəlsəfi məsləhətləşmə ən azı iki şəxsin - filosofun və məsləhətə ehtiyacı olan şəxsin fəlsəfi müstəvidə ünsiyyəti, miqyasından asılı olmadan istənilən problemin həllini də orada axtarmaqdır. Təbii ki, tibbi müdaxilə zərurəti olan problemlər istisna edilir. Başqa sözlə desək, bu, məhz düşünmək, öz şəxsiyyətini təsdiq etmək istəyən şəxsə fəlsəfənin qapısını açan bir məktəbdir. Bu səbəbdən biz terapiya, tətbiq sözünə deyil, məsləhətləşmə sözünə üstünlük veririk. 

Məqsədimiz Azərbaycan elmi mühitində sensasiya yaratmaq deyil. Onsuz da hər hansı bir fəlsəfi ideyanın kor-koranə tətbiqi yalnız problem yaradır və tezliklə sönməyə məhkumdur. Söhbət mövcud fəlsəfi potensialı passiv haldan çıxarmaqdan, ondan istifadə edərək insanı düşünməyə vadar etməkdən gedir. Və bu, barmağını gicgahına qoyub hansı isə mücərrəd bir mövzunu deyil, öz həyatını, varlığını, getdiyi həyat yolunu düşünməkdir.  

Fəlsəfi məsləhətləşmə - ilk tanışlıq  

İlk dəfə XX əsrin 70-ci illərində Kaliforniyanın San-Xose Ştat Universitetinin professoru Peter Koestenbaumun "İnsanın yeni siması: Klinik fəlsəfənin nəzəriyyəsi və təcrübəsi" adlı əsərində fərdin problemlərinin həllində fəlsəfi düşüncənin, müzakirənin tətbiqi təklif edilir. Onun fikrinə görə, "klinik fəlsəfə dünyada insan kimi var olmağın şərtsiz (bu, nə qədər mümkündürsə) izahıdır". Kostenbaum klinik fəlsəfəni psixoterapiyaya əlavə kimi qəbul edir və bu səbəbdən bəzi filosoflar tərəfindən fəlsəfi məsləhətləşmə kimi qəbul edilmir. Psixologiyadan və psixoterapiyadan tamamilə ayrılmış və öz metodları ilə fəaliyyət göstərən fəlsəfi məsləhətləşmə isə ilk dəfə 80-ci illərin əvvəlində alman filosofu Gerd B. Achenbachın yaratdığı Alman Fəlsəfi Praktika və Məsləhətləşmə Cəmiyyətində təcrübədən keçirilib. Bu səbəbdən dünyada fəlsəfi məsləhətləşmə Peter Kostenbaumun deyil, məhz Gerd B. Achenbachın adı ilə əlaqələndirilir. Lakin bu fəlsəfi məktəb Avropada deyil, məhz Birləşmiş Ştatlarda geniş vüsət qazanıb və ilk dəfə orada 1992-ci ildə Elliot D. Cohen, Paul Sharkey, Thomas Magnell kimi filosoflar tərəfindən Milli Fəlsəfi Məsləhətləşmə Assosiasiyası (NPCA) yaradılıb. Hazırda belə assosiasiyalar, cəmiyyətlər artıq Avropanın bəzi ölkələrində, o cümlədən, Türkiyə və Rusiyada da yaradılıb, bu sahədə geniş araşdırmalar aparılır, təcrübələr keçirilir, konfranslar təşkil edilir. Yəni özünü təsdiq etməkdədir.

Fəlsəfi məsləhətləşmənin psixoterapiya ilə eyniləşdirilməsi halları Koestanbaumla bitməyib, təbii ki. Məsələn, 2010-cu ilin noyabr ayında YUNESKO-nun İnsanın təhlükəsizliyi, demokratiya və fəlsəfə departamenti əsas mövzusu "Ruhun fəlsəfəsi və dərmanı" olan "Yeni fəlsəfi təcrübələr" adlı simpozium təşkil etmişdi. Burada əsas məqsəd "fəlsəfə və psixoterapiya" cütlüyünün, bir növ tandeminin mahiyyətini təhlil etmək idi. Həmin mötəbər tədbirə mən "Sufizm ruhun dərmanı kimi" mövzusu ilə qatılmışdım və dinlədiyim məruzələrdə iki hal müşahidə etdim: nisbətən yeni cərəyan olan fəlsəfi məsləhətləşmə özünü təsdiq etmək üçün artıq kifayət qədər tanınan, qəbul edilən psixoterapiyaya söykənmək istəyir, eyni zamanda, psixoterapiya da kifayət qədər potensialı olan bu cərəyanı öz təsir dairəsindən buraxmaq niyyətində deyil. Bununla belə, Koestanbaumdan fərqli olaraq fəlsəfənin öz gücünü dərk edən filosoflar belə bir əlaqəni qətiyyən qəbul etmirlər. Məsələn, fəlsəfi məsləhətləşmənin tanınmış nümayəndəsi Ran Lahav yazır: "Psixoterapiya və fəlsəfi məsləhətləşmə kəsişmir və bir-birini tamamlayan sahələr deyillər. Onlardan hər biri həyatın fərqli aspektlərinə yönəlidir". Belə ki, fəlsəfi məsləhətləşmə "keçmişə baxan ənənəvi psixoterapiyadan fərqli olaraq gələcəyə baxır". Ən vacibi isə, psixoterapiya insanın psixi halı, hissləri, inancları, gizli həyəcanları, uşaqlıq xatirələrinə istinad edir, fəlsəfi məsləhətləşmə isə insanın varlığı, müəyyən vəziyyəti ilə əlaqəli olan abstrakt ideyalara. Belə məlum olur ki, hər ikisi insanın probleminin həllinə çalışsa da və bu, əsasən söhbət, məsləhətləşmə (psixoterapiyada həm də dərmanlar) vasitəsi ilə aparılsa da, məsələyə yanaşma kökündən fərqlənir. Bu fərqin böyüklüyünü göstərmək üçün fəlsəfi məsləhətləşmənin başqa bir tanınmış nümayəndəsi Lou Marinoff özünün bu sahəyə aid ən böyük əsərini "Prozak yox, Platon! Əbədi Hikmətin gündəlik problemə tətbiqi" adlandırır. Prozak antidepresan, propilamin əsaslı dərmandır. Məhz bunu nəzərdə tutaraq filosof öz müsahibəsində qeyd edir ki, "bizim müştərilərə təklif etmək üçün olduqca faydalı ideyalardan ibarət böyük bir dəstimiz var - 2500 illik yığılmış müdriklik". Bəli, fəlsəfi məsləhətləşmənin ən böyük silahı da, ən faydalı metodu da, ən incə yanaşması da yalnız fəlsəfi ideyalar, hikmətlərdir və məqsədi insanı öz problemini çözmək üçün düzgün istiqamətdə düşündürməkdir. 

Fəlsəfi məsləhətləşmə - yaxşı unudulmuş keçmiş  

Tarixdən də məlumdur ki, qədimdə insanların gündəlik həyatını dəyərləndirmək, mövcud problemləri, sualları həll etmək, olan hadisələrin mahiyyətini açıqlamaq məhz filosofların işi olub. Nümunə üçün Platonun "Dialoqlar"ını xatırlamaq yetər. Marinoff bir müsahibəsində deyir: "Antik dünyada fəlsəfə həyatın və daha yaxşı yaşamağın bələdçisi idi. Fəlsəfi praktika həmin şeyi təkrar səhnəyə qaytarır. Beləliklə, bizə elə gəlir ki, biz çox qədim bir iş görürük, yeni tərzdə olsa da". Lakin sual yaranır: bu metoddan yalnız Sokratmı istifadə edib?!

Əslində, qədim dövrdə həm Şərqdə, həm də Qərbdə filosoflar hikməti müzakirələr və söhbətlər vasitəsilə axtarıb, cilalayıblar. Öz vətənlərində öyrəndikləri ilə kifayətlənməyənlər hətta uzaq ölkələrdəki ustadların da görüşlərinə gedər, onların müzakirələrinə qoşular, sonra bütün biliklərini öz xalqının milli təfəkkürünə uyğunlaşdırıb yeni bir hikmət təqdim edərmişlər. Buna nümunə kimi istər antik dövr Yunan, istərsə də qədim Hind və Çin  filosoflarını göstərmək olar. Qısa desək, onlar həqiqəti söhbətlərdə, canlı ünsiyyətdə axtarıb tapıblar, çünki zaman-məkan fövqündə olan düşüncələr, ideyalar milliyyətindən, dinindən asılı olmadan hər insanın axtardığını ehtiva edir. Burada bütün dövrlər üçün keçərli əhəmiyyətli bir məqamı vurğulayaq: filosofla söhbət, ünsiyyət zamanı iki istiqamətdə proses gedir: bir tərəfdən söhbət zamanı dinləyici ona lazım olan həqiqəti dərk edir, düzgün istiqaməti görür, digər tərəfdən filosof yeni təcrübələr vasitəsilə öz fəlsəfəsinə daha bir qat əlavə edə bilir.

Aristoteldən başlayaraq bu ənənəyə yenilik gəldi. O, Platonun söhbətlərində yetişsə də, hətta özü də bir məktəbin - məşşailərin yaradıcısı olsa da, Aristotel fəlsəfəsi bu ənənənin sonunun başlanğıcı oldu. Ensiklopedik təfəkkürə sahib filosofun fəlsəfəsinin bətnində yeni elmlər doğuldu və hər biri müstəqil həyat qazanıb ayrılmağa başladı. Sonda fəlsəfəyə quru nəzəriyyə qaldı və o, reallıqla əlaqəsi itmiş, mürəkkəb prinsip və kateqoriyalarla danışan, yalnız Universumla, Mütləqlə, transsendent dünya ilə maraqlanan bir sahəyə çevrildi. Nəticədə get-gedə filosoflar təklənir, öz hikmətlərini yalqızlıqda, yalnız bu zirvəyə qalxa bilənlər üçün yaradır, xalq isə fəlsəfəsiz qalırdı. Burada qorxulu məqam onda idi ki, bu proses bir qanunauyğunluq olaraq qəbul edilirdi.

Bəli, fəlsəfi məsləhətləşmə Sokrat ənənəsinə qayıdışdır. Ancaq burada əhəmiyyətli bir incəlik var: söhbət heç də gündəlik həyatı "fəlsəfiləşdirməkdən", yaxud hər kəsi filosofa çevirməkdən, yüksək həqiqətləri bayağılaşdırmaqdan yox, əksinə, həyatın özünə fəlsəfə zirvəsindən, filosofun gözü ilə baxa bilməkdən gedir. Ran Lahavın qeyd etdiyi kimi, "burada dar mənada deyilən filosofluq etmək həyata və dünyaya daha müdrik bir yanaşma göstərməkdir, yəni əsas həyati problemlərə daha tənqidi, geniş və dərin münasibət formalaşdırmaq. Bu mənada filosofluq etmək və müdriklik anlayışları sıx əlaqəlidir". Metaforik dillə desək, bir dəmir qılınc olub öz qınına - təkliyə, düşüncələr aləminə çəkilməzdən əvvəl, ən vacibi isə öz düyününü açmaq iqtidarında olmaq üçün çəkic və zindanla mütləq ünsiyyətdə olmalıdır!

Fəlsəfi məsləhətləşmə Azərbaycanda lazımdırmı?!

Birmənalı şəkildə təkrar edək ki, milli ruha söykənməyən, onun üzərində bərqərar olmayan istənilən fəlsəfi cərəyan böhrana məhkumdur. Bunu bildiyimiz halda uzaq Amerikada uğur qazanan bir təcrübənin Azərbaycanda tətbiqini necə təklif edə bilərik?! Sadə. Bunu təqribən, elə həmin Amerikada istehsal olunan iPhone vasitəsilə öz doğmalarınla söhbət etməyə bənzətmək olar. 

Beləliklə, hər şeydən əvvəl, fəlsəfi məsləhətləşmə aparan filosof milli ruhu və milli təfəkkürü çox yaxşı bilməlidir. Məsələ burasındadır ki, bir çox hallarda məhz düşüncənin alt qatında yatan bir hikmətdə çıxış yolunu tapmaq mümkün olur. Lou Marinoff "Prozak yox, Platon" əsərində gətirdiyi nümunələrdə bu və ya digər fəlsəfi ideyaların necə yardım etdiyini göstərir. Bir gəncin öz işindən heç cür zövq almaması, bir xanımın ailə həyatını heç cür öz axarına sala bilməməsi, yəni gündəlik, ilk baxışda adi görünən, amma gerçəkdə ağacı içindən yeyən qurda bənzəyən belə problemlər məhz ağıllı münasibət nəticəsində həll olunur. Lakin bu da nəzərə alınmalıdır ki, məsələn, Hegel fəlsəfəsi hər nə qədər mükəmməl bir sistem olsa da, gündəlik həyatında düyün düşmüş bir azərbaycanlı üçün onun bir faydası yoxdur. Bu baxımdan, biz iddia edirik ki, fəlsəfi məsləhətləşmə ilk növbədə məhz şəxsin altşüurunda mövcud olan hikmətləri aktivləşdirməkdir. Sokratın dediyi kimi, "araşdırılmamış həyatı yaşamağa dəyməz". Bir həyatın araşdırılmasında isə onun fitrətində olan hikmətləri bilmək və onları oyatmaq lazımdır. 

İkincisi, fəlsəfi məsləhətləşmə filosofdan fəlsəfə tarixinin, zaman və məkana sığmayan fəlsəfi ideyaların yüksək səviyyədə bilməsini tələb edir. Məhz bütün ideyalar fonunda aparılan müzakirə və söhbətlər vəziyyətin düzgün anlaşılmasına və dəyərləndirməsinə imkan verir. Xatırladaq ki, bugünün insanı yalnız öz cəmiyyətinin deyil, bütün dünyanın, xüsusilə məqsədyönlü yürüdülən ideoloji hücumların təsirinə məruz qalır, deməli, onun problemlərinin həllində də fəlsəfə tarixinin bütün səhifələri səfərbər olunmalıdır.  

Üçüncüsü, fəlsəfi məsləhətləşmə keçmiş, indi və gələcək arasında müqayisə aparmaq imkanı verir. Son 30 ildə Azərbaycanda siyasi, iqtisadi, hətta milli məsələlərdə də sürətli dəyişikliklər oldu, azərbaycanlı bütün bu halları bilavasitə yaşadı, gərginləşdi, çaş-baş qaldı, faciə yaşadı, sevindi. Bu mənada Azərbaycanda yaşlı, orta və gənc nəsilin hər birinin özünə məxsus problemləri var ki, birinin həlli digəri üçün qətiyyən uyğun gəlmir. Bu mənada fəlsəfi məsləhətləşmə hər insana fərdi yanaşmanı təmin edən, düşüncələrdə yaranmış ziddiyyətləri həll etmək, həyatı öz axarına salmaq üçün bir tətbiqdir. Burada ən vacib məqamlardan biri də budur ki, fəlsəfi məsələhətləşmə müasir dünyanın mürəkkəb vəziyyətinə uyğun gəlməklə yanaşı, problemin zəif halqasını görməyə də yardım edə bilir.

Beləliklə, apardığımız tədqiqatın nəticəsini qısaca yekunlaşdıraq. İstər fəlsəfə tədrisində yaranmış boşluq, istərsə də bugünün xaosunda yaşanan problemlər insanı olduğundan daha zəif vəziyyətə salıb. Fəlsəfi məsləhətləşmə insana düşdüyü vəziyyətə fərqli bucaq altında, daha dəqiq desək, fəlsəfə zirvəsindən baxmaqla çıxış yolunu görməyi öyrədir. İstənilən düyün məhz düşüncə vasitəsilə açılır. Fəlsəfi məsələhətləşmənin missiyası da budur, yəni insana düşünərək öz mahiyyətini anlamağı öyrədir.

 





31.10.2019    çap et  çap et