525.Az

Klassiklərimizin elmi tərcümeyi-halına doğru


 

RAQUB KƏRİMOVUN “QASIM BƏY ZAKİR VƏ MÜASİRLƏRİ” KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏR

Klassiklərimizin elmi tərcümeyi-halına doğru<b style="color:red"></b>

AMEA Əlyazmalar İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru 

Bizdə və dünya xəzinələrində saxlanan mənbələrin aşkar edilərək surətlərinin əldə edilməsi, nəşri və müqayisəli tədqiqi, yazılı abidələrimizin elmi-tənqidi mətnlərinin tərtibi ədəbiyyat tariximiz qarşısında duran ən vacib məsələlərdəndir. Ədəbiyyatşünaslıq elmimizin müasir mərhələsində ayrı-ayrı şair və yazıçılarımızın portret-oçerklərindən onların elmi tərcümeyi-hallarına keçid də çox önəmli bir məsələdir. Təəssüf ki, bu vəzifələri yerinə yetirəcək kadrların, xüsusilə də gənc kadrların kifayət qədər olmaması, ədəbiyyat sahəsində çalışan gənclərin əsasən ilkin mənbələrlə, əlyazmalarla işləməyə həvəs göstərməməsi, hazır tədqiqatları, nəşr edilmiş əsərləri araşdırmaq istəməsi günümüzün reallığıdır. Belə olan halda əsas yük daha yaşlı nəslin nümayəndələrinin üzərinə düşür. Filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov artıq sovet dövründə XIX əsr ədəbiyyat tariximizin tədqiqatçısı kimi formalaşmışdı, o, həmin dövr şairlərimizin on bir əsərini tərtib və tərcümə edərək ön sözlə nəşr etdirmiş, üç kitab və üç monoqrafiya yazaraq çap etdirmişdir. Tədqiqatçının bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çap edilmiş “Qasım bəy Zakir və müasirləri” monoqrafiyası bir sıra cəhətlərinə görə diqqətimizi cəlb edir. İlk öncə qeyd etməliyik ki, kitabda Qasım bəyin həyat və yaradıcılığına, ünsiyyətdə olduğu əsas şəxsiyyətlərə, əsərlərinə dair, demək olar ki, bütün mənbələr, tədqiqat işləri nəzərdən keçirilərək müqayisə edilmiş, bir sözlə şairin elmi bioqrafiyasının tərtibi üçün çox vacib addım atılmışdır. R. Kərimov qarşısına qoyduğu vəzifənin necə geniş və əhatəli olduğunu (ən azı ona görə ki, Zakirin dost-tanışlarının sayı çox olmuşdur) dərk etdiyinə görə kitabının əvvəlində yazır: “Məlumdur ki, XIX əsrdə Qarabağın ictimai-siyasi mühitində yüksək elitanın nümayəndəsi hesab olunan Qasım bəy Zakirin dostluq əlaqələri çox geniş olmuş, o, ictimaiyyətin öndərləri sırasında getmişdir. Qasım bəy Zakir Qarabağ xanları nəslindəndir. Onun M.F.Axundzadə, Mehdiqulu xan, İ.Qutqaşınlı, X.Natəvan, Baba bəy Şakir, Mirzə Camal və onun oğlu Rzaqulu bəy Vəzirov, Rəhim bəy Uğurlubəyov, Mirzə Adıgözəl bəy, İ. Orbeliani, İ.A.Silvitski, A.Berje, M.P.Kolubyakin, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva, Böyük bəy, Mirzə Mehdi, M.M.Miklaşevski, Şeyxülislam Əhməd Hüseynzadə, Gövhər ağa, Mirzə Həsən, Hacı Yusif, Canı oğlu Abdulla və bir çox başqa şəxsiyyətlər, yazıçı və tarixçilər, hərbi və ictimai xadimlər, eləcə də sadə peşə sahibləri ilə yaxından tanışlığı dediklərimizi sübut edir. Zakir bu şəxslərin əksəriyyəti ilə sıx əlaqədə olmuş, əsərlərində dönə-dönə onların adını çəkmişdir. Təsadüf deyil ki, Zakirin ictimai satiralarının çoxu onun adını çəkdiyimiz dost və tanışlarına məktub və ya xitab şəklində yazılmışdır”.

