525.Az

İlham Namiq Kamal: "Aktyor qürurunu itirdisə, deməli, hər şeyini itirdi"


 

"BU VAXTA KİMİ İMTİNA ETDİYİM ROLUM OLMAYIB"

İlham Namiq Kamal: "Aktyor qürurunu itirdisə, deməli, hər şeyini itirdi"<b style="color:red"></b>

Bu il 70 yaşını qeyd edən Xalq artisti, professor, sevilən sənətkar İlham Namiq Kamala doğum günü təbrikləri səngimək bilmir.

Bu günlərdə TÜRKSOY tərəfindən mükafatlandırılan sənətkarla görüşüb həm yubileyindən, gördüyü işlərdən, teatrdan, həm də incəsənətdə, mədəniyyətdə aparılan islahatlardan danışdıq. Ümumi mənzərədən elə də narazı olmayan Xalq artistini narahat edən məsələlər də az deyilmiş. Söhbətimizə isə xoş hadisələrdən - yubiley təbriklərindən başladıq:  
 

- Əlbəttə, bu cür xoş münasibət nəinki mənim yaradıcılığıma, eyni zamanda, Azərbaycan teatrına verilən yüksək qiymətdir. 70 illik yubileyimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə çalışdığım Akademik Dövlət Musiqili Teatrın möhtəşəm səhnəsində, fəaliyyətimə dəyər verən sənət dostlarımın əhatəsində, təntənəli şəkildə qeyd etdim. Ondan başqa, Azərbaycan Dövlət Televiziyası "Görüş yeri" verilişini mənim yubileyimə həsr elədi.

Fürsətdən istifadə edib bu gözəl anları mənə yaşadan, zəhməti olan hər kəsə yenə də minnətdarlığımı bildirirəm. O vaxtdan bir neçə ay keçib, amma hələ də təbriklər almaqda davam edirəm. TÜRKSOY-un rəhbəri Düsen Kaseinov təşkilatın mükafatını təqdim etdi. Belə bir qurumun diqqətində olmaq məni daha da fərəhləndirir.

Mən əslində, işimlə məşğulam.

Yenə də teatrda məşqlərim, tamaşalarım davam edir. Səid Rüstəmov-Ordubadinin "Beş manatlıq gəlin" tamaşasında baş rol olan Kəblə Hüseynəlini məşq eliyirəm. Çox maraqlı, qəribə obrazdır. Digər tərəfdən, Azərbaycan Dövlət Televiziyasında Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə tərəfindən Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsəri əsasında film-tamaşa hazırlanır. Mən də orda Hacı Qənbəri oynayıram. Universitetdə - kafedrada işlərim davam edir.

Məndə heç vaxt boşluq olmayıb, rejissorlar da həmişə məni tamaşalarla, əsərlərlə məşğul ediblər. Elə bundan sonra da yalnız öz işimlə məşğul olacam.

Boş vaxtlarımda isə ailəmlə birlikdə Şamaxıya gedirəm. Əslimiz Şamaxının Sarıtorpaq məhəlləsindəndir. Oranın təbiəti, havası tamam başqadır. Qəlbən də ora bağlıyam. İstər-istəməz, dədə-baba yurdu insanı çəkir. İnsanları da çox sadə, öz işləriylə məşğul olan adamlardılar. Yadıma gəlir ki, babam həmişə nəvələrinə, yəni bizə deyərdi ki, böyüyəndə bilmirəm kim olacaqsız, amma hanbal olsanız da, yaxşısından olun. Biz əvvəl bu sözü anlamır, pis qəbul edirdik. Sonradan isə gördük ki, həqiqətən də onun sözlərində doğruluq çoxdur. Biz də elə hambal olduq, sənətin hambalı (gülürük)".

İlham Namiq Kamal Musiqili Teatrdakı yubiley tədbirində bütün gecə boyunca səhnədə oldu, mərasimi özü idarə etdi. Səhnədə iki saat ərzində həm yubilyar, həm aparıcı, həm aktyor, həm qonaq, həm müəllim olmaq heç də asan iş deyildi:

"Mən əvvəllər də monotamaşalar çox oynamışam. Yubiley gecəsinin rejissoru Cavid İmamverdiyev çox geniş düşüncəli, bol fantaziyalı insandır. Onun da fikrində o var idi ki, mən səhnədə tək olum, gecəni özüm aparım. Çünki bu günə kimi görmüşük yubiley gecələrinin hamısı az qala bir-birinə oxşayır: yubilyar kənarda oturur, səhnəyə çıxanlar onu tərifləyir, mahnılar oxuyurlar, vəssalam. Gecənin ssenari müəllifi Qasım Səfəroğlu idi. Çalışdıq ki, insanlar darıxmasınlar. Görünən də o idi ki, darıxmadılar. Mənə 7-8 müğənni təklif olunmuşdu. Amma razılaşmadım. Bircə dostum, sevilən müğənni Azər Zeynalovu seçdim. Yubiley yubilyarın sanki bir hesabat tədbiridir. Biz də bu hesabatı lazımınca verməyə çalışdıq. Sonradan 2-3 dəfə Mədəniyyət kanalında da nümayiş olundu.

Bircə çatışmazlıq zalın balacalığı idi. Öncə Heydər Əliyev Sarayında keçiriləcəyi düşünülmüşdü, sonradan isə dedilər ki, elə öz işlədiyin teatrda keçirilsin. O da gələn insanlara nəzərən çox balaca, dar oldu. Qapıda qalanlar, ayaqüstə izləyənlər çox idi. Neynək, bu da bir xatirə oldu.

İndi bölgələrdən də təkliflər var. Onlar da keçirtmək istəyirlər. Karkas bu olacaq, amma bir az dəyişikliklə.

Bu illər ərzində bir aktyor kimi fəaliyyətim davamlı olub.

35 il Akademik Milli Dram Teatrında çalışmışam. Böyük rejissor Tofiq Kazımovun rol almadığım tamaşası olmayıb. Sonradan Musiqili Teatra gəldim. Bunlardan başqa isə özəl "İlham miniatür teatrı"m da vardı axı. Orada da çox dəyərli işlər görürdük. Heyf ki, yer olmadı, dayandırmalı olduq. Eyni zamanda, müxtəlif teatrlara da dəvət alıram. Məsələn, Opera və Balet teatrında bu yaxınlarda Soltan bəyi oynadım, Kukla Teatrında tamaşa hazırladıq. Kukla Teatrı o demək deyil ki, ancaq uşaqlar üçündür. Dünyanın hər yerində Kukla Teatrının axşam tamaşası var.

Sadaladığım kimi, işlərimiz çoxdur. Allah can sağlığı verdiyi müddətcə də bunları layiqli şəkildə davam etdirməyə çalışacam.

Son zamanlarda təkcə teatr sahəsində deyil, ümumrespublikada islahatlar keçirilir.

Öncə onu qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda 26 dövlət Teatrı fəaliyyət göstərir. Nəyə lazımdır bu? Niyə dövlət bu qədər böyük xərclər çəkməlidir? Yaxın qonşularımız Türkiyəyə, Rusiyaya, başqa ölkələrə baxaq. Onlarda belə, bu qədər deyil. Əvəzində bələdiyyə teatrları fəaliyyət göstərir. Bizdə niyə olmasın ki? Kimə lazımdır ki, dövlətin bu qədər vəsaiti hər dəfə göyə sovrulsun? Təkcə tamaşa hazırlanması külli miqdarda vəsait tələb edir. Hər tamaşaya nə qədər pul ayrılır. Bəzən isə olur ki, bir tamaşa hazırlanır və cəmi bir dəfə oynanılıb, repertuardan çıxarılır. Onlarla belə tamaşalar var. Hər belə tamaşa nə qədər boş məsrəf deməkdir. Sonra da islahatlar tələb edirik. Belə vəziyyətdə islahatlar da köməyimizə çatmaz axı. Bu halda nazirlik də yüklənir. Məncə, artıq bələdiyyə teatrlarının yaradılmasının vaxtıdır. Hər şeyi dövlətin üzərinə yıxmaq lazım deyil.

Teatrların inkişafı üçün orada yaşından asılı olmayaraq, sağlam insanlar işləməlidirlər.

Düşüncəsi də, bədəni də sağlam olmalıdır. Rusiya teatrlarında 105 yaşında aktyor səhnəyə çıxır. Bizdə isə müəyyən yaşa çatdınsa, artıq işləyə bilməzsən. Bu, paradoksdur. Yəni səhnənin yaşlı aktyora ehtiyacı yoxdur? O insan ki, sağlamdır, o, səhnəyə çıxmalıdır.

Biz aktyoruq, səhnədə iki saatlıq kiminsə həyatını oynayarkən qan təzyiqimiz qalxır, bir müddət özümüzə gələ bilmirik. Bir də var həyatda rol oynayanlar. Onlar yaxşı adam rolunu oynayırlar, amma yorulmurlar. Bizim sənət də insanlara məhz bu adamları göstərir, yaxşını pisdən, xeyiri şərdən ayırmağın yollarını öyrədir. Aktyorluğun qayəsi budur.

Əsl mənada sənət adamları insani xüsusiyyətlərə malik olmalıdırlar. Bu haqda danışanda həmişə gözümün qabağına Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Barat Şəkinskaya, Səməndər Rzayev, Yaşar Nuri, Əlabbas Qədirov, Fuad Poladov gəlir. Onlar hamısı ali insanlar idilər. Bir də var "nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" stiliylə, müəyyən dəstələrə qoşulmaqla, özünü ağıllı kimi təqdim etməklə üzdə olmağa çalışanlar. Quranda da var ki, beşikdən məzara kimi öyrən. Öyrənirsən, amma yenə də "bilirəm" deyə bilmirsən. Elə insanlar isə olur ki, onlar heç nə bilməyə-bilməyə, özlərini ağıllı göstərirlər. Bəziləri var ki, əslində, müxalifdirlər, amma müəyyən məqsədlər ucbatından dövlətsevərliyə bürünürlər. Onlar çox qorxulu adamlardır.

Mən niyə hər zaman rahat, başıuca olmuşam? Çünki məni instituta Adil İsgəndərov qəbul edib, Rza Təhmasib dərs deyib. Uzun illər isə ən böyük novator rejissor Tofiq Kazımovla işləmişəm. Baş rejissorumuz olub, bizə müəllimlik də edib, yetişdirib. Elə insanlar var ki, bilinmir nə müəllimi olub, nə yiyəsi olub? Bax, cəmiyyət bunların qarşısını almalıdır. Bəzən cəmiyyət tanıyır onları, bəzənsə elə oynayırlar ki, tanımaq olmur.

Həyatda "oynamaq" çox murdar xislətdir.

Sənət təfəkkürsüz, yalançı insanlar səhnəyə çıxanda, lazımsız hərəkətlər edəndə itirir. Kim olmağından asılı olmayaraq, hər kəs öz sənətinə ailəsindən aldığı tərbiyəsilə gəlir. Tərbiyəsiz adamdan nə gözləmək olar? O, cəmiyyətdə də tərbiyəsizdir, səhnədə də, sənətdə də. Nazim Hikmətin bir sözü var: "insan hamını aldada bilər, amma özünü əsla". O, öz içiylə təkbətək qalanda kim olduğunu yaxşı bilir.

Xalq sənətçisini hər kəsdən yaxşı tanıyır. Sənət adamı yaxşı mənada dövlətçiliyinə qulluq eləməlidir. Özünü, xarakterini qoruyub-saxlamaqdan çətin heç nə yoxdur. Amma bunu bacarırsansa, sabah cəmiyyətdə də, dövlətdə də, ailə içərisində də rəhmət qazanırsan.

İnsanları güldürmək həmişə çətin olub.

Aktyor sənəti bilavasitə əsəb-sinir sistemiylə bağlıdır. Gülüş yaratmaq üçün isə sinirlər daha çox işləyir, gərilir. Daha çox komik rollar oynasam da, dramatik, faciəvi rollarım da az olmayıb. Hamısı çətindir. Amma əlbəttə ki, komik vəziyyəti oynamaq daha çətindir. Həmişə müəllimim Tofiq Kazımov deyirdi: "Biri var fiziki cəhətdən gülməli adam, ona elə baxanda kimsə güləcək. Biri də var, normal insan səhnədə gülüş yaratsın. Bu, artıq aktyor sənətidir". Sənin daxilin, için o qədər doğru yönlənməlidir ki, həm dramı, həm də komediyanı oynaya biləsən.

Bu vaxta kimi imtina etdiyim, ya da həvəssiz, sevgisiz qəbul etdiyim rolum olmayıb. Rejissorun etimadını öldürmək lazım deyil. O, bu gün sənə etimad göstərir və sən imtina edirsənsə, sabah o etimadı göstərməyəcək. Aktyorluq hər yerdə asılı sənətdir. Verilən rolu elə cani-dildən oynamalısan ki, rejissor sabah bir də sənə müraciət etsin. Aktyor yaradılmış tabloda bir çiçəkdir. Tablo isə rejissorundur. Sənin çiçək ola-ola tablonu korlamaq ixtiyarın yoxdur.

Obrazda özünü axtarıb, tapa bilməyəndə oynamamaq qeyri-peşəkarlıq, lovğalıq və sənətə olan anormal münasibətdir. Deməli, onun özülü yoxdur. Belə çıxır ki, o, ancaq özünü oynaya bilər. Peşəkar əsl mənada savadlı, alicənab bir şəkildə sakitcə obrazın üzərində işləməkdir. Bir obraz təsbehdir, ayrı-ayrı epizodlar isə o təsbehi yaradan muncuqlar. Sən aktyor olaraq o muncuqları bir-birinin yanına elə düzməlisən ki, tamaşaçı sona qədər səndən bezməsin.

Aktyor qürurunu itirdisə, deməli, hər şeyini itirdi. Xarakterində qulluq olan aktyor necə xanı, ağanı oynaya bilər? Qürurunu, ağayanalığını saxlamayandan aktyor olmaz. Onu saxlamaq isə çox dəhşətli hadisədir.

İndi çox vaxt ya səhnədə, ekranda əvvəldən axıra kimi qışqırırlar, ya da söyürlər. Tamaşaçını da zamanla elə zəhərləyiblər ki, onun da tərbiyəsi pozulub. Ona görə də reytinqi onlara qazandırırlar. İndi verilişlərdə nələr eləmirlər. Kim olduğunu yaxşı bildiyimiz sənətçi çıxıb efirdə namus, əxlaq, ailə, vətənpərvərlik dərsi keçir. Sən müğənnisən, oxu, get də. Axı bilirik ki, sənin heç vətəndən xəbərin yoxdur. Başa düşə bilmirsən də ki, bunlara meydanı kim verir? Hər kəs yaxasını qırağa çəkir, "mənlik deyil" deyir.

Etiraf edim ki, çəkilən seriallara, kinolara çox baxa bilmirəm. Özüm də çəkilmirəm. Çünki həm təklif etdikləri məbləğ o deyil, həm də ən absurdu odur ki, öz paltarınla, kostyumunla çəkiləcəksən deyirlər. Yəni sizin kostyumlarınız yoxdurmu? Niyə aktyor öz paltarıyla çəkilməlidir? Mən belə şey görməmişəm. Biz hər filmə çəkiləndə xüsusi paltarlar hazırlanardı, sonra da o paltarlar növbəti filmlər üçün saxlanardı. Hətta "Mozalan"da belə aktyorlar üçün kostyumlar tikilirdi. İndi dövlətimiz həm teatrların, həm də kinostudiyanın fonduna müəyyən qədər məbləğ ayırıb. Düşünürəm ki, kinostudiya ilk növbədə bu problemləri həll etməlidir.

Amma ümumilikdə filmlərin, serialların çəkilməsinə qarşı deyiləm. Xüsusən, gənc aktyorlar üçün bu, əlverişlidir. Aktyor özünü, simasını harda tanıtsın? Mən gəncləri çox sevirəm, onlara inanıram. Özüm qəbul elədiyim tələbələrimə ilk növbədə iki söz deyirəm: ağıllı və tərbiyəli olun. Ondan sonra istedadını cilalaya bilər.

Şahanə MÜŞFİQ

 





31.10.2019    çap et  çap et