Tədqiqatçı AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda, müxtəlif arxivlərdə mühafizə edilən sənədləri, tədqiqat əsərlərini müqayisəli şəkildə nəzərdən keçirərək Zakir həyatının əsas tarixlərini dəqiqləşdirmiş, müxtəlif məqamlara dair ziddiyyətli baxışlara münasibətini bildirmiş, şairin kökü İbrahimxəlil sultandan gələn, Qarabağ xanlığının əsasını qoyan əsilli-nəcabətli Cavanşir əmirlərinin nəslindən olduğunu sübut etmişdir. Ən diqqətəlayiq məqam isə ondan ibarətdir ki, tədqiqat işində Zakirin elmi cəhətdən əsaslandırılmış ətraflı nəsil şəcərəsi ilk dəfə olaraq tərtib edilmişdir. Məlum olduğu kimi, hətta XX əsrdə yaşamış bir çox sənətkarlarımızın belə nəsil şəcərəsi ortada yoxdur ki, bunsuz da əlbəttə, elmi bioqrafiyadan danışmağa dəyməz. Monoqrafiyada göstərilir ki, şair həyatında üç dəfə evlənmiş, yeddi oğul, bir qız atası olmuşdur. Tədqiqatçı Qarabağ xanı Mehdiqulu xanla, X.Natəvanla yaxın münasibətlərdə olmuş Zakirin şəxsi insani keyfiyyətlərini, dostluqda sədaqətini, mərdlik və şücaətini konkret faktlarla üzə çıxarmışdır. Mənbələr əsasında şairin zahiri görünüşü barədə məlumatlar dəqiqləşdirilmişdir. Şairin həyatından müxtəlif faktlar, dostluq və düşmənçilikləri, həbsə düşməsi, ailə üzvlərinin incidilməsi və s. sənədlər əsasında işıqlandırılmışdır.

Kitabın “Zakir irsinə yeni baxış” adlı birinci fəsli monoqrafiyanın ən diqqətəlayiq hissələrindəndir. Şairin irsinə yaxından bələd olan milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə  hələ XIX əsrin 40-50-ci illərində onun əsərlərini nəşr etdirməyə cəhd göstərmişdir. Hüseyn Əfəndi Qayıbov da Zakirin əsərlərini çap etdirmək istəmişdir. Zakirin əsərləri ilk dəfə olaraq əsaslı şəkildə 1925-ci ildə Salman Mümtazın tərtib və redaktorluğu ilə işıq üzü görmüşdür. R.Kərimov şairin 230 şeirindən ibarət bu toplunun bütün müsbət cəhətlərini və qüsurlarını ətraflı şəkildə nəzərdən keçirmişdir. Tədqiqatçı Zakir əsərlərinin 1936, 1947, 1953, 1957, 1964, 1984, 2005-ci illərdəki nəşrlərində gedən təkmilləşmə, orijinala yaxınlaşma prosesini izləyərkən əsl mətnşünas-əlyazması kimi fəaliyyət göstərmişdir. O, belə hesab edir ki, şairin əsərlərinin nəşrində hələ də  nöqsanlı cəhətlər vardır. Bütün bu çatışmazlıqları aradan götürmək üçün bütün əlyazma mənbələrini-cüng, məcmuə və fraqmentləri bir-bir diqqətlə nəzərdən keçirmək lazımdır: “Onu da qeyd etmək lazımdır ki, bu nüsxələrin hər birində, kamil nüsxə hesab olunan sonuncu nəşrində də müəyyən qüsurlar, qeyri-dəqiqliklər mövcuddur. Son illərin araşdırmaları onu göstərir ki, görülmüş bu işlərlə yanaşı zakirşünaslıqda araşdırılması və tədqiqi vacib olan bir sıra məsələlər gündəmdə durur. Bunlardan ən vacibi hələ də ayrı-ayrı cüng, bəyaz, fraqment və şeir dəftərlərində şairin elm aləminə məlum olmayan əsərlərinin tapılıb üzə çıxarılmasıdır”.

Kitabın “Zakirin yaxın dostları və məsləkdaşları” adlı ikinci fəsli XIX əsrdə Qarabağın, bütövlükdə Azərbaycanın ədəbi mühitinin öyrənilməsi baxımından böyük maraq kəsb edir. Müəllif burada Zakirin Baba bəy Şakir, Cəfərqulu xan Nəva, Mirzə Fətəli Axundzadə ilə münasibətlərini əlyazma mənbələri, əski mətbuat nümunələri əsasında araşdırmış, xüsusilə də şairin Nəva ilə münasibətlərinin işıqlandırılmasında ədəbiyyat tarixlərində formalaşmış stereotipləri aradan götürməyə çalışmışdır. Bir sıra tədqiqatçılar 1849-cu ildən Zakirlə barışmaz düşmənə çevrilmiş əmizadəsi Cəfərqulu xan Nəvanı tarixdə mənfi bir şəxsiyyət kimi dəyərləndirmişlər. R.Kərimov bu məsələyə aydınlıq gətirmək üçün mənbələrə müraciət etmiş, belə bir nəticəyə gəlmişdir ki, Cəfərqulu xanı yalnız qara rənglərlə təsvir etmək haqsızlıqdır: “İgidliyi,cəsarəti və prinsipiallığı ilə məşhur olan Cəfərqulu xanın haqqında sovet rejiminə qədər yalnız xoş sözlər deyilsə də, inqilabdan sonrakı dövr tədqiqatçılarının əsərlərində o, dünyanın ən qəddar, qaniçən, zülmkar şəxsiyyəti kimi xarakterizə olunmuşdur”. Tədqiqatçı Cəfərqulu xanın keşməkeşli həyat yolunu nəzərdən keçirir, göstərir ki, dövrünün savadlı, mütərəqqi görüşlü ziyalısı olan Nəva ilə Mehdiqulu xan, Zakir arasındakı ziddiyyətləri süni surətdə çar üsuli-idarəsi yaratmışdır. Kitabı oxuduqca Qarabağ əhalisinin-xan və bəylərinin, ziyalılarının XIX əsrdə bölgədə cərəyan edən hadisələrdən, Çar Rusiyası ilə Qacarlar dövləti arasındakı ziddiyyətlərdən, müharibələrdən nə qədər əziyyət çəkdiklərini, “iki od arasında” qaldıqlarını görürük.

 XIX əsr ədəbi mühiti  və Zakir” adlı üçüncü fəsildə şairin klassik irsə münasibəti, indiyədək araşdırmalardan kənarda qalmış dini şeirləri tədqiqata cəlb edilir.

“Qasım bəy Zakirin qeyri-mətbu şeirləri” adlı dördüncü fəsildə AMEA Əlyazmalar İnstitutunda saxlanan əlyazmalarda, Mir Mehdi Xəzaninin “Xəyalat məcmuəsi”ndə rast gəlinən, indiyədək şairin mətbu əsərlərinə daxil edilməmiş şeirləri verilmişdir.

Raqub Kərimovun “Qasım bəy Zakir və müasirləri” monoqrafiyasını dəyərləndirərkən əsərin ən diqqətəlayiq cəhətinin onun şairin elmi bioqrafiyasının tərtibinin özülü olduğunu qeyd etmişdik. Ümid edək ki, gənc tədqiqatçılar bu nümunəni əsas götürərək digər şair və yazıçılarımızın elmi tərcümeyi-hallarının tərtibi işinə girişəcəklər. Monoqrafiyanın digər faydalı cəhəti isə ondan ibarətdir ki, müəllifin əlyazmalar üzərində səbrlə apardığı iş nəticəsində Qasım bəy Zakir əsərlərinin gələcək nəşrləri üçün yeni materiallar üzə çıxarılmışdır. Əvvəlki nəşrlərdə gedən bəzi səhvlər düzəldilmiş, bir sıra yeni şeirlər təqdim edilmişdir.

Kitabın elmi redaktorları: filologiya elmləri doktorları, professorlar Möhsün Nağısoylu və Zaman Əsgərlidir.

 





31.10.2013    çap et  çap